9 May 2024

Cümə axşamı, 00:41

HAMININ QƏLƏBƏSİ

Azərbaycan 70 il əvvəl olduğu kimi, bu gün də faşizmlə mübarizəyə töhfə verir

Müəllif:

12.05.2015

Dünyanın bir çox ölkələrində milyondan artıq insan yaşadıqları şəhərlərinin əsas küçələrinə axışdılar. Onlar əllərində Böyük Vətən müharibəsində döyüşmüş doğmaları, yaxınlarının portretlərini tutmuşdular. Bir neçə il əvvəl, 2012-ci ildə Tomskda təşkil olunmuş "Ölməz alay" aksiyası dünyanın bir çox ölkəsinin sakinlərini özündə birləşdirdi. Bu il Moskva, Bakı, Vaşinqton, Toronto, Kiyev, Berlin, Təl-Əviv, Ulan-Udedə və bir çox digər paytaxtlarda insanlar hazırkı sülh uğrunda canından keçmiş insanları yad etmək, gələcəkdə belə faciələrin təkrarlanmasına yol verməyəcəklərini nümayiş etdirmək üçün küçələrdə idilər.

İkinci Dünya müharibəsi bəşəriyyət tarixinin ən miqyaslı və dağıdıcı savaşı olub. Bu müharibədə 30-dan artıq ölkə, təxminən, 2 milyard insan iştirak edib. Bu, o dövr üçün dünya əhalisinin təxminən 80%-i demək idi. Müharibə Avropa, Asiya, Afrika və Okeaniyada, həmçinin Sakit, Hind, Atlantik və Şimal Buzlu okeanlarında gedirdi. 110 milyon hərbçi 40 ölkə ərazisində gedən döyüşlərdə iştirak edirdi.

Bütün bunlarla yanaşı, əsas savaş meydanı, əlbəttə ki, Avropa, Şərq cəbhəsi, nasist Almaniyası ilə Sovet İttifaqının döyüşdüyü ərazilər idi. Bunu anti-Hitler koalisiyasının bütün üzvləri indi də etiraf edirlər. Müharibə illərində SSRİ Silahlı Qüvvələrinə 34 milyon 476 min adam çağırılmışdı. 151 millətin və xalqın təmsilçiləri olan bu insanların üçdəbiri müharibədən qayıtmadı. Dinc əhali arasında da tələfat həddindən artıq çox olub. Sovet xalqı bəşəriyyətin faşizmdən qurtulması üçün çox qurbanlar verib. Əvəzində o, yalnız Vətəni deyil, həm də Avropa və Asiyanın 13 ölkəsini xilas edib.

Son illərdə keçmiş sovet respublikalarının alman-faşist işğalçılarının darmadağın edilməsində iştiraklarının araşdırılması istiqamətində çox işlər görülüb. 2010-cu ildə tarixçilərin birgə həyata keçirdikləri araşdırmalar "Hamının qələbəsi" adlı məcmuəyə toplanıb. Orada hər bir sovet respublikasının qələbəyə töhfəsi ayrıca göstərilir.

Moskvada Qələbə bayramı ərəfəsində "Ümumi Qələbə: tarix və yaddaş" adlı elmi konfrans keçirilib. Tədbirdə tarixçi, elmlər doktoru Sevinc Əliyeva "Azərbaycan İkinci Dünya müharibəsi illərində" adlı məruzə ilə çıxış edib.

Məruzədə bildirilir ki, Azərbaycanın hər 5 sakinindən 1-i bu müharibədə iştirak edib. O zaman 3,4 milyon (1941-ci ildə) əhalisi olan ölkədən, təxminən, 700 min nəfər cəbhəyə yollanıb. Onların arasında 10 mindən artıq qadın da olub. 400 mindən artıq azərbaycanlı döyüş mükafatları ilə, medallarla təltif olunub, 14 nəfər Şərəf ordeninə layiq görülüblər. Döyüşlərdə göstərdikləri şücaətə, igidliyə görə 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan 16-sı bu adı ölümündən sonra alıb.

Qısa zamanda respublikanın ərazisi güclü arxa cəbhə arsenalına çevrilib. 1941-1942-ci illərdə Bakıda 17 yeni neft-kimya və kimya müəssisəsi işə salınıb. O dövrdə SSRİ-də istehsal olunan neftin 70%-dən çoxu Bakının payına düşüb. Azərbaycanın hospitallarında Sovet ordusunun 400 mindən çox döyüşçüsü müalicə alıb. Bakıda 130 növ silah, sursat, hərbi təchizat, o cümlədən əfsanəvi "Katyuşa" raketləri, onlar üçün reakstiv mərmilər istehsal olunub. Keşlə qəsəbəsində yerləşən 2 zavodda fasiləsiz olaraq qırıcı təyyarələr yığılıb. Gəncədə nəhəng aviatəmir zavodu işləyib: orada müxtəlif növlü 782 təyyarə təmir olunaraq cəbhəyə yola salınıb. Zavodda o cümlədən 1550 aviamühərrik və digəçr ehtiyat hissələri də təmir edilib. Kimya sənayesi zavodlarının da təyinatı dəyişidirilib və orada hərbi təyinatlı məhsullar istehsal edilib. Azərbaycan müəssisələrindən cəbhəyə 30-dan artıq adda geyim göndərilib. Bakılılar Leninqrada, Stalinqrada, Stavropola və Krasnodara ərzaqla, avadanlıqlarla və pulla əhəmiyyətli dərəcədə yardım göstəriblər. Minlərlə qaçqın özlərinə məhz Azərbaycanda sığınacaq tapıb.

Hər bir respublikanın qələbəyə verdiyi töhfəni ayrıca tərifləmək və ya azaltmaq doğru olmazdı. Bunun xüsusilə mayın 8-də Moskvada MDB dövlət başçıları səviyyəsində keçirilmiş sammitdə edilməsi doğru çıxmazdı. Amma toplantıda Qırğızıstan və Özbəkistan prezidentləri arasında bu mövzuda söz atışması baş verib və bu, görüşün digər iştirakçıları tərəfindən haqlı olaraq, bəyənilməyib. Axı onların hər birinin öz xalqının Qələbəyə verdiyi töhfələr haqda deyiləcək sözləri var.

"Biz tariximizi, bu dəhşətlərə son qoymuş Sovet İttifaqı, eləcə də digər müttəfiq ölkələrin xalqlarının qəhrəmanlığını müqəddəs tuturuq. Bu qəhrəmanlıq nəsillərdən-nəsillərə keçərək yaddaşlarda yaşamalıdır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümü münasibətilə keçiriləcək bayram tədbirinə qatılmaq üçün Moskvaya etdiyi səfər ərəfəsində "Rossiya 24" telekanalına bildirib. Dövlət başçısı telekanala müsahibəsində fikrini belə davam etdirib: "Gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar".

Amma Qələbə bayramı ilə bağlı tarixin özü də hər kəs üçün eyni deyil. Stalinin və Xruşşovun dövrlərində bu gün sadə şəkildə qeyd olunurdu - əsas qəzetlərdə baş məqalə və atəşfəşanlıq. Çünki Stalin generalitetlə münasibətləri pis olan cəbhəçi qəhrəmanlardan qorxurdu.

Qələbə gününü bu günkü qədər təntənə ilə qeyd olunmasına yalnız Brejnevin dövründə başlanılıb. Amma Azərbaycanda bayrama daha bir dəfə "qəsd edilib". Prezident İlham Əliyevin dediyi kimi, "əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Qələbə Gününü bayram günləri siyahısından çıxarmışdı. Yəni, bu bayram ləğv edilmişdi. Yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra 1993-cü ildə Qələbə Günü rəsmi bayram kimi təsdiq olundu, tarixi ədalət bərpa edildi".

Böyük Vətən müharibəsi illərindəki müttəfiqlik ruhu bu cün də nümunə olmalıdır. Bunu isə Rusiya prezidenti Vladimir Putin təntənəli qəbulda çıxış edərkən bildirib.

Moskvada Qələbənin 70 illiyilə bağlı bayram tədbirinə təxminən 30 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri qatılmışdılar. Moskvaya yollanmış dövlət başçıları arasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanın prezidentləri də var idi. Mayın 9-10-da keçiriən bayram tədbirləriə Çin, Hindistan, Cənubi Afrika, Venesuela, Vyetnam, Kuba, Almaniya, Çexiya, Slovakiya, Serbiya, Bosniya və Herseqovina, Makedoniya, Kipr, Zimbabve, Monqolustan, Fələstin liderləri, həmçinin BMT-nin baş katibi Pan Gi Mun da qatılmışdılar.

Rusiya prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, bayram tədbirlərinə qatılmaları üçün 68 xarici dövlət liderinə, həmçinin YUNESKO, BMT, Avropa İttifaqı və Avropa Şurasının rəhbərliyinə dəvət göndərilib. Lakin Qərbin aparıcı dövlətlərinin rəhbərləri konyuktura nöqteyi-nəzərindən dəvəti qəbul etməyiblər. Avropa və ABŞ qəzetləri artıq bunu Kremlin siyasətinin məğlubiyyəti kimi təqdim edir. "Bayram keçmişə aid olsa da, dəvət alanların siyahısı məhz müasir dövrü özündə əks etdirir", - deyə Sky News bildirir. France 24: "Moskva üçün mübarizə bitməyib: Qərb Ukraynada baş verənlər üzündən paradı boykot etdi". CNN: "Hazırkı siyasi kontekstdə bu, Rusiya ilə Qərb arasındakı ayrılığı göstərir".

Amma yaranmış vəziyyətə ayıq başla yanaşanlar da var. Məsələn, İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Qərb liderlərinin Moskvada keçirilən mərasimə qatılmamalarını Qərbin uzaqgörən olmamasının nəticəsi sayır. "Qızıl meydanda Rusiya prezidentilə yanaşı Çin, Hindistan və digər Asiya dövlətlərinin liderlərinin əyləşdiyi o tribuna Rusiyanın təcrid duruma düşdüyünün deyil, qərb siyasətinin iflasına dair növbəti göstəricidir. Mən oradakı boş yerləri güc nümayişi yox, məğlubiyyətimizin rəmzi sayıram", - deyə təcrübəli siyasətçinin "Corriera della Sera" qəzetində dərc olunmuş açıq məktubunda bildirilir.

Sovet İttifaqının mövcud olduğu dövr ərzində Kremlin təbliğatı hər şeyi ağ-qara rəngdə görməkdə günahlandırılırdı. Onun üçün yalnız 2 anlayış var idi: düşmən və dost. Düşüncə belə idi ki, Qərbdə hər kəs düşməndir və cəmiyyətdəki müsbət proseslərə baxmayaraq, onunla mübarizə aparmalıdır, dostların daxili siyasətdəki "çatışmazlıqlara" isə göz yummaq və onlara daim kömək etmək lazımdır.

Bəs indi vəziyyət necədir? İndi eyni standartları Qərb tətbiq edir. İndi Rusiyaya düşmən, "izqoy" rolu verilib və ona dost dəstəyi verə bilən hər kəs dərhal sərt təzyiqlərlə üzləşir.

Azərbaycanın Rusiyaya tətbiq olunmuş iqtisadi və siyasi sanksiyalarla bağlı mövqeyi qətidir. Bunu Prezident İlham Əliyev Rusiya telekanalına müsahibəsində bir daha dilə gətirib. Dövlət başçısı bildirib ki, Azərbaycan bu formalı təzyiqin əleyhinədir: "Bu, qeyri-səmərəli vasitədir. Biz həmişə dialoqun, bütün mürəkkəb məsələlərin danışıqlar masası arxasında etimad şəraitində həll olunmasının tərəfdarıyıq. Əlbəttə, müəyyən dərəcədə Rusiya ilə Qərb arasında etimad itirilib. Lakin, zənnimcə, onu bərpa etmək üçün səylər göstərilməlidir. Dünyada, regionumuzda, Avropada təhlükələr xeyli çoxdur. Bu, ekstremizm, radikalizm, terrorizm, Avropa qitəsində faşizmin dirçəlməsidir. Bu məsələləri birlikdə həll etmək lazımdır".

MDB dövlətlərinin BMT-nin İnsan Haqları Şurasının martda keçirilmiş 28-ci sessiyası zamanı qəbul etdikləri birgə bəyanatda da nasizmin qəhrəmanlıq səviyyəsinə qaldırılması kimi müasir təhlükəli tendensiyalarala birgə mübarizədən bəhs olunur. MDB ölkələrindən olan nümayəəndə heyəti müharibənin verdiyi dərslərin unutdurulması, onun nəticələrinin əxlaqi və hüquqi qiymətinin təhrifinə, nasist cinayətkarlarının və kollaborasionistlərə haqq qazandırılmasına edilən "abırsız cəhdlərdən" narahatlığını ifadə edib.

Azərbaycan Prezidenti bildirib ki, "indi məsuliyyət atalarımızın, babalarımızın qəhrəmanlığına hörmətlə yanaşan siyasətçilərin, ölkə rəhbərlərinin, nüfuzlu ictimai xadimlərin üzərinə düşür. Onlar öz fəaliyyətlərində buna daim önəm verməlidirlər. Bir vaxtlar bizə elə gəlirdi ki, hamıya hər şey aydındır, bu, tarixdir, çoxlu tarixi sənədlər var, odur ki, burada fikir ayrılığı ola bilməz. Lakin, sən demə, ola bilərmiş. Ən kədərlisi də odur ki, bu gün yaşı 20-25 yaşlı gənc nəslin bəzi nümayəndələri faşist yürüşlərinə çıxmaqla, əslində, ümumi Qələbəmizi gözdən salırlar. Əgər bu meyil gələcəkdə genişlənsə, hansısa mərhələdə tarix baş-ayaq çevriləcək. Düşünürəm ki, indiki mərhələdə mənim dediyim fikirləri bölüşən bütün ictimai qurumlar fəaliyyətlərini əlaqələndirməli, tarixi həqiqəti ictimaiyyətə, xüsusən, gənclərə çatdırmaq, faşizmin qəhrəmanlıq səviyyəsinə qaldırılmasının və tarixin yenidən yazılmasının qarşısını almaq üçün fəal işləməlidirlər".



MƏSLƏHƏT GÖR:

583