5 May 2024

Bazar, 18:17

MƏNİM GÖZƏLLİKLƏR MƏSKƏNİM

Müasir görkəm almış Bakı, eyni zamanda, çoxəsrlik tarixə malik irsini də qoruyub-saxlayır

Müəllif:

30.06.2015

"Küləklər şəhəri", "Şərqin Parisi", "Yeni Dubay"... Azərbaycan paytaxtına - möhtəşəm Bakıya səfər edən turistlər şəhərə bu cür çoxlu adlar verirlər.

O, "Paris"ə XIX əsrin sonları, XX əsrin əvvəllərində yaşadığı ilk tikinti bumundan sonra çevrilib. Bu dövrdə ölkədə həm də neft bumu yaşanırdı. "Yeni Dubay"a isə Bakı XIX əsrin əvvəllərində, tikintinin növbəti dəfə geniş vüsət alması ilə çevrilib. O illərdə şəhərdə yeni binalar - müasir ofislər, nəhəng ticarət mərkəzləri, yaşayış göydələnləri peyda olmağa başladı... Lakin eyni zamanda, Bakı ən müxtəlif memarlıq üslublarını, Şərq və Avropa ənənələrini özündə cəmləşdirir.

 

Tarixin şanlı səhifələri

Bakının bütün dünyadan olan səyyahların diqqətini özünə cəlb etməsi təəccüblü deyil. Müsəlman Şərqində ilk teatr məhz burada yaradılıb, ilk opera burada səsləndirilib, Azərbaycanın ilk kitabxanası burada açılıb...

Bu gün Bakı Azərbaycanın ən nəhəng mədəniyyət mərkəzidir. Burada çox sayda muzeylər, kitabxanalar, teatrlar, filarmoniyalar, opera teatrları və kinoteatrlar fəaliyyət göstərir. Lakin biz geri boylansaq, görərik ki, Bakının tarixi kökləri paleolit dövrünə gedib -çıxır. Bu, Abşeron yarımadasında qədim insanların yaşadıqları dövrdür.

Şəhər qədim Xəzərin sahilində kiçik qala-yaşayış məskəni kimi yaranıb. O, hər tərəfdən möhkəm qala divarları ilə əhatə olunub. İlk minilliyin əvvəllərində isə Bakı artıq inkişaf etmiş liman şəhərinə çevrilib.

Müxtəlif dövrlərdə Bakı müxtəlif görünüşə sahib olub. Müxtəlif arxeoloji tapıntılar Bakının çiçəklənməsinin hələ antik dövrə təsadüf etdiyini göstərir. Turistlərin ən çox baş çəkdikləri məkanlardan biri İçərişəhərdir. Onu "Qədim şəhər", "Bakı akropolu" da adlandırırlar. Xəzərin sahilindəki dəniz qalası elə budur. Onun uğrunda saysız-hesabsız hökmdarlar savaşıblar. İçərişəhərdəki orta əsrlərə aid bir çox tikililər dağılmış antik binaların özülü üzərində ucaldılıb. Onların bir hissəsi hələ də identifikasiya olunmayıb.

İçərişəhərdə insanların hələ tunc dövründə yaşadıqları, VIII-XI əsrlərdə isə qalanın insanlarla dolu olduğu dəqiqliklə məlumdur. Odur ki, bu gün İçərişəhər Bakının ən qədhim yaşayış məhəlləsidir. 1977-ci ildə o, tarix-mədəniyyət qoruğu elan edilib, 2000-ci ildə isə YUNESKO-nun Dünya İrsi Siyahısına salınıb.

Bu təkrarolunmaz tarixi ansamblda bir neçə nadir qədim abidə var - Şirvanşahlar sarayı, Qız qalası, məscidlər və minarələr, hamamlar, karvansaralar.

İçərişəhər unikal məkandır. XVII-XIX əsrlərdə Bakı qədim qaladan kənarda olmayıb. Həm hökmdarların sarayları, həm də adi yaşayış məntəqələri burada yerləşib. Qalanın ərazisi böyük olmayıb. Bu səbəbdən də qədim zamanlardan burada evlər, demək olar ki, bir-birinə bitişik tikilib. Nəticədə, İçərişəhərdə dəbdəbəli bağçalar, üzümlüklər görmək mümkün deyil. Əvəzində burada əsl qədimilik atmosferinə düşcək, kiçik həyətləri olan balaca binaları görəcəksiniz. Onları bir-birindən ensiz küçələr, dalanlar və döngələr ayırır...

Şəhər yalnız XIX əsrdən sonra qala divarlarından kənarda da inkişaf etməyə başlayıb. Bu zaman ikinci - xarici qala divarı inşa edilməli olub. Onu daxili divardan dərin xəndək ayırır. Bu səbəbdən də İçərişəhərə baş çəkən turistlər 25 qülləsi və 5 qapısı olan yalnız 1 qədim qala divarı görə bilir. Bu məkanın ruhunu sözlərlə ifadə etmək mümkün deyil. İçərişəhərdə siz fərqli dünyaya düşürsünüz. Bu, Bakı səs-küyündən ayrı olan bir dünyadır.

Burada çox şey var - turistlərə qədim Azərbaycan xalçalarının, papaqların, xəncərlərin, mis və saxsı qabların təklif olunduğu çoxsaylı suvenir piştaxtaları, məscidlərdən gələn ibadətə çağırış olan azan səsi, qədim Hacı Qayıb, Ağa Mikayıl, Qasım bəy hamamları, Şirvanşahlar sarayı...

Qədim çay daşı ilə döşənmiş hər bir küçə, hər bir ev qalanın qədim tarixindən xəbər verir. Burada gözlərinizi bir anlıq yummaqla, əsrlər öncəyə gedəcəksiniz, gözlərinizin önünə zəngin ticarətçilərin, yerli alverçilərin xalça, parça, qızıl daşıyan karvanları gələcək; bir anlıq ilk Bakı neftinin satışından varlanmış neft maqnatlarını, çarşaba bürünmüş ədəbli Azərbaycan qadınlarını görəcəksiniz...

 

Boyun əyməyən...

Silindrik formalı nəhəng daş qala sizi təəccübləndirəcək. Bu qala Xəzərə istiqamətlənən iri bir qayanın üstündə tikilib. Bu gün qalanın divarlarını Xəzərin suları islatmır - onunla dəniz arasında prospekt və məşhur Bakı bulvarı yerləşir.

Qız qalası haqqında əfsanəyə görə, istəmədiyi oğlana ərə getməyə məcbur edilən qız bundan xilas olmaq üçün özünü qaladan Xəzərə atıb.

"Qız" sözü "əlçatmaz", "boyun əyməyən" anlamı verir.

Əfsanələr öz yerində, amma bu nadir qalanın hansı məqsədlərlə inşa olunduğu bu gün də dəqiq bilinmir. Onun ərazisi çox kiçikdir və üzərində ensiz pəncərə oyuqları var. Bu, qalanın müdafiə üçün nəzərdə tutulduğunu söyləməyə əsas verir. Güman ki, o, atəşpərəstlərin məbədi olub. XVIII-XIX əsrlərdə isə mayak rolu oynayıb.

Qədim Şərqin unikal tikilisi olan Qız qalası Bakının ən əzəmətli və müəmmalı abidəsi, Azərbaycan paytaxtının rəmzidir. Orada dəfələrlə bərpa işləri aparılıb. Bu gün qalaya bitişik kiçik bazar meydançası və arkada da bərpa edilib. Qız qalası 2000-ci ildə YUNESKO-nun abidələr siyahısına daxil edilib.

Qalanın hündürlüyü 29,5 metr, diametri 16,5 metrdir. Onun içərisi 8 yarusa bölünüb. Yarusların hər biri daş günbəzlə və dairəvi dəliklə örtülüb.

Qız qalasının içərisində muzey yerləşir. Orada qədim xalçalara, ləvazımatlara, XVIII-XIX əsrlərin məişətini nümayiş etdirən maraqlı instalyasiyalara baxmaq mümkündür.

Qalanın içərisindəki golanbac pilləkən vasitəsilə onun zirvəsinə çıxmaq olur. Orada sərin havada Bakı buxtasının valehedici gözəlliyindən zövq ala bilərsiniz.

 

Qalanın xəzinəsi

Azərbaycan memarlığının əsl xəzinəsi, XV əsrdə tikilmiş Şirvanşahlar sarayı da İçərişəhərdə yerləşir. Bu möhtəşəm saray sanki Bakı təpəsindən aşağı enir - onun üç əsas məqamı müxtəlif yüksəkliklərdə yerləşir. Ansambla bilavasitə sarayın ikimərtəbəli binası, sərdabə, məscid, divanxana, Seyid Yəhya Bakuvi məqbərəsi, hamam, "Murad qapıları" daxildir.

Orta əsrlərə mənsub ustaların heyrətamiz əl işləri çoxsaylı tursitləri bu məkana cəlb edir. Qədim yaradıcılıq məhsullarından zövq alan turistləri Şirvanşahlar sarayında hər an görmək olar.

Cümə məscidi də İçərişəhər ərazisində yerləşir. Müsəlman zəvvarların, həmçinin çoxsaylı turistlərin baş çəkdikləri daha bir məkan buradır. O, atəşpərəstlərin məbədinin yerində tikilib. Qədim tikilidən cəmi 4 arka qalıb. Onların qədim məbədə aid olduğu guman edilir.

Əksər müasir arxeoloqlar hesab edirlər ki, Cümə məscidinin yerində atəşpərəstlərin toplaşdıqları bütpərəstlərin dini mərkəzi yerləşib.

Artıq XIV əsrdə məbəd məscidə çevrilib. Bunu "...Hicri təqvimi ilə 709-cu ilin rəcəb ayında (1309-cu il) Əmir Şərəf əd-Din Mahmud bu məscidin bərpa edilməsi haqda göstəriş verib" yazısı da təsdiqləyir.

XV əsrdə məsciddə minarə tikilib. XIX əsrin sonlarında isə köhnə məscid istifadəyə yararsız hala düşüb və bu səbəbdən də onun yerində yenisi - Cümə məscidi tikilib.

 

"Alov şölələri" 

Həyat elə gətirib ki, Azərbaycan ərazisində yaşamış qədim əhalinin etiqad etdikləri zərdüştilik müasir Bakının memarlığında da əksini tapıb. Amma daha dəqiq olsaq, qədim zamanlardan Azərbaycanı "Odlar diyarı" adlandırıblar. Bu, yer səthinə yaxın neft və qaz yataqlarından daim alov çıxması ilə əlaqədardır. Bakının gələcək herbinin rəmzi də buradan gəlib - orada alov şölələri əks olunub.

İndi isə Bakının yüksək nöqtəsində, Bakı buxtasına tərəf yeni, lakin, artıq dünyada məşhurluq qazanmış Flame Towers ("Alov qüllələri") peyda olub. İndi onlar paytaxtın rəmzinə çevrilib. Bu 3 uca binada otel, ofislər və yaşayış sektoru yer alır.

Flame Towers az qala şəhərin hər bir nöqtəsindən görünür. Bu, yalnız onların ucalığı ilə yox, həm də möhtəşəm işıqlandırılması ilə bağlıdır. Yeri gəlmişkən, binaların işıqlandırılması bu sahədə dünyada ilk yeri tutur. Qüllələrin üzəri tamamilə LED ekranlarla örtülüb və orada müxtəlif səhnələr nümayiş olunur. Ekrana çıxan hər bir görüntü "alovun hərəkəti"lə dəyişir. Axşam və gecə saatlarında bu qüllələr sanki nəhəng məşəl təsiri bağışlayır. Bu tamaşaya - hərəkətdə olan alova - usanmadan tamaşa etmək olar. 

 

Əfsanəvi Qala

Bakı yalnız çoxsaylı qədim abidələri olan İçərişəhərdən və qeyri-adi göydələnlərdən ibarət deyil. Şəhər onlarca kəndin əhatəsindədir. Onların əksəriyyəti turistlər üçün böyük maraq kəsb edir. Bu maraq heç də yalnız kəndlərin Xəzərin sahilində yerləşməsi, gözəl çimərliklərə, sanatoriyalara, pansionatlara, müalicəxanalara sahib olması ilə bağlı deyil. Burada Bakının cəmi bir neçə kilometrliyindən Azərbaycanın qədim tarixi ilə tanış olmaq mümkündür.

Bakı ətrafında yerləşən, o qədər də böyük olmayan Qala kəndində nə az, nə çox - düz, 243 tarixi memarlıq abidəsi var.

Bu ərazilər zəngin tarixi keçmişə malikdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. 1988-ci ildə ərazisi 200 hektardan artıq olan Qalanın Döalət Tarix-Etnoqrafiya Qoruğu elan olunması əbəs deyil. Qala XIV əsrin "əsəri"dir və indi, təəssüf ki, tamamilə dağıdılıb. Bu gün orada sadəcə qala divarlarının qalıqları və ona bitişik olan, orta əsrlərə aid Cümə məscidi qalır. Oradan yeraltı qalereyaya giriş də var.

Kəndin ərazisində bir neçə qədimi hamam, quyu və su anbarı var. Su quyuları arasında ən qədimi 1665-ci ilə aiddir. O, qəbiristanlığın ərazisindədir. Elə həmin qəbiristanlıqda sərdabə şəklində nadir qəbirlər, XVII-XVIII əsrlərə aid qədim məqbərələr var.

 

Əbədi məşəl məbədi

Lakin güman ki, əsl ekzotika dünyaca məşhur zərdüştlük məbədi - "Atəşgah"dır. O, Bakının mərkəzindən 30 kilometr məsafədə, Suraxanı qəsəbəsinin kənarında yerləşir. Bu ərazi unikal təbii fenomeni ilə məşurdur: burada yer səthinə çıxan qaz oksigenlə qarışaraq alovlanır. Ərazinin "Atəşgah əbədi məşəl məbədi" adlandırılması da bununla bağlıdır.

Məbəd hazırkı formasında XVII-XVIII əsrlərdə Bakıda yaşamış, sikxt kastasına aid hindu icması tərəfindən tikilib. Lakin məbədin tarixi daha qədimdir. Təxminən, eramızın əvvəllərində burada atəşpərəst zərdüştilərin ibadət yerləri olub. Məlum olduğu kimi, onlar alova mistik əhəmiyyət verirdilər. O dövrdə saysız-hesabsız inanclı insan ibadət üçün məhz buraya üz tutub.

Məbəddəki ən qədim tikili 1713-cü ilə aiddir. Sonradan onun səcdəgahı tacir Kançanaqarın vəsaiti ilə 1810-cu ildə inşa edilib. XVIII əsr boyunca ətrafda tədricən karvansara, ibadətgahlar, hücrələr yaradılıb. Bu tikililərin üzərində hind əlifbası olmuş davanqari və qumrukidən istifadə edilməklə, müxtəlif yazılar yazılıb.

XIX əsrin əvvəllərində Atəşgah məbədi indiki görkəmini alıb.

Həyətin ortasında müqəddəs səcdəgah yerləşir. O, daş çardaq formasında tikilib. Səcdəgahın künclərində bir neçə ocaq var, mərkəzində isə "əbədi məşəl"in yerləşdiyi quyu. Yuxarda isə Abşeron üçün ənənəvi otaq - "balaxana" var. 

XIX əsrin ortalarında məbəddə təbii qaz kəsilib - bu, yer səthinin yerdəyişməsi ilə bağlı idi. Zəvvarlar bunu Allahın cəzası kimi qəbul edib və ərazini tərk etməyə başlayıblar. Məbəd düz, 1880-ci ilədək lənətlənmiş ərazi sayılıb. Bu gün isə "Atəşgah" hər kəsin üzünə açıqdır. İndi o, turistləri süni alovla qarşılayır.

Amma Azərbaycan ərazisində təbii qaz ehtiyatı indi də çoxdur. O, daim təbii şəkildə yer səthinə çıxır. Bakının 25 kilometrliyində, Məhəmmədi qəsəbəsində yerləşən Yanardağ turistlər arasında daha bir məşhur "əbədi məşəl" yeridir. Burada söhbət əslində dağdan yox, təpədən gedir. Təpənin ətəyində ta qədim zamanlardan qaz yanmaqdadır. O, təxminən 10 metr enində ərazini əhatə edir.

Turistlər xüsusilə mənzərənin daha baxımlı olduğu axşam saatlarında ətrafdakı skamyalarda əyləşərək yanan təpəyə tamaşa edirlər.

 

Açıq səma altında muzey

Bütün bunlarla yanaşı, təbii ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu da yaddan çıxarmaq olmaz. Bu arxeoloji qoruq açıq səma altında əsl muzeydir. Bakıdan 60 kilometr cənubda yerləşən bu qoruq qədim tarixdən xəbər verir.

XX əsrin 30-cu illərində məhz Qobustanda tamamilə təsadüfən ibtidai insan qalıqları tapılıb. Onlar özlərindən sonra nadir qayaüstü rəsmlər qoyub gediblər - mədəniyyətlərini, həyat tərzi, dünya görüşü, adət-ənənələri barədə.

Alimlərin bildirdiklərinə görə, buradakı petroqliflər müxtəlif dövrlərə aiddir. Onların arasında e.ə. X-XVIII əsrlərə aid olanlar da var, eramızın orta əsrlərinə aid olanlar da.

Bu rəsmlər bütünlükdə bəşəriyyətin təkamülünü göstərir. Dağkeçisi ovu, nizə ilə ritual rəqslər səhnələri mezolit dövrünün göstəricisidir. At, ov, döyüş səhnələri, kollektiv əmək, məhsul yığımı, ocaq ətrafında qadınlar eramızın ilk əsrinə aiddir. Orta əsrlərə yaxınlaşdıqca rəsmlərin ölçüsü kiçilir, onlar daha sxematik xarakter alır...

Qobustanda qədim insanların yaşayış məskənləri - mağaralar da aşkarlanıb. 

Burada avarlı qayıq rəsmləri də diqqəti çəkir. O, dünyaca məşhur alim və səyyah Tur Heyerdalın da böyük marağına səbəb olub.

Qobustanda Böyükdaş dağının ətəyində eramızın I əsrinə aid latın yazısı var. O, vaxtilə Roma qoşunlarının bu ərazidə olduğunu göstərir.

...Gözqamaşdıran göydələnlər, müasir ticarət mərkəzləri, çimərliklər, akvaparklar. Turistlər əksər hallarda Bakını Dubayla müqayisə edirlər. Eyni zamanda, şəhər qədim dövrlərə aid irsini də qoruyub-saxlayır.

Səhər tezdən İçərişəhərə yollanmaq, oradan əllə toxulmuş xalça almaq, qədim abidələrə tamaşa etmək, Qız qalasına çıxmaq, Azərbaycan mətbəxinin təamlarının təklif olunduğu restoranda nahar etmək, Abşeron çimərliklərindən birinə baş çəkmək, axşam isə ultramüasir barlardan birində əyləşmək, "Flame Towers"in "alov şölələri"ndən zövq almaq olar.

Müasir görkəm almış Bakı, eyni zamanda, yalnız sirli Şərqə məxsus şarmını, koloritini qoruyaraq, Şərq şəhəri olaraq qalır...



MƏSLƏHƏT GÖR:

718