2 May 2024

Cümə axşamı, 17:03

ÜMİDSİZLİK MANEVRİ

Serj Sarqsyanın heç işgüzar səviyyəyə çatmayan Amerika səfəri nə ilə nəticələndi?

Müəllif:

19.05.2015

Ermənistan KİV-i Serj Sarqsyanın Vaşinqton səfərinin nəticələrini son dərəcə ehtiyatla şərh edir. Düşünmək olardı ki, Ermənistan prezidentinin ABŞ paytaxtına işgüzar səfəri Ermənistan-Amerika münasibətlərinin inkişafı baxımından dönüş anı olacaq. Üstəlik, səfərin gedişində Ermənistan və ABŞ hökumətləri arasında uzun illərdir müzakirə mərhələsində ilişib qalmış "Ticarət və investisiyalar haqqında" saziş də imzalanmışdı. İrəvanda bildirirlər ki, bu sənədin imzalanmasında məqsəd iki ölkə arasında ticarətin və investisiyaların genişləndirilməsinə kömək etməkdir. Ermənistan tərəfindən sənədi xarici işlər naziri Edvard Nalbandyan, Birləşmiş Ştatlardan isə ölkənin ticarət nümayəndəsinin müavini Den Mulani imzalayıblar.

Amma istər region, istərsə də ondan kənarda olan ekspertlər əmindirlər ki, ABŞ-Ermənistan münasibətlərində dönüşə və ya inkişafa ümid etməyə dəyməz. Əvvəla bu sənədin imzalanması, çətin ki, Ermənistana ABŞ investisiyası selinin başlamasına səbəb olsun. Amerikalı politoloq Sergey Şakaryans "Reqnum" agentliyinə müsahibəsində bildirib ki, əslində, ABŞ üçün Ermənistanın necə inkişaf etdiyi heç bir əhəmiyyət daşımır. Onun sözlərinə görə, Vaşinqton Ermənistana investisiya axınının təminində heç zaman dövlət səviyyəsində maraqlı olmayıb. "Bundan başqa, 1991-ci ildən biz amerikalıların Ermənistan iqtisadiyyatının inkişafında iştirak etmək arzusunu belə, görməmişik. Odur ki, çərçivə sazişinin imzalanmasını yaxın gələcəkdə nəticə verəcək real sənədin imzalanması kimi qiymətləndirə bilmərəm", - deyə politoloq qeyd edib. Bununla yanaşı, o, USAID-in bir müddət əvvəl Ermənistana yardım proqramını dayandırdığını da xatırladıb. Bu qurumla yardım haqda razılaşmalar SSRİ-nin dağılmasından sonra yaranmış yeni müstəqil dövlətlər üçün 90-cı illərin ilk yarısında tarixi hadisə idi. Bunun ardınca hiss ediləcək nəticələr, investisiyalar və müqavilələr gözlənirdi. Bu gün belə sənədin imzalanması siyasi uğur yox, iflasın əlaməti sayıla bilər.

S.Sarqsyanın ABŞ-a səyahəti rəsmi səfər adlansa da, reallıqda onu heç işgüzar səfər də adlandırmaq mümkün deyil. Onun keçirdiyi görüşlərin, apardığı danışıqların sayı çox məhdud olub. Sarqsyan səfər zamanı nə ABŞ prezidenti, nə dövlət katibi, nə də onun müavinlərilə görüşüb. Sarqsyan yalnız ABŞ-ın ATƏT-in Minsk Qrupundakı nümayəndəsi Ceyms Uorliklə ətraflı danışıqlar aparıb. Doğrudur, o, ABŞ-ın vitse-prezidentilə birlikdə Vaşinqtonun baş kilsəsində "erməni soyqırımı"na həsr olunmuş dinlərarası ibadətə qatılıb, orada çıxış edib. Amma bu, ABŞ-ın erməni icmasının təşkil etdiyi tədbir idi və Sarqsyan icma tərəfindən oraya dəvət almışdı. Burada Vaşinqtonun Sarqsyanın şərəfinə atdığı protokol addımından söhbət belə, getmir.

Üstəlik, erməni kilsəsini ibadətdə Eçmiadzin katolikosu II Qaregin deyil, Kilikiya katolikosu I Aram təmsil edib. Əlbəttə, ABŞ-ın erməni prixodlarının əksəriyyəti Kilikiyaya aiddir. I Aram da ekumenik hərakat baxımından çox fəaldır. Amma Serj Sarqsyanın "protokol iynəsi"nin çox ağrılı alındığını anlamaq elə də çətin deyil.

Sarqsyanın ABŞ səfəri zamanı, yəqin ki, əsas hadisə onun Kapitolidə apardığı danışıqlar olub. Ermənistan prezidentinin mətbuat xidməti xəbər verir ki, mayın 5-də Sarqsyan ABŞ Senatındakı respublikaçı çoxluğun rəhbəri Mitç Makkonel və Senatın demokrat azlığının rəhbəri Harri Rid ilə görüşüb. Görüşdə Senatın istər respublikaçılardan, istərsə də demokratlardan olan bir neçə digər üzvü də iştirak edib. Sarqsyanın mətbuat xidməti görüşün fotolarını da yayımlayıb. Amma orada Senatdakı demokrat azlığın rəhbəri Harri Ridin əvəzinə başqa demokrat senator Con Frensis Rid görünür. Erməni KİV-i bundan bir qənaətə gəlib: bu, Sarqsyanın Birləşmiş Ştatlara səfərinin səviyyəsini "qaldırmaq" üçün edilmiş mənasız cəhddir.

Hər halda, Ermənistan prezidentinin Vaşinqtonda "ermənilərin qətliamı"na dair ekspozisiyanın da yer aldığı Holokost muzeyinə baş çəkməsi, ABŞ Konqresinin kitabxanasında erməni artefaktları ilə tanış olması, "The Washington Post"un redaksiya şurası ilə görüşməsi və ABŞ-ı öz siyasətində maraqlara deyil, prinsiplərə əsaslanmağa çağırması elə də qürurlanacaq hadisələr deyil. Əslində, o, bununla, Ermənistanla əlaqələrin möhkəmləndirilməsinin ABŞ-ın maraqlarına uyğun olmadığını etiraf edib.

Vaşinqtonda Sarqsyan erməni təşkilatlarının rəhbərləri və ABŞ-ın erməni icmasının nümayəndələrilə də görüşüb. Amma səfər proqramında ABŞ-ın qərb sahillərinə, erməni diasporunun mövqelərinin daha güclü olduğu Kaliforniya ştatına səyahət nəzərdə tutulmamışdı. Beləliklə, o, hətta diasporla belə, sanballı danışıqlar apara bilməyib. Ermənistan üçün bu, iflasdan daha betərdir.

Görünən odur ki, Ermənistanda hətta Avrasiya İttifaqına qoşulduqdan sonra belə, ölkənin 2013-cü ilədək yürütdüyü siyasətə dönəcəyinə ümidlidirlər. Söhbət Moskva ilə Qərb arasında "balanslı münasibət" qurmaqdan, hər iki tərəfdən iqtisadi yardımlara, hətta avans şəklində yardımlara bel bağlamaqdan gedir. Artıq Aİİ-nin üzvü olan Ermənistanda xarici siyasi kursa yenidən baxıla biləcəyinə eyhamlar səngimir: ölkə "Şərq tərəfdaşlığı" proqramının üzvü olaraq qalır, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında formal da olsa, iştirakını davam etdirir və s. İrəvan artıq bu yolla Qərbdən real dividendlər qazana bilməyəcək. Bununla yanaşı, elə təəssürat yaranır ki, bütün bu jestlər daha çox Qərbə deyil, Moskvaya ünvanlanıb. Ermənilər, bununla, Rusiyanı onlara daha çox iqtisadi dəstək verməyə vadar etməyə çalışır.

Bu yerdə bir dəqiqləşdirmə aparmağa ehtiyac var. İqtisadçıların hesablamalarına görə, yalnız neft, qaz və xam almaz tədarükündəki güzəştlər nəticəsində Ermənistan Rusiyadan ildə, təxminən, 1 milyard dollar qazanır. Amma İrəvan daha çox qazanc istəyir və onun əsas niyyəti SSRİ dönəmindən qalmış "sənaye nəhəngləri"nin bərpasına nail olmaqdır. Moskva, öz növbəsində, Ermənistan iqtisadiyyatına investisiya yatırmağa tələsmir, onun İrəvana indiyədək verdiyi maddi hədiyyələr isə Ermənistan iqtisadiyyatının bərpası üçün kifayət deyil.

Bütün bunların fonunda Sarqsyanın ABŞ-a səfəri erməni siyasətçiləri tərəfindən uğurlu gediş kimi qiymətləndirilir. Əslində, Sarqsyan Vaşinqtona mayın 5-7-də oradan Moskvaya uçaraq Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək, daha sonra isə Almaniya üzərində Qələbənin 70-ci ildönümü ilə bağlı bayram tədbirlərinə qatılmaq üçün səfər etmişdi. Sarqsyan Moskvaya getməyə bilməzdi. Bu, heç də onun müharibə qurbanlarının xatirəsinə hörmətilə bağlı deyil - belə olsaydı İrəvanda SS-in erməni legionu komandirinin müavini Qaregin Nceyə sitayiş etməzdilər. İrəvanda yaxşı başa düşürlər ki, ölkə Moskvadan bu cür demarşlar edə bilməyəcək dərəcədə asılıdır. Moskva səfərindən əvvəl ABŞ-a yollanmaq isə tamamilə "təhlükəsiz"dir. Doğrudur, səfərin proqramı çox sadə olub. Amma İrəvanın manevr üçün imkanları da qalmayıb. Ölkədə sosial problemlər pik nöqtəyə çatıb və hökumət təcili tədbirlər görməlidir. Vaşinqtona səfər də siyasi "ümidsizlik manevri" sayıla bilər.

İndi son dərəcə məhdud səfər proqramı və Ermənistan-ABŞ münasibətlərinin yaxşılaşması baxımından ciddi nəticələri olmayan səfər fonunda Rusiya ilə siyasi alver, çətin ki, mümkün olsun. 


MƏSLƏHƏT GÖR:

622