5 May 2024

Bazar, 12:27

YEREVANLA RADİKAL "HİZBULLAH" TƏŞKİLATINI NƏ BİRLƏŞDİRİR?

“Caspian Airlines” aviaşirkətinin qəzaya uğramış təyyarəsi Livandakı iranpərəst yaraqlılar üçün detonator daşıyırmış

Müəllif:

15.08.2009

Ermənistan yenə silah qaçaqmalçılığı ilə bağlı qalmaqalın mərkəzindədir. İtaliyanın "Corriere Della Sera" qəzetinin versiyasına görə, iyulun 15-də İranın “Caspian Airlines” şirkətinə məxsus olan və Tehran-Yerevan reysi ilə uçan Tu-154 təyyarəsinin qəzaya uğramasına, laynerin yük hissəsindəki "Hizbullah" təşkilatının terrorçuları üçün nəzərdə tutulmuş detonatorların partlaması səbəb olub. Ekspertlərin rəyinə görə, detonatorlar çox kiçik olsalar da, - onların çəkisi 2 qramdan da az imiş, - olduqca böyük gücü varmış. Yükün İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən göndərildiyi bildirilir. Qeyd edək ki, yükü müşayiət edən İİKK zabitləri də həlak olublar. Supermüasir partlayıcı vasitələrin Tehrandan Ermənistana, oradan Suriyaya, sonra isə Livana keçirilərək "Hizbullah"a verilməsi nəzərdə tutulurmuş.

Düzünə qalsa, bu marşrut yeganə tranzit variantı deyil: ola bilsin ki, Ermənistandan detonatoların birbaşa hava yolu ilə Livana göndərilməsi də planlaşdırılırmış: hələ sovet vaxtlarından Yerevandan Beyruta reys mövcud idi.

Erməni tranziti olduqca etibarlı yol sayılır, çünki yükün aşkar edilməsi şansı sıfıra bərabərdir. Erməni strateqləri əmin idilər ki, heç kəs şiə qruplaşması olan "Hizbullah"a silah-sursatın "başıbəlalı" xristian Ermənistanının ərazisi ilə daşındığını zənn etməzdi. Xüsusilə də nəzərə alınsa ki, Ermənistanın şiə Azərbaycanı ilə ərazi münaqişəsi var. 

Qəza ilə bağlı italyan qəzeti olduqca şübhəli detalların olduğunu yazır. Məsələn, qəzadan dərhal sonra xilasedicilər bildiriblər ki, insan qalıqlarına, demək olar ki, rast gəlinmir - çünki cəsədlər tamamilə külə dönüb. Düzdür, təyyarənin bortunda ehtiyat yanacaq varmış, amma o, belə yanğına səbəb ola bilməzdi. Odur ki, KİV-də dərhal aviaqəzaya səbəbin terror aktı ola biləcəyi haqda məlumatlar yayıldı: görünür, mütəxəssislər təyyarədə partlayışın baş verdiyini dərhal seziblərmiş.

Bir qədər sonra isə hadisəyə xeyli aydınlıq gəldi: Tehrandan Yerevana uçan Tu-154-ün pilotu havaya qalxandan 16 dəqiqə sonra qəza vəziyyəti haqda siqnal göndərib, az sonra isə təyyarə partlayıb. Qəza İran paytaxtından şimalda baş verib və həmin ərazidə yaşayan sakinlər də partlayış səsi eşitdiklərini bildirirlər. Təyyarənin göyərtəsində partlayışın olduğunu, laynerin yerə düşdüyünü görən  şahidlər də təsdiqləyib. Üstəlik, partlayışdan cəmi bir neçə dəqiqə sonra qəza yerinə təhlükəsizlik orqanlarının nümayəndələrinin gəlməsi də təsadüf sayıla bilməz - hakimiyyət orqanları təyyarənin göyərtəsindəki yükdən, təbii ki, xəbərdar idilər. Hələlik “Caspian Airlines” şirkəti təyyarənin yük hissəsindəki partlayış nəticəsində qəzaya uğradığı barədə "Corriere della sera"nın yaydığı məlumatı şərh etmir. Şirkətin Yerevandakı nümayədəliyindən "Novosti Armenii" agentliyinə bildiriblər ki, hələ ki təyyarənin hansı səbəbdən qəzaya uğramasına dair dəqiq informasiyaya malik deyillər, çünki "qara qutular" hələlik oxunmayıb. "Amma bu cür mülahizələri biz yersiz sayırıq",- deyə aviaşirkətin nümayəndəsi vurğulayıb.

Qəzanın səbəblərini araşdıran Beynəlxalq Aviasiya Komitəsinin (BAK) ekspertləri də məsələni şərh etməkdən yayınırlar. BAK-ın sədr müavini Oleq Yermolov "Novosti Armenii" agentliyinə müsahibəsində bildirib ki, faciənin səbəblərini araşdıran ekspertlərin "KİV-də yayılan bu cür məlumatlara diqqət ayırmağa ixtiyarları yoxdur".

O, əlavə edib ki, aviaqəzanın səbəbləri ilə bağlı araşdırma davam edir və onun nə zaman yekunlaşacağını indidən söyləmək çətindir. 

Erməni analitiki Levon Melik-Şahnazaryan isə hesab edir ki, "Corriere della sera" qəzetindəki məqalə lakmus kağızı kimi erməni ideologiyası və təbliğatının zəif tərəflərini üzə çıxardı: "Belə təsəvvür yaranır ki, prezidentin qərarları və addımlarına baxmayaraq, məmurlar Ermənistanın genişmiqyaslı informasiya hücumuna məruz qaldığını sanki dərk etmirlər, anlamırlar ki, bu sahədəki məğlubiyyət real müharibədəki məğlubiyyətdən çox da fərqlənmir. Bu gün bizim düşmənlərimiz məqsədyönlü şəkildə yalnız Ermənistan dövlətinin deyil, ümumilikdə erməni millətinin də imicinə zərbə vurmaqdadırlar. Onlar dünyada ermənilər haqda formalaşmış istedadlı, zəhmətkeş və qanuna tabe olan millət imicini dağıtmağa çalışırlar". 

Maraqlıdır ki, Ermənistanın Baş Mülki Aviasiya İdarəsinin uçuşların təhlükəsizliyinin təminatı idarəsinin rəisi Serob Karapetyan da məsələyə "Ermənistanın imici" prizmasından yanaşır: o, təyyarədə detonatorların olması haqda məlumatları "antierməni isteriyası" adlandırıb. "Bizim mütəxəssisimiz Armen Simonyanın da iştirakı ilə Beynəlxalq Aviasiya Komitəsinin apardığı araşdırmaların nəticələrini şərh edən ekspertlər qəzanın əsas versiyası kimi mühərrikdə yanğının baş verməsini göstərirlər. Mühərrikin bir hissəsi kənara atılaraq, təyyarənin digər sistemlərini də zədələyib. Partlayış və mühərrikin sıradan çıxması - tamamilə fərqli şeylərdir. Əgər partlayış olsaydı, o, təyyarənin içində baş verərdi, mühərrik isə təyyarənin çölündə - qanad hissəsində yerləşir",- deyə Karapetyan vurğulayıb. 

Ən əsası isə, Karapetyan qeyd edib ki, Baş Mülki Aviasiya İdarəsinin mülki təyyarəsinin göyərtəsində silah-sursatın daşınması (ələlxüsus da, Ermənistan ərazisi ilə) ehtimalı sıfıra bərabərdir. "Bu, cəfəngiyatdır, antierməni isteriyasıdır. Bizim İranla yaxın münasibətlərimiz onların xoşuna gəlmir, odur ki, bu münasibətlərə kölgə salmaq istəyirlər",- deyə Karapetyan vurğulayıb və əlavə edib ki, "onlar Ermənistanı "açıq qapı"  hesab edirlər".

Çox maraqlı mənzərə alınır. Əvvəla ona görə ki, təyyarədə detonatorların daşınması mülki aviasiyada mövcud olan bütün normaların kobudcasına pozulması deməkdir. Partlayıcı və tez alovlanan maddələrin mülki təyyarələrdə danışması qəti qadağandır, özü də bu zaman onların təyyarənin göyərtəsində, yoxsa yük yerində yerləşməsinin heç bir fərqi yoxdur. Çünki 11 kilometr hündürlükdə uçan təyyarədə yanğın və ya partlayışdan dəhşətli heç nə ola bilməz.

Amma təəssüflər olsun ki, qaçaqmalçılıq üçün mülki reyslərdən güman edildiyindən də çox istifadə olunur, özü də əsasən, sanksiyalar altında olan rejimlər tərəfindən. Məsələn, Atlantika üzərində qəzaya uğramış "kombi" tipli "Boinq"in göyərtəsində də BMT-nin sanksiyalarına zidd olaraq, raket yanacağının daşındığı və məhz bu səbəbdən, yanğın baş verdiyi güman edilir. 

Samvel Karapetyanın "açıq qapı" haqda fikirlərinə daha ciddi yanaşmaq lazımdır. Çünki ekspertlərin əksəriyyəti əmindir ki, Ermənistan rəhbərliyinin "Hizbullah"a silah-sursatın bu ölkənin ərazisindən daşınması faktından xəbərsiz olması qeyri-mümkündür. Bu fikri, ilk növbədə, İsraildə də səsləndirirlər - "Hizbullah"a detonator və silah-sursatın Ermənistan ərazisindən daşınması haqda məlumatların Təl-Əvivdə maraqla qarşılanmasında qeyri-adi heç nə yoxdur. 1news.az saytının xəbər verdiyi kimi, siyasi şərhçi Aleks Veksler rusdilli "İsrail Plyus" kanalında çıxışı zamanı qəzaya uğramış təyyarədə detonator və "ağıllı bombalar"ın olması barədə xəbəri şərh edərkən bildirib ki, "İran Tehran-Yerevan və Suriya ilə Ermənistan arasındakı münasbətlərin yaxşı olduğunu nəzərə alaraq, Yerevan ərazisindən yeni marşrut açmaq qərarına gəlib". 

Vekslerin fikrincə, İsraillə Azərbaycan arasında münasibətlərin inkişafı və xüsusilə də, İsrail prezidentinə Bakıda göstərilən qonaqpərvərlik Ermənistanla İranı çox qıcıqlandırır. "Ancaq məncə, bu, İranın terrorçu "Hizbullah"a silah-sursat daşımaq üçün Ermənistan ərazisindən ilk istifadə halı deyil", - deyə israilli ekspert vurğulayıb və İranın Ermənistana və Dağlıq Qarabağdakı separatçılara da silah-sursat verməsini istisna etməyib: "Bu çox asandır və ermənilər də bundan imtina etməzlər".

Ən əsası isə, Vekslerin fikrincə, "bu adamlar (detonatorları aparan İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri) Ermənistan rəhbərliyinin rəsmi razılığı olmadan, Yerevana enə bilməzdilər. Bu, mümkün deyil. Ermənistan hökumətinin məsələdən xəbəri olub". 

Qeyd edək ki, Ermənistan ilk dəfə deyil ki, silah-sursatın "qara trafiki" (o cümlədən, terrorçular) üçün yükboşaltma məntəqəsi rolunu oynayır. Və bu zaman nəzərə almaq lazımdır ki, Ermənistanda terror qeyri-qanuni və ya mənfi hal kimi qəbul edilmir. Əks halda, Yerevandakı hərbi litseyə Monte Melkonyanın adı verilməzdi və ya Soqomon Teyləryana abidə ucaldılmazdı. 

Ermənistanla İran arasında əməkdaşlıq heç kəs üçün sirr və ya yeni xəbər deyil. Lakin Yerevanla Tehran arasında dostluq SSRİ-nin dağılmasından sonra başladığı halda, ASALA və "Hizbullah" terrorçuları "əməkdaşlıq haqda razılaşmanı" hələ ötən əsrin 80-ci illərində imzalamışdılar: o zaman İmad Muqniyanın dəstəsi hələ təzə-təzə "səhnəyə çıxırdı". Və ASALA-nın Ermənistanda, "Hizbullah"ın isə İrandakı əlaqələrini nəzərə alsaq, demək olar ki, bu gün terrorçular arasındakı əməkdaşlıq, sadəcə, iki dövlət arasında şübhəli dostluq səviyyəsinə qaldırılıb. Amma bu əməkdaşlıq silahla təchizat məsələsini də nəzərə alırmı - təəssüf ki, bu, daha çox ritorik sualdır. Çünki silahın "qara trafiki" ilə məşğul olan mütəxəssislər Ermənistanın bu prosesdəki iştirakı haqda kifayət qədər məlumatlıdırlar. 

Ötən əsrin 90-cı illərində postsovet respublikalarının, bir növ, "silah supermarketi" rolunu oynadığı yaxşı məlumdur, xüsusilə də məşhur "But qalmaqalı" fonunda. Amma Ermənistanda bu proses lap əvvəldən aydın və mütəşəkkil xarakter daşıyıb. Özü də burada gedən böyük oyunlar, olsa-olsa kiçik Afrika "şah"larını silahla təchiz edən Butla heç müqayisəyə belə gəlmir.

Ermənistanla bağlı ilk epizod Balkan müharibəsi zamanı qeydə alınmışdı: o vaxt "Razdanmaş" zavodunun məhsulu adı altında Bosniya serblərinə ən müasir hərbi texnika göndərilirdi. 

İran körfəzindəki ikinci müharibə ərəfəsində Ermənistanla Səddam Hüseyn rejimi arasında diplomatik münasibətlərin aktivləşməsi də ekspertlərin diqqətindən yayınmamışdı.

Bir sözlə, Ermənistanın silah trafiki üçün yük-boşaltma məntəqəsinə çevrildiyini göstərən sübutlar o qədərdir ki, onlara fikir verməmək mümkün deyil. 

Bu arada isə, Britaniyanın "The Times" qəzetinin İsrailin təhlükəsizlik orqanlarına, BMT-nin məruzəsi və "Hezbollah"ın özünə istinadən yaydığı məlumata görə, 2006-cı ildə İsraillə vuruşmuş bu terrorçu qruplaşması yeni münaqişəyə hazırlaşır. Mətbu orqan yazır ki, "Hezbollah"ın silahlıları İsraillə sərhəddə 40 min ədəd "yer-yer" tipli raketlər yerləşdirib.

Bəzi müşahidəçilərin fikrincə, müharibə hər an bərpa oluna bilər, özü də bu dəfə islamçılar 3 il əvvəlkindən daha güclüdürlər. Və çox güman ki, onların ixtiyarında olan silah-sursatın bir qismi buraya məhz Ermənistan ərazisindən keçirilib.



MƏSLƏHƏT GÖR:

476