2 May 2024

Cümə axşamı, 05:55

ÇOXMƏRHƏLƏLİ OYUN

NATO sammiti Putinlə Kerrinin Soçi görüşünün aydın olmayan məqamlarına aydınlıq gətirdi

Müəllif:

19.05.2015

ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiya prezidenti Vladimir Putin arasında mayın 12-də Soçidəki iqamətgahda keçirilmiş 4 saatlıq görüşün əsas məğzi haqda KİV-ə çox az məlumat gəlib çatıb. Amma, deyəsən, "gözlənilməz" görüşün baş tutması faktının özü və tərəflərin bəyanatları jurnalistlər və ekspertlər üçün kifayət edib. Atlantikanın hər iki tərəfindən olan əksər müşahidəçilər baş verənləri Amerika-Rusiya münasibətlərindəki böhranın azala biləcəyinin əlaməti kimi qiymətləndiriblər. Onların fikrincə, görüş Moskva ilə Vaşinqtonun yeni əməkdaşlıq formulu axtardıqlarının göstəricisidir. 

Bu danışıqları, əlbəttə ki, hələlik birbaşa dialoq adlandırmaq olmaz. Belə olsaydı, söhbət Putin-Obama görüşündən gedərdi. Lakin ABŞ prezidenti hələlik həmkarına yalnız salam göndərməklə kifayətlənir. Əslində, indiki şəraitdə bunu da müsbət proqnozlar üçün əsas saymaq olar.

Amma, görəsən, bu proqnozlar doğrudurmu?

Soçi görüşünü, çətin ki, gözlənilməz adlandırmaq mümkün olsun. Çünki, bu səviyyəli görüşlər (xüsusilə Rusiya-ABŞ münasibətlərindəki böhran fonunda) əvvəlcədən planlaşdırılır. Soçi danışıqlarını bəzilərinin adlandırdığı kimi, tarixi görüş də adlandırmaq olmaz. Amma, şübhəsiz ki, o, hazırkı mərhələ üçün beynəlxalq münasibətlərin dinamikası baxımından ciddi hadisədir. Söhbət, xüsusilə Ukrayna problemindən gedir.

Con Kerri bildirib ki, "münaqişənin həllinə kömək edə biləcək addımların atılması üçün kritik an" yetişib. Dövlət katibi o anın niyə məhz indi yetişdiyinə aydınlıq gətirməyib və çoxları bu bəyanatı BVF-dən ikinci yardım tranşının ayrılmasını tələb edən Kiyevin havadan asılı qalmış iqtisadi durumu ilə əlaqələndirir. İkinci tranşın ayrılması üçün Ukrayna kreditorlarla borcun restrukturizasiyası haqda razılığa gəlməlidir. Lakin, bu danışıqlar, o cümlədən Rusiya ilə dialoq son dərəcə çətin keçir. Hələlik heç kəs uğursuz nəticə haqda düşünmək istəmir. Çünki bu halda Ukraynanı defolt gözləyir. Mayın 21-22-də Riqada "Şərq tərəfdaşlığı" sammiti keçiriləcək və Brüsselin Kiyev üçün hansı güzəştlərə, imtiyazlara getməyə hazır olduğu o zaman bilinəcək. Proqnozlar isə hələlik o qədər də sevindirici deyil. İqtisadi baxımdan Ukraynanın çəkib aparılması o qədər də asan məsələ deyil. Üstəlik, ölkə ərazisində silahlı münaqişə həllini tapmayıb və istənilən an o, yenidən alovlana bilər. Rusiya KİV-də olan məlumata görə, "qiyamçılar hazırkı barışıqdan razı deyillər".

Yaranmış vəziyyət Kiyevi də qane etmir. Prezident Pyotr Poroşenko Donetsk aeroportunu güc yolu ilə geri qaytaracaqlarını bildirir, ABŞ-ın dövlət katibi Con Kerri isə elə Soçidəcə ukraynalıları güc tətbiqindən çəkinməyə çağırır. "Mən Poroşenkonun bu bəyanatı hansı kontekstdə verdiyini bilmirəm. Lakin biz Kiyevə belə addımlar atmazdan əvvəl düşünməyi məsləhət görürük", - deyə Kerri qeyd edib.

Soçi görüşünün daha bir maraqlı məqamı "digər" ciddi beynəlxalq problemlərin müzakirəsidir. Mətbuatın məlumatına görə, Kerri, Putin və Lavrov görüşdə Yəmən, Suriya, Liviya, İran problemləri haqda da danışıblar. Bir qədər keçmişə nəzər salsaq, hər şeyin Suriyadan başladığını görərik və bu gün Rusiya-Qərb qarşıdurmasında əsas cəbhə məhz Suriya və Ukrayna hesab olunur. Türkiyə mətbuatının versiyasına görə, Kerri Moskvadan Bəşər Əsədin dəstəklənməsinə son qoyulmasını növbəti dəfə tələb edib. Digər versiyada bu, bir qədər yumşaq ifadə olunur: "ABŞ Ukrayna böhranını geridə qoymağa, "bəşəriyyət üçün daha mühüm olan" digər məsələlərdə Rusiya ilə əməkdaşlığı bərpa etməyə hazırdır". Rusiya isə Kerrinin ultimatumunu (əgər o, həqiqətən, olubsa) özünəməxsus şəkildə, ekspertlər səviyyəsində qiymətləndirib. Onlar hesab edirlər ki, Moskvanın dəstəyi olmadan Qərb Yaxın Şərq problemini çözə bilməz.

Yaxın Şərqdə amerikalıların işləri, həqiqətən də, yaxşı getmir. İranla bağlı problemin həllində əldə olunmuş irəliləyiş İsrailin sərt reaksiyasına səbəb olub. Üstəlik, Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi Fars körfəzi koalisiyası ilə "Ansar Allah" (husilər) qiyamçı hərəkatı arasında faktiki olaraq, müharibə gedir. Ölkənin şiə azlığını təmsil edən bu hərəkatın Tehran tərəfindən dəstəkləndiyi deyilir. Bundan başqa, Amerika-İran dialoqu Körfəz monarxiyaları ilə münasibətlərə də mənfi təsir göstərib. Vaşinqton Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası ölkələrinə birgə regional HHM sisteminin yaradılmasını təklif edib. Amerikalıların fikrincə, bu, onların İran təhlükəsindən qorumaqla yanaşı, ABŞ-ın regionda mövcudluğunun önəmini də artıracaq. Amma görünən odur ki, bu, onlar üçün azdır.

Yaşananların fonunda yayın sakit keçəcəyini gözləməyə dəyməz. Soçi görüşü də "qarşılıqlı güzəşt addımı"ndan münasibətlərin daha da gərginləşməsi öncəsi mövqelərin yoxlanılması cəhdinə çevrilə bilər. Məsələn, Con Kerri Soçidə ən azı kameralar qarşısında Krımın adını belə, çəkməyib. O, daha sərt fikirlərini NATO üzvü olan dövlətlərin xarici işlər nazirlərinin görüşünə saxlayıbmış. Kerri Soçidən dərhal sonra həmin toplantıya qatılmaq üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Mayın 13-14-də bir araya gələn alyans ölkələrinin XİN başçıları yeni çağırışlara sinə gərilməsi və kollektiv təhlükəsizliyin gücləndirilməsi məsələlərini müzakirə ediblər. Sammitin yekun bəyannaməsində İŞİD, Əfqanıstan, Suriya və Ukraynadan gələn təhlükələrə ciddi yer ayrılıb. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərilə desək, "alyans Şərqdə Rusiyanın təcavüzünü, cənubdan isə ekstremizmin artdığını müşahidə edir".

Stoltonberq Moskvanı qoşunlarını Ukrayna ərazisindən çıxarmağa, Minsk razılaşmasına hörmətlə yanaşmağa, onların reallaşdırılmasına görə "xüsusi məsuliyyət" daşımağa çağırıb. Krıma gəlincə, baş katib "yarımadanın Rusiyaya birləşdirilməsinin qeyri-qanuni və qeyri-legitim olduğunu" bildirib.

Rusiyanın Ukraynada və Gürcüstanda etdiklərini Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da hələ sammitdən əvvəl kifayət qədər sərt tənqid edib. Bundan əvvəl Türkiyə XİN-i Krımda yaşayan tatarların hüquqlarının pozulmasından narahatlığını bildirmiş və vəziyyətin aydınlaşdırılması üçün oraya müstəqil komissiya göndərmək qərarına gəlmişdi.

NATO-nun sammitində Rusiya Baltik regionundakı qonşularının işlərinə hər hansı formada müdaxilədən çəkinməyə çağırılıb. Son zamanlar regionda Şimali Atlantika qruplaşmasının güclənməsi müşahidə olunur, miqyaslı hərbi təlimlər keçirilir. Estoniyanın müdafiə qüvvələrinin komandanı general-leytenant Rixo Terras "The Financial Times" nəşrinə müsahibəsində ölkəsinin istənilən "yaşıl adamcığazlar"a sinə gərmək planının olduğunu bildirib. Amma, Latviya, Litva və Estoniya, deyəsən, özlərini daha yaxşı sığortalamaq üçün NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Filip Bridlava birgə məktubla müraciət ediblər. Onlar generaldan Baltikyanı bölgəyə daimi əsaslarla hərbi briqadanın yerləşdirilməsini istəyiblər. Latviya, Litva və Estoniya alyansın hər ölkəyə bir batalyon yerləşdirməsini lazım bilirlər. Artıq alyansın keçmiş Yuqoslaviya respublikaları - Çernoqoriya, Bosniya və Herseqovina və Makedoniyanın hesabına genişləndirilməsinə çağırışlar da səsləndirilib. Tərəflər Gürcüstanın NATO-ya mümkün üzvlüyü haqda da müzakirə aparıblar. Xüsusilə Türkiyənin XİN başçısı bu üzvlüyə ümidli olduğunu deyib. Çavuşoğlu Tiflisin alyansa üzvlüyülə bağlı qərarın NATO-nun 2016-cı ildə keçiriləcək sammitində elan olunacağına ümid edir. Amma bunun necə baş verəcəyi məlum deyil. Çünki Gürcüstan ərazi münaqişələri yaşadığı üçün alyansa qoşulmaq üçün tələb olunan meyarlara cavab vermir.

Beləliklə, NATO sammiti Putinlə Kerrinin Soçi görüşünün Sergey Lavrovun dediyi dərəcədə gözəl keçmədiyini göstərməklə yanaşı, Ukrayna ətrafındakı maraqlar qammasını bir daha ortaya qoyub. Əlbəttə ki, Rusiya-Qərb qarşıdurmasında əsas rolu ABŞ oynayır, amma bu qarşıdurmanın "cəbhə xətti" Yaxın Şərqə qədər uzanır. NATO yalnız Qərb ölkələri demək deyil, Aİ-nin problemləri isə çox vaxt Türkiyə üçün tamamilə yad olmaqla yanaşı, (və əksinə) ABŞ-da nəzərəçarpacaq dərəcədə qıcıq yaradır. Antalya sammitində Türkiyə tərəfinin bəyanatları məhz bu üzdən belə hündürdən səslənirdi. Qərb KİV-nin Angela Merkelin Moskvaya mayın 10-da, yəni Kerrinin Soçi səfərindən əvvəl baş çəkməsini bu cür diqqətdə saxlamasının da səbəbi eynidir. Bundan başqa, ABŞ-Rusiya münasibətlərində tezliklə yumşalmanın olmayacağı həm də Birləşmiş Ştatlarda seçkiqabağı kampaniyanın getdikcə qızışması ilə bağlıdır. Bu mənada bir məqam aydındır ki, Rusiya və dünya qarşıda Obama administrasiyası ilə deyil, Vaşinqton hökumətindəki müxtəlif nüfuz dairələrilə haqq-hesab çəkməli olacaqlar. Beləliklə, oyun daha qarışıq və çoxtərəfli xarakter alır.

Rusiya 9 May paradında yeni silahlar nümayiş etdirir, onların seriya istehsalına başlamağa hazırlaşır, Aralıq dənizində Çinlə birgə hərbi təlim keçirir, İrana zenit raket kompleksləri satır. NATO isə öz növbəsində mümkün genişlənməyə hazırlaşır, Baltikyanı regionda mövcudluğunu gücləndirir, son on ilin ən ciddi kollektiv təhlükəsizliyini yaradacağı ilə bağlı hədələr səsləndirir. Bu, əməllərdir. Sözdə isə həm gizli danışıqlarda, həm də açıq bəyanatlarda heç kəsin yeni "soyuq müharibə" istəmədiyi, münaqişələrin diplomatik yollarla çözülməli olduğu bildirilir. 

Təcrübəyə əsaslansaq, əməllər daha inandırıcıdır.



MƏSLƏHƏT GÖR:

608