18 May 2024

Şənbə, 11:53

BİRİNCİ RESPUBLİKA: MÜSTƏQİLLİK ƏRƏFƏSİNDƏ

Birinci hissə

Müəllif:

15.03.2008

Son illər ADR təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tarixçilərin, politoloqların diqqət və araşdırma obyektinə çevrilib. Bu baxımdan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Şərqin ilk Demokratik Respublikasının irsinin hərtərəfli araşdırılmasına elmi və siyasi baxımdan önəmli töhfəsini qeyd etmək zəruridir. Onun 30 yanvar 1998-ci ildə imzaladığı "Azərbaycan Demokratik Respublikasının 80 illiyinin keçirilməsi haqqında" sərəncamı ölkə tarixinin siyasi sifarişdən və ideoloji meyllərdən azad şəkildə, ciddi və əsl elmi araşdırılması istiqamətində ilk addım oldu. Heydər Əliyevin imzaladığı sərəncamın önəmi təkcə alimlər üçün əvvəllər çap edilməyən və artıq məlum arxiv sənədlərini sistemləşdirməsi və bunun elmi araşdırmalar üçün əvəzsiz mənbəyə çevrilməsilə məhdudlaşmır. Bu sənəd böyük siyasi əhəmiyyətə də malikdir. Sənəddə Azərbaycanın inkişafının demokratik (1918-1920-ci illər), sovet (1920-1991-ci illər) və müasir müstəqillik (1991-ci ildən başlayaraq) mərhələləri dövlətçiliyimizin mürəkkəb, ziddiyyətli, lakin bununla yanaşı, vahid və qırılmaz təkamül yolunun mərhələləri kimi nəzərdən keçirilir.

Lakin Birinci Respublikanın 23 aylıq tarixinin təhlili Rusiya imperiyasının parçalanmasından sonrakı dövrdə Zaqafqaziyada baş verən prosesləri araşdırmadan tam dolğun olmazdı. Məlum olduğu kimi, Fevral inqilabından sonra, 1917-ci il martın 9-da Dövlət Dumasının zaqafqaziyalı deputatlarının təşəbbüsü əsasında Müvəqqəti hökumətin qərarı ilə Xüsusi Zaqafqaziya Komitəsi ("Ozakom") yaradıldı. Zaqafqaziyanın idarə olunması üçün V.A.Xarlamovun sədrliyi ilə yaradılan bu komitə M.Y.Cəfərov, M.İ.Papacanov və A.İ.Çxenkelidən ibarət idi. Noyabrın 15-də Ozakom Xüsusi Zaqafqaziya hökumətilə (Zaqafqaziya komissarlığı) əvəzləndi və o, bu bölgədə ali hakimiyyət orqanı oldu.  Gürcü sosial-demokratı Y.Gegeçkorinin başçılıq etdiyi komissarlığa üç azərbaycanlı nümayəndə daxil oldu - F.Xoyski, M.Cəfərov və X. Xasməmmədov. Komissarlıq üzvləri bu quruma bölgənin sonrakı taleyini müəyyənləşdirməli olan Ümumrusiya Müəssislər Məclisinin (parlament) çağırılmasına qədər fəaliyyət göstərəcək müvəqqəti orqan kimi yanaşırdılar. Məclisə seçkilər 26-28 noyabr 1917-ci ildə baş tutdu. Seçkilərdə Zaqafqaziyanın əsas xalqlarının - rus, azərbaycanlı, gürcü və ermənilərin aparıcı partiyaları işirak etdilər.

Nəticədə, Müəssislər Məclisinə Zaqafqaziydan 34, o cümlədən bölgənin azərbaycanlı əhalisini təmsil edən 12 müsəlman deputat seçildi. Lakin Məclis açılış toplantısını keçirən gün dağıdıldı. Bununla əlaqədar, bölgədən seçilən deputatlar Ümumrusiya Müəssislər Məclisinin çağırılmasına qədər bölgəni idarə etmək üçün ayrıca orqan yaratmaq qərarına gəldilər. 14 mart 1918-ci ildə MM-ə seçilən deputatlardan, həmçinin digər regional partiyaların təmsilçilərindən (bolşeviklər imtina etdilər) Zaqafqaziya Seymi formalaşdırıldı. Bundan başqa, onun tərkibinə əlavə olaraq, yuxarıda adları çəkilən partiyaların noyabr seçkilərində qazandıqları səslərə müvafiq şəkildə digər təmsilçiləri də daxil edilmişdi. Nəticədə, Seymə 125 nəfər seçildi - 32 gürcü menşeviki, Müsavatdan və ona qoşulan Bitərəf Demokratlar Blokundan - 30 nəfər, daşnaklardan - 27 nəfər. Bundan başqa, müsəlman sosialist bloku 7, İttihad - 3, Sosial-Demokrat Hümmət Partiyası isə 4 deputatla təmsil olundu. Həmin deputatlar birləşərək, Zaqafqaziya Seyminin 44 nəfərdən ibarət müsəlman fraksiyasını formalaşdırdılar. Seymin birinci toplantısı 23 fevral 1918-ci ildə Tiflisdə keçirildi.

Seymin partiya prinsipilə formalaşdırılmasına baxmayaraq, onun işi dərhal bölgənin üç iri etnosunu - azərbaycanlıları, gürcüləri və erməniləri təmsil edən milli sektorlar arasında kəskin siyasi rəqabət səciyyəsi kəsb etdi. Bu mübarizədə azərbaycanlılar daha əlverişsiz durumda idi, çünki 4 partiya arasında parçalanmışdılar. Halbuki gürcülər və ermənilər öz aparıcı milli partiyaları çərçivəsində birləşərək, vahid mövqedən çıxış edirdilər. Lakin məhz bu amil - gürcü və ermənilərin təşkilatlanmış və təmərküzləşmiş fraksiyalarının olması ona gətirib çıxardı ki, proqram və siyasi platformalarının fərqli olmasına baxmayaraq, Azərbaycan siyasi qrupları müzakirə edilən məsələlərin əksəriyyətində təmsil etdikləri xalqın mənafelərini birgə müdafiə etməyə nail oldular. Təkcə martın 31-də Bakıda baş verən qanlı  olaylardan sonrakı dövür istisna oldu - Baksovetin bu hadisələrdəki rolunun nüfuzdan saldığı bolşevik-hümmətçilər fraksiyası artıq Seymin toplantılarında iştirak etmirdi. Martın 16-da Tiflisdə azər-baycanlı deputatlardan yara-dılan müsəlman fraksiyasının ilk toplantısı oldu. M.Rəsul-zadənin sədrliyi ilə keçirilən toplantıda siyahıda olan 44 deputatdan 15 nəfəri iştirak etdi.

Aparıcı milli fraksiyaların üst-üstə düşməyən siyasi maraqları onun fəaliyyəti yolunda keçilməz maneəyə çevrildi. Seymin mart və aprel aylarında formalaşdırdığı hökumətlərin acizliyinin səbəbi də elə məhz bu oldu. Lakin 1918-ci ilin əvvəlində Seymin real qanunverici orqan ola bilməməsinin və Zaqafqaziya xalqları təmsilçilərinin konfransına bənzər quruma çevrilməsinin digər səbəbləri də vardı. Faktiki vətəndaş və millətlərarası savaş, daxili hərc-mərclik hökm sürən, aclıq və epidemiyalarla müşayiət olunan ərzaq böhranı keçirən bölgədə durumu idarə etmək mümkünsüz idi. Odur ki Seymin öhdəsindən gələ bildiyi maksimum vəzifə və özünəməxsus tarixi missiyası Zaqafqaziya respublikalarının postimperiya xaosu, anarxiya və sovet Rusiyasındakı vətəndaş savaşından iki illik müstəqil mövcudluq dövrünə tədricən, qan tökmədən keçidini təmin etmək oldu. 

Bir tərəfdən, sovet Rusiyası, digər tərəfdən isə, Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyənin martın 3-də Brest-Litovsk sülh müqaviləsini imzalamaları Zaqafqaziyanın aparıcı milli-siyasi qüvvələri arasında ziddiyyətlərin artmasını stimullaşdıran ən önəmli amilə çevrildi. Müqavilənin 4-cü maddəsinin Zaqafqaziyadakı duruma birbaşa aidiyyəti var idi. Bu maddəyə görə, Rusiya "Şərqi Anadolu vilayətlərinin tezliklə təmizlənməsi və onların Türkiyəyə qaytarılmasının təmin edilməsi üçün ondan asılı olan hər şeyi etmək" barədə öhdəlik götürürdü. Ərdəhan, Qars və Batum çevrələri də dərhal rus qoşunlarından azad edilməli idi. Həmin maddədə o da qeyd edilirdi ki, Rusiya "bu əyalətlərin daxili və beynəlxalq hüquqi münasibətlərinin yenidən təşkilinə qarışmayacaq, buraların əhalisinə qonşu dövlətlər, xüsusən də Türkiyə ilə razılıq əsasında yeni quruluş bərqərar etmək imkanı yaradacaq".  Başqa sözlə, bölgədə 1877-1878-ci illərdəki Rusiya-Türkiyə sərhədi bərpa olunur, Osmanlı Türkiyəsinin bölgədəki duruma təsirinin əhəmiyyətli dərəcədə güclənməsi və Zaqafqaziya quberniyalarının Rusiyadan qopmaları üçün ilkin hərbi-siyasi şərtlər yaranırdı. Sonuncunun Zaqafqaziya ilə münasibətləri isə heç də sadə deyildi. 1917-ci ilin dekabrında Zaqafqaziya komissarlığı ilə Ərzincan Barışığının imzalanmasına baxmayaraq, Türkiyə ordusunun komandanlığı Qafqaz cəbhəsinin dağılmasından yararlanmaq və 1914-1917-ci illər Rusiya-Türkiyə savaşı zamanı itirilmiş əraziləri geri qaytarmaq qərarına gəldi. 1918-ci il fevralın əvvəllərində Vəhib paşanın komandanlıq etdiyi 3-cü Osmanlı Ordusu üç strateji (Trapezund-Batum, Ərzincan-Ərzurum-Axalsix, Ərzurum-Qars-Aleksandropol) və bir lokal (Bəyazid-İqdır-Üçmüədzin) istiqamətdə hücuma keçdi. Lakin türk ordusunun yaz kampaniyası digər bir mühüm məqsəd də güdürdü - ermənilərin işğalı altında olan ərazilərdə yaşayan minlərlə müsəlmanı xilas etmək. Britaniyalı tarixçi-türkoloq, Mustafa Kamal Atatürkün ən populyar tərcümeyi-hallarından birinin müəllifi Endryu Manqonun sözlərinə görə, "osmanlıların Şərqə doğru irəliləməsi üçün başqa səbəb də vardı: erməni millətçiləri əvvəllər qisasçı qətllər və etnik təmizləmələr siyasətinin qarşısını almağa çalışan rus qoşunlarının bu əraziləri tərk etmələrindən sonra yaranan boşluğu doldururdular. Çar generalı Nəzərbəyov erməni korpusunun komandanı oldu və indi Osmanlı dövlətinin 1914-cü ildəki sərhədlərindən qərbə və şərqə doğru məskunlaşan müsəlmanların həyatı təhlükədə idi".

Həqiqətən, həmin vaxt üçün rus hərbi hissələri artıq evakuasiya (qismən də fərarilik) edilmişdi və Ərzincan-Van cəbhə xəttini sayı, təxminən, 6 000 nəfər olan erməni nizami qoşunları müdafiə edirdi. Onların özəyini hələ 1915-ci ilin aprel-may aylarında Qafqaz Ordusu Ali Baş Komandanının əmrilə yaradılmış, hər birində min nəfərə qədər döyüşçü olan, rus ordusunun 1915-1917-ci illərdə Qafqaz Cəbhəsində apardığı ən mühüm hərbi əməliyyatlarda döyüş sınağından keçmiş erməni könüllü drujinaları təşkil etdi. Bununla əlaqədar, onu da xatırlatmaq yerinə düşər ki, Brest-Litovsk müqaviləsinə əlavə Rusiya-Türkiyə müqaviləsinin 5-ci maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tuturdu: "Rusiya Respublikası Türkiyə və Rusiya təbəələrindən ibarət olan, həm Rusiya, həm də işğal olunmuş Türkiyə vilayətlərində yerləşən erməni çetlərini tərxis etmək və buraxmaq, adları çəkilən çetləri birdəfəlik ləğv etmək öhdəliyi götürür". Lakin sovet Rusiyası erməni çetlərini ləğv etməyə tələsmirdi. Millətlərin işləri üzrə xalq komissarı İ.V.Stalinin Tsaritsın şəhərində 3 mart 1918-ci ildə verdiyi dekretlə bütün inqilab komitələri, qərargahlarına və sovet müəssisələrinə tövsiyə edilirdi ki, "erməni inqilabi təşkilatları erməni könüllü dəstələrini sərbəst formalaşdırmaq və onları maliyyələşdirmək üçün erməni burjuaziyasından vəsait toplamaq  hüququna malikdir". Sovet idarələrinə "öz vətənlərini alman-türk qəsbkarlarından müdafiə etməli olan bu dəstələrin irəliləmələrinə mane olmamaq" tapşırılırdı.

O qədər də uzun sürməyən döyüşlər nəticəsində, türklər fevralın 13-də Ərzincanı, martın 12-də isə Ərzurumu tutdular. Türk ordusunun Zaqafqaziyaya yaxınlaşması Seymi Türkiyə ilə danışıqlara başlamağa vadar etdi. Danışıqlar martın 14-də Trapezundda başladı. Elə birinci gün türk nümayəndə heyəti Seymin nümayəndə heyətindən Brest-Litovsk şərtlərini qəbul etməyi və Rusiyadan müstəqilliyini bəyan etməyi tələb etdi. Sonuncu şərt Türkiyə üçün xüsusi önəmə malik idi - müstəqil, Rusiyadan asılı olmayan Zaqafqaziya onun üçün sərfəli qonşu olardı, çünki sonrakı hadisələrdən göründüyü kimi, türklər "müstəqil" Zaqafqaziyaya Brest-Litovsk müqaviləsində nəzərdə tutulduğundan daha geniş ərazi ayırmaq  niyyətində idi. Lakin Trapezund konfransı nəticəsiz başa çatdı - Seymin erməni və gürcü deputatları Türkiyəyə müqavilədə nəzərdə tutulan ərazi güzəştlərilə barışa bilmədilər. Məsələn, gürcü siyasətçiləri Batumun güzəştə gedilməsini "milli və partiya intiharı" sayırdılar. Azərbaycanlı deputatlar isə fərqli mövqe tutdular. Seymin fevralın 22-də keçirilən və Zaqafqaziyanın müstəqilliyinin müzakirə olunduğu doqquzuncu toplantısında "İndiyə qədər biz Zaqafqaziyanın formal müstəqilliyinin elan edilməsi məsələsinə çox böyük ehtiyatla yanaşır, mərkəzi Rusiya ilə hansısa əlaqənin saxlanmasının zəruri olduğunu hiss edirdik", - bəyanatını verən Fətəli xan Xoyski daha sonra etiraf edib: "Lakin indi qarşımızda Türkiyə ilə sülh bağlanması məsələsi durur". "Seym Zaqafqaziyanın suveren olmasının bəyan edilməsinin zəruriliyini qəbul etməlidir, çünki yaranmış şəraitdə sonrakı mövcudluq ağlagəlməz və mümkünsüz görünür", - deyə Xoyski bildirmişdir. Xoyski Türkiyə ilə sülh danışıqlarının təməli kimi gürcü və erməni fraksiyalarına da sərf edən 1914-cü il sərhədlərinin götürülməsini təklif etsə də, onun bu bölgəni müstəqil elan etmək çağırışı dəstəklənmədi.  

Regional qeyri-sabitliyin və nəticədə, həm də Seymin işində böhran yaranmasının önəmli amillərindən biri aybaay güclənən erməni-azərbaycanlı qarşıdurması idi. Onun kökündə bu dövrdə Zaqafqaziyanın müxtəlif bölgələrində - Qars vilayətində, İrəvan quberniyasında, qəzalarda müsəlman əhalisinin erməni hərbi birləşmələri tərəfindən sıxışdırılması, bəzi yerlərdə bunun kütləvi qırğın şəklini alması dururdu. Fevral ayında İrəvan quberniyasında başlanan hadisələr xüsusilə kəskin səciyyə kəsb etmişdi - quberniyanın dörd qəzasında təxminən 135 min nəfər əhalisi olan 200 qədər Azərbaycan kəndi tarmar edildi. Bu cinayətkar əməllər nəticəsində 80 minə qədər müsəlman qaçqın düşdü. Seymin aprelin 10-dakı toplantısında onun üzvü Seyidov belə bir haqlı qənaətini açıqladı ki, müsəlmanların ermənilər və erməni ordu hissələri tərəfindən qırılması "konkret məqsəd təqib edir - erməni qaçqınları üçün ərazi boşaltmaq və müstəqil Ermənistan üçün yığcam bir məkan yaratmaq". Bu məsələnin 13 mayda müzakirəsinin gedişində deputatlar qeyd etdilər ki, "diyar daxilində hərc-mərcliyin artması, qonşu millətlərin bir-birinə inamsızlığı və Türkiyənin yardımının yubanması artıq ölkəni məhv olmaq ərəfəsinə gətirib çıxarıb və belə bir durum əsaslı və real tədbirlərə əl atmağa vadar edir". Belə tədbirlər qismində Türkiyə tərəfindən yardımın sürətləndirilməsi üçün Batuma nümayəndə heyəti göndərilməsi, Azərbaycanın geniş səlahiyyətlərə malik general-qubernatorunun təyin edilməsi və Zaqafqaziyanın üç əsas xalqının ərazilərinin ayrılması müəyyənləşdirildi.

Lakin Seymin sıralarının vəhdətinə daha güclü zərbəni martın axırı - aprelin əvvəllərində Bakıda və Bakı qəzasının kəndlərində həyata keçirilən etnik təmizləmə endirdi. Bu zaman erməni silahlı birləşmələri 30 minə yaxın dinc sakini qətlə yetirdi. Bu hadisələr, bir tərəfdən, Seymdəki azərbaycanlı və erməni siyasi qüvvələri arasında kəskin siyasi qarşıdurma, digər tərəfdən isə, müsəlman fraksiyasının özündə müsavatçılarla bolşeviklər arasında parçalanma doğurdu.

Azərbaycanlı deputatları mayın 28-də Zaqafqaziya və onun şərq hissəsinin "Azərbaycan" adı altında müstəqilliyinin bəyan etməsi məsələsini qaldırmağa təhrik edən güclü impuls da elə məhz Bakıda dinc müsəlman əhalisinin qətliamı oldu. Seym rəhbərliyinin və Zaqafqaziya hökumətinin bu olaylara etinasız, passiv münasibətindən (bu, tamamilə anlaşılan idi, axı Zaqafqaziya hökumətində real hakimiyyətə sədr və hərbi nazir Gegeçkori, daxili işlər naziri Ramişvili və maliyyə naziri Karçikyanın simasında triumvirat yiyələnmişdi) müsəlman deputatlar narazılıqlarını bildirir və bütün müsəlman nazirlərin hökumətdən çıxması ilə hədələyirdilər. Bütün müsəlman fraksiyalarının aprelin 7-də keçirilən birgə toplantısında Seym üzvü Xoyski "Seymin bütün müsəlman fraksiyalarının Zaqafqaziyanın müstəqilliyinin elan edilməsini birmənalı şəkildə arzuladıqlarını bütün məsul partiyaların diqqətinə çatdırmaq" təklifini irəli sürdü və hətta bəyan etdi ki, "digər partiyalar bu məsələdə etinasız qaldığı halda, biz Şərqi Qafqazın müstəqilliyinin elan edilməsi məsələsinin müzakirəsinə başlamağa məcbur olacağıq". Bu, Azərbaycanın müstəqilliyinin bəyan edilməsinin mümkünlüyü barədə azərbaycanlı siyasətçilər tərəfindən verilən ilk açıqlama idi. 


MƏSLƏHƏT GÖR:

403