4 May 2024

Şənbə, 07:46

ƏRƏB VEKTORU

Ərəb dünyasının aparıcı dövlətləri ilə əlaqələr Azərbaycana böyük dividendlər qazandıra bilər

Müəllif:

14.04.2015

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına məzmunca çox dolğun olan rəsmi səfəri, həmçinin bu rəsmi səfər ərəfəsində BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun Bakıya gəlişi bir çox müşahidəçilərin hazırkı geosiyasi və geoiqtisadi şəraitdə ərəb istiqamətinin Azərbaycanın xarici siyasətində əsas səmtlərdən birinə çevrildiyini söyləməsinə yol açıb.

Rəsmi KİV-də yer alan məlumata görə, Azərbaycan prezidentinin ərəb dünyasının iki nüfuzlu dövlət başçısı ilə apardığı danışıqların mövzusu oxşar olub. Tərəflər beynəlxalq təşkilatlar, ilk növbədə, BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində ikitərəfli əməkdaşlıq, həmçinin iqtisadi sahədə əməkdaşlıq, birgə investisiya layihələrinin həyata keçirilməsi kimi məsələləri müzakirə ediblər. Dubay əmiri ilə görüşdə turizm sahəsinə investisiyaların yatırılması mövzusu ayrıca yer tutub. Hər halda, sürətlə inkişaf etməkdə olan Bakının xarici KİV-də "Qafqazın Dubayı" adlandırılması əbəs deyil.

Təbii ki, BƏƏ və Səudiyyə Ərəbistanı rəhbərləri ilə danışıqlarda regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bununla əlaqədar olaraq, ekspertlər Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşdə qarşı tərəfin Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsinə xüsusi diqqət çəkir - bu, Ər-Riyadın timsalında ilk belə hal idi. BƏƏ-nin baş naziri ilə danışıqların sonunda isə fövqəladə vəziyyətlərin idarə olunması sahəsində qarşılıqlı anlaşma memorandumu və qiymətli kağızlar sahəsində yardım və qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanına səfəri haqda da ayrıca bir neçə cümlə qeyd etmək lazımdır. Səfər zamanı qeyd olunan mövzularla yanaşı, əksər analitiklərin gözlədiyi kimi, neftin qiymətindəki qeyri-sabitlik haqda da danışılıb. İ.Əliyev bu ölkədə kral Salman bin Əbdüləziz Əl Səud, maliyyə naziri İbrahim Əl Assa ilə danışıqlar aparıb. Neft və minerallar naziri Əli Əl Naimi ilə görüşdə digər məsələlərlə yanaşı, dünya bazarında neftin qiyməti haqda və "Cənub" qaz dəhlizi layihəsindən danışılıb.

Azərbaycan prezidenti bu ölkəyə səfəri çərçivəsində Səudiyyə Ərəbistanının Ticarət Palataları şurasının sədri Əbdülrəhman Əl Zamil ilə də görüşüb. Görüşdə neft və kimya sənayesi məhsullarının, həmçinin neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkəyə ixrac imkanlarından bəhs olunub. Tərəflər Azərbaycanla Səudiyyə Ərəbistanının neft-kimya şirkətləri arasında bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüşlərin keçirilməsinə dair də fikir mübadiləsi aparıblar.

İ.Əliyev bu səfəri zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq məsələlərindən başqa, mənzil-qərargahı krallığın ərazisində yerləşən beynəlxalq qurumlarla əməkdaşlıq məsələsini də müzakirə edib. Ciddədə o, İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli və İƏT-in baş katibi İyad bin Amin Mədəni ilə görüşüb. Görüşlərdə birgə layihələrin reallaşdırılması məsələsi müzakirə edilib. Bununla yanaşı, İƏT-in baş katibi Fələstin xalqına göstərdiyi siyasi və maddi dəstəyə görə Azərbaycana xüsusi minnətdarlığını bildirib.

Bütün bunlarla yanaşı, danışıqlarda Yaxın Şərqdə yaşanmaqda olan həyəcanlı hadisələrin də vacib yer tutduğunu düşünmək üçün əsas var. "İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq", - deyə İ. Əliyev İƏT-in baş katibi ilə görüşdə bildirib. Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri İlham Əliyev və ailə üzvlərinin islam dünyasının ən müqəddəs məkanı olan Məkkədə ümrə ziyarəti, həmçinin Mədinədə Peyğəmbər məscidini ziyarət etməsilə bitib.

Əksər analitiklər hesab edirlər ki, Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanına səfərinin məqsədi, sadəcə ikitərəfli münasibətlərin fəallaşdırılması, iqtisadi və siyasi əlaqələrin ən yüksək səviyyəyə çatdırılması ilə kifayətlənmir. Azərbaycan prezidenti Səudiyyə Ərəbistanına son dəfə 10 il əvvəl səfər etmişdi. Yaxın Şərqin qeyri-sabitlik içərisində çapaladığı hazırkı dövrdə edilən bu səfərin əbəs olmadığına, hətta bununla birbaşa əlaqəli olduğuna dair fikirlər var.

Qonşu İran ətrafında yaşananlar, həmçinin Yəməndə və ümumilikdə Yaxın Şərqdə baş verənlər Azərbaycanı narahat etməyə bilməz. Bu şəraitdə respublikanın sadəcə baş verənləri kənardan müşahidə etməklə kifayətlənməsi mümkün deyil. Bundan başqa, azərbaycanlı politoloq, İnsan Haqları İnstitutunun elmi işçisi Moisey Bekker daha bir səfərin əhəmiyyətinə diqqət çəkir: söhbət martın ortalarında Pakistan prezidenti Məmnun Hüseynin Bakıya etdiyi səfərdən gedir. Pakistan Səudiyyə Ərəbistanının yaxın dostu və müttəfiqidir. "Hazırda səudiyyələrlə kimlərin koalisiyada yer aldığına diqqət yetirsəniz, hadisələrin hansı istiqamətdə inkişaf etdiyini anlayacaqsınız. Azərbaycan dünyavi dövlət olaraq, istənilən münaqişədə neytrallığını qorumağa çalışır. Bunun üçün isə regionun bütün dövlətlərilə normal münasibətlər tələb olunur. Azərbaycan rəhbərliyi özünü ağılla kənar müdaxilələrdən, özünün qızışmaqda olan münaqişələrə cəlbindən sığortalamağa çalışır. Burada ölkənin dini mənsubiyyəti də nəzərə alınır və bu, istənilən halda nəzərə alınmalıdır da", - deyə politoloq qeyd edib.

Bu baxımdan, İ.Əliyevin Ərəbistan yarımadasına səfərinin İranla Ər-Riyadın başçılıq etdiyi bir sıra sünni dövlətlər arasında münasibətlərin pisləşməsilə əlaqədar olduğunu da düşünmək olar. Bundan başqa, səfər zamanı neft bazarında qiymət sabitliyinə cəhd olduğunu da düşünmək üçün əsaslar var. Bütün bunlarla yanaşı, Yaxın Şərqdə ekstremistlərin fəallığının artmasını unutmaq olmaz. Onlar artıq Cənubi Qafqaza soxulacaqlarına dair hədələr səsləndirir, azərbaycanlıları İraq və Suriya rejimlərinə qarşı döyüşlərdə özlərinə cəlb edirlər.

Səudiyyə Ərəbistanı ərəb və müsəlman dünyasının aparıcı ölkələrindən biri, islamın beşiyi, neft və qaz hasilatı sənayesinin vacib mərkəzidir. Neft bazarının vəziyyəti və karbohidrogenlərin qiymətləri böyük ölçüdə ondan asılıdır. Bundan başqa, İranın nüvə proqramı ilə bağlı Lozannada keçirilən danışıqlarda uğurun əldə olunmasından sonra son 3 onillikdə ilk dəfə olaraq Tehrana tətbiq edilmiş beynəlxalq sanksiyaların aradan qaldırılması ehtimalı yaranıb. İran isə enerji daşıyıcılarının daha bir nəhəng istehsalçısıdır. Demək, bu ölkə tezliklə dünyanın enerji bazarına qayıda bilər. Bu üzdən regionun ənənəvi enerji resursları ixracatçılarının "saatları tutuşdurmalarına" ehtiyac yaranıb.

İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bu ölkənin yerini tutmuş rəqiblərini sıxışdırmağa çalışacağı istisna deyil. Buna isə yalnız dempinq qiymətlərlə nail olmaq mümkündür. Bu, təbii ki, bütün karbohidrogen istehsalçılarına zərbə vuracaq. Neftdən gələn gəlirlər isə İrana bütünlükdə regionun ekspansiyasını ciddi şəkildə genişləndirmək imkanı verəcək.

Vəziyyəti daha da ağırlaşdıran Səudiyyə Ərəbistanı və İranın Yəməndəki məxfi qarşıdurmasıdır. Şiə qiyamçılarının - husilərin silaha sarıldığı Yəməndə Səudiyyə Ərəbistanı müttəfiqlərilə birlikdə "Həlledici fırtına" hərbi əməliyyatını davam etdirir. Əməliyyatlar Tehran tərəfindən dəstəkləndiyi bildirilən husilərə qarşı aparılır. Bundan başqa, bu günlərdə İran neft daşımalarında qlobal əhəmiyyət daşıyan Ədən körfəzinə, Yəmən sahillərinə iki hərbi gəmi göndərib. Bir vacib məqamı qeyd edək ki, bu hərbi kampaniyanı dəstəkləyənlər arasında Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə də var. İranın regionda nüfuz dairəsini genişləndirməsi Səudiyyə Ərəbistanı kimi, Türkiyəni də qane etmir.

Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanında yüksək səviyyədə qəbul olunması (nümayəndə heyətini aeroportda şəxsən kral qarşılayıb) tərəflərin maraqlarının üst-üstə düşdüyünü göstərir. Ər-Riyadın onun üçün vacib olan məqamlarda Azərbaycanın göstərdiyi dəstəyə görə Bakıya minnətdarlıq etməsi bizə böyük dividendlər qazandıra bilər. Məsələ yalnız bəzilərinin düşündüyü kimi, ərəblərin sərfəli kreditlər ayırmasında deyil. Bu konteksdə Bakının Yaxın Şərqdə yaşananlarla bağlı düzgün mövqe ortaya qoyması Azərbaycana bizim üçün vacib olan Qarabağ məsələsində ərəb dünyasının dəstəyini qazanmaq imkanı da verəcək.

 

 

SİTAT

"İlin əvvəlindən mən Türkiyəyə iki dəfə səfər etmişəm, Almaniyaya, Bolqarıstana, Vatikana və Səudiyyə Ərəbistanına səfərlər etmişəm. Yəni, 3 ay ərzində edilən bu səfərlər artıq Azərbaycanın çoxşaxəli xarici siyasət apardığını göstərir. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, bizim müqəddəs ocaqlarımız bu ölkədə yerləşir, Vatikan isə xristian aləminin mərkəzidir".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

596