Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Haqqındakı xatirələrdən, lent yazılarının yaddaşında qalan ifalarından başqa xanəndə Cabbar Qaryağdıoğlunu bir də onun danışdıqlarından tanıyırdıq. Xanəndənin sonbeşik övladıydı Şəhla xanım. Nurlu qadın idi, atasından danışdıqca siması daha da işıqlanırdı. O da atasına hamı kimi Cabbar əmi deyirdi. Şəhla xanımdan eşitdim ki, övladları Cabbar Qaryağdıoğlunu belə çağırırmışlar.
Həyatda çox dərdlərin sınağından keçmişdi. O, uşaq ikən gənc anası dünyadan köçmüşdü. Sonralar həyat yoldaşının - şair Əliağa Kürçaylının, nakam övladının, bacı-qardaşlarının itkilərini yaşamışdı. Bu vaxtsız ölümlərin ağrıları gözlərinə hopub, sifətində cizgilənmişdi. Amma elə ki, atasından söz düşürdü balaca, nazlı uşağa dönürdü Şəhla xanım. Bəlkə, aralarındakı yaş fərqinə görəydi. Şəhla xanım 1928-ci ildə (Şəhla xanım deyirdi ki, əslində, sənədlərdə təvəllüdü 1930-cu il əvəzinə, Cabbar əminin istəyi ilə iki il qabağa yazılıb), Cabbar Qaryağdıoğlu isə 1861-ci ildə dünyaya gəlmişdi. Danışırdı ki, atası onu körpə ikən Şuşaya aparıb, İsa bulağının suyuna salıb, fərəhlə: "İndi bu da oldu şuşalı" deyib. Cabbar Qaryağdıoğlu bu qədər sevirdi doğma Şuşasını...
Şuşanın Məcnunu
Cabbar Qaryağdıoğlu doğulanda dünyanın yazıydı. Elə Şuşa da allı-güllü, çal-çağırlı çağlarındaydı. Cabbar Qaryağdıoğlunun ata evi şəhərin Seyidli məhəlləsində, Cıdır düzünün yaxınlığındaydı. Atası Məşədi İsmayıl boyaqçıydı. İstəyirdi oğlu Cabbar da onun yoluyla getsin. Cabbar isə hələ uşaqlığını yaşayırdı. Həmyaşıdları kimi o da Şuşada ecazkar musiqilər, muğamlar dinləyə-dinləyə böyüyürdü. Arabir özü də səsini bulaqların zümzüməsinə, bülbüllərin cəh-cəhinə qoşub, xalq mahnıları, muğamlar oxuyurdu.
On yaşında Şuşadakı musiqi məktəbinə daxil oldu. İlk müəllimi - şair Mirzəli Zeynalabdın oğlu ədəbiyyata, Şərq muğamlarına dərindən bələdiydi. Cabbara musiqi elmini, fars dilini öyrədir, şeirə, sənətə sevgi yaradırdı. Cabbarsa hələ uşaq vaxtlarından şeir yazırdı.
Müəllimi onu özü ilə toylara da aparardı. On üç yaşında oxumağa başladı. On altı yaşında ifa etdiyi "Şüştər", "Kürd-Şahnaz" muğamları ilə Şuşada tanındı. Artıq tez-tez məclislərə, el şənliklərinə, toylara dəvət edilirdi.
Məşhur tarzən Sadıqcanla tanış oldu. Onun təklifiylə Şuşada məşhur olan "Xandəmirovun teatr salonu"nda təşkil edilən xeyriyyə gecəsində çıxış etdi. Cabbar Qaryağdıoğlunun oxuduğu "Heyratı" muğamı yaşlı xanəndələri elə valeh etdi ki, həmin məclisdə özləri oxumayıb, bu istedadlı gənci dinlədilər.
İyirmi yaşında artıq peşəkar xanəndəydi. Təkcə Qarabağda deyıl, Gəncədə, Şamaxıda, Bakıda və digər yerlərdə onu tanıyır, məclislərə, toy şənliklərinə çağırırdılar. İrana, Cənubi Qafqaza, Orta Asiyaya dəvət edirdilər.
1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə "Məcnun Leylinin qəbri üstündə" musiqili səhnəciyi hazırlanaraq Şuşa tamaşaçılarına təqdim olundu. Oynadığı Məcnun roluyla Cabbar Qaryağdıoğlunun adı Azərbaycan opera sənətinin ilk ifaçılarından biri kimi tarixə düşdü. Həmin günkü səhnəciyin on üç yaşlı tamaşaçısı, sonralar Şərqdə ilk operanın müəllifi olan Üzeyir Hacıbəyli yazırdı: "Leyli və Məcnun" operasının yazılışına mən 1907-ci ildə başlamağıma baxmayaraq, bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə, 13 yaşımda ikən Şuşa şəhərinin musiqi həvəskarları tərəfindən tamaşaya qoyulan "Məcnun Leylinin qəbri üstündə" musiqili faciəsini görərkən oyanmışdır".
1901-ci ildə Azərbaycanda ilk Şərq konserti Şuşada təşkil olundu. Məşhur sənətkarlar - Keçəçi Məhəmməd, Məşədi Dadaş, Cabbar Qaryağdıoğlu, Qasım Abdullayev, tarzən Sadıqcan, Məşədi Zeynal və başqaları orada iştirak edirdilər. Konsertdə Cabbar Qaryağdıoğlu ifa etdiyi muğamlarla tamaşaçıları heyran qoydu.
1911-ci ildə Bakıda "Nikitin qardaşlarının teatrı"nda "Fərhad və Şirin" operasının ilk tamaşası oldu. Tamaşadakı Fərhad rolunun ifaçısı Cabbar Qaryağdıoğlu idi.
Əvəzolunmaz xanəndə
Cabbar Qaryağdıoğlu həm də səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndədir. 1906-1912-ci illərdə "Qrammofon", "Sport-rekord" və "Ekstrofon" səhmdar cəmiyyətlərinin dəvəti ilə Kiyev, Moskva və Varşava şəhərlərinə getdi, ifa etdiyi muğamlar qrammofon valına yazıldı.
Cabbar Qaryağdıoğlu Azərbaycan xalq musiqisini, muğamlarını incəliklərinə qədər bilirdi. Elə buna görə də onu "Azərbaycan xalq musiqisinin canlı ensiklopediyası" adlandırırdılar.
O, ustad xanəndəydi. Muğamları, xalq mahnılarını özünəməxsus tərzdə ifa edirdi. Bülbül müəllimi haqqında deyirdi: "Azərbaycan musiqi tarixində Cabbar Qaryağdıoğlu kimi "Heyratı", "Mahur", "Mənsuriyyə" ifa edən çətin tapılar. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir". Cabbar Qaryağdıoğlu təkcə tarzən Qurban Pirimovun müşayiəti ilə 300-ə qədər mahnı və təsnif oxuyub. Bülbül və bəstəkar Səid Rüstəmov onları nota köçürürdü.
Cabbar Qaryağdıoğlu həm də şeirlər yazır, mahnılar bəstələyirdi. 30-dan çox mahnısı Üzeyir Hacıbəyli, Müslüm Maqomayev tərəfindən nota salındı. Onun hər mahnısı Cabbar Qaryağdıoğlu ömründən bir xatirədir. Məşhur mahnılarından biri - "İrəvanda xal qalmadı" haqqında danışırlar ki, xanəndə bir dəfə İrəvanda toy məclisində qız atası ondan gəlini tərifləyən bir mahnı oxumasını xahiş edib. Xanəndə elə orada "İrəvanda xal qalmadı" mahnısını oxuyub. Sonralar bu mahnı dillər əzbəri oldu. Ancaq digər mahnıları kimi "İrəvanda xal qalmadı" da uzun illər xalq mahnısı adı ilə təqdim edildi.
Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından idi. O, həm də konservatoriyada xanəndəlik fənnindən dərs deyirdi. Elmi Kabinetə 220 mahnı və təsnifin həm mətnini, həm də musiqisini təhvil vermişdi. Deyirlər ki, bir dəfə Üzeyir bəy zəhməthaqqı olaraq 10 min manat qonorar vermək üçün onu Konservatoriyaya çağırıb. Amma Cabbar Qaryağdıoğlu bu təklifdən inciyib. Üzeyir bəyin yanında olan Müslüm Maqomayevlə Bülbül də Cabbar Qaryağdıoğlunu razı sala bilməyiblər. Şəhla xanım danışır: "Cabbar əmi deyib: "Mən o mahnıları pul üçün oxumamışam". Qapını açıb çıxmaq istəyəndə ayaq saxlayıb Üzeyir bəyə bu məsələ ilə bağlı son sözlərini söyləyib: "Üzeyir bəy, təvəqqe edirəm, bir də məni belə işlərdən ötrü çağırmayasınız".
Dayanmadan 4 saat
Cabbar Qaryağdıoğlu həm də müəllimiydi. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov onu qayğıkeş müəllim kimi minnətdarlıqla xatırlayırdılar.
Şəhla xanım danışırdı: "Cabbar əmi səsini qoruyurdu. Yayda da pəncərəni açmağa qoymurdu. Deyirdi: "Səs və gözəllik Allah vergisidir. Gərək, onların qədrini biləsən. Səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir". O, yetirmələrinə də səslərini qorumağı tövsiyə edirdi".
Cabbar əmi deyərmiş: "Kim ki oxuyanda qaval çalmadı, o, oxuyan deyil". 1913-cü ildə Bakı milyonçusu Şəmsi Əsədullayevin qızının toyuna Tiflisdən dəvət olunan iyirmi dörd yaşlı Seyid Şuşinski elə gözəl oxuyub ki, Cabbar Qaryağdıoğlu öz məşhur, qiymətli qavalını ona bağışlayaraq ağlayıb.
Cabbar Qaryağdıoğlu bir muğamı 2-3 saat, böyük məclislərdə hətta 4 saat oxuyurdı. O, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, radioda solist kimi də çalışırdı. Həm konsertlərdə, həm də toylarda, şənliklərdə iştirak edən xanəndə dövrünün ən şöhrətli sənətkarlarından biriydi. Dönə-dönə dəvət edildiyi İran şahlarının, Türkiyə sultanlarının məclislərində də dinləyicilərini səsiylə, ifasıyla heyran edirdi.
Bakıda Yesenin və Şalyapinlə görüşən sənətkarın səsi onları da heyrətə saldı. Yesenin Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırdı.
1934-cü ildə Tiflisdə keçirilən incəsənət olimpiadasında çıxış edən 74 yaşlı Cabbar Qaryağdıoğlu birinci mükafata layiq görüldü. 1935-ci ildə "Xalq artisti" fəxri adını da aldı.
1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti dekadası keçiriləndə Cabbar Qaryağdıoğlu orada iştirak etməyib. Stalin nümayəndə heyətindən soruşub: "Hanı Qafqazın qoca qartalı?"
...Bakıya qırx yaşından sonra gəlmişdi. O vaxtadək hələ evlənməmişdi. İçərişəhərdə ikimərtəbəli ev kirayələyib. Adəti üzrə tezdən durub pəncərədən həyətə baxanda bir qızın həyətdəki ağaclara su verdiyini görüb. Qızın üzünü görmək üçün pəncərənin qarşısındakı qızılgül kolundan bir gül dərib yerə atdı. Qız yuxarı baxdı. Xanəndənin qızdan çox xoşu gəldi. Sonradan bilib ki, o kirayə qaldığı ev sahibinin qızıdır. Şəhla xanım deyirdi ki, Cabbar əmi həmin qıza - Səliməyə elçi göndərib. Elçilər cavab gətiriblər ki, valideynləri evsiz oğlana qız vermək istəmirlər. Cabbar Qaryağdıoğlu isə xəbər göndərib ki, o qızı mənə versələr də, verməsələr də, mənim evim onsuz da olacaq. Elçiləri bu dəfə şad xəbərlə qayıdıblar. Cabbar əmi ikimərtəbəli ev tikdirib, Səlimə xanımla evlənib. Onların səkkiz övladı - iki oğulları, altı qızları oldu.
Evlənəndə Cabbar əminin qırx beş, Səlimə xanımın isə on beş yaşı var idi. Şəhla xanım xatırlayırdı ki, Cabbar əmi evdə olduqca mülayim, qayğıkeş imiş. Ailənin xoş günləri Səlimə xanımın gənc yaşında xəstələnməsi, vəfat etməsiylə bitib. Bu ayrılıq Cabbar əmini sarsıdıb. Amma yenə övladlarına, xüsusilə də ondan hey anasının nə zaman geri dönəcəyini xəbər alan kiçik qızı Şəhla xanıma görə dözüb.
İkinci Dünya müharibəsi illərində Cabbar Qaryağdıoğlunun oğlu, sonra isə qızı müharibəyə gedib. Şəhla xanım xatırlayırdı: "Bacım müharibəyə gedəndə tanış-bilişlər atamı qınayırdılar ki, qız uşağını da müharibəyə yollayarlar? Cabbar əmi onlara deyirdi ki, hamı necə, mən də elə. Ona üz tutanların problemlərini həll etmək üçün əlindən gələni əsirgəməyən şöhrətli sənətkar özü üçün, övladları üçün heç zaman kimsəyə ağız açmayıb. Ömrünün sonlarında balalarına deyib: "Hamımız öləcəyik, insan bu gün var, sabah yoxdur. Sizə bir nəsihətim var, nəbadə mən öləndən sonra məndən ötrü bir dövlət qapısına xahişə gedəsiniz. Əgər mən xalqıma, millətimə bir şey eləmişəmsə, onlar məni də gəlib tapacaq, sizi də".
Cabbar Qaryağdıoğlu 1944-cü ilin 20 aprelində 84 yaşında vəfat etdi. O, 70 il Azərbaycan musiqi sənətinə xidmət göstərib. Səsindəki məlahət heç zaman dəyişməyib. Gəncliyində necə oxumuşdusa, ahıl vaxtlarında da elə məlahətlə və şövqlə muğamlarımızı, xalq mahnılarımızı ifa edib.
MƏSLƏHƏT GÖR: