18 May 2024

Şənbə, 20:20

"SÜLHƏ PƏNCƏRƏ"ni BAĞLAYANLAR

Ermənistanın siyasi elitası Gürcüstanla mehriban qonşuluq münasibətlərini qoruyub-saxlamaq iqtidarında deyil

Müəllif:

26.05.2015

Ermənistan KIV ölkənin baş naziri Ovik Abramyanın Batumiyə səfərinə geniş yer ayırıb. Abramyan Batumidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb. İrəvanda deyirlər ki, Abramyan və onu müşayiət edən şəxslər Gürcüstana gürcü tərəfinin göndərdiyi özəl təyyarə ilə uçublar. Bu, bəziləri tərəfindən Gürcüstanın xoşməramlı addımı sayılsa da, fərqli düşünənlər də var. Onların fikrincə, bu, Ermənistan aviasiyasında yaşanmaqda olan böhranla əlaqədar, qaçılmaz addım olub. Xatırladaq ki, Ermənistanın növbəti milli aviasiya daşımaları şirkəti də müflis olub, daha biri isə hələ də uçuşlara başlaya bilmir.

Səfər çərçivəsində iqtisadi gündəmdə son dərəcə məhdud olub. Tərəflər Ermənistan-Gürcüstan sərhədində yeni nəzarət-keçid məntəqəsinin və körpünün inşasına dair razılığa gəliblər. Layihənin büdcəsi də kifayət qədər kiçikdir - 10 milyon avro.

Amma nəzərə almaq lazımdır ki, İrəvanda Abramyanın Batumi səfərindən daha çox gözlənilən heç də iqtisadi nəticələr deyildi. Məlum olduğu kimi, Ermənistan nə investisiya kapitalına, nə investisiya baxımından cəlbediciliyə malikdir. Bu baxımdan səfərdən daha çox "siyasi irəliləyiş" gözlənilirdi. Çünki bu səfərdən bir müddət əvvəl Tiflis ilə İrəvan arasında böyük siyasi qalmaqal yaşanmışdı.

Məsələ ondadır ki, mayın 3-də Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində "parlament seçkisi" adlı tamaşa təşkil edib. Regionun praktiki olaraq, bütün önəmli "oyunçuları", həmçinin Avropa Ittifaqı, Minsk Qrupu və ABŞ Dövlət Departamenti bu "seçki"ni tanımadıqlarını bəyan ediblər. Məsələ ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi də bəyanatla çıxış edib. Tiflis Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağda keçirilmiş "parlament seçkisi"ni tanımadığını bildirib. "Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edir, 2015-ci il mayın 3-də Azərbaycan Respublikasının bölgəsi olan Dağlıq Qarabağda keçirilmiş "parlament seçkisi"ni tanımır", - deyə nazirliyin bəyanatında bildirilir.

Bunun ardınca Gürcüstanda xoş olmayan sensasiya yaşanıb. "Osetin radiosu" Xankəndidə "Cənubi Osetiya parlamentinin spikeri" Anatoli Bibilovla Ermənistan parlamentinin sədri Qalust Saakyan arasında işgüzar görüşün keçirildiyinə dair xəbər yayıb. Sxinvalidən gələn məlumata görə, Bibilov Saakyanın dəvətilə tanınmamış "Dağlıq Qarabağ Respublikası"na (dırnaq işarəsi müəllifə məxsusdur - red.) işgüzar səfərə yollanıb. Səfər zamanı o, "parlament seçkisi"ni izləyən müşahidə missiyası kimi də çıxış edib. Görüş zamanı isə Bibilov Saakyanı 1 May münasibətilə təbrik edib. Onlar "iki ölkə arasında münasibətlərin dostluq xarakteri daşıdığını" bildiriblər. Buyerdə qeyd edək ki, Ermənistan formal olaraq, Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımayıb.

Tiflis də əvvəlcə bu xəbərə inanmayıblar. Gürcüstanın Ermənistandakı səfirindən vəziyyətə aydınlıq gətirməsi istənilib. Və sonda Ermənistan parlamentinin mətbuat katibi Arsen Babayan etiraf etmək məcburiyyətində qalıb: "Bəli, görüş olub, lakin o, özəl xarakter daşıyıb, görüşdə hər hansı rəsmi müzakirələr aparılmayıb. İki nəfər arasında özəl görüş siyasi mövqelərə heç bir təsir göstərə bilməz". Görüşün "qeyri-rəsmi" olduğunu Ermənistanın tiflisdəki səfirliyi də bəyan edib.

Amma bütün bunlar Gürcüstana mövzunu bağlamaq üçün kifayət etməyib. Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan XIN-ə dəvət olunub, Gürcüstan xarici işlər nazirinin müavini Qiqi Qiqiadze sözügedən görüşün "Gürcüstanla Ermənistan arasındakı ənənəvi dostluq münasibətlərinin ruhuna uyğun olmadığını, ikitərəfli münasibətlərə zərbə vurduğunu" bildirib. Məlumata görə, "Ermənistan səfiri baş verənlərdən təəssüfünü bildirib, Gürcüstanın mövqeyinin dərhal İrəvana çatdırılacağını deyib". Bunun ardınca İrakli Qaribaşvili ilə Ovik Abramyan arasında telefon danışığı olub: "Ermənistanın baş naziri həmkarının nəzərinə çatdırıb ki, Anatoli Bibilov Qarabağa qeyri-iş günü səfər edib və bu, şəxsi xarakter daşıyıb. Onun Qalust Saakyanla görüşü də özəl xarakterli qeyri-formal ünsiyyət olub. Görüşdə işgüzar mövzulara toxunulmayıb, Gürcüstanın işğal olunmuş ərazilərilə bağlı heç bir müzakirə aparılmayıb", - deyə Tiflisdən verilən məlumatda bildirilir. Bir sözlə, qalmaqal böyük zəhmət hesabına da olsa, ört-basdır edilib. Lakin səfərə hazırlıq dövründə və səfər zamanı daha bir qalmaqal baş verib: Avropa Şurasınin XIN başçılarının müavinləri komitəsinin iclasında Ermənistandan olan nümayəndə heyəti Rusiya ilə Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionları arasında imzalanmış "müqavilələr"in pisləndiyi bəyanatı dəstəkləməkdən imtina edib. Avropa Şurası hesab edir ki, bu sənədlər Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozur, onların hüquqi əsası yoxdur və müqavilələr ərazi bütövlüyü prinsipinə, Rusiyanın beynəlxalq öhdəliklərinə, o cümlədən 2008-ci il avqustun 12-də imzalanmış atəşkəs razılaşmasına ziddir. Amma sən demə, İrəvanın bu məsələ ilə bağlı öz mövqeyi varmış.

Şübhəsiz ki, erməni diplomatiyası bu cür qalmaqallarla hələ çox qarşılaşacaq. Bunun səbəblərindən biri də odur ki, İrəvanda hər hansı dövlətin ərazi bütövlüyünə qarşı hörmətsizliyi sadəcə, yolverilməz hal saymırlar. Üstəlik, Ermənistan-Gürcüstan münasibətləri kifayət qədər incə mövzudur. Birincisi, erməni diasporu lap əvvəldən yalnız Azərbaycanın Qarabağ bölgəsinə deyil, Gürcüstanın ermənilərin sıx yaşadıqları Cavaxetiya regionuna da iddialar irəli sürür. Əksər ekspertlər əmindirlər ki, iki ölkə arasında davam etməkdə olan kilsə münaqişəsində də söhbət ərazi iddialarından gedir. İrəvanda Cavaxetiyanın elə bu gün "öz müqəddəratını təyin etməsinə yardım göstərməyə hazır olan" kifayət qədər nüfuzlu qruplar və qüvvələr var. Bununla yanaşı, İrəvanda onu da anlayırlar ki, Azərbaycanla "dondurulmuş münaqişə"nin yaşandığı, Türkiyə ilə isə sərhədlərin bağlı olduğu hazırkı şəraitdə Gürcüstan Ermənistan üçün "dünyaya yeganə pəncərə"dir. Ermənistanla Rusiya, Avropa ölkələri, Yaxın Şərq arasında tranzit daşımaları məhz Gürcüstan ərazisi vasitəsilə həyata keçirilir. Doğrudur, onun İranla da ümumi sərhədi var. Lakin bu istiqamətdə nəqliyyat infrastrukturu lazımi səviyyədə inkişaf etməyib. İki ölkə arasında dəmir yolu əlaqəsi də yoxdur. Aydındır ki, Abxaziya və Cənubi Osetiya münaqişələri fonunda Gürcüstan da Ermənistanla sərhəddə vəziyyətin gərginləşməsini istəmir. Amma, bu məsələnin "qiyməti" Tiflis ilə İrəvan üçün tamamilə fərqlidir. Sanki bütün bu məqamlar İrəvanla Tiflisin daha yaxın münasibətlər qurmağa sövq etməli idi. Amma...

Bu yerdə sanki Ermənistan-Gürcüstan münasibətlərinə birbaşa aidiyyatı olmayan bir reallığı vurğulamaq lazımdır. Məlum olduğu kimi, İrəvan Moskvanın müttəfiqidir. Gürcüstanla Rusiya arasınd aisə 2008-ci ildə yaşanmış "beş günlük müharibə"dən sonra münasibətlər son dərəcə gərgindir. Sanki "üçüncü ölkə"nin başqalarına aid münaqişəyə müdaxilə etməmək, hər iki tərəflə normal münasibətlər saxlamaq üçün bütün imkanları var. Məsələn, Bakı Rusiya və Gürcüstanla münasibətlərdə məhz bu cür davranır. Lakin Azərbaycan özünü dolandıran ölkədir və o, öz milli maraqlarına əsaslanan xarici siyasət yürütmək iqtidarındadır. Ermənistanın isə Rusiyanın yardımları olmadan yaşamaq şansı yoxdur. 2008-ci ildə İrəvan Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanımadaqdan imtina edib. Rusiyanın Gürcüstana qarşı atdığı addımları pisləmək isə İrəvanın bacaracağı iş deyil. Çünki ermənilər Rusiyanın onlardan hətta cüzi narazılığının belə, nələrə aparıb çıxara biləcəyini yaxşı bilirlər. Demək, erməni isteblişmentində həmişə olduğu kimi, yenə də "gürcü məsələsi"nə adekvat cavab yoxdur.



MƏSLƏHƏT GÖR:

603