18 May 2024

Şənbə, 12:19

REKORD ÇƏKİ

Azərbaycan idmançıları ağır atletika üzrə Avropa Çempionatında yeddi qızıl medal qazanıblar

Müəllif:

21.04.2015

İki il əvvəl ağır atletika üzrə Azərbaycan millisi Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən böyük cəzaya məruz qaldı. Qadağan olunan preparatdan istifadə edən millimizin əksər üzvləri müxtəlif müddətlərə idmandan uzaqlaşdırıldı. Gürcüstanda baş tutan Avropa Çempionatı həmin cəzalı atletlərin Azərbaycan millisinə o cümlədən böyük idmana uğurlu qayıdışıyla yadda qaldı.

Millimizin ilk uğurunu 2 illik diskvalifikasiyadan sonra podiuma qayıdan London Olimpiadasının bürünc medalçısı Valentin Xristov əldə edib. Atletimiz birdən qaldırmada öncə 133 kq, ardınca 135 kq çəkini başı üzərinə qaldırıb. O, üçüncü cəhdində 142 kq çəkini sifariş etsə də, öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, Valentin birdən qaldırmada kiçik qızılı aktivinə yazıb. Təkanla qaldırmada da Xristov rəqiblərinə güzəştə getməyib. Təmsilçimiz ilk cəhdindəcə 160 kq çəkinin öhdəsindən gələrək, növbəti kiçik qızıl medalını qazanıb. Beləliklə, yekunda 295 kq (135 kq + 160 kq) nəticə göstərən Valentin Avropa çempionu tituluna yiyələnib. Gümüş medalçı Dimitris Minasidis (Kipr) atletimizdən 12 kq geri qalıb - 283 kq (127 kq + 156 kq).

 Xristovdan fərqli, Elmar Alıyev ümidləri doğrultmayıb. 56 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz birdən qaldırma hərəkətində 107 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə 9-cu yeri tutub. Atletimiz təkanla qaldırma hərəkətində 137 kq-ı ram edib və Avropanın 4-cüsü olmağı bacarıb. Toplamda 244 kq (107+137) nəticə göstərən Elmar yekun sıralamada 10 idmançı arasında 7-ci yeri tutub.

58 kq çəki dərəcəsində yarışan xanım atletimiz Boyanka Kostova Avropa Çempionatının şəksiz favoriti adını təsdiqləyib. Belə ki, Kostova ilk yanaşmasında 100 kq-ı ram edərək ən yaxın rəqibini 7 kq qabaqlayıb və liderliyi ələ alıb. Daha sonra 105 kq-ı rahatlıqla qaldıran Boyanka, Avropa U-23 rekordunu yeniləyib. Ona qədər bu rekord (100 kq) Ukrayna təmsilçisi Yuliya Kalinaya məxsus idi. Birdən qaldırmada son yanaşmasında 109 kq üçün ştanqa yaxınlaşan atlet, onu da ram edərək böyüklər arasında Avropa rekordunu yeniləyib. Bu rekord (108 kq) rusiyalı atlet Svetlana Tsarukayevaya məxsus idi. 

Təkanla qaldırmada ilk yanaşmasında 125 kq-ı qaldıran Kostova birdən-birə iki rekordu da yeniləyib. Bunadək yaşı 23-ə qədər olan qadınlarda təkanla qaldırmada buna qədərki rekord 123 kq idi. Eyni zamanda, bu nəticə ilə toplam çəki 234 kq oldu ki, əvvəlki ümumi nəticə rekordu 223 kq olub. Boyanka, bununla yekun sıralamadakı qızıl medalı özünə təmin edib.

İkinci yanaşmada məşqçilər heyəti idmançımız üçün 132 kq sifariş verib. Bu cəhdini də uğurlu edən Kostova toplamda 241 kq nəticə göstərərək böyüklər arasında rusiyalı Svetlana Tsarukayevaya məxsus 238 kq-lıq rekord da yeniləyib.

Təkanla qaldırmada son yanaşmasında 137 kq-ı qaldıran Kostova, ümumilikdə, 246 kq (109+137) nəticə göstərərək bütün rəqiblərini aşkar şəkildə üstələyərək Avropa çempionu tituluna yiyələnib. O, U-23-də 8, böyüklər arasında isə 4 rekordu - birdən qaldırma, təkanla qaldırma və toplamda yeniləyərək tarixi nəticəyə imza atıb. Valentin Xristov kimi Boyanka Kostova da ikiqat Avropa çempionu olub. 

77 kq-da çıxış edən Əfqan Bayramov B qrupunda yarışsa da (nisbətən zəiflərin yarşında), A qrupunda çıxış edən bir çox atletdən üstün olub. Toplam 333 kq (141+192) nəticə göstərən Əfqan yekun sıralamada 7-ci yeri tutub. Ancaq onun təkanla qaldırmada ram etdiyi 192 kq-ı heç kim üstələyə bilməyib və o, bu hərəkətdə Avropa Çempionatının kiçik qızıl medalına layiq görülüb.  Qeyd edək ki, Əfqan 2012-ci Avropa Çempionatında həm təkanla qaldırmada, həm də toplamda çempionluğu bayram edib.

Qeyri-müəyyən səbəbdən Bayramovla eyni çəkidə çempionata yollanan İvan Stoitsov podiuma çıxmayıb. 4 ilə yaxındır komandamızda yer alan, lakin rəsmi beynəlxalq yarışlar zamanı "zədələnən" atletin bu dəfə hansı səbəbdən bu addımı atması hələ bilinmir.

Gürcüstanda millimizin son medalını 69 kq çəki dərəcəsində Anastasiya İbrahimli əldə edib.Birdən qaldırmada 103 kq nəticə ilə 6-cı olan atletimiz 2-ci hərəkətdəki nəticəsi sayəsində fəxri kürsüyə yüksəlib. Belə ki, təkanla qaldırma hərəkətində 130 kq nəticə ilə 3-cü olub. Bu da Anastasiyanın iki hərəkətinin cəmində də bürünc medal qazanması üçün yetərli olub. 233 kq nəticə göstərən idmançımız çempion olan belaruslu Dina Sazanovetsdən 22, gümüş qazanan rusiyalı Yana Kondraşovadan 2 kq geri qalıb.

6 idmançıyla yollandığımız qitə birinciliyində  Azərbaycan yığması 7 qızıl və 2 bürünc medal qazandılar. 

Unutmaq olmaz ki, yığmanın əksər üzvləri 2 il yarışlardan kənarda qalıb. Cəzalı idmançıların böyük idmana qayıdışı isə hər zaman çətin olur. Ona görə yığmadan gələcəkdə daha böyük uğur gözləmək olar. Qazanılan nəticə millinin yeni polşalı baş məşqçisi Miroslav Çoroşun debütünü uğurlu etdi.



MƏSLƏHƏT GÖR:

703