2 May 2024

Cümə axşamı, 22:19

AVROORDU: CAVABSIZ SUALLAR

Aİ-nin vahid Silahlı Qüvvələrinin yaradılması ideyasının arxasında nə dayanır?

Müəllif:

17.03.2015

"Aİ öz vahid ordusunu yaratmalıdır". Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin ötən həftə səsləndirdiyi bu bəyanat onun öz həmkarlarını da çaş-baş salıb. O, "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib ki, "vahid ordu Brüsselə ümumi xarici və təhlükəsizlik siyasəti yürütməyə, bütün dünyada Avropaya görə məsuliyyəti birgə daşımağa kömək edərdi". Bundan başqa, Yunkerin fikrincə, Aİ ölkələri bu yolla, yəni vəsaitlərin və qüvvələrin koordinasiyası ilə ildə 120 milyard avroyadək vəsaitə qənaət edə bilər. O, hesab edir ki, vahid ordu gələcəkdə Aİ üzvləri arasında münaqişələrin yaşanmamasının ən etibarlı qarantı olardı.

Yunkerin təşəbbüsünə ən operativ reaksiya Berlindən gəlib. "Avropalılar olaraq bizim gələcəyimiz Avropa ordusundadır", - deyə Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bildirib. Avropanın vahid ordusunun yaradılması ideyasını Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də dəstəkləyib. Kansler Angela Merkel də təşəbbüsü "gələcəyin layihəsi" adlandırsa da, ona dolayısı ilə dəstək verib.

Yunkerin ideyasına daha bir dəstəksə Finlandiya prezidenti Sauli Niinistedən gəlib.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas isə məsələnin Aİ-nin iyunda keçiriləcək sammitində müzakirə olunacağını, hələlik ortada hər hansı konkret layihənin olmadığını söyləyib.

Hazırda Avropa İttifaqına üzv dövlətlərin öz silahlı qüvvələri var. Onlar müxtəlif döyüş hazırlığına, təchizata və çevikliyə malikdirlər. Bundan başqa, 2004-cü ildə yaradılmış Avropa Müdafiə Agentliyi də (AMA) mövcuddur. O, əsasən müdafiə potensialının inkişaf etdirilməsilə məşğul olur. Aİ-nin əksər üzvləri həm də NATO-da yer alırlar və AMA Şimali Atlantika Alyansı ilə sıx əməkdaşlıq edir. Bundan başqa, məsələn, fransız-alman briqadası, Polşa, Slovakiya, Macarıstan və Çexiya hərbi hissələrinin mobil birliyi, Almaniya-Danimarka-Polşa və Almaniya-Niderland korpusları kimi əməkdaşlıq formatları da var. Onların əksəriyyəti NATO-nun himayəsi altında həyata keçirilir. Avropalılar vaxtilə, xüsusilə Balkan hadisələri zamanı vahid orduya bənzər birliyin yaradılması haqda düşünmüşdülər. Bu mənada Qərbi Avropa İttifaqının (WEU) tarixçəsi kifayət qədər maraqlı görünür. Kollektiv müdafiəyə cavabdeh olan bu qurum səlahiyyətlərini Aİ-yə, əslində isə faktiki olaraq NATO-ya verib. Bu, 2009-cu ildə Lissabon müqaviləsinin qüvvəyə minməsindən sonra olub. Fakt faktlığında qalır: 1959-cu ildən başlayaraq, Qərbi Avropanın təhlükəsizliyinin əsas qarantı məhz NATO-dur.

Bu üzdən də, indi alman siyasətçiləri gələcəyin bacarıqlı və güclü Avropa ordusunun NATO-da öz yeri olacağını söyləsələr də, ABŞ, çətin ki, Yunkerin bu təşəbbüsünü layiqincə qiymətləndirsin.

İstənilən güclü ordunu saxlamaq üçün ciddi vəsaitə ehtiyac var. Vahid ordunun maliyyələşdirilməsi isə Avropa İttifaqının NATO-ya xərcləri azaltması ilə nəticələnə bilər. Şimali Atlantika Alyansının baş katibinin artıq bəyan etdiyi kimi, yeni struktur NATO-nun məqsədlərini və funksiyalarını təkrarlamamalıdır. Unutmaq lazım deyil ki, alyansın hər sammitində Vaşinqton avropalı həmkarlarını NATO-ya daha artıq vəsait ayırmağa çağırır və çağırışına əməl olunmamasından bu və ya digər formada narazılığını bildirir.

Bəs, avropalıların özləri vahid ordunun yaradılmasına nə dərəcədə hazırdırlar? Avropa ölkələrinin əksəriyyəti, xüsusilə ittifaqa təzəlikcə qoşulmuş, iqtisadi çətinlikləri olan kiçik dövlətləri NATO tam qane edir. Çünki alyansın saxlanılması xərclərinin böyük hissəsini Birləşmiş Ştatlar öz üzərinə götürüb, avropalılar isə həm qənaət edir, həm də özlərini təhlükəsizlikdə hiss edə bilirlər. Bundan başqa, onların seçim imkanı da var - Şimali Atlantika Alyansının əməliyyatlarında iştirak məcburi deyil. Hər halda, zahirən bu, belə görünür. Polşalıların artıq maliyyə məsələsilə maraqlanmaları əbəs deyil. Ölkənin xarici işlər naziri Qjeqoj Sxetına Yunkerin təşəbbüsünü "çox riskli ideya" adlandırıb. "Əvvəlcə bu cür ordunun qurulması üçün pulun haradan alınacağı, ödənişləri kimin edəcəyi, hərbi birləşmələrin necə fəaliyyət göstərəcəyi, hazırlıq işlərilə kimin məşğul olacağı kimi suallara cavab verilməlidir", - deyə nazir Polşanın ZET radiosuna açıqlamasında bildirib. O, hesab edir ki, Avropada təhlükəsizliyin qarantı NATO-dur və hazırda əsas qüvvələri məhz Şimali Atlantika Alyansının möhkəmləndirilməsinə yönəltmək lazımdır.

Ümumiyyətlə, ildə 120 milyard avroya qənaət vədi reallığa çevrilənədək, avropalılarda döyüş qabiliyyətli, heç kəsdən asılı olmayan ordu yaratmaq üçün pul varmı? Avropa KİV-i yazır ki, Yunkerin özü hələ də Aİ-də iqtisadi inkişafla bağlı planını tamamlamayıb və onun üzərində işləri davam etdirir. Bundan başqa, Avropa İttifaqında işsizlik problemi çözülməmiş qalır, Yunanıstanla bağlı vəziyyət həllini tapmayıb. Odur ki, indi milyardlarla əlavə xərcin çəkilməsi üçün heç də əlverişli dönəm deyil.

Bundan başqa, yeni yaradılacaq ordu Avropa üçün birləşdirici yox, əks rol oynaya bilər. Məsələn, vahid ordu Avropadan kənardakı lokal münaqişələrin həllində istifadə ediləcəksə, bu, aydındır. Bəs, birdən o Avropanın özünü qorumalı oldu? İspan əsgəri, məsələn, Yunanıstan və ya Bolqarıstan sərhədində ölməyə hazır olacaqmı? Komandanlıq funksiyasını kim öz üzərinə götürəcək və qərarların qəbulu mexanizmi necə olacaq? Real döyüşdə vahid ordudan istifadəyə yalnız 28 üzv dövlətin razılığı ilə qərar veriləcəksə, ordu sonadək istifadə olunmamış qala bilər. Aİ üzvləri bu məsələdə öz səlahiyyətlərini tam şəkildə Brüsselə verməyə hazırdırlarmı? Bu milli suverenlik kontekstində necə qiymətləndiriləcək? Yəni bu ordu ali baş komandana tabe olacaqmı və məqsədlərə nail olunmasında nə dərəcədə vahid mövqe nümayiş etdirə biləcək? Bütün bunlar olmayacaqsa, söhbət hərbi ittifaqdan, yəni, faktiki olaraq, NATO-nun təkrarından gedəcək.

Bu halda, həqiqətən də, avropalıların ABŞ-ın "NATO himayəsi"ndən xilas olmağa çalışdıqlarını (Almaniyanın "başçılığı ilə") düşünmək mümkündür. Müşahidəçilər bir məqama da diqqət çəkirlər: vahid ordu ilə bağlı məsələ hər dəfə Vaşinqtonla Aİ-nin aparıcı dövlətləri arasında fikir ayrılıqlarının yarandığı və ya yaranmağa başladığı dövrlərdə meydana çıxır. Son dəfə bu, 2003-cü ildə, ABŞ-ın İraqda hərbi əməliyyatlara başladığı dövrdə baş vermişdi. O zaman Avropanın heç də bütün paytaxtları Vaşinqtonu dəstəkləməmişdi. İndi isə tərəflər arasında mübahisə mövzusu Ukraynadır.

Birincisi, Yunker Angela Merkelin gizli "adamı" sayılır. İkincisi, alman siyasətçilərinin Yunkerin adi müsahibədə səsləndirdiyi təklifə yüksək səviyyədə və son dərəcə operativ şəkildə reaksiya göstərmələri ən azı onu deməyə əsas verir ki, Berlin Avropa Komissiyası sədrinin düşüncələrilə tanış imiş. Aydındır ki, avroordunun yaradılacağı təqdirdə, onun əsas qüvvəsi və maddi donoru Almaniya olacaq. Və məlum olduğu kimi, pulu kim verirsə, sifarişi də o edir. Berlini anlamaq olar. Müqayisə üçün elə qonşu Fransaya nəzər salmaq kifayətdir: o, iqtisadi qüdrətinə görə Almaniyadan geri qalsa da, nüvə silahına malikdir və BMT Təhlükəsizlik Şurasının üzvüdür. İqtisadi və geosiyasi vəziyyət dəyişir, oyun meydanı isə onilliklər əvvəl yaradılmış ittifaqlar və təşkilatlar sayəsində məhdud olaraq qalır. Yunkerin təşəbbüsləri kimi ideyaların meydana çıxması da bununla bağlıdır. Əslində, onları təlimat və ya hansısa işin görülməsinə çağırış kimi qiymətləndirmək olmaz. Bu, daha çox özünəməxsus "yoxlama"dır.

Bununla yanaşı, Avropa Komissiyası sədrinin bəyanatına Vaşinqtondan əvvəl Moskvadan reaksiya gəlib. Məsələ ondadır ki, Yunker vahid ordunun yaradılması ideyasını səsləndirən zaman Moskvaya mesaj da göndərib. Onun fikrincə, Aİ-nin vahid ordusunun yaradılacağı təqdirdə, Rusiya avropalıların Aİ-nin dəyərlərinin qorunmasına ciddi yanaşdıqlarını anlayacaq. Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen isə hesab edir ki, vahid ordu Ukrayna böhranına bənzər hadisələr fonunda Avropanın təhlükəsizlik siyasətinin möhkəmləndirilməsinə kömək edəcək.

Bu bəyanatlara Ukraynanın xarici işlər naziri Pavel Klimkin də dərhal reaksiya verib. O, avroordunun yaradılması ideyasını "Avropanın ümumi dəyərləri qorumaq üçün daha güclü birliyinə nail olmaq cəhdi" kimi qiymətləndirib. Klimkin bildirib ki, Ukraynaya Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasətini gücləndirməyə qadir ölkə kimi baxılmalıdır və bu, avroordunun yaradılması məsələsinə də aiddir.

Moskvanın məsələyə münasibətini isə Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov açıqlayıb: "Söhbətin nədən getdiyini anlamaq istərdik. Çünki avropalı siyasətçilər son 30 ildə bu mövzuya ən müxtəlif səviyyələrdə toxunublar".

Avropalılar, həqiqətən, Ukrayna böhranından və Rusiyanın mümkün planlarından bu qədər narahat olublar, yoxsa onlar yaranmış vəziyyətdən hər zaman Avropa masası arxasında ABŞ-ın kürsüsü sayılmış NATO-nun rolunun azaldılması üçün bəhanə kimi istifadə etməyə çalışırlar? Bu suallara, yəqin ki, yaxın zamanlarda aydınlıq gələcək.



MƏSLƏHƏT GÖR:

616