18 May 2024

Şənbə, 19:40

SİRK GÜNÜ, YOXSA SİRKDƏ BİR GÜN?

Zəngin ənənələri, böyük qayğıları olan Bakı sirki haqda nələri bilirik?

Müəllif:

14.04.2015

Uşağı sirkə getməkdən çox nə sevindirə bilər? Böyüklər arasında da bu qədim əyləncə növünün həvəskarları az deyil. Akrobatlar, hava gimnastları, klounların reprizləri, vəhşi heyvanlar - ekzotika, alov, həyəcanlandıran musiqi - bütün bunlara ən ciddi insan belə, etinasız qala bilmir. Bəs sirkin meydanından kənarda nələr gizlənir və kifayət qədər ağır işlərilə tamaşaçılara unudulmaz bayram dəqiqələri yaşadan bu insanlar kimlərdir?

Aprelin 18-də qeyd olunan Beynəlxalq sirk günü ərəfəsində Bakı sirki, onun ənənələri, orada çalışan artistlər haqda qurumun mətbuat katibi Mahir Hümbətovla söhbətləşmək qərarına gəldik.

 

Mənbə 

Bakı sirkinin tarixinə nəsər salaq. Ümumiyyətlə, Azərbaycan sirkinin şərti desək, iki tarixi var. Onlardan biri qədim tarixdir və xalq bayramlarını nəzərdə tutur. Bu zaman idman yarışları təşkil olunur, hava gimnastlarının sələfi olmuş kəndirbazlar insanları nazik kəndir üzərində çıxardıqları oyunlarla sevindirir, pəhləvanlar isə ağırlıqları asanlıqla oynadaraq hünərlərini göstərirdilər. Hətta Novruz bayramının dəyişməz simaları olan Kosa və Keçəl də zəmanənin klounları kimi qiymətləndirilə bilər. Ümumilikdə bunlar müasir sirkdə nümayiş olunanların ilk elementləri sayılır.

Peşəkar sirkin tarixi isə XIX əsrin sonlarından başlayır. Həmin dövrdə - XIX əsrin 90-cı illərində Nikitin qardaşları qapalı taxta pavilyonda heyvanların attraksionunu təşkil ediblər. Bir müddət sonra bu pavilyon yanıb və onun yerində daha bir pavilyon qurulub. Lakin o da yanıb. XX əsrin əvvəllərindən isə sirk rəsmi səviyyədə yaradılmağa başlayıb. 1927-ci ildə, nəhayət, ölkədə ilk sirk yaradılıb. 1945-ci ildə peşəkar sirk kollektivi yaranıb və o, tamaşaçılar qarşısında "Toy" proqramı ilə çıxış etməyə başlayıb. Sirk kollektivinin işində Azərbaycanın görkəmli bəstəkarları, şairləri, baletmeysterləri və rəssamları da çıxış ediblər. 1946-cı ildən başlayaraq, Bakı sirkinin truppası müntəzəm şəkildə SSRİ şəhərlərinə qastrol səfərlərinə yollanıb, "Biz Bakıdanıq", "Qaya üzərində şəfəq" proqramları ilə çıxışlar edib. Onlar Sovet İttifaqı ilə yanaşı, Qərbi Avropaya, Asiya və Afrika ölkələrinə, həmçinin ABŞ-a da səfərlər ediblər.

1967-ci ildə Bakıda sirk üçün xüsusi bina inşa edilib və o, bu gün də fəaliyyətini davam etdirir. O dövrdə bu bina nəinki ən müasir və texniki baxımdan təchiz edilmiş bina idi, həm də Yaxın Şərqin ilk nəhəng stasionar sirki idi. Hətta Böyük Moskva sirkinin binası belə, Bakı sirkinin layihəsi əsasında yalnız 1971-ci ildə tikilib. Dövrün nadir tikilisi olan binanın memarları F.Lyeonteva və E.İzmailov olublar. Yeri gəlmişkən, binanın nadirliyi o dövrdə onun müasir texnologiyalara əsaslanan 3 manejinin olması idi: adi kauçuk, lazım gəldikdə buz üzərində nömrələrin göstərilməsi üçün suyu dondurula bilən hovuz və məşqlər üçün əlavə alt manej.

Hazırkı dövrdə də Bakı sirki müasir texnologiyalar baxımından kifayət qədər rəqabət qabiliyyətinə malikdir. Orada çətin tryuklarla nümayiş olunan çoxsaylı şoular bunu təsdiqləyir. Bu yaxınlarda Bakı sirkində fəvvarələr şousu belə, nümayiş etdirilmişdi. Bundan başqa, oraya istənilən truppanın və heyvanların çıxarılmasına heç bir maneə yoxdur.

 

Bakı sirk məktəbi 

Azərbaycan dünyada tanınmış yüksək səviyyəli sirk artistləri yetişdirməsilə də öyünə bilər. Gənc kadrların yetişdirilməsi prosesi bu gün də davam edir. Onlar əsasən regionumuza xas pəhləvan janrında çıxış edirlər. Amma burada yetişən hava gimnastları da pəhləvanlardan geri qalmır. Məsələn, bir neçə il əvvəl keçirilmiş "Qızıl buf" festivalında gənc sirk artisti Allahverdi İsrafilov 2-ci yeri tutmuşdu. Festival interaktiv keçirilirdi. Yəni, qaliblər tamaşaçıların səsləri hesabına seçilirdilər. Festivalda İsrafilov kifayət qədər çətin nömrələr nümayiş etdirmişdi. Rusiyanın əməkdar artisti, ailəsilə birlikdə çıxış edən Rafiq Əliyevin də adını çəkmək olar.

Son illərdə transformasiya nömrəsi xüsusi populyarlıq qazanıb: orada cütlük çıxış edir və əsas rol qıza verilir. Kişi bu nömrələrdə qıza yardımçı rekvizitlərlə köməklik göstərir. Nümayiş zamanı qız saniyələr keçdikcə əynindəki libası dəyişir. Bakı sirkində bu nömrəni gənc ailə oynayır. Onlar tanınmış sirk artistlərinin övladları və davamçılarıdırlar.

 

Manejdə doğulanlar

Yeri gəlmişkən, tanınmış sirk artistlərinin həyatlarına nəzər salsaq, əksər soyadların təkrarlandığını görərik. Manejdə böyümüş uşaqlar həyatlarını sirksiz təsəvvür edə bilmirlər. Onlar da öz övladlarını eyni şəkildə tərbiyə edir və beləliklə, sanki sirk sülaləsi yaranır. Bir çox hallarda bir kollektivdə (artistlər müxtəlif sirklərə səpələnənədək) bütöv bir ailə çıxış edir: valideynlər, qardaşlar, bacılar, hətta bəzən babalar və nənələr! Gəzməyi yenicə öyrənmiş körpələr artıq 1-2 yaşlarından sirk artistinə çevrilirlər və bəzi nömrələrdə çıxış edirlər.

Bu, anlaşılandır. Sirk həyatı adi insan üçün çox qeyri-adi və spesifikdir. Hər insan sirk aktyorluğu peşəsini seçmir. Çünki bu, yalnız özəl dünyada yaşamaq, gündəlki bayram ovqatı və konfetti kimi parlamaq deyil, həm də daimi, adamı əldən salan məşqlər, bir yerdən başqa yerə köç, çətinliklər və s. deməkdir. Sirk kollektivinin çox qapalı cəmiyyət olduğunu nəzərə alsaq, orada əsasən daxili nikahların olması son dərəcə təbiidir. Maraqlıdır, uşaqlar bu cür qeyri-iradi, lakin qaçılmaz həyat yoluna düşdükləri üçün təəssüflənirlərmi? "Sirk uşaqları üçün ən dəhşətli cəza 1 saatlığına da olsa, sirkdən uzaqlaşdırılmaqdır", - deyə Mahir müəllim bildirir. Bu aurada böyüyən, bu aura canına hopmuş uşaqlar özləri üçün heç bir başqa həyat ssenarisi təsəvvür edə bilmirlər. Bununla yanaşı, sirkdə yaşamaq üçün onu son dərəcə sevmək, böyük iradəyə sahib olmaq da vacibdir. 

 

Dəyişikliklər küləyi

Ümumilikdə sirk spesifik sahədir və incəsənətin bütün digər növlərindən ciddi şəkildə fərqlənir. Məsələn, teatrda çalışan aktyorlar müxtəlif janrda rollar ifa edə, lazım gəldikdə amplualarını dəyişə bilərlər. Sirk artistlərinin fəaliyyətisə bir qədər fərqlidir: bir nəfər bir rolu illərlə öyrənir və az qala təqaüdə çıxanadək onu nümayiş etdirir. Əlbəttə, nümayiş olunan nömrələrə müəyyən əlavələr, dəyişikliklər olunur, kostyumlar, çıxışı müşayiət edən mahnılar dəyişir, yeni tryuklar, fokuslar öyrənilir. Lakin nömrə prinsipial olaraq dəyişməz qalır. Belə nömrələri qısa zamanda dəyişmək sadəcə mümkün deyil. Məhz buna görə daimi sirk truppası məsələsi qeyri-korrekt və qeyri-aktual sayılır.

Ümumiyyətlə, sirk artistinin həyatı apriori köçəri həyatdır: bəzən o, doğma vətənini tərk edərək müxtəlif ölkələrin sirklərilə müqavilələr imzalayır və vətənə bir də 10-15 ildən sonra qayıdır. Bir çox hallarda eyni truppada çıxış edən artistlər ayrı-ayrı ölkələrin sirklərindən dəvət alırlar. Bir ölkədə vahid truppanın qorunub saxlanması məsələn, Rusiya kimi ölkələrdə mümkündür. Çünki o, dünyanın ən böyük "sirk ölkəsi"dir. Rusiyada təxminən 80 sirk var və onların 38-i stasionar sirkdir.

Sirklərdə daimi truppanın olmaması da anlaşılandır - heç kəs eyni aktyorların oynadığı eyni nömrələrə təkrar-təkrar tamaşa etmək arzusunda deyil. Odur ki, sirkdə hər dəfə müxtəlif ölkələrdən artistlərin dəvətilə yeni proqramlar təşkil olunur.

Məsələn, azərbaycanlı sirk artistləri dəfələrlə "Biz Bakıdanıq" proqramı ilə öz doğma sirklərində çıxış ediblər. Onların əksəriyyəti işinin mahir bilicisidir və xalq artisti adını daşıyır. Misal kimi Rusiyanın xalq artisti Tofiq Axundovu (əhilləşdirilmiş begemotlarla nömrə), Rusiyanın əməkdar artisti Murad Abdullayevi (Bakı sirkinin sabiq direktoru Firudin Abdullayevin oğlu) göstərmək olar. Sonuncu iki nömrə ilə çıxış edib: əhilləşdirilmiş meymunlar və itlərlə, həmçinin ayılarla nömrələr; hava gimnastları, əhilləşdirilmiş dəvələrlə nömrələr göstərən Aydın İsrafilov və s.

 

Tamaşa! 

Tamaşaçıların istəyinə və tələbatına xüsusi diqqət ayrılır. Sirkə yeni artistlər dəvət olunan zaman çoxdandır hansı nömrələrin, çıxışların nümayiş etdirilmədiyi araşdırılır, tamaşaçıların uzun müddətdir nəyə "həsrət qaldıqları" götür-qoy edilir. Məsələn, son Novruz proqramında hətta 4 sirk nümayiş etdirilib: Böyük Moskva, Nikulin Sirki, Belarus Dövlət Sirki və Azərbaycanda ilk dəfə olaraq Çinizelli Sirki. Seçim zamanı timsahlarla nömrələrə, sovet illərində tez-tez nümayiş etdirilən, yeni nəsil üçün isə kifayət qədər qeyri-adi olan dəmir kürədə motoşouya üstünlük verilib. Sirk təmsilçisinin sözlərinə görə, ümumilikdə yırtıcılara maraq böyük olsa da, bu mövzulardan hansınasa uzun müddət əsas diqqət vermək düzgün deyil. Əlbəttə ki, heç bir sirk nömrəsi heç zaman təkrarlanmır. Hətta jonqlyorlar belə, hərəsi yalnız özünə məxsus olan nömrələr göstərirlər. Daimi olanlar yalnız klounlar və ya reprizalardır. Amma hər bir repriza da fərdidir və biri digər klounun uğurunu təkrarlamır.

Sirk proqramının təşkili üçün bir çox hallarda müxtəlif ölkələrdən olan aktyorlara dəvət göndərilir. Çünki onların hərəsinin öz sirk ənənələri var. Bütün dünyada məşhur olan Çin sirkinin işi əsasən fəlsəfədən, o cümlədən öz bədəninə sahib olmaq fəlsəfəsindən ibarətdir. Amma onların nümayiş etdirdikləri çətin akrobatik nömrələr tez-tez yalnız uşaqlar üçün deyil, həm də yaşlı tamaşaçılar üçün yorucu təsir bağışlayır. Gərginliyin "dağıdılması" üçün sirkə digər artistlər, məsələn, Rusiyadan əhilləşdirilmiş heyvanlarla nömrələr göstərən sirk artistləri və klounlar da dəvət olunur.

 

Proqramda nə var?

Bəzən artistlərin özləri də müxtəlif sirklərə öz xidmətlərini təklif edirlər. Bakı sirkinin imkanları isə elədir ki, biz özümüz artistləri seçə və dəvət edə bilirik. Dəvət olunan artistlərlə və truppalarla müqavilə imzalanır, onun rəsmi qeydiyyatı ilə bağlı çətin və gərgin prosesi başlayır. Məsələn, ölkəyə heyvanlar gətirilirsə, onların hər birinin sənədi olmalıdır. Sirk bu "qonaqlar"ı qəbul etmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Xidmətinə müraciət edir. Heyvanlardan hansılarınsa adı "Qırmızı kitab"da varsa, artıq SİTES təşkilatının Bioloji resurslar strukturuna da müraciət olunmalıdır. Həmin heyvanın xüsusi sertifikatının olması vacibdir. Bundan başqa, çoxsaylı əlavə sertifikatlar da tələb olunur. Bütün sənədlərin hazırlanması üçün aparılan uzun-uzadı işlər başa çatdıqdan sonra hazır sənədlər məlumatlandırma məqsədilə sərhəd xidmətinə göndərilir. Bəzi heyvanlar 40 günədək karantin rejimində saxlanılmalı, yəni, digər heyvanlarla təmasa girməməlidir. Bundan sonra artistlərin ölkəyə necə gələcəklərinə, heyvanların, insanların, rekvizitlərin yerləşdirilməsinə dair müzakirələr başlayır. Çox vaxt bu danışıqlar ağır keçir. Bu, nəticəsi əvvəlcədən bəlli olmayan çox ağır işdir. Söhbət xüsusilə heyvanların iştirakı ilə nümayiş olunan nömrələrdən gedirsə, vəziyyət daha da ağırlaşır. Heyvanlar xəstələnə, yaxud səhnəyə çıxmazdan əvvəl aqressivlik göstərməyə başlaya bilər. Bu halda proqrama tələm-tələsik dəyişiklik etmək zərurəti yaranır. 

 

Xalq üçün bilet neçəyədir? 

Sirkin daha bir başağrısı tamaşalardan əvvəl kassaların qarşısına toplaşan alverçilərdir. Onlar əldə etdikləri biletləri insanlara baha qiymətə təklif edirlər. "Biz bunu bilirik və belə hallarla mübarizə aparırıq", - deyə Mahir müəllim bildirir: "Amma bu, bizim deyil, hüquq-mühafizə orqanlarının işidir. Bundan başqa, tamaşaçılar da onları bir növ stimullaşdırırlar. Biletlər sirkin kassalarında tamaşadan bir ay əvvəl satışa çıxarılır. Bununla biz lazım olan məbləği yığa biləcəyimizə əmin olmağa çalışırıq. Alverçilər isə bundan istifadə edir. Əgər tamaşaçılar məsələyə məsuliyyətlə yanaşaraq bileti vaxtında alarlarsa, tamaşa günü alverçilərə artıq məbləğ ödəmək məcburiyyətində qalmazlar".

Şəhərdə əhalinin teatr tamaşalarına və ya konsertlərə getmək üçün bilet ala biləcəyi bir çox ümumi kassa və köşk olsa da, orada sirk üçün biletlər satılmır. Bunun da izahı var: sirkdə tamaşalar fasiləsiz nümayiş olunmur. İldə bir neçə dəfə nümayiş etdirilən proqramlar hər an dəyişə biləcək çevik qrafikə malikdir. Şəhərdəki ümumi kassaların şərtləri bu dəyişikliklərin nəzərə alınmasına imkan vermir. Odur ki, biletlərin satışı üçün ən rahat vasitə elə sirkin öz kassalarıdır. 

 

Sirkin yaşadığı ev

40 ildən artıq yaşı olan Bakı sirkinin binasının xeyli köhnəldiyi heç kəs üçün sirr deyil. Qabığı soyulmuş divarlar, çatlamış mozaika, qışda üst geyimi çıxarmadan oturmaq məcburiyyəti yaradan narahat zal. Mahir Hümbətovun sözlərinə görə, sirk büdcədən qismən maliyyələşdirilən obyektlər sırasındadır. Yəni, ona büdcədən yalnız əməkdaşlara əməkhaqlarının verilməsi üçün vəsait ayrılır. Kommunal xərclər də daxil olmaqla, bütün digər məsrəflər bilet satışından əldə olunan gəlir hesabına ödənilir. M.Hümbətov bildirir ki, dünya ilə müqayisədə ən ucuz bilet satışı həyata keçirən sirklərdən biri məhz Bakı sirkidir - 10-15 manat. "Biz çalışırıq ki, vətəndaşların ciblərinə uyğun qiymət müəyyənləşdirək", - deyə o, vurğulayır: "Amma bir çoxları dəvət olunmuş musiqiçilərin, müğənnilərin konsertlərinə bileti bundan az qala 10 dəfə baha alaraq asanlıqla gedə bililər!".

Nəzərə alsaq ki, sirk biletlərinin dəyərinə üstəlik qonorarlar, dəvət olunmuş artistlərin yerləşdirilməsi xərcləri də daxildir, binanın təmirinə pul ayırmaq mümkün deyil. Bununla yanaşı, Bakı sirkinin rəsmisi Mədəniyyət və Turizm Nazirliyinin problemdən xəbərdar olduğunu deyir. Onun sözlərinə görə, sirkin binası ilə bağlı vəziyyət gündəmdədir. Yeri gəlmişkən, bu yaxınlarda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də KİV-ə açıqlamasında sirkin binası haqda danışıb. Onun fikrincə, Bakı sirkinin daha geniş binası şəhərin mərkəzində yerləşməlidir. Nazir bildirib ki, prezidentin tapşırığı ilə yeni sirk binasının inşası üçün artıq bir neçə layihə hazırlanıb və tender nəticəsində onların arasından ən yaxşısı seçiləcək.



MƏSLƏHƏT GÖR:

710