18 May 2024

Şənbə, 21:40

AZƏRBAYCAN ALTERNATİVİ

Ekstremizm və ksenofobiya hallarının artmaqda olduğu bir vaxtda, mədəniyyətlərarası dialoq üzrə "Bakı prosesi"nin aktuallığı yüksəlir

Müəllif:

26.05.2015

Bakıda keçiriləcək birinci Avropa Oyunlarının başlanmasına iki həftədən bir qədər çox vaxt qalır. 2017-ci ildə isə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Yəni, 2 il ərzində ölkə müxtəlif sivilizasiyalara aid 2 idman tədbirini təşkil edəcək - əvvəlcə Avropa, daha sonra islam sivilizasiyası. Bu nadir hadisəni Azərbaycanın sivilizasiyalararası dialoqun dəstəklənməsindəki rolunun göstəricisi saymaq olar.

Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində - sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşməsi, ilk növbədə, onun özünün qeyri-maddi irsinin zənginliyinə təsirini göstərib. Ölkə ərazisindəki tarixi abidələrə nəzər salmaq kifayətdir ki, Azərbaycanda mədəni müxtəlifliyin hansı həddə olduğunu anlayasan. Burada 743-cü ildə inşa olunmuş ən qədim məscidlərdən biri ilə Qafqaz albanlarına məxsus, dünyanın ən qədim kilsələrindən sayılan alban kilsəsi yanaşıdır. Müsəlman məscidləri, xristian kilsələri, yəhudi sinaqonu, atəşpərəstlərin məbədi müasir Azərbaycanın mədəni irsinin parlaq mozaikası sayıla bilər.

Müsəlman sivilizasiyasının bir hissəsi olan Azərbaycan, eyni zamanda, dünyəvi dövlətdir və onun Avropayla, digər xristian dövlətləri ilə sıx əlaqələri var. Dünyada ilk müsəlman demokratik respublikası da 1918-ci ildə məhz burada yaradılıb, bir çox Avropa ölkələrindən daha əvvəl qadınların səsvermə hüququ məhz Azərbaycanda tanınıb.

Yəni, Azərbaycan böyük təbii ehtiyatları ilə yanaşı, zəngin qeyri-maddi nemətlərə, dərin multikulturalizm köklərinə də malikdir. Rəsmi Bakı qlobal sülhün qorunması, təhlükəsizliyin təmini üçün bu imkanlardan maksimum effektiv istifadə edir. Bu səylər nəticəsində ölkə sivilizasiyalararası dialoqun moderatoruna, beynəlxalq münasibətlərin mərkəzinə çevrilib. Üstəlik, bu cür müzakirələr, eyni zamanda, bir neçə nəhəng platformada - Beynəlxalq Humanitar Forum, Dini Liderlərin Ümumdünya Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər çərçivəsində aparılır. Bütün bunlar vahid prosesin tərkib hissəsinə çevrilib.

"2008-ci ildə bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna "Bakı prosesi" adı verilib", - deyə Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuun açılış mərasimində bildirib. Dövlət başçısı bu gün dünyanın müxtəlif yerlərində yaşananlardan dərin təəssüfünü və narahatlığını dilə gətirib. Onun fikrincə, indi dünyada mənfi tendensiyalar artmaqdadır və onların aradan qaldırılması üçün bu cür açıq diskussiyalara ehtiyac var.

"Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi", - deyə İ. Əliyev qeyd edib.

Bu cür yanaşma ekstremizmin, etnocinayətlərin, ksenofobiyanın getdikcə artmaqda olduğu bir şəraitdə xüsusi aktuallıq qazanır. İndi tolerantlıq, siyasi ədəb Avropada dəbdən düşür, marginal sağ-mərkəzçi millətçilər avropalı elektorat arasında populyarlığını getdikcə artırır.

Azərbaycan isə multikulturalizmə alternativ görmür. Bunu Prezident İlham Əliyev də bir daha bəyan edib. O, bəzi Avropa liderlərinin multikulturalizm siyasəti ilə bağlı bədbin fikirlərini bölüşmür. Əksinə, İ.Əliyev hesab edir ki, mədəniyyətlərarası dialoq cəhdlərindən imtina olunarsa, dünyada vəziyyət daha da ağırlaşacaq. "Bunun alternativi nədir?" kimi ritorik suala cavab olaraq prezident təcrid, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm, neofaşizm kimi təhlükəli tendensiyaları sadalayıb. Bu tendensiyaların bütöv bir sivilizasiyalara, xalqlara dəfələrlə fəlakət gətirdiyi isə bəllidir.

Diqqət yetirdikdə görürük ki, Azərbaycanın iqtisadi təşəbbüsləri də regionun hüdudlarını aşır, özündə müxtəlif ölkələri, qitələri birləşdirir. Bu istər enerji, istərsə də nəqliyyat layihələrinə aiddir. Region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinin təminində vacib rol oynamalı olan boru xətləri ilə yanaşı, bu gün tarixi İpək yolunun bərpası layihəsi çərçivəsində Asiya ilə Avropa arasında yeni dəmir yolu əlaqəsi yaradılır. İlham Əliyev bunu yalnız iqtisadi inkişafa, daha mükəmməl nəqliyyat infrastrukturuna deyil, həm də beynəlxalq əlaqələrə, regional əməkdaşlığa, xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmaya yatırılan investisiyalar hesab edir. Qeyd edək ki, bu ilin sentyabrında BMT 17 dayanıqlı inkişaf məqsədini müəyyənləşdirəcək. Bu, "Minilliyin inkişaf məqsədləri"nin növbəti 15 il üçün davamı olacaq. Bakı forumunda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz al-Nassirin sözlərinə görə, 16-cı davamlı inkişaf məqsədi sülhsevər və inklüziv cəmiyyətlərin qurulması zərurətidir. O, bu konteksdə Bakı forumunun kollektiv tədbirlərin, dialoqun genişləndirilməsi, radikallığın, ekstremizmin və münaqişələrə yol açan digər təzahürlərin qarşısının alınması baxımından vacib əhəmiyyət daşıdığını söyləyib.

YUNESKO-nun baş direktoru İrina Bokova isə öz növbəsində təəssüf hissi ilə diqqətləri məscidlərin, kilsələrin, tarixi və mədəni abidələrin dağılması ilə, insan haqlarının pozulması ilə müşayiət olunan münaqişələrə çəkib. O bildirib ki, "Bakı prosesi" ilə YUNESKO-nun bu cür halların qarşısının alınması üçün mədəniyyətlərarası dialoqun gücləndirilməsi ilə bağlı səyləri üst-üstə düşür. Forumda İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni də çıxış edib. Bu cür imkanın yaradıldığı üçün prezident İlham Əliyevə minnətdarlıq edən baş katib deyib: "Əgər bizim əsrimiz özünəməxsusluq, identiklik əsridirsə, bu, həmçinin tolerantlıq, digərlərinin mədəniyyətlərinin etirafı əsri olmalıdır".

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri isə Bakı forumunun artıq qarşıya qoyulan məqsədlərə nail olduğunu düşünür. Söhbət gərginliyin və böhranların aradan qaldırılması istəyindən gedir. "Hesab edirik ki, mədəniyyətlərarası dialoq mövzusunda belə bir Forumun keçirilməsi sadə bir tədbir kimi qəbul edilməli deyil. Bu Forum məhz siyasi tədbirlərin görülməsi, bu gün dünyada baş verən qarşıdurmaların aradan qaldırılmasına xidmət etməlidir. Bu, bizim məramımızdır", - deyə o, qeyd edib.

Beləliklə, Azərbaycanın mədəniyyətlərarası dialoqun mərkəzi statusu getdikcə möhkəmlənir. O, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun, multikulturalizmin bütün aspektlərinin müzakirə olunduğu məkana çevrilir. Bu gün "Bakı prosesi" Davos İqtisadi Forumu ilə bir tutulur. Əksər siyasətçilərin leksikonunda artıq o, "Humanitar Davos" kimi yer alır. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 100-dən artıq ölkədən 500 yüksəkrütbəli qonağın qatılması isə Azərbaycanın bu təşəbbüsünə dünyanın verdiyi önəmin göstəricisidir.



MƏSLƏHƏT GÖR:

645