26 Aprel 2024

Cümə, 17:55

MUSİQİ İLƏ GÖZ AÇMIŞ

Məşhur bəstəkar Vasif Adıgözəlov nəinki atasının, həm də dahi ustadlarının layiqli davamçısı oldu

Müəllif:

31.03.2015

Vasif ailənin böyük oğluydu. O, 1935-ci ilin 28 iyulunda Bakıda dünyaya göz açdı. Atası Zülfi Adıgözəlov məşhur xanəndəydi. Anası Rəfiqə xanım Tibb Məktəbində təhsil alsa da, işləmir, ailəsi, uşaqlarının qayğısını çəkirdi. Vasif Adıgözəlov bu ailənin böyük oğluydu. 

Dediyinə görə, evin sakit, sözəbaxan uşağıydı. Məktəbdə də tərifli şagird sayılırdı...

Musiqini kiçik yaşlarından çox sevdi. Yəqin ki, bunda atası ilə bərabər, ağlı kəsəndən evlərində gördüyü məşhur sənətkarların, onların sənət haqqında söhbətlərinin, müzakirələrinin, ifa etdikləri əsrarəngiz musiqilərin, muğamların, xalq və bəstəkar mahnılarının da təsiri böyük idi. Tanınmış sənət adamları tez-tez onların evinə yığışar, musiqi sənətindən danışar, müzakirələr aparardılar. Zülfi Adıgözəlovun üç övladı - iki oğlu, bir qızı bu söhbətləri, sənətkarların ifa etdikləri musiqiləri, muğamları, xalq və bəstəkar mahnılarını dinləyə-dinləyə böyüyürdü. 

Zülfi Adıgözəlovun ocağında adı hər zaman hörmətlə çəkilən sənətkarlardan biri də bəstəkar Üzeyir Hacıbəyli idi. Vasif müəllim danışırdı: "Böyük sənətkarlar - Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Əhməd Bakıxanov, Əhsən Dadaşov, Bəhram Mansurov, Həbib Bayramov, Hacı Xanməmmədov və başqaları tez-tez bizə gələrdilər. Evimizin əziz qonaqlarından biri də məşhur qəzəlxan Əliağa Vahid olardı. Atamla yaxın dost idilər. Qəzəllərini çox zaman elə bizim evdə yazır, sonra atamla birlikdə işləyirdilər. Biz - Zülfi Adıgözəlovun övladları belə tanınmış, istedadlı sənət adamlarının olduğu bir mühitdə boya-başa çatırdıq". 

Yeddi yaşı olanda valideynləri onu indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə apardılar. Məktəbin piano sinfində təhsil almağa başladı. Birinci sinifdə oxuyanda qərarını verdi: musiqi sənətini seçəcəkdi. Ancaq həmin vaxtlar idmana çox həvəs göstərirdi. Futbol, volyebol oyunları onu cəlb edirdi. 

 

Yaradıcılığa addım

...Altıncı sinifdə oxuyurdu. Məktəbin direktoru Kövkəb Səfərəlibəyova bir gün onu yanına çağırdı. Kövkəb xanım olduqca ciddi, tələbkar adam idi. Məktəbin bütün şagirdləri həm böyük hörmət bəsləyir, həm də ondan çəkinirdilər. Vasif Adıgözəlov Kövkəb xanımın yanına həyəcanla getdi. Direktor onu xoş xəbərlə qarşıladı. Məktəbdə uşaq yaradıcılığı sinfi açıldığını söylədi. Sonra xəbər aldı: "Orada oxumaq istəyirsən?". Vasif Adıgözəlov cəld cavab verdi ki, oxumaq istəyir. Məktəbin direktoru vaxtı dəqiqləşdirdi: "Onda sabah gələrsən".

Belə bir sinifdə oxumaq onun arzusuydu. Uşaq qəlbi o vaxt artıq musiqilər bəstələmək istəyi ilə çırpınırdı. Özünün təbirincə desək, ilk xırda cızma-qaralarını da eləyirdi. 

Səhəri gün məktəbə böyük həvəslə getdi. Eşitdiyi xəbərlər onu çox sevindirdi: Qara Qarayevin yaxın dostu, bəstəkar Midhət Əhmədovu və Boris Zeydmanı onların yaradıcılıq sinfinə müəllim təyin etmişdilər. Boris Zeydman sinfə rəhbərlik edirdi. Midhət Əhmədov isə həftədə iki dəfə dərs keçirdi. 

...1952-ci il idi. Onuncu sinifdə oxuyurdu. Boris Zeydman bir dəfə ona tapşırdı: "Sabah saat ikidə burada ol, səni Qara müəllimlə tanış etmək üçün onun yanına aparacağam". Qara Qarayev Konservatoriyanın rektoru idi. Qara Qarayev onunla tanış olduqdan sonra soruşdu: "Bəstəkar olmaq istəyirsən?". "Bəli", - deyə cavab verdi. O vaxtlar Qara Qarayev hələ onun bəstələri ilə tanış deyildi. O, diqqətlə Vasif Adögözəlova baxdı: "Bəstəkarlıq çox çətin sənətdir", - dedi. Vasif Adögözəlov tez dilləndi: "Qara müəllim, əgər məni öz sinfinizə qəbul etsəniz, hər çətinliyə dözməyə hazıram". Qara Qarayev pianonu göstərdi: "Onda otur, bir musiqi ifa elə". Ona çox gözəl bacardığı bir iş tapşırılmışdı. Vasif Adögözəlov pianoda yaxşı çalırdı, hətta Maestro Niyazinin orkestri ilə birlikdə Filarmoniyada konsert də vermişdi. 

Onun ifasını dinləyən Qara Qarayev təəccübləndi: "Sən pianoçu kimi də yaxşı ifaçısan, amma səni öz sinfimə götürəcəyəm". 

 

Dahi ustadlar

1953-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. Konservatoriyada iki ixtisas üzrə oxuyurdu. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsil alırdı. Dərslər çətin idi. Çox yorulurdu. Həm də ömrünün sonunadək bəstəkarlıqla məşğul olacağına şübhə etmirdi. Ona görə də konservatoriyanın sonuncu kursunda oxuyanda fortepiano sinfində təhsilini davam etdirmək istəmədi. Atası ilə məsləhətləşdi. Ancaq fortepiano təhsilini sona yaxın buraxmağı atası məsləhət görmədi. Atası haqlı çıxdı. Sonralar bəstəkarlıq sənəti ilə yanaşı, fortepiano diplomu da Vasif Adıgözəlova çox lazım oldu. 

O, konservatoriyada təhsilini başa vurduqdan sonra Teleradio Şirkətində əmək fəaliyyətinə musiqi redaktoru kimi başladı. Əvvəl kiçik, sonralar isə böyük redaktor vəzifələrində çalışdı. Bir gün Soltan Hacıbəyov Vasif Adıgözəlovu Filarmoniyaya işə dəvət etdi. Radiodakı işindən ayrıldı və Filarmoniyaya gəldi. Tezliklə anladı ki, yanılmayıb. Filarmoniyada böyük sənətkarlarla birlikdə, eyni kollektivdə işləmək Vasif Adıgözəlov üçün olduqca maraqlıydı...

Həyatında təəssüflə andığı xatirələri də az deyildi. Deyirdi ki, atam bəstəkarlığımın ən səmərəli dövrünü görə bilmədi. 1963-cü ildə Vasif Adıgözəlovun ilk operasının - "Ölülər"in primyerasına on gün qalmış Zülfi Adıgözəlov dünyasını dəyişmişdi. Bir də müəllimini - Qara Qarayevi xiffətlə anırdı. Vasif Adıgözəlov 4 simfoniyanın, 2 operanın, 5 musiqili komediyanın, 6 instrumental konsertin, 4 oratoriyanın, 3 kantatanın, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların, "Ölülər" operasının, "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lə'nət şeytana" musiqili komediyalarının, fortepiano ilə orkestr üçün Dörd konsertin və digər əsərlərin müəllifiydi. Danışırdı ki, təhsil illərində də, sonralar da nə yazırdımsa, həmişə Qara müəllimlə məsləhətləşirdim. Hətta indi də əsər yazanda öz-özümə sual verirəm: görəsən Qara müəllim buna nə deyərdi? 

Bir də hər zaman Maestro Niyazini böyük minnətdarlıqla yada salırdı. Vasif Adıgözəlov Maestronun tandməcaz, dəymədüşər adam olduğunu da deyirdi: "Niyazi ilə Filarmoniyada birlikdə işləmişik. Əvvəllər Filarmoniyanın baş musiqi redaktoru idim. Sonralar mən Filarmoniyada mahnı və rəqs ansamblının rəhbəriydim. Onu da Filarmoniyanın direktoru vəzifəsinə təyin etdilər. İşdə bəzən problemlərlə də qarşılaşırsan, ən çox hörmət elədiyin insanlarla belə mübahisələrlə üzləşirsən. Niyazi isə, dediyim kimi, tərs adam idi. Çox tez hövsələdən çıxırdı. Onunla üz-üzə gəlməmək çətin məsələydi. Ancaq heç nəyə baxmayaraq, biz yaxın dost idik. Evində çörəyini çox yemişəm. Ona hörmətimin həddi-hüdudu yoxdur. Vicdanlı adam idi. Əsl sənətkarıydı. Ona görə də əsl sənətin dəyərini bilirdi". 

Olduqca zəngin yaddaşı var idi Vasif Adıgözəlovun. Sənətkarların səhhətindən, həyatından çoxlarının bilmədiyi söhbətlər edərdi. Ustadları kimi o da sənətin əsl dəyərini verməyi bacarırdı. Çünki böyük sənətkarları görmüşdü, onlardan dərs almışdı. Bir də Zülfi Adıgözəlov kimi Azərbaycan xalq mahnılarının, muğamların bilicisinin yanında, onun həm oxuduqlarını, həm də söylədiklərini dinləyə-dinləyə böyümək elə özü bir universitet təhsilinə bərabər idi. Atasının adını hər zaman yüksək tutmuşdu Vasif Adıgözəlov. Övladları da onun adına layiq oldular. Ona görə də Vasif Adıgözəlov uşaqları ilə fəxr etdiyini deyirdi. Kiçik oğlu Toğrul başqa bir sahəni - həkimliyi seçdi. Böyük oğlu Yalçın isə musiqiçi oldu. Dirijor kimi sənətə gəldi, istedadı və zəhməti ilə tanındı. 

 

Pedaqoq

Vasif Adıgözəlov Azərbaycan musiqisini dərindən bilirdi. Bildiklərini yalnız əsərlərinə köçürmürdü. O həm də bacarıqlı pedaqoq kimi sevilirdi. On bir il Asəf Zeynallı adına Musiqi Texnikumunda direktor vəzifəsində çalışmışdı. 1972-ci ildən Konservatoriyada müəllimlik edirdi. Gənc tanıdılmasında onun da böyük xidmətləri oldu. Maestro Niyazi ilə kəndləri dolaşıb, gənc istedadlar axtardıqları günləri yada salırdı: "Onları üzə çıxarmaq, musiqi sənətinə gətirmək üçün əlimizdən gələni əsirgəmirdik. Hər il Respublika sarayında konsertlərini təşkil edirdik. Bülbül adına Musiqi Məktəbində, Asəf Zeynallı adına Musiqi Texnikumunda, Konservatoriyada təhsil almalarına, sənəti dərindən öyrənmələrinə çalışırdıq. İndi o gənclərin çoxunun gözəl sənətkar kimi yetişdiklərini gördükcə çox sevinirəm". 

1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində işlədi. Vasif Adıgözəlov ittifaqı həqiqi musiqi ocağına çevirə bildi. Atası Zülfi Adıgözəlov kimi, o da dostlu-tanışlı adam idi. Özü də deyirdi ki, bəstəkarların hamısı mənim dostlarımdır. Ancaq Tofiq Bakıxanovla, Azər Rzayevlə, Ramiz Mustafayevlə, Emin Sabitoğlu ilə, Oqtay Zülfüqarovla daha yaxın idi. 

O, özünü mahnı bəstəkarı hesab etmirdi. Ona görə ki, bu janr yaradıcılığında əsas yeri tutmamışdı. Ancaq yazdığı mahnıları Şövkət Ələkbərova, Rəşid Behbudov, Mirzə Babayev, Flora Kərimova, Akif İslamzadə kimi gözəlsəsli müğənnilər sevə-sevə ifa ediblər. Çünki Vasif Adıgözəlov musiqi sənətinin hansı janrına müraciət edirsə-etsin ürəklə yazırdı. Ona görə də əsərləri uğur qazanır, məhəbbətlə dinlənilir.

Vasif Adıgözəlov Bakıda doğulub- böyüsə də, ata yurdu Qarabağ idi. Atası Zülfi Adıgözəlov əslən qarabağlıydı. Ata yurdunun ermənilər tərəfindən işğal edilməsi Vasif Adıgözəlova böyük sarsıntılar yaşatdı. Ömrünün sonlarında yazdığı əsərlərdə kədər notları daha çox əksini tapdı. 

Həyatının son iyirmi ilində bütün yaradıcılığı Qarabağla bağlı idi. Onun "Qarabağ şikəstəsi" oratoriyası, "Qəm karvanı", "Şuşam laylay" əsərləri, üzərində on bir il işlədiyi "Natəvan" operası Qarabağ həsrətindən yarandı. Vasif Adıgözəlovun ən böyük arzusuydu: torpaqların erməni işğalından azad edildiyi günləri görmək. 2006-cı ilin 15 sentyabrında uzunsürən xəstəlikdən sonra vəfat etdi. Bəstəkarın əsərləri onun bitməyən nisgilini - hələ də erməni əsirliyində qalan ata yurdu Qarabağın dərdini, harayını dünyaya yayır. 

2015-ci il iyulun 15-də Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Vasıf Zülfi oğlu Adıgözəlovun 80 yaşı tamam olacaqdı. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli bəstəkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.



MƏSLƏHƏT GÖR:

809