3 May 2024

Cümə, 16:10

ERMƏNİ "RİYAZİYYAT"ının ÖZƏLLİKLƏRİ

Tarixin saxtalaşdırılmasından, beynəlxalq hüquq normalarının təhrifinədək

Müəllif:

14.04.2015

Tarixin saxtalaşdırılması böyük təhlükədir. Söhbət yalnız elmin, keçmişin təhrifindən getmir. Bu, ciddi presedentlər yaradır, həmçinin yeni münaqişələrin başlanmasına, mövcud ərazi münaqişələrinin daha da qızışmasına potensial imkanlar açır. "Erməni soyqırımı"nın yüzüncü ildönümünə hazırlıqların getdiyi indiki vaxtda bu problem daha çox diqqət tələb edir. Çünki elə bir ölkə insanlıq əleyhinə cinayətə yol verildiyini car çəkir ki, onun siyasətçiləri, ictimai xadimləri və hərbçiləri özləri qonşu dövlətlərin ərazisində bu cür aktlar törədiblər. Bu biabırçı erməni riyakarlığı dünyanın "dəstəyi"ni almaq naminə sağlam düşüncəni və beynəlxalq hüquq normalarını tapdalayaraq məqsədinə doğru irəliləyir.

Aprelin 10-da AMEA-nın İnsan Hüquqları İnstitutu tərəfindən Bakıda keçirilmiş "Saxta erməni soyqırımı: uydurma və gerçəklik" beynəlxalq konfransının əsasını Ermənistanın regiona və dünyaya təhlükə olan bu cür siyasətinin ifşasının vacibliyi təşkil edib.

İrəvan tərəfindən soyqırımı törətməkdə ittiham olunan Türkiyənin məsələ ilə bağlı mövqeyi aydındır - 100 il əvvəl Birinci Dünya müharibəsi dövründə baş vermiş hadisələr zamanı 17 milyon insan dünyasını dəyişib, onlardan 5 milyonu Türkiyədə həlak olub və onlar müxtəlif millətlərin nümayəndələri idilər. Bütün bunlar artıq söhbətin hansısa konkret xalqa qarşı məqsədyönlü qətliamın təşkilindən getmədiyini göstərir. İstənilən halda, bu, tarixçilərin, ekspertlərin işidir və Türkiyə hökuməti öz arxivini onların üzünə açmağa hazır olduğunu dəfələrlə bəyan edib.

Konfrans iştirakçısı, Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıç deyir: "Qoy mütəxəssislər sübut etsinlər görək, XX əsrin əvvəllərində Türkiyə hakimiyyəti 1,5 milyon insanın qətlini necə təşkil edə bilərdi. Məsələn, nasist Almaniyasında bunun üçün bütöv bir sistem mövcud idi - cəza bölüklərindən tutmuş, həbs düşərgələrinədək. Nə qədər qorxunc səslənsə də, yüz minlərlə insanın məqsədyönlü şəkildə qətlə yetirilməsinin təşkili heç də asan iş deyil. Bu qədər nəhəng sayda insanın köçürülməsinin təşkili də çətin məsələdir. Odur ki, İrəvan fikirlərini düz ifadə etmir. Onların səs-küylə "deportasiya" adlandırdıqları, əslində, məcburi relokasiya olub".

Almaniyanın Zigen şəhərində fəaliyyət göstərən Cənub-Şərqi Avropa və Qafqaz üzrə Araşdırma Mərkəzinin direktoru Kristian Yohaness Henrix isə "R+"a açıqlamasında hələlik bu məsələ ilə bağlı hər hansı qənaətə gəlinməsinin mümkün olmadığını söyləyib. O, fikrini ən azı tarixçilərin bu sahədə işləri yekunlaşdırmaması ilə əsaslandırıb. "Ermənistanın arxivləri ümumi istifadə üçün açılmır. Bundan başqa, Türkiyənin dəfələrlə irəli sürdüyü təklifə baxmayaraq, İrəvan bu məsələ ilə bağlı elmi-tarixi konfransın təşkilindən də imtina edir", - deyə K. Henrix bildirir.

Amma buna baxmayaraq, hələ də "erməni tarixi"nə diqqət yetirməyə hazır olan dinləyicilər tapılır. Onlar Ermənistana özünün təcavüzkar olduğunu və bunun beynəlxalq qətnamələrlə təsdiqləndiyini unudurlar.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva konfrans iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğalının ermənilərin 200 il ərzində Azərbaycan xalqına qarşı apardıqları məqsədyönlü siyasətin nəticəsi olduğunu xatırladıb. A. Mustafayeva bildirib ki, XX əsrin əvvəllərində erməni millətçilərinin Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı sistemli və məqsədyönlü şəkildə həyata keçirdikləri qətliamlar zamanı da bu siyasətdən çıxış edilib. Eyni sözləri azərbaycanlıların Ermənistandan qovulması, Xocalı soyqırımı haqqında da söyləmək olar. Qondarma "erməni soyqırımı"ndan fərqli olaraq, qeyd olunan hadisələrin şahidləri sağdırlar və ifadə verməyə hazırdırlar. Ən dəhşətlisi isə bu faciənin günahkarlarının hazırkı Ermənistanda rəhbər vəzifələrdə olmaları, utanmadan ədalət haqda danışmalarıdır.

Azərbaycan hələ də dinc azərbaycanlı əhaliyə qarşı yalnız etnik mənsubiyyətinə görə törədilmiş erməni vəhşiliklərilə bağlı obyektiv siyasi-hüquqi qiymələndirməyə rast gəlməyib. Halbuki, erməni terrorunun 100 ildən artıqdır mövcud olduğunu təsdiqləyən əsaslı sübutlar var. "1885-ci ildə Osmanlı İmperiyasının ərazisində terror və gərginlik strategiyasının köməyilə "Armenakan" partiyası yaradılır. Partiyanın hədəfi türk dövlətini dağıtmaq idi. Birinci Dünya müharibəsindən sonra Azərbaycan və Şərqi Anadolu ərazisində "Qnçak" və "Daşnaksutyun" partiyasının silahlı birləşmələri şəhərləri, kəndləri yandırmağa, talan etməyə, insanları kütləvi şəkildə qırmağa başlayır", - deyə Alev Kılıç çıxışında bildirib.

Amma terrorun mədəni abidələrin məhvinə, başqa xalqların tarixinin, mədəniyyətinin mənimsənilməsinə yönəlmiş digər formaları da var. Artıq sübut olunub ki, paradoksal şəkildə polietnik regionda mövcud olan monoetnik Ermənistan Azərbaycanın tarixi memarlıq abidələrinin, digər xalqların mədəni irsinin məhvində günahkardır. Onlar Azərbaycan toponimlərini dəyişərək erməni sözləri ilə əvəzləyir, xristian alban irsini və məbədlərini erməniləşdirirlər. "Ermənilərin bu əməlləri hazırda bəşər sivilizasiyasının 2000-2500 illik tarixi olan son dərəcə dəyərli abidələrini məhv edən İŞİD yaraqlılarının hərəkətlərindən nə ilə fərqlənir?" - deyə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov konfransdakı çıxışı zamanı sual edib. O, Ermənistan hökumətinin əməllərini İŞİD ekstremistlərinin vandalizmindən daha böyük cinayət sayır, çünki memarlıq abidələrinin dağılması dövlət tərəfindən hazırlanmış baş plan idi.

"Bu gün bütün sivil dünya ekstremistlərin Yaxın Şərqdə dünya mədəniyyətinin abidələrini dağıtması ilə əlaqədar mənəvi və cinayət məsuliyyətindən danışır. Ermənistan isə dünyada dağıdıcı memara abidənin ucaldıldığı yeganə ölkədir. Söhbət orta əsrlərə aid Azərbaycan Erivanının tamamilə dağıdılması üçün baş planı hazırlamış və həyata keçirmiş memar Tamanyandan gedir", - deyə o, qeyd edib.

F.Axundov bildirib ki, "müasir Ermənistanın tarixşünaslığı bütün dünyaya 2 vur 2-nin beş, 3 vur 3-ün isə on etdiyini sübuta yetirməyə çalışır".

Yaxşı, tutalım, tarixdə bu bir qədər asandır, çünki hər bir əlyazmanın mənsubiyyəti, tarixi haqda uzun-uzadı mübahisə etmək olar. Burada hər yeni tapıntı əvvəlki mövqeyə yenidən baxılmasına yol aça bilər və ümumiyyətlə, məsələyə müxtəlif yanaşma metodologiyalarının olduğunu unutmaq lazım deyil. Amma ağılı çaşdırmaq üçün beynəlxalq hüquq terminlərindən belə istifadə olunması artıq sözün əsl mənasında gülməlidir. "Erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinə nail olmaq cəhdləri məhz bu cür təsir bağışlayır. Tarixin saxtalaşdırılmasından siyasi qərarların və beynəlxalq hüquq normalarının saxtalaşdırılmasınadək yolun çox qısa olduğuna dair daha bir misal: istənilən hüquqşünas deyəcək ki, bu və ya digər ölkə parlamentinin "erməni soyqırımı"nı tanıması onun inkarının cinayət məsuliyyəti nəzərdə tutması üçün kifayət deyil. Bəzi siyasətçilər və jurnalistlər əlbəttə ki, özlərinə sərf etdiyi üçün beynəlxalq sənədlərin hamısında söz və fikir azadlığına tətbiq olunan məhdudiyyətləri xatırladacaqlar, amma bunun qanuni qüvvəsi olmayacaq. "Erməni soyqırımı"nı inkar etməyə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasının Holokostla müqayisəsi də mənasızdır. Çünki "erməni soyqırımı"ndan fərqli olaraq, Holokost nasist cinayətkarları üzərində qurulmuş Beynəlxalq Tribunal tərəfindən tanınıb.

"Holokost məhkəmənin tanıdığı cinayətdir. Ona görə konkret şəxslərə cəza verilib. "Erməni soyqırımı"nı isə ermənilər istədikləri kimi təqdim edirlər. Onun inkar olunmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını tələb etmək söz azadlığı hüququnun pozulmasıdır. İstənilən halda, cinayət məsuliyyətini ölkə deyil, konkret insanlar daşıyır", - deyə Moldova Ombudsmanı, Bakıda keçirilmiş konfransa qatılmış Aureliya Qriqoriu "R+"a açıqlamasında bildirib.

Müxtəlif ölkələrdə erməni lobbiçiləri parlament vasitəsilə "erməni soyqırımı"nın tanınmasına nail olmağa çalışır. Məsələn, yaxın zamanlarda Almaniya Bundestaqını bu "sınaq" gözləyir. Kristian Henrix "R+"a açıqlamasında bildirib ki, siyasətçilər bəzən məsələləri elmə deyil, özlərinə sərf edən şəkildə, həmin məsələyə dair tarixi debatlara əsaslanaraq çözürlər. Bununla yanaşı, alman ekspert Bundestaqın yekun qətnaməyə "soyqırımı" sözünü salacağına inanmır.

Moldova Ombudsmanı da bənzər fikirdədir: "Parlament faktiki olaraq tanıya və ya tanımaya bilməz. O, məsələni dinləməyə çıxara, bundan sonra isə hər bir parlamentarii öz mövqeyini ortaya qoya bilər. Söhbət tanıma faktından deyil, ölkəsini beynəlxalq səviyyədə təmsil edən, beynəlxalq qurumlarda səs verən insanlara informasiyanın çatdırılmasından gedir. Bu məsələ ona görə vacibdir və indi mən Moldova parlamentində Xocalı soyqırımı ilə bağlı dinləmələrin keçirilməsinə nail olmağa çalışıram".

Həqiqətən də, faktlar və sağlam düşüncə gec-tez saxtakarlığa üstün gəlməlidir. 



MƏSLƏHƏT GÖR:

530