7 May 2024

Çərşənbə axşamı, 09:29

ERMƏNİ ZÜLMƏTİNİN FƏSADLARI

Qarabağ tunelinin sonunda görünən ən zəif işıq belə, İrəvanın gözünü çıxarır

Müəllif:

02.06.2015

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya pərişan halda yollanmışdı. Bu, Avropa İttifaqı ölkələrinin "tərəfdaşlıq" proqramının digər iştirakçılarının ərazisindəki problemlərdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi prinsipiallıq nümayiş etdirmək istəməməsilə bağlı idi.

Moskva danışıqları ərəfəsində Riqada keçirilmiş "Şərq tərəfdaşlığı" sammitində Azərbaycan tərəfi yekun bəyannamə ilə bağlı tələb irəli sürmüşdü: sənəddə BMT TŞ-nin erməni silahlılarının Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz boşaltmasını tələb edən qətnamələri haqda da danışılmalıdır. Amma...

"Avropalı tərəfdaşlarımız dedilər ki, bu, çox dərin, detallı məsələdir və bu halda biz digər münaqişələrlə bağlı da eyni proseduru təkrarlamalı olacağıq. Lakin biz israrımızı son anadək davam etdirdik. Hətta bu bəyannaməyə qoşulmamağımızın mümkün olduğunu da dedik. Yalnız bundan sonra kompromis variant əldə olundu: biz müvafiq bəyanat veririk, həmin bəyanat yekun bəyannamənin mətninə əlavə olunur və orada vəziyyət BMT-nin 4 qətnaməsi nəzərə alınmaqla əks olunur", - deyə E.Məmmədyarov Rusiya televiziyasına müsahibəsində bildirib.

Nəticədə, belə də olub. E.Məmmədyarovun Moskvaya səfər etdiyi gün Azərbaycan Avropa Komissiyasına sözügedən bəyanatını təqdim edib. Amma istənilən halda, Aİ-nin Qarabağ probleminə bu cür "fərqli", əslində isə, etinasız yanaşmasının yaratdığı pis ovqatı heç bir Riqa balzamı ilə "müalicə etmək" mümkün deyil... Üstəlik, Azərbaycanın öz xarici siyasətini qurmasında məhz bu məsələ daha ciddi əhəmiyyət daşıyır. Əvvəllər olduğu kimi, bu gün də Bakı üçün ən vacibi xarici tərəfdaşlarının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın və ona bitişik rayonların azad olunması məsələsinə münasibətidir.

Bu mənada, Aİ ölkələrinin Riqada keçirilən "Şərq tərəfdaşlığı" sammitində ortaya qoyduqları mövqe Bakının narazılığına səbəb olub. Moskva isə problemin həllinə yardım etmək niyyətini ortaya qoyub. Üstəlik, danışıqların yekununda hər iki tərəf "nikbin notlarda" açıqlamalar verib.

Şübhəsiz ki, Azərbaycan torpaqlarının işğalı və Rusiyanın bu problemin həllində vasitəçilik rolu danışıqların əsas mövzularından biri olub. Tərəflər problemin həddindən artıq uzun çəkdiyinə dair ortaq fikir səsləndiriblər. Rusiyanın XİN başçısı Sergey Lavrov münaqişənin həddindən artıq uzandığını heç kəsin inkar etmədiyini söyləyib: "Hər kəs bir fikirlə razıdır ki, razılığa gəlinməsi üçün real baza var. Sadəcə, bu anlayışı razılaşma dilinə çevirmək lazımdır. Biz bir neçə saat ərzində Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmaları detallarınadək müzakirə etdik. Tərəflərdə bütün təkliflər var, həmsədrlər onların mövqelərini nəzərə alıblar və mən danışıqlar prosesinə ciddi nikbinliklə baxıram", - deyə Lavrov qeyd edib. O, Rusiyanın bundan sonra da münaqişənin həlli üçün hər iki tərəfi qane edəcək variantın tapılması işinə fəal şəkildə dəstək verəcəyini söyləyib. Onun sözlərinə görə, Moskva bunu həm ikitərəfli kanallarla, həm də ATƏT-in Minsk Qrupu vasitəsilə edəcək.

E.Məmmədyarov da münaqişənin həddindən artıq uzandığını və artıq onun çözülməli olduğunu söyləyib. Üstəlik, o, problemin sülh yolu ilə həllinə ümidlərin hələ də qaldığını bildirib. "Həmkarımın açıqlamasındakı nikbin notları bölüşürəm. Münaqişənin həlli prosesinə irəliləyişə nail olunması imkanlarını detallarına, ən kiçik zərrəsinədək müzakirə etdik", - deyə E.Məmmədyarov qeyd edib.

Şübhəsiz ki, Qərbin Qarabağ probleminə etinasız münasibəti fonunda Rusiya münaqişə tərəflərini ortaq məxrəcə gətirmək gücündə olan yeganə güc olaraq qalır. Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır. Bu fikir Rusiya XİN-in Elmar Məmmədyarovun Moskva səfərilə bağlı şərhində yer alıb. "Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. 20 ildən artıqdır ki, o, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vacib rol oynayır. Coğrafi yaxınlığı və xalqlarımızın ümumi tarixini nəzərə alsaq, bu münaqişənin həlli bizim üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Bu, Rusiyanın xarici siyasi prioritetləri sırasındadır", - deyə Rusiya XİN-in açıqlamasında bildirilir.

Rusiya paytaxtında  baş tutmuş danışıqlara E.Məmmədyarovun verdiyi qiymət də maraqlıdır: "Danışıqlarda əsas mövzu Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində canlanma yaratmaqla bağlı aydın və dəqiq mövqeyi oldu". Əlbəttə ki, bu işdə Rusiyanın problemin həlli üçün Ermənistana təsir göstərmək istəyindən çox şey asılıdır. İstənilən halda, Azərbaycan və Rusiyanın XİN başçıları arasında aparılmış danışıqların nəticəsi bəzi müşahidəçilərə kifayət qədər cəsarətli ehtimallar irəli sürmək imkanı verib. Onların fikrincə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Böyük sülh razılaşmasının imzalanmasının başlanğıcı ola biləcək ilkin razılığa gəliblər.

Hadisələrin indiki şəkildə inkişaf etdiyi şəraitdə bu ssenari illər əvvəl olduğu qədər utopiya təsiri bağışlamır. Doğrudur, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı əsas forpostu olub və olaraq qalır. Amma Azərbaycan Rusiyaya daha çox şey təklif edir - bərabər hüquqlar prinsipi ilə strateji əməkdaşlıq. Bu gün Rusiya çətin durumdadır. Qərbin sanksiyaları ona öz təsirini göstərir. Azərbaycan isə qonşusunu bəlaya atıb qaçmayan etibarlı tərəfdaş olduğunu sübut edib. İndi Rusiyada bu məqamı daha çox vurğulayırlar. "Şərq tərəfdaşlığı" sammitində də Aİ-nin xeyrinə olan antirusiya qərarlarını dəstəkləməyən Azərbaycan köhnə dostun yeni iki dostdan daha yaxşı olduğunu nümayiş etdirib. Hətta 29 yeni dostdan belə.

Amma bir şey də aydındır ki, Qarabağ tunelinin sonunda görünən ən zəif işıq belə, İrəvanın gözünü çıxarır. Hər dəfə olduğu kimi, bu dəfə də Azərbaycan və Rusiyanın XİN başçılarının görüşündən sonra Qarabağ probleminin həllində irəliləyişə nail olunma şansının yaranması Ermənistan rəhbərliyini narahat edib. Çünki İrəvan münaqişə zonasındakı status-kvonun dəyişməsini heç cür istəmir. Moskvadan gələn müsbət siqnallara İrəvan dərhal cavab verməyi lazım bilib. Üstəlik, o, bunu adətinə uyğun olaraq, Azərbaycana açıq hədələr ünvanlamaqla edib. Ermənistanın müdafiə naziri Seyran Ohanyan ölkəsinin "problemin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu, bu danışıqların bərabərtərəfli dialoqa və qarşılıqlı etibar atmosferinə yol açmalı olduğunu" desə də, ardınca dərhal sülhsevərlikdən uzaq fikirlər səsləndirib. Daha doğrusu, o, bir müddət əvvəl müavini David Tonoyanın səsləndirdiyi fikirləri təkrar edib: "Hazırda Azərbaycan o dərəcədə silahlanıb ki, Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zolağı bizim üçün kifayət deyil".

20 ildən artıq müddətdə biz Ermənistan rəhbərliyinin danışıqlar prosesini gah hər hansı qanlı aksiya, gah da ekzotik cəhdlərlə pozmasına vərdiş etmişik. Hər dəfə münaqişənin həllilə bağlı diplomatik irəliləyiş imkanı real göründükdə, ermənilər bu cür təxribatlara əl atırlar.

Hələ 1998-ci ildə Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyan təcavüzkar siyasətin perspektivsiz olduğunu anlamışdı və bu, ona prezidentlik kürsüsü bahasına başa gəlmişdi. O zaman Robert Koçaryan və Serj Sarqsyanın başçılıq etdiyi "Qarabağ klanı" Ter-Petrosyanın təklif etdiyi həll planını dəstəkləməmişdi. Prezidentin təklifi isə münaqişə zonasının demilitarizasiyasını, 1992-1994-cü il müharibəsi zamanı işğal olunmuş bəzi yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını nəzərdə tuturdu.

Bir il sonra, 1999-cu il oktyabrın 27-də, ATƏT-in İstanbul sammiti ərəfəsində Ermənistan parlamentində terror aktı törədilmiş, nəticədə, məhz İrəvanın döyüşkən mövqeyinin əleyhinə olan şəxslər güllələnərək qətlə yetirilmişdilər. Halbuki İstanbul sammitində Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin həllinə dair sənəd imzalamalı idilər.

Azərbaycan və Ermənistan prezidentlərinin 2006-cı ildə Fransanın Rambuye qəsrində keçirdikləri görüşü də yaddan çıxarmaq olmaz. Danışıqların gedişində qəfil ayağa qalxaraq tualetə yollanan Robert Koçaryan sonradan geri qayıtmağı lazım bilməmiş və dialoq yarımçıq qalmışdı.

Bu dəfə də ya isterikadan, ya da adət etdikləri üçün Ermənistanın yüksəkrütbəli hərbi məmurları son dərəcə qeyri-adekvat bəyanatlar səsləndirirlər.

Amma artıq məsələ, əslində, regionda heç nəyi həll etməyən Ermənistanda deyil. İrəvan, sadəcə, vacib hərbi-siyasi müttəfiqinin Azərbaycanla əlaqələrini gücləndirməsini ümidsizliklə müşahidə etməkdədir. Ermənistan rəhbərliyinin dilindən yeni ərazilərin işğal oluna biləcəyinə vurulan eyhamlar Rusiyaya artıq həddini aşan "strateji müttəfiqini" yerində oturtmaq üçün şans verir. Əks təqdirdə, bunu Azərbaycan etməli olacaq.

Bu məqamda rusiyalı məşhur hərbi ekspert Pavel Felqenqauerin fikri kifayət qədər maraqlı təsir bağışlayır. O, ötən ilin avqustunda Qarabağda gərginliyin son dərəcə artdığı günlərdə Ermənistanın "Aykakan Jamanak" qəzetinin əməkdaşı ilə söhbətində sanki ermənilərin gözlərini açmışdı: "Rusiya hər zaman müharibə aparan ölkələrə silah satıb. Bəli, Azərbaycanın pulu var. Bundan başqa, Rusiya strateji baxımdan da həm Azərbaycanı, həm də Ermənistanı silahlandırır. Çünki biz hər iki tərəfə təsir imkanı əldə etmək istəyirik. Bizi maraqlandıran yalnız Ermənistan deyil. Bizim üçün Azərbaycanın da daxil olduğu Qafqaz maraqlıdır. Bu, strateji baxımdan Rusiya üçün daha vacibdir, nəinki Ermənistan".



MƏSLƏHƏT GÖR:

651