19 May 2024

Bazar, 11:02

BƏDƏNİN VƏ RUHUN GÜCÜ

Azərbaycanın qədim idman ənənələri yalnız fiziki gücün deyil, həm də düşüncənin inkişafını təmin edib

Müəllif:

16.06.2015

Azərbaycanın bütünlükdə tarixi kimi, idman ənənələrinin kökləri də çox dərinə gedir. Bu ənənələrin bir çoxu müasir dövrümüzədək gəlib çıxıb: bəziləri olduğu kimi, bəziləri bir qədər dəyişərək.

 

Güləş

Azərbaycanda idman yarışı olan güləş qədim zamanlardan populyar olub. O, xüsusi ayrılmış məkanlarda - zorxanalarda keçirilib. Zorxanalar idman arenaları idi. Onun adı fars əsilli iki sözdən götürülmüşdü - "zor" güc, "xana" isə ev anlamı verir. Yəni "güc evi". Zorxanalar haqda ilk fikirlərə Səfəvilər dövründə (XV-XVI əsrlər) rast gəlinir. O dövrün pəhləvanları böyük hörmətə, ehtirama malik olublar; onların rəhbəri olan pəhləvanbaşı görkəmli dövlət xadimləri ilə bir cərgədə dayanıb.

Pəhləvanlar xüsusi alətlərin köməyilə döyüşüblər: zorxana mili, toppuz, qalxan, idman daşı. Bilavasitə döyüşöncəsi isə güləşçilər xalq musiqi alətlərinin sədaları altında məşq ediblər. Güman ki, bu, onların ruhlanması üçün belə edilib. Bu məşqdən sonra ağır alətlərlə məşq keçirilib - cəldlik, dözüm məşqləri. Yalnız bundan sonra pəhləvanlar döyüş meydanına çıxıblar. Pəhləvanların cəmiyyət üçün əhəmiyyəti çox böyük olub: axı, düşmən basqınları, kəndlərarası toqquşmalar və ya yadellilərin hücumları zamanı ən öndə məhz pəhləvanlar dayanırdı.

Xalı üzərinə çıxan pəhləvanlar mütləq bir-birini salamlamalı idilər. Sonra onlar meydanı gəzirdilər. Bu, musiqi sədaları altında meydanda yüngül rəqs hərəkətləri edərək dolaşmaq idi. Sonda hakimin işarəsi ilə pəhləvanlar bir-birinin əlini sıxır, nağara-zurna sədaları altında çiyinlərini 3 dəfə bir-birinə vuraraq savaşa başlayırdılar.

Qədim zamanlarda güləşçilərin dizlərinə kiçik aynalar bağlanardı. Onlar özünəməxsus indikator rolu oynayırdılar: döyüş zamanı pəhləvanın dizi yerə gəlməklə aynalar sınırdısa, demək o, məğlubdur. İndi bu məsələ daha müasir şəkildə, xal hesabı ilə həll olunur. Qeyd etmək lazımdır ki, güləş adi idman yarışı çərçivəsilə məhdudlaşmır. O, həm də şou, incəsənət növüdür. Pəhləvanların nümayiş etdirdikləri artistizm və plastika güləşi bayramların, xalq gəzintilərinin atributuna çevirib. O, həm də mədəni irsin bir hissəsidir. Axı, pəhləvanlar dastanların, xalq nağıllarının dəyişməz qəhrəmanlarıdırlar.

 

Çövkən və digərləri

Qədim xalqlar vaxtlarının əksər hissəsini at belində keçiriblər. Onların həyatı, həyatlarının müxtəlif mərhələləri və əlamətdar hadisələri böyük ölçüdə at sürməklə bağlı olub. Bu, çoxsaylı yarışlar, idman növləri kimi də meydana çıxıb. Bu işdə yalnız gənclər deyil, qızlar da fəal iştirak ediblər - onlar da kişilərlə bərabər bacarıq nümayiş etdiriblər. Cıdır yarışları ilə yanaşı, at üstündə güləş, "qılıncsallama", "yambaqapma", "çövkən", "buzqışı" kimi yarışlar da mövcud olub. Bu gün çövkən at belində oynanılan komanda idman yarışıdır. O, milli idman növləri siyahısına daxildir. Ümumiyyətlə, çövkənı müasir at polosunun əcdadı sayırlar. Bu idman zamanı xüsusi təlim keçmiş atlardan istifadə olunub. Çövkən yüksək təbəqə, artistokratlar arasında oynanılan oyun sayılıb. Şah ailəsinin üzvləri dəfələrlə bu oyunu oynayıblar. Onun qaydaları elə də çətin deyil: iştirakçılar iki komandaya ayrılır, topu əllərindəki ağac vasitəsilə rəqib qapısından keçirməyə çalışırlar.

Atla oynanan digər idman növləri arasında vaxtilə "papaq oyunu", "sür papaq", "qızqov" kimi oyunlar da geniş yayılmışdı.

"Qızqov" oyununda idman bacarığı ilə yanaşı, oyundakı artistizm də diqqəti cəlb edir. Atlı və onun xanım rəqibi cıdıra çıxır, qıza 12-15 metrlik fora verilir. Ümumilikdə, atların çapılacağı məkanın uzunluğu 400 metrdən çox olmur. Yarış start verildikdən sonra atlı qızı yaxalamalıdır. Bu halda o, qızı qucaqlamaq və öpmək haqqı qazanır.

Geri qayıdarkən isə qaydalar dəyişir: bu dəfə qız oğlanı qovur və əgər onu yaxalayırsa, öpüşlə deyil, qamçı zərbələrilə "mükafatlandırır". Özü də, əgər qız çox güclü vurursa, deməli birinci mərhələdə oğlan çox "əliuzunluq" edirmiş. Bu zaman oğlan zərbələrdən yayınmaq üçün yəhərin sağına və ya soluna əyilir, həmçinin qızdan imdad diləyir - bir sözlə, bu, tamaşaçılar üçün əsl əyləncədir.

"Papaq oyunu" daha çox məzəli oyundur. Bu oyunda aralarında 1-i qız olmaqla, 5 atlı rəqibin papağını ələ keçirməyə çalışırlar. Bu zaman onlar öz papaqlarını da başlarında saxlamağa nail olmalıdırlar. Oyun zamanı qızların başındakı papağı götürmək olmaz. Bu qısamüddətli oyunda ən çox papaq toplamış şəxs qalib elan olunur.

"Papaq sür"ə gəlincə, o, sanki at üzərində oynanan basketboldur. Papaq və ya onu əvəzləyən, xəzdən tikilmiş top qurulmuş halqaya salınmalıdır. Papağı rəqibin halqasından daha çox keçirən komanda qalib hesab olunur. Oyunun əlavə çətinliyi də var - yerə düşmüş papağı atdan enmədən götürmək lazımdır. 

 

Əqli oyunlar

Əksər idman yarışları sadəcə oyundur. Onlardan biri də daha çox uşaqların, yeniyetmələrin oynadığı, əsasən Novruz bayramında oynanan "dirədöymə"dir. Bu oyunun qaydalarına görə, uşaqlar iki komandaya bölünür, dairə çəkir və püşk atırlar. Püşkün nəticəsinə görə oyunçular dairəyə daxil olur, qalanları isə dairədən kənarda dayanır. Onların hər biri ayağının altına kəmər qoyur. Dairəyə daxil olmayanlar kəməri rəqibdən almağa, qarşı tərəf isə buna mane olmağa çalışır.

Böyük İpək yolu ilə hərəkət edən karvanlar yalnız mal, ədviyyat, yemək daşımayıb. Onlarla qeyri-maddi dəyərlər - ənənələr, mədəni adətlər və s. də gəlib. Məsələn, Şərqdən - Yaponiya və Çindən "Qalaqapı" oyunu gəlib və Azərbaycanda geniş populyarlıq qazanıb. O, daha çox "Qo" kimi tanınır. Bu oyunda, adətən, ağ və qara daşlardan istifadə edilsə də, Azərbaycanda oyunçular ağ və qara kişmişdən istifadə ediblər. Bu üzdən də, o, "kişmiş oyunu" adı qazanıb. Bir sıra digər idman yarışlarından fərqli olaraq, "Qalaqapı"da peşəkarlarla həvəskarların qarşı-qarşıya gəlməsi də mümkündür. Bu oyunda ən yüksək bacarıq göstərmiş şəxs Ustad adlanır. Talıb (tələbə), Usta səviyyələri də var. Oyunu iki oyunçu oynayır. Onlardan biri ağ, digəri qara daşları götürür. Hədəf oyun taxtasında oyunçunun rəqiblə müqayisədə daha böyük ərazini öz daşları ilə əhatəyə almasıdır.

"Qalaqapı" bütün Azərbaycanda geniş yayılmışdı - Təbrizdə, Şəkidə, Dərbənddə, Naxçıvanda, Ərdəbildə, Şuşada. Ötən əsrin əvvəlində bu oyunu çox adam oynayırdı. Onlar əsasən ziyalılar idilər. Lakin bu oyunun adi insanlar arasında da geniş yayıldığını göstərən amillər var. "Qalaqapı" masaüstü əqli oyun olmaqla yanaşı, həm də fəlsəfədir. O, oyunçuların dünyagörüşünü, məişətini nümayiş etdirirdi.

Milli idman növləri sırasında bütün dünyada məşhur olan nərd də var. Bununla yanaşı, Azərbaycanda şahmat da geniş yayılıb. XII əsrdə, mədəni inkişafın yüksək olduğu, elm və incəsənətin çiçəkləndiyi dövrdə şah saraylarında əsas əyləncə vasitələrindən biri məhz şahmat olub. Məşhur Azərbaycan şairəsi Məhsəti Gəncəvi o qədər mahir şahmat ustası olub ki, onun iştirakı ilə keçirilmiş oyunların yazıları hələ də qorunub saxlanılır. Qafqaza səfər edən Aleksandr Düma Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvan ilə şahmat oynayıb və rəqibin oyununa valeh olub.

Bütün sadalananlar Azərbaycanda qədim dövrdən yalnız fəal, fiziki hazırlıq tələb edən idman növlərinin deyil, masaüstü əqli oyunların da populyar olduğunu göstərir. Bu göstərir ki, qədim idman ənənələri yalnız bədənin deyil, həm də ruhun sağlamlığının qayğısına qalıb.



MƏSLƏHƏT GÖR:

638