29 Aprel 2024

Bazar ertəsi, 00:44

ƏMƏKDAŞLIQDA YENİ FORMAT

Azərbaycan və Pakistan prezidentləri Bakıda strateji tərəfdaşlığa dair bəyannamə imzalayıblar

Müəllif:

17.03.2015

Pakistan Azərbaycana qarşı ardıcıl olaraq hərtərəfli dəstək və yaxınlaşma siyasəti yürüdən azsaylı dövlətlərdən biridir.

Azərbaycanı müstəqil dövlət kimi ilk tanıyan ölkələrdən biri məhz Pakistan olub. Rəsmi İslamabad Qarabağ probleminin həllində Bakının mövqeyini bütün arenalarda açıq şəkildə dəstəkləyir, Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsini qəti və açıq şəkildə pisləyir. Bu məsələdə Pakistan rəhbərliyinin mövqeyi o qədər prinsipialdır ki, o, hətta Ermənistanla diplomatik əlaqələr belə, qurmur. Ermənilərin Xocalıda törətdikləri vəhşiliyi soyqırımı kimi tanımış 10 dövlət arasında bu addımı, ilk olaraq, məhz Pakistan atıb. Bundan başqa, hazırda Azərbaycanla Pakistan hərbi əməkdaşlıq sahəsində də vacib tərəfdaşdırlar. Onların iqtisadi potensialı da qarşıda böyük perspektivlər açır. Odur ki, Pakistan prezidentinin Azərbaycanda arzulanan qonaq olduğunu demək artıq olardı.

Pakistanın dövlət başçısı Məmnun Hüseynin Azərbaycana etdiyi 4 günlük rəsmi səfəri iki ölkə arasında münasibətlərin çoxtərəfliliyini, qarşılıqlı maraqlara əsaslandığını, inkişaf üçün böyük potensiala malik olduğunu təsdiqləyib. Pakistan liderinin Azərbaycana səfər edəcəyinin dəfələrlə elan edilməsi, eyni zamanda M.Hüseyni səfər zamanı müşayiət edən nümayəndə heyətinin tərkibi, orada çox sayda hökumət üzvlərinin, işgüzar dairələrin təmsilçilərinin yer alması İslamabadın Bakı ilə əməkdaşlığı genişləndirmək əzmində olduğunu bir daha təsdiqləyib.

Prezidentlər İlham Əliyev ilə Məmnun Hüseynin görüşündə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, bir sıra regional və beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanla Pakistanın sadəcə iqtisadi-ticari tərəfdaşlar deyil, siyasi müttəfiqlər olduğunu təsdiqləyən məqam kimi iki ölkə arasında strateji tərəfdaşlığa dair birgə bəyannamənin imzalanması da təsdiqləyib. Bəyannamə iki ölkə prezidentləri tərəfindən imzalanıb. 

Prezidentlərin təkbətək görüşü və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə aparılan danışıqlar daha 2 sənədin (məhkumların verilməsi haqqında saziş və Azərbaycan Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Pakistan İslam Respublikasının Xarici Xidmət Akademiyası arasında 2015-2017-ci illər üzrə Əməkdaşlıq Proqramı) imzalanması ilə nəticələnib. Bir gün sonra keçirilmiş biznes forumda isə iki ölkənin ticarət palataları arasında Anlaşma Memorandumu imzalanıb. Dövlət başçılarının bəyannaməsi, iki razılaşma və bir memorandum ikitərəfli münasibətlərin 30-dan artıq sənədi özündə əks etdirən ciddi hüquqi anlaşma bazasını daha da zənginləşdirib.

Prezident İlham Əliyev sənədlərin imzalanmasından sonra Azərbaycanla Pakistan strateji tərəfdaş olduqlarını, onların bu gün yeni əməkdaşlıq formatı yaratdıqlarını bəyan edib. Birgə bəyannamənin imzalanmasını xüsusi vurğulayan dövlət başçısı bildirib ki, sənəd ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. İ.Əliyev qeyd edib ki, bəyannamə Azərbaycanla Pakistan arasında strateji əlaqələrin iki xalq, həmçinin regional təhlükəsizlik və sabitlik naminə daha da inkişaf etdirilməsi işinin vacib mərhələsidir. Prezidentlər istər görüşdə, istərsə də görüşdən sonra tərəflər üçün problem olan Qarabağ və Kəşmir məsələlərindəki qarşılıqlı dəstəyə görə bir-birlərinə minnətdarlıq ediblər. İslamabadın Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsindəki prinsipiallığını İlham Əliyev birmənalı qiymətləndirib: "Bu, qardaş münasibətidir. Bu, real dəstək rəmzidir".

"Sizi əmin edirəm ki, biz Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirik və gələcəkdə də dəstəkləyəcəyik. Biz Azərbaycan xalqına qarşı qonşularının törətdiyi zorakılıq aktlarını pisləyir, Xocalıda törədilmiş qətliamı qətiyyətlə qınayırıq. Sizi əmin edirəm ki, istənilən məsələdə, çətin və xoş günlərdə yanınızdayıq", - deyə İ. Hüseyn qeyd edib.

Hərbi əməkdaşlığa gəlincə, Prezident Əliyev burada, ilk növbədə, HSK sahəsində əməkdaşlığın perspektivlərini vurğulayıb. Bu, son illər hər iki ölkənin böyük uğurlar əldə etdiyi sahədir. "Müasir texnologiyalara çıxışın əldə edilməsi üçün səylərimizi birləşdirmək, həmçinin tədqiqat, elm və müdafiə texnologiyaları sahəsində birgə fəaliyyət üçün imkanlar əldə etmək istəyirik ki, potensialımızı müasirləşdirə bilək", - deyə İ.Əliyev qeyd edib.

Dövlət başçıları iqtisadi əməkdaşlığı siyasi əlaqələr qədər yüksək səviyyəyə qaldırmaq haqda razılığa da gəliblər. "Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik", - deyə Pakistanın dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidenti isə biznes forumun iqtisadi əməkdaşlıq, işgüzar dairələr arasında əlaqə, qarşılıqlı investisiyalar və birgə müəssisələrin yaradılması üçün əlavə imkanlar açacağına ümidini dilə gətirib. Qeyd edək ki, biznes forumun işində rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, inşaat, səhiyyə, İKT və s. sahələrdən 100 sahibkar da iştirak edib.

Prezidentlərin müzakirə etdikləri regional və beynəlxalq problemlər arasında islam həmrəyliyinin gücləndirilməsi, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qərarların effektivliyinin artırılması məqsədilə qurumda dəyişikliklərin aparılması kimi məsələlər də olub.

Pakistan prezidenti azərbaycanlı həmkarını (o, həmkarına "qardaş" deyə müraciət edib) İslamabadın Pakistan-Əfqanıstan münasibətlərində yeni tarixi mərhələyə start verdiyi haqda da məlumatlandırıb. M.Hüseyn bildirib ki, siyasi, təhlükəsizlik, terrorla mübarizə, ticarət və iqtisadiyyat sahələrində çoxtərəfli dialoq da intensivləşdirilib.

Pakistanda Azərbaycanın Pakistan xalqı üçün ən ağır dönəmlərdə ona dəfələrlə humanitar yardımlar etdiyini yaxşı xatırlayırlar. Söhbət bu ölkənin son illər dəfələrlə üzləşdiyi dağıdıcı təbiət kataklizmlərindən gedir.

Sənədlərin imzalanmasından sonra prezident M.Hüseyn Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali ordeni olan "Hilal-e Pakistan" ordenini təqdim edib. M.Əliyeva mükafata 10 ildən artıq müddətdə Pakistan xalqına göstərdiyi humanitar yardımlara görə layiq görülüb.

Pakistanla iqtisadi-ticari münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın bu yaxınlarda qarşısına qoyduğu bir məqsədə tam cavab verir. Söhbət Asiya bazarında iqtisadi-investisiya mövcudluğunun artırılması məqsədindən gedir. Pakistan da, öz növbəsində, Bakının Asiya ilə Avropanın birləşdirilməsi məqsədilə həyata keçirmək istədiyi nəhəng infrastruktur layihələrində iştirak edə bilər. Pakistanla daha da yaxınlaşma Azərbaycana islam cəmiyyətində mövqelərini gücləndirmək imkanı verəcək. 

Və ən vacibi... Azərbaycan üçün Qarabağ münaqişəsi bir nömrəli problem olaraq qalır. Problemin sülh yolu ilə həlli üçün rəsmi Bakı beynəlxalq arenada maksimum dəstək qazanmağa çalışır. Bu mənada Pakistan kimi ənənəvi müttəfiqlərin dəstəyinin bir daha təsdiqlənməsi böyük önəm daşıyır.

Azərbaycan işğal altındakı torpaqlarını güc yolu ilə boşaltmağa qərar verərsə, bu münasibətlərin əhəmiyyəti daha da artacaq - burada Pakistanın prinsipial mövqeyi tamamilə yerinə düşür. Hər halda, dünyanın əhalisinə görə ən böyük dövlətlərindən biri olmaqla yanaşı, həm də nüvə dövləti olan Pakistanın dəstəyi çox önəmlidir. Prezident Hüseynin Bakıya səfəri isə Bakı-İslamabad münasibətlərinin xarakterində heç bir dəyişikliyin baş vermədiyini göstərib.



MƏSLƏHƏT GÖR:

651