13 May 2024

Bazar ertəsi, 06:52

ERMƏNİLƏRİN FİKS İDEYASI İFLASA UĞRADI

Azərbaycan, 100 il əvvəl olduğu kimi, bu gün də Türkiyənin yanındadır

Müəllif:

28.04.2015

Eyni gündə - aprelin 24-də İstanbulda və İrəvanda iki tarixən bir-birinə bağlı olan hadisənin 100-cü ildönümü qeyd olunub. Söhbət Çanaqqala döyüşündən və qondarma "erməni soyqırımı"ndan gedir. Bu iki tədbirin təşkilində məqsədlər əlbəttə ki, tamamilə fərqli idi.

Türkiyə Birinci Dünya müharibəsinin Qeliboğlu və Çanaqqala uğrunda döyüşlərdə hər iki tərəfdən ölmüş yüz minlərlə döyüşçünün xatirəsinə inanılmaz aksiya təşkil etmişdi. Keçmiş düşmənlərin barışıq rəmzi olan təntənəli mərasimdə 21 dövlət başçısı, 3 parlament spikeri, 5 baş nazir və 28 nazir, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Tədbirin fəxri qonaqları arasında Azərbaycan Prezidenti İlham Əliyev də var idi.

Tədbir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Mehmetçik" memorialının önünə əklil qoyması ilə başlayıb. Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz isə memorialın önünə Antanta dövləti adından əklil qoyub. Çanaqqala uğrunda savaşda həlak olmuş şəxslərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra dövlət himninin sədaları altında yaylım atəşi açılıb, səmada Türkiyə bayraqları dalğalandırılıb. Türkiyənin dini işlər naziri Mehmet Görməz, onun ardınca isə xristian iyerarxı döyüşlərdə həlak olmuş şəxslərin ruhuna dualar oxuyub, hər kəsi sülhə, qardaşlığa çağırıblar.

Tədbirdə Uels şahzadəsi Çarlz və Türkiyə prezidenti Ərdoğan da çıxış ediblər. Çanaqqala döyüşlərində həlak olmuş əsgərlərin məzarlarını ziyarətdən sonra dövlət başçıları "Mehmetçik" memorialının "Şəhidlik dəftəri"nə ürək sözlərini yazıblar. Antanta dövlətinin hərbi birləşmələri və Türkiyə Silahlı Qüvvələrinin birgə fəxri marşı barışıq rəmzi kimi təşkil edilib. Dənizdə isə Türkiyə, İngiltərə, Fransa, Avstraliya və Yeni Zelandiyaya məxsus hərbi gəmilər hərəkətə gəlib. Mərasimin sonunda "Türkiyənin ulduzları" eskadrilyası nümunəvi uçuşlar keçirib.

İrəvana gəlincə, ermənilərin təşkil etdikləri şounu anlaşılmaz adlandırmaq yanlış olmazdı. Orada Serj Tankyanın "System of a Down" rok qrupu şəhərin mərkəzi meydanında yas ibadəti ilə "səs-səsə veriblər", siyasətçilər və din xadimləri isə mərasimdə erotik şouların ulduzu, qalmaqalları ilə məşhur olan Kim Kardaşyanla yanaşı dayanıblar. Bu anormal siyasi-təbliğat miksinin öz məqsədləri var idi - nəyin bahasına olursa-olsun, böyük və kiçik dövlətlərin, beynəlxalq təşkilatların, mümkün olan hər kəsin 100 il əvvəl baş vermiş ziddiyyətli və faciəvi hadisələrə "soyqırımı" kimi yanaşmasına nail olmaq.

Rəsmi İrəvanın və nüfuzlu erməni diasporunun tədbirə dünya liderlərinin qatılması üçün göstərdikləri səylərə baxmayaraq, bu, baş verməyib. Aprelin 24-də Ermənistana yalnız Serbiya, Kipr, Fransa və Rusiya prezidentləri yollanıblar. Bununla yanaşı, Rusiyanın dövlət başçısı Vladimir Putin bunu aşkar tərəddüdlərdən sonra və Türkiyə ilə Azərbaycanın mənfi reaksiyasını yumşaldacaq bir sıra addımların ardından edib. Ermənistan qəzetlərinin yazdığı kimi, Putin tədbirdə "DQR prezidenti" Bako Saakyanın onunla eyni tədbirə qatılmasına razılıq verməyib və nəticədə separatçıların başçısı evdə qalmalı olub. İrəvanda keçirilən xatirə tədbirindəki çıxışında isə Putin "soyqırımı" ifadəsini dilə gətirməməklə yanaşı, Türkiyənin adını da çəkməyib. Çanaqqalada isə Rusiyanı Dövlət Dumasının spikeri Sergey Narışkin təmsil edib.

İrəvanda təşkil olunmuş tədbirdə çıxış edən Fransa prezidenti Fransua Olland isə 1915-ci il hadisələrini "soyqırım" adlandırsa da, bununla yanaşı, bir fikri də işlətməyi vacib sayıb: "Soyqırımı xatırlamaq prosesə (yəni, kimisə ittiham etmək) başlamaq demək deyil. Bu, belə faciələrin təkrarlanmaması üçün həlak olanların xatırlanmasıdır". Fransa prezidentinin İrəvandan işgüzar səfərlə birbaşa Bakıya yollanması da çətin ki, ermənilərin ürəyincə olsun. Axı sentimental xarakterli Ermənistan-Fransa münasibətlərindən fərqli olaraq, Parislə Bakı arasında ciddi ticarət dövriyyəsi var və onlar miqyaslı investisiya layihələri həyata keçirirlər.

Fransua Olland aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Dövlət başçıları ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən, o cümlədən, dinamik inkişaf edən Azərbaycan-Fransa əlaqələrindən məmnunluqlarını ifadə ediblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı durumuna dair də geniş fikir mübadiləsi aparılıb. İ. Əliyev Fransua Ollandın bu məsələdəki fəallığından məmnunluğunu bildirib. Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Fransa Universitetinə dair Niyyət Məktubu imzalanıb.

İrəvanda keçirilən tədbirə Ermənistanın KTMT və Aİİ-dən olan "müttəfiqləri"nin də etinasızlıq göstərdiklərini vurğulamaq lazımdır. Qazaxıstan tədbirə heç bir nümayəndə göndərməyib. Belarus Prezidenti Aleksandr Lukaşenko isə aprelin 24-də nümayişkaranə şəkildə Gürcüstana səfər edib və təyyarə ilə cəmi 30 dəqiqəlik məsafədə yerləşən İrəvana baş çəkməyi lazım bilməyib. Üstəlik, bu səfər onun gürcüstanlı həmkarına İrəvandakı "soyqırımı" tədbirlərinə qatılmamaq üçün üzrlü səbəb yaradıb.

Ermənilərin ABŞ prezidenti Barak Obamanın dilindən "soyqırımı" ifadəsinnin çıxacağı ilə bağlı gözləntiləri də nəticəsiz qalıb. Avropa Parlamentinin Aİ-yə üzv ölkələri "erməni soyqırımı"nı tanımağa çağıran qətnaməsi və Roma Papasının xüsusi messa zamanı "erməni soyqırımının XX əsrin ilk soyqırımı olduğu"na dair bəyanatı isə sadəcə təsəlli sayıla bilər. Çünki onlar bunu əvvəllər də bu və ya digər formada ifadə etmişdilər.

"Erməni soyqırımı"nı tanıyan növbəti, sayca 21-ci dövlət Avstriya olub. Bu ölkə parlamentinin aşağı palatası məsələ ilə bağlı xüsusi bəyanat qəbul edib. Ankara buna Avstriyadakı səfirini məsləhətləşmə üçün geri çağırmaqla cavab verib. Bundan daha artıq diqqətə isə Almaniya parlamenti və hökumətində sözügedən məsələ ilə bağlı baş vermiş mövqe dəyişikliyidir. Qeyd edək ki, Almaniya "soyqırım" məsələsində indiyədək vacib hərbi-siyasi müttəfiqi və iqtisadi-ticari tərəfdaşı olan Türkiyəni narazı salacaq bəyanatlardan qaçırdı. Bu dəfə isə Bundestaq tərəfindən qəbul olunmuş qətnamədə "XX əsrdə ermənilərin məqsədyönlü olaraq kütləvi qırılmasının, deportasiyasının etnik təmizləmə, soyqırımı nümunəsi olduğu" bildirilir. Sənəd hələ ki, qəbul edilməyib və reqlamentə uyğun olaraq, müzakirə edilməsi, tam hazırlanması üçün profil komitələrə göndərilib. İndi tərəflər arasında hökumət səviyyəsində gizli danışıqlar gedir. Məqsəd sənəddə yer alacaq formulun ənənəvi olaraq yaxın münasibətlərə malik dövlətlərin əlaqələrinə ciddi zərbə vurmasını önləməkdir. Almaniya prezidenti Yoahim Qaukun Berlin monastrındakı ehsan duası zamanı 1915-ci il hadisələri ilə bağlı "soyqırımı" ifadəsini işlətməsi isə o qədər də əhəmiyyət daşımır. Çünki Almaniyada prezident, sadəcə, nominal fiqur sayılır.

Bu məsələdə daha təəccüblü olanı Avstriya və Almaniyada böyük türk diasporunun passivliyidir. Halbuki, onlar fəal etiraz aksiyaları ilə yerli siyasətçiləri tarixi hadisələrə birtərəfli yanaşmadan, Türkiyəyə və türk xalqına qarşı hörmətsizlikdən çəkindirməyə nail ola bilərdilər.

Sözün əsl mənasında, milli fiks ideyasına çevrilmiş "soyqırımı" ifadəsi ermənilərin təsəvvüründə onlara bütün mümkün siyasi, ərazi və maddi dividendlər gətirəcək sehirli çubuqdur. Guman edirəm ki, Ermənistan rəhbərliyi durumu daha realistcəsinə dəyərləndirəcək. Birincisi, "soyqırımı" məsələsinin beynəlxalq gündəmdə saxlanılması erməniləri zərərçəkmiş xalq kimi təqdim edir və sanki onların maddi dilənçi payı, mümkün güzəştlər istəyinə haqq qazandırır. Ermənistan kimi daxili inkişaf resursları olmayan ölkə üçün hökumət səviyyəsində ayrılan qrantlar və yardımlar, həmçinin hər il toplanılan fərdi ianələr həyati əhəmiyyət daşıyır. İkincisi, Ermənistanın azərbaycanlılara qarşı yol verilmiş etnik təmizləmədə və kütləvi qətliamlarda bilavasitə iştirak etmiş hazırki liderləri (Serj Sarqsyan, Seyran Ohanyan, Robert Koçaryan və s.) üçün "erməni soyqırımının yüzilliyi" adlı tamaşada baş rolda çıxış etmək gələcəkdə öz cinayətlərinə görə məhkəmə qarşısına çıxarılma riskindən müəyyən qədər sığortalanmaqdır. Üçüncüsü, Sarqsyan hökuməti adi ermənilərdən fərqli olaraq, anlayır ki, Türkiyəyə qarşı ərazi və maddi kompensasiya tələblərinin irəli sürülməsi, hətta "soyqırım"ın tanınmasına, üzr istənilməsinə nail olunması qeyri-realdır. Ermənistan hökuməti "soyqırım" ilə bağlı zəhlətökən inilti ilə bir şeyə ümid edir: fövqəldövlətlər arasındakı himayədarlarının köməyilə Ankaraya təzyiq göstəriləcək, Türkiyə Qarabağ məsələsində Azərbaycanı dəstəkləmək kimi prinsipial mövqeyindən imtina edərək, Ermənistanla sərhədləri açacaq. Yəni, ermənilər ərazi iştahlarını Türkiyə hesabına olmasa da, heç olmasa, Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsi hesabına ödəməyi düşünürlər.

Amma bu gözləntilər əbəsdir. Ankaranı XX əsrin əvvəlində, son dərəcə zəif olduğu bir dövrdə belə, sındırmaq mümkün olmayıb. Türkiyə Silahlı Qüvvələrinin Avropada ən güclü ordulardan biri olduğu, iqtisadiyatının isə dünyada ilk 20-də yer aldığı indi dövrdə isə bu, heç mümkün deyil. 100 il əvvəl Çanaqqala uğrunda aparılmış qanlı döyüşlərdə türklər nəinki öz dövləçiliklərini xilas ediblər, həm də qalib gəlməklə, ADR kimi müstəqil Azərbaycan dövlətinin qurulmasına şərait yaradıblar. Bizim qardaş münasibətimiz indi də regional geosiyasətdə həlledici rol oynayır və bununla yalnız ermənilər deyil, oların dünyadakı himayədarları da hesablaşmalıdırlar.



MƏSLƏHƏT GÖR:

462