18 May 2024

Şənbə, 14:14

YANĞIN BÖYÜYÜR

"İslam dövləti" getdikcə daha çox əraziləri ələ keçirir

Müəllif:

26.05.2015

Yaxın Şərqdə İraq və Suriyanın əhəmiyyətli bir hissəsini ələ keçirmiş "İslam dövləti" ekspansiyası davam edir. ABŞ-ın başçılıq etdiyi koalisiyanın öhdəsindən gələ bilmədiyi terrorçular son günlərdə iki strateji şəhərə nəzarəti ələ alıblar. Söhbət İraqın Ramadi və Suriyanın Palmira şəhərlərindən gedir. Ramadi şəhərinin (İraqın mərkəzi hissəsində yerləşən Anbar əyalətinin şəhəri) işğalı "İslam dövləti" yaraqlıları üçün ənənəvi olan üsulla həyata keçirilib. Onlar nəinki şəhərin keşiyini çəkən İraq ordusunun hərbçilərinə, həm də şəhərin yarısı qadın və uşaq olmaqla, 503 dinc sakininə qarşı amansız qətliam həyata keçiriblər.

Ramadi ilə Bağdad arasında məsafə 130 kilometrdən azdır. Demək, indi İD Bağdada daha yaxındır. Bu, ötən il Mosulun (İD-nin mərkəzi elan edilib) ələ keçirilməsindən sonra terrorçuların ikinci önəmli uğurudur. Halbuki, cəmi bir neçə gün əvvəldən sanki İD-nin hücumlarının səngidiyi, İraqın hökumət qüvvələrinin amerikapərəst koalisiyasının dəstəyi ilə təşəbbüsü ələ keçirdiyi güman edilirdi. Təxminən, 1 ay əvvəl strateji əhəmiyyətli Tikrit şəhəri İD yaraqlılarından azad olunmuşdu, tezliklə Mosulun da azad edilməsi ilə bağlı planlar qurulurudu. Lakin İD-nin əyalət paytaxtı sayılan Ramadini ələ keçirməsi bu gümanların əbəs olduğunu üzə çıxarıb. Qeyd edək ki, Ramadidə əhalinin sayı Tikritlə müqayisədə 2 dəfə artıqdır.

Beləliklə, İD endirdiyi bu cavab zərbəsi ilə koalisiya qüvvələrinin İraq kampaniyasının tezliklə qələbə qazanmaq şanslarının üzərindən xətt çəkib.

Doğrudur, ABŞ dövlət katibi Con Kerri İraq hökumətinin tezliklə Ramadiyə nəzarəti bərpa edəcəyinə ümidini dilə gətirib. Koalisiya qüvvələri, həqiqətən də Ramadiyə aviazərbələr endirib. Lakin bu, İraqda İD-nin mövcudluğuna tezliklə son qoyulacağı anlamına gəlirmi? Deyəsən, bununla bağlı dəqiq proqnozları Qərb mərkəzləri belə, verə bilmir. Bu mərkəzlər İŞİD əleyhinə kampaniyanın uğuru üçün, hələ yaxış keçmişdə "azad dünyanın dünməzləri" sırasında göstərilən İranın aktivləşməsini vacib sayırlar.

Bununla yanaşı, İranın Yaxın Şərqdə aparılan antiterror əməliyyatları baxımından real imkanları, həmçinin Tehranın nüvə proqramı ilə bağlı gərginliyin yumşalması İslam respublikasının İD ilə mübarizəyə birbaşa cəlb olunmasına yol açır. İranlıların özləri də İD yaraqlılarının son uğurlarından ciddi şəkildə narahatdırlar. Amerikanın işğalı altında 10 il müddətinə yaradılmış İraq ordusunun təhlükənin öhdəsindən gələ bilmək bacarığında olmaması Tehranı narahat etməyə bilməz. İslam respublikasının müdafiə naziri Hüseyn Dehqanın təcili olaraq Bağdada yollanması da bunun göstəricisidir. O, Bağdadda həmkarı Xalid əl-Obeydi ilə "təcili məsləhətləşmələr" aparıb. Bununla yanaşı, Tehran siyasətçiləri İraqda yaşanmaqda olan hazırkı faciələrin səbəbkarı kimi məhz amerikalıları göstərirlər.

İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Hakim əz-Zamili hesab edir ki, ABŞ terrorçulara qarşı mübarizəni bilərəkdən uzadır və onun başçılıq etdiyi koalisiya İD mövqelərinin bombalanmasını lazımi dəqiqliklə həyata keçirmir. İranlılar ABŞ HHQ-nin havadan hərbi yardımları guya səhvən İraq hərbçilərinə deyil, İD dəstələrinə atmasını da təsadüf saymırlar.

Əlbəttə ki, ABŞ-ın İD-nin məhvində maraqlı olmadığını (hətta onların İraqı güclü dövlət kimi görmək istəmədiklərini düşünülərsə belə) söyləmək üçün kifayət qədər əsas yoxdur. Lakin fakt ondan ibarətdir ki, məhz amerikalıların işğalı dövründə haradansa peyda olmuş İD artıq Qərbin aparıcı dövlətlərinin aviasiyasının da öhdəsindən gələ bilmədiyi gücə çevrilib. Fakt ondan ibarətdir ki, İranın dəstəyi olmasaydı, Bağdad çoxdan İD-nin nəzarətində idi. Odur ki, İraq paytaxtının itirilməsi təhlükəsi artdıqca, "azad dünya"nın diqqəti Tehranın dəstəklədiyi şiə qruplaşmalarına yönəlir. İD-nin Suriyadakı hücumlarının dayandırılması şansı da hökumət qüvvələrinin, yəni, bu yaxınlaradək Qərbin tiran, qeyri-legitim saydığı Bəşər Əsəd rejiminin müqaviməti ilə əlaqələndirilir. Amma rəhbərlik etdiyi rejimin "Qərb demokratiyası standartları"na cavab verməyən rejim elan olunması fonunda Əsəd beynəlxalq terrorçuluqla mübarizədə ciddi çətinliklərlə üzləşib. İD yaraqlıları bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra Suriyanın qədim şəhəri olan Palmiranı ələ keçiriblər. Qeyd edək ki, Palmira bəşər sivilizasiyasının xəzinələrinə aiddir. Bununla yanaşı, hətta Qərbdə də etiraf edirlər ki, Suriyanın hökumət qüvvələri İD-nin qarşısını kəsə biləcək real güclərdən biridir. ABŞ və Aİ-nin son aylarda anti-Əsəd ritorikasını xeyli azaltması da təsadüf deyil. Onlar anlayırlar ki, illərdir, həyata keçirməyə çalışdıqları anti-Əsəd planının alternativi qədim Mesopotomiya torpaqlarında beynəlxalq terrorçuluğun zəfər çalması ola bilər.

Maraqlıdır, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Deniel Rubinstayn bu günlərdə Moskvaya səfəri zaması Vaşinqtonun İD-nin və digər radikal qruplaşmaların Suriyada, həmçinin qonşu ölkələrdə nüfuzunu artırmasından narahatlığını dilə gətirib. O, ekstremist qrupların tezliklə məhv edilməsinin vacibliyini bildirib, bunun üçün həm bilavasitə hərbi əməliyyatlara, həm də siyasi həllə ehtiyacın olduğunu deyib. Rubinstayn hesab edir ki, bu, Suriya xalqının qanuni tələblərinin nəzərə alınması baxımından vacibdir.

Rubinstaynın Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşündən sonra, ABŞ Dövlət Departamenti bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Birləşmiş Ştatlar Suriyada dayanıqlı keçid prosesinin baş tutması üçün Rusiya və beynəlxalq birliklə birgə işləməyə hazırdır. "Bu, böhranın aradan qaldırılması, ekstremizm üzərində qəlbəyə kömək göstərilməsi üçün vacibdir", - deyə Dövlət Departamentinin bəyanatında bildirilir.

Amerikalı diplomatın Moskva danışıqları ABŞ-ın dövlət katibi Con Kerrinin Soçidə Vladimir Putinlə keçirdiyi görüş kimi, Vaşinqtonun beynəlxalq terrorçuluqla mübarizə sahəsində Rusiya ilə əməkdaşlığa hazır olduğunu ortaya qoyub. Demək, Ukrayna böhranının Moskva-Vaşinqton münasibətlərində yaratdığı gərginlik ekstremizmlə mübarizə sahəsində əməkdaşlığa mane olmur.

Bütün bunlarla yanaşı, Qərbin "antitiran" hərbi əməliyyatları nəticəsində, butulkadan çıxmış terror "cini" "ərəb baharı"nın qalib gəldiyi ölkələrdə getdikcə daha çox yayılmaqdadır. Beynəlxalq koalisiyanın İraqda və Suriyada İD ilə mübarizə apardığı vaxtda terrorçular digər ölkələrdə, məsələn, Liviyada öz mövqelərini gücləndirməkdədirlər. Pentaqon açıq şəkildə etiraf edir ki, "İD yaraqlıları indi Liviyada mövcuddur və onlar bu ölkəni Afrikadakı fəaliyyət meydanlarına çevirmək niyyətindədirlər".

Öz növbəsində, Amerikanın nüfuzlu "The Wall Street Journal" nəşri yazır ki, İD-nin Şimali Afrikada mövqelərini gücləndirməsi onun öz nüfuz dairəsini Yaxın Şərqdən kənara da yaydığını göstərən ilk real faktdır.

Bununla yanaşı, İD digər istiqamətlərdə də uğurlar əldə etməkdədir. Bu günlərdə Əfqanıstanın Cəlalabad şəhərində ardarda iki terror aktı nəticəsində onlarca insan həlak olub. Əfqanıstanın müasir tarixində ilk dəfə olaraq, partlayışlara görə məsuliyyəti İD öz üzərinə götürüb. Bununla da, indiyədək ərəb dövlətlərində dolaşan qruplaşma Mərkəzi Asiyaya da çıxdığını nümayiş etdirib. İndi Əfqanıstan və Pakistandan əksər yerli radikal islamçıların, xüsusilə "Taliban" hərəkatı üzvlərinin İD-nin tərəfinə keçdiklərinə dair məlumatlar gəlir. Amma bu prosesin çətin tərəfi də var - ayrı-ayrı yerlərdə, məsələn, Kot və Açin rayonlarında İD yaraqlıları ilə taliblər arasında toqquşmalar baş verib.

Tərəflər arasında ziddiyyətin bir sıra səbəbləri var. "Taliban" liderləri İD-nin daha böyük maliyyə imkanlarına malik olmasından narazılıqlarını gizlətmirlər. Onların fikrincə, İD yaraqlıları məhz bu imkandan istifadə edərək, gənc əfqanları, həmçinin təlim görmüş döyüşçüləri, səhra komandirlərini öz tərəflərinə çəkirlər.

Maraqların toqquşduğu daha bir sahə isə narkotik ticarətidir. Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Məhəmməd Hənif Atmar bildirir ki, narkotik maddələrin istehsalına nəzarəti ələ keçirməkdə maraqlı olan İD bu işdə taliblərə ciddi rəqib ola bilər. Əslində, indi İD ilə "Taliban" Əfqanıstanın narkotik bazarının bölüşdürülməsi uğrunda mübarizəyə başlayıb. Bu, əlbəttə ki, iki ekstremist təşkilat arasında dinc münasibətlərin inkişafına kömək etmir.

Taliblərlə İD yaraqlıları arasında ziddiyyətin ən başlıca səbəbi isə onların məqsədlərindəki fundamental fərqdir. Hər iki təşkilat vəhhabiliklə bağlı olsa da, İD qarşısına daha miqyaslı vəzifə qoyub - onun himayəsində olacaq "xilafət"in yaradılması, yəni, bütünlükdə müsəlman Şərqi üzərində hakimiyyətin ələ alınması. "Taliban" isə lokal şəkildə - Əfqanıstan və Pakistanın Vəziristan əyalətində möhkəmlənməyi kifayət sayır. İD-nin bu ərazilərə soxulmaq istəyinin Molla Ömərin silahdaşları tərəfindən qısqanclıqla qarşılanması da bununla bağlıdır.

İki qruplaşmanın ideyası, siyasi mahiyyəti, strategiyası bənzərdir. Odur ki, Qərb KİV-də guya onların bir-birlərinə qarşı cihad elan etdikləri haqqında yayılan xəbərlər daha çox şayiə sayıla bilər. Bu zaman Qərbin hansı məqsədlər güddüyünü birmənalı şəkildə demək çətindir. Diqqətçəkən əsas məqam başqadır: dünya mətbuatında taliblərlə İD yaraqlıları arasında toqquşmalara dair məlumatların yayılması "Taliban"ın "əcnəbi işğala qarşı" yaz hücumu elan etməsi ilə eyni vaxta təsadüf edir. İşğalın mövcudluğu isə (radikal-dini ekstremizmin qarşısıalınmaz şəkildə tüğyan etməsi ilə bərabər olaraq) dünyanın aparıcı mərkəzlərinin "Böyük Yaxın Şərq" geosiyasi layihəsinin həyata keçirilməsində oxşar bəndlərdir.



MƏSLƏHƏT GÖR:

591