2 May 2024

Cümə axşamı, 20:39

ETNOSİD

Ermənistan Azərbaycanın mədəni abidələrinə qarşı görünməmiş məhvetmə kampaniyasını davam etdirir

Müəllif:

19.05.2015

Artıq 25 ildən artıqdır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin beşdə biri işğal olunub, düşmənin zəbt etdiyi torpaqlarda etnik təmizləmə aparılıb, on minlərlə dinc insan həlak olub, bir milyondan çox insan isə qaçqın və məcburi köçkünə çevrilib. Amma Ermənistanın təcavüzü yalnız azərbaycanlı əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara qarşı inanılmaz qəddarlıqla bitmir. Ermənilər Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrini, yalnız azərbaycanlılara deyil, bütünlükdə islam dünyasına və bəşəriyyətə məxsus abidələri də məhv edirlər. 

Erməni vandalizmi bizim dövrümüzdən çox-çox öncədən məşhurdur. Erməni millətçilərinin Azərbaycanın milli abidələrini məhv etməsi XIX əsrdə çar Rusiyasının Osmanlı imperiyası və İrandan ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürdüyü vaxtdan başlayıb. Azərbaycanlılar üçün onların Rusiya tərəfindən işğal edilmiş əzəli torpaqlarında - İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində "erməni vilayətləri"nin yaradılması əsl təhdid "mesajı" idi. O vaxtdan, yəni XIX əsrin 30-cu illərindən Azərbaycan toponimlərinin erməniləşdirilməsinə, Azərbaycanın mədəniyyət abidələrinin (o cümlədən məscidlərin, sarayların, sərdabələrin, qəbirlərin) məhvinə başlanılıb. Eyni zamanda erməni müəllifləri bu dövr ərzində Cənubi Qafqazın tarixini də saxtalaşdırmağa, nəinki ermənilərin bu regionda yaşamaq hüququnu, hətta azərbaycanlılara və digər xalqlara məxsus torpaqların, guya, erməni torpaqları olduğunu sübuta yetirməyə çalışıblar. Gəlmə ermənilərin başqalarına məxsus ərazilərin, mədəni irsin mənimsənilməsi kimi saxtalaşdırma yolunda əsas məqamlardan biri Alban kilsəsinin əmlakının və məbədlərinin erməni kilsəsinə verilməsi olub. Bu, 1836-cı ildə Rusiya hökumətinin Alban kilsələrini ləğv etməsi nəticəsində baş verib. Bununla da, Alban kilsələrinin arxivlərinin məhvinə, kilsənin divarlarındakı yazıların dəyişdirilərək erməni dilində yazılmasına, analoqu olmayan digər mədəni təcavüz aksiyalarına başlanılıb. Bütün bunlarda isə məqsəd, əlbəttə ki, Azərbaycan ərazisindəki xristian məbədlərinin guya ermənilərə məxsus olduğunu sübuta yetirmək olub.

Azərbaycanın tarixi torpaqlarında, ilk növbədə, keçmiş İrəvan xanlığının ərazisində erməni əhalinin sayının artması, sonradan isə 1918-ci ildə orada Ermənistan (Ararat) Respublikasının yaradılması ilə Azərbaycan xalqının mədəni irsinin məhvi daha miqyaslı xarakter alıb. İrəvan, Dərələyəz, Zəngəzur ərazisində nadir at, qoyun fiqurları, daşlar üzərində müəyyən süjeti olan oymalar, Qərbi Azərbaycan ərazisində minlərlə incəsənət abidəsi, qəbirüstü abidələr - bütün bunlar erməni vandalları tərəfindən məhv edilib. Bütün bu işlərin müasir dövrdə, Azərbaycanın əzəli torpaqlarında yaradılmış Ermənistan dövləti tərəfindən dövlət siyasəti şəklində davam etdirilməsi artıq Qərbi Azərbaycanda əcdadlarımız tərəfindən yaradılmış bircə tarixi, mədəni və ya qəbirüstü abidənin qalmaması ilə nəticələnib.

1504-cü ildə sərkərdə Şah İsmayıl Səfəvi Rəvanqulu xan tərəfindən yaradılmış İrəvan qalası (qalanın adı da onun adından götürülmüşdü), İrəvandakı məşhur Cümə məscidi (1606-cı ildə Şah Abbas Səfəvinin göstərişilə tikilmişdi), Rəcəb Paşa məscidi (1725), Abbas Mirzə məscidi (XIII əsrin əvvəli), Novruzəli xan məscidi, Xoca Cabbar bəy məscidi, Məhəmməd Sərtib xan məscidi - bütün bunlar və müsəlmanların digər müqəddəs məkanları erməni vandalları tərəfindən son 2 yüzillikdə məhv edilib.

İrəvandakı Sərdar sarayı Səfəvilər və Qacarlar dövlətlərinin dövründə tikilmişdi və o, Azərbaycanla yanaşı, bütünlükdə islam dünyasının məşhur abidəsi idi. Avropalı səyahətçilər onu İrəvan qalasının ürəyi adlandırırdılar. Ermənistan Respublikasının hazırda yerləşdiyi ərazilərin Azərbaycana məxsus olduğunu göstərən daha bir simvol Zəngibasar mahalının Cəfərabad kəndindəki Saadlı əmirlərinin sərdabələri idi. Lakin Azərbaycanın, həmçinin türk-müsəlman maddi mədəniyyətinin bu və digər böyük nümunələri erməni hökuməti tərəfindən yox edilib.

Bununla yanaşı, Qərbi Azərbaycan ərazisində bir nəfər də olsun azərbaycanlı, Azərbaycan mədəniyyətinə aid bircə nümunə də olsun abidə qoymayan ermənilərin ekspansionizmi vaxtilə qüdrətli xarici himayədarların köməyilə dövlətlərini qurduqları əzəli Azərbaycan torpaqları - İrəvan, Göyçə və Zəngəzurla bitmir. Erməni vandalizmi, təxminən, 25 ildir ermənilərin işğalı altında olan Qarabağın şəhər və kəndlərini də bürüyüb.

İşğal olunmuş rayonların, o cümlədən Qarabağın incisi olan Şuşa və Ağdamın inzibati mərkəzləri xarabalığa çevrilib. Kərbəlayi Behbudalı bulağı, Dəmirovlu pir, Soltanbaba türbəsi, 12 körpü, 126 qəbir, yüzlərlə qəbirüstü abidə, Şuşada tarixi-memarlıq qoruğu, həmçinin Hacı Abbas, Hacı Yusifli, Yolqala, Xoca Mərcanlı, Köçərli, Seyidli, Mamay, Gövhərağa, Aşağı Gövhərağa, Malıbəyli kəndlərində qədim məscidlər, Şahbulaq kəndində karvansaray və bir çox digər abidələr son illərdə və onillikdə erməni millətçiləri tərəfindən məhv edilib.

Şuşada 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılıb. Şəhərin Tarix Muzeyindən, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filiallarından minlərlə qiymətli eksponat oğurlanıb. Ermənilər dahi bəstəkar Üzeyir Hacıbəyovun, böyük ifaçı Bülbülün, görkəmli musiqiçi Qurban Pirimovun, tanınmış alim, şair və rəssam Mir Mövsüm Nəvvabın, böyük ədib, ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin ev muzeyləri talan edilib və dağıdılıb, Xurşidbanu Natavan saray kompleksi, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların iqamətgahları, böyük şair, Qarabağ xanlığının vəziri olmuş Molla Pənah Vaqifin mavzoleyi məhv edilib. Erməni təcavüzkarlarının "qəhrəmanlığını" göstərən daha bir məqam onları vaxtilə Şuşanın bəzəyi olmuş Azərbaycanın mədəniyyət xadimlərinin abidələrilə "mübarizəsi"dir. Onlar abidələri avtomatlardan atəşə tutublar.

Ağdamda Qarabağ xanlığının qurucusu Pənah xanın iqamətgahı və Cümə məscidi, Laçın rayonunda Həmzə Sultan və Sultan Əhməd sarayları, məscidlər, məbədlər, müqəddəs məkanlar, qədim daş abidələr, məzarlar, kurqanlar yerlə-yeksan edilib. Ağdamın bombalanması zamanı SSRİ-də yeganə olmuş çörək muzeyi dağılıb. Erməni işğalçıları Ağdam, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocalıdakı tarix-ölkəşünaslıq muzeylərinin son dərəcə dəyərli fondlarını talan ediblər.

1992-ci ilin fevralında erməni silahlı birləşmələrinin Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımından sonra Xocalı-Gədəbəy mədəniyyətinin Tunc dövrünə aid kurqanlar və digər arxeoloji abidələrə ciddi ziyan vurulub. Qədim insan məskənləri olan Azıx və Tağlar mağaraları, Qara köpək və Üzərliktəpə kurqanları məqsədyönlü şəkildə məhv edilir, onlardan hərbi məqsədlər üçün istifadə olunur.

Ümumilikdə, Qarabağ münaqişəsinin, Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalının başlanmasından bu yana erməni təcavüzkarları 1200 tarixi-memarlıq abidəsini məhv ediblər, 27 muzey talan olunub, 100 mindən artıq eksponat Ermənistana daşınıb. İşğal olunmuş ərazilərdə ermənilər 152 dini abidəni və 62 məscidi, 927 kitabxanaya aid 4,6 milyon nüsxə kitabı, o cümlədən müqəddəs "Quran"ı və islam dinilə bağlı nadir əlyazmaları məhv ediblər. Hazırda əksər məscidlər ermənilər tərəfindən anbar, donuzların saxlandığı tövlə kimi istifadə olunur və bu, islam dininin birbaşa təhqir olunması deməkdir.

Azərbaycanın mədəni irsinə qarşı erməni təcavüzü özünü Azərbaycan xalçalarının, musiqilərinin, ədəbiyyatının, hətta Azərbaycan milli mətbəxinin nümunələrinin həyasızcasına mənimsənilməsində də göstərir.

Erməni vandalizmi nəinki elementar insan mənəviyyatına, həm də beynəlxalq hüquq normalarına, məsələn, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, UNESCO-nun 1972-ci ildə qəbul etdiyi "Ümumdünya Mədəni və təbii irsin qorunması haqqında" Konvensiyasına, 1992-ci ildə qəbul olunmuş "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasına ziddir.

Azərbaycan erməni təcavüzünün və vandalizminin dünya birliyi tərəfindən sərt şəkildə pislənilməsinə nail olmağa çalışır. Məhz, rəsmi Bakının səyləri nəticəsində 2005 və 2010-cu illərdə ATƏT-in fakt-araşdırıcı missiyası yaradılıb, missiya işğal altındakı ərazilərdə apardığı araşdırmalardan sonra erməni işğalçılarının Azərbaycanın mədəniyyət abidələrini, islam irsini məhv etdiyini təsdiqləyib. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, erməni təcavüzkarlarının islam abidələrini dağıtması İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bir neçə qətnaməsilə də pislənilib. Erməni işğalının nəticələrinə müvafiq qiymətin İƏT-in XİN başçılarının qarşıdan gələn toplantısında, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların forumlarında da veriləcəyini düşünmək üçün bütün əsaslar var. 



MƏSLƏHƏT GÖR:

655