5 May 2024

Bazar, 22:29

MÖCÜZƏNİN ON YEDDİ ANI

Azərbaycanda keçirilən ilk Avropa Oyunları Xeyirin Şər üzərində qələbəsi ilə bitdi

Müəllif:

30.06.2015

İlk Avropa Oyunlarının bağlanış mərasimini stadiondan seyr etmək heç də hər kəsə qismət olmadı. Biletlər mərasimdən xeyli əvvəl satılıb-qurtarmışdı. Təxminən, 70 min tamaşaçı tutumu olan Olimpiya stadionu ağzınadək dolu idi. Hələ də Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin və 17 gün davam edən əsl idman bayramının təsiri altında olan insanlar yeni möcüzə gözləyir və tribunadakı yerlərini mərasimin başlanmasından bir neçə saat əvvəl tutmuşdular. Butaformalı bir neçə səhnə, Qız qalasının nəhəng maketi və çoxsaylı digər bəzək elementləri tamaşaçılarda bir neçə dəqiqə sonra qədim Azərbaycanın nağıllar aləminə düşəcəkləri, zaman maşını ilə oradan yenidən müasir Bakıya qayıdacaqları hissini yaradırdı.

"Mərasim ənənəvi və müasir Azərbaycan mədəniyyətinin vəhdətini nümayiş etdirərək diqqəti gələcəyə yönəldir. Biz keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə necə təsir göstərdiyinin şahidi oluruq. Müasir dövrün musiqisi, rəqsi, memarlığı milli ənənələrdən qaynaqlanır və yaranan ahəngdarlıq bizi ilhamlandırır", - deyə mərasimin bədii rəhbəri Ceyms Hedli bağlanış mərasiminin ideya və məzmununu açıqlayıb. 

 

"Oyanış"

Şeypurların səsi stadiona toplaşanların diqqətini prezident lojasına cəlb etdi. Tamaşaçılar Azərbaycan Prezidenti İlham Əliyevi, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini, Bolqarıstanın dövlət başçısı Rosen Plevneliyevi, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkini, Lixtenşteyn Parlamentinin sədri Albert Friki, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrini, Avropa Olimpiya ailəsinin üzvlərini alqışladılar.

...Artıq ali qonaqlar öz yerlərini tutublar. Deməli, nağıllar aləminə səyahətə çıxmaq olar. Geriyəsayım başlayır, Azərbaycan xalçasının oyanan naxışları monitorlarda 10-dan 0-dək rəqəmlər yazmağa başlayır. Bəlkə də bu, Avropa Oyunlarının qonaqlarını görkəmli muğam ustası Alim Qasımovun üzərində əyləşərək salamladığı həmin uçan xalçanın ornamentləri idi. Nağıllar dünyasına başqa nə ilə səyahət etmək olardı ki?!

Əslində isə bu, qədim dövrlərdən Xəzər sahilinə sərilmiş böyük, gözəl xalça olan Azərbaycanın təkrarolunmazlığının nümayişi idi.  Bu xalça ekspozisiyasında çoxsaylı parlaq rənglərin, nadir ornamentlərin qarışığı Azərbaycanda müxtəlif xalqların, mədəniyyətlərin sülh şəraitində birgə yaşadığının göstəricisi idi. Təşkilatçıların "Oyanış" adlandırdıqları mərasimin ideyasını da məhz bu təşkil edirdi.

 

"Transformasiya"

Mərasim ənənəvi olaraq, ev sahibliyi edən dövlət himninin səslənməsi ilə başladı. Amma bu dəfə himn ənənəvi, klassik formasında, nəfəs alətləri orkestri və xorun iştirakı ilə ifa olunmurdu. Ölkənin əsas musiqi atributunu yeni simfonik aranjmanda vaxtilə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmiş Səbinə Babayeva və Fərid Məmmədov xorun müşayiəti ilə ifa edirdilər. Azərbaycan Bayrağı yenidən stadionun üzərində Avropa Olimpiya Komitəsinin bayrağı ilə yanaşı dalğalandı.

Azərbaycan musiqisinin sədalarını müasir dünya musiqisi əvəzləyirdi. Qız qalasının dibindən səslənən nağara ritmləri müasir zərb alətlərində əks-səda verir, Azərbaycan kamançasına Avropa skripkası cavab verir, tarın nəğməsi elektrogitaranın uzanan səslərinə keçir, balabanın məxməri melodiyasını saksofon davam etdirməyə çalışırdı. 

Səhnədə xalq və müasir rəqslərin ifaçıları bir-birlərini əvəzlədi və sonda bir-birlərinə qarışaraq vahid ansambl yaratdılar. Əsas meydandakı yüzlərlə digər rəqqasənin geyimi isə parlaq naxışlardan ibarət mozaika yaratmaqda idi. Musiqi sədaları altında səhnədə geyimləri ilə naxışlar yaradan üç nəhəng fiqur peyda oldu. Bir naxış axaraq digərinə keçir, bir mədəniyyət başqasına transformasiya olunurdu.

Bakının qədim rəmzi olan Qız qalası da tranformasiyadan kənarda qalmamışdı. Qalanın səhnədəki böyük maketi öz yerini şəhərin müasir rəmzinə - Alov Qüllələrinə verdi. Bu, uçan xalçanın zaman maşınına çevrilərək insanı keçmişdən bu günə, daha dəqiqi, qədimiliklə müasirliyin vəhdət təşki etdiyi nağıllar ölkəsinə gətirdiyi an idi. İndi bu ölkədə alov keşikçiləri hansısa çalmalı, qaşqabaqlı qocalar yox, şortlarda, krossovkalarda gəzən gülərüz, enerjili, savadlı gənclərdir. Elə Olimpiya Stadionunun monitorlarında nümayiş etdirilən qısametrajlı film də məhz onlara, Avropa Oyunlarının 12 500 könüllüsünə həsr olunmuşdu. Axı bu idman bayramının baş tutmasında təmənnasız fəaliyyət göstərən alov keşikçiləri ordusunun dəstəyi də böyük rol oynamışdı.

Bəs uşaqlar? Uşaqlarsız nə bayram?! Bağlanış mərasimində komandaların ənənəvi yürüşü uşaq xorunun ifasında "Çal-oyna" xalq mahnısının sədaları altında başladı. Sülh və həmrəylik əlaməti olaraq, uşaq xorunun üzvləri bayraqdarlara su zanbağı paylayırdılar. Bir-birinə doğru irəliləyən cərgələrin qarşısında iki bayrağın dalğalanmasını da rəmzi hadisə saymaq olar: bu, Olimpiya hərəkatının yarandığı Yunanıstanla Avropa Oyunlarının vətəni Azərbaycanın bayraqları idi.

"Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi. Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq", - deyə Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdəki çıxışında bildirdi. 

O, Azərbaycan xalqına, Prezident İlham Əliyevə və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə oyunlara verdikləri dəstəyə görə dərin minnətdarlığını bildirib: "Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq. Bu axşam biz hamınızla sağollaşırıq. Lakin sizi Azərbaycanda gələcək tədbirlərdə yenidən görməyə ümid edirik".

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə öz növbəsində dedi: "Avropa fərqliliklər və böyük rəqabət, müxtəliflik, idman və yarışma qitəsidir. Lakin burada, Avropa Oyunlarında biz ümumi inamla, ümumi bayraq altında toplaşdıq: idman və Olimpiya ideallarına doğru addımlamaq bizi ayıran yox, daha çox birləşdirən məkana aparır. Bu inam ondan ibarətdir ki, biz - Avropanın 50 ölkəsi hər dörd ildən bir iki möhtəşəm həftə ərzində birgə ola bilərik".

P. Hikki Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə, Azərbaycan rəhbərliyinə təşəkkür etdi, Bakının qarşıdan gələn Avropa Oyunları üçün standart müəyyənləşdirdiyini dedi.

Təşkilatçıların çıxışını Kristian Ştaynhauzerin xüsusi olaraq bağlanış mərasimi üçün yazdığı musiqi müşayiət edirdi.

 

Sönməz alov

Rəsmi hissəni yenidən 500 rəqqasın iştirak etdiyi nəhəng şou əvəzlədi. Başlarının üzərində altıbucaqlı, işıqsaçan qalxan tutan rəqqaslar piksellər vasitəsilə butanın və "Bakı-2015"in rəmzi olan nar ağacının qrafik şəklini yaratdılar. Onlara yuxarıdan enən sirk akrobatları da qoşuldular. 

Stadionun üzərində yenidən həzin kaman səsi eşidilməkdə idi. Səhnədə "Atəşgah" məbədi peyda olurdu. Məbədin damında dayanmış rəssam qum üzərində Simurq quşu haqqında əfsanədən "həyat ağacı" çəkirdi. Külək, dalğalar, tufan - rəssamın bütün çəkdikləri sinxron şəkildə əsas səhnədə canlanmaqda idi.

Əfsanəyə görə, sehrli Simurq quşunu axtaran bir dəstə quş onun ruhunun elə onların öz qəlblərində yaşadığını anlayır. Quşlar başa düşür ki, əgər onlar birləşərlərsə, birlikdə vahid sirli bir varlığa çevriləcəklər. Elə stadionda da əfsanə məhz bu cür canlandırılırdı.

Nəhəng alovlanan konstruksiyanın yaratdığı Simurq quşunun pərvazlanıb göyə uçması misilsiz bir mənzərə yaradır. Onun közü yerə yeni həyat toxumları kimi səpələnir, torpağa düşdükcə oyanış, dirçəliş baş verir. Bu an tribunalar yenidən canlanır. Hər kəs göydən yağan işıq diodlarını - əfsanəyə əsasən, oyanışın, yüksəlişin rəmzi sayılan yanan kömürləri tutmağa çalışır.

Artıq ilk Avropa Oyunlarının məşəli sönməkdə idi. Onun ətrafına oyunlarda iştirak etmiş 50 ölkənin rəmzi kimi, əlində lampa tutmuş 50 uşaq toplanmışdı. Məşəl sönənədək uşaqlardan biri əlindəki lampaya od vurdu, alovu digərlərinə ötürməyə başladı. Uşaqlar bir-birinin ardınca əllərindəki lampaları yandırır, səhnənin mərkəzinə yaxınlaşır, alovu digərinə ötürürdülər. Bu lampaların əmələ gətirdiyi nəhəng çıraq Avropa Oyunlarının alovunun sönməzlik rəmzi kimi göylərə ucalır. Elə Simurq quşunun özü kimi. 

Bütün bunlar Martin Rozenqarten və Kristian Ştaynhauzerin aranjmanında "Lanterns" mahnısı ilə müşayiət olunurdu. O, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in motivləri əsasında aranjman edilmişdi. Balabanda melodiyanı Şirzad Fətəliyev ifa edirdi.

Britaniyanın "Clean Bandit" qrupunun və ifaçı Con Nyumanın öz superhitləri ilə mərasim yenidən böyük dinamizm qazandı. Səhnəyə çıxan rəqqaslara atletlər də qoşuldular. İdmanda bir-birlərinə rəqib olanlar indi birlikdə rəqs edirdilər.

Qitənin müxtəlif tərəflərindən gəlmiş minlərlə insan Azərbaycanın birinci Avropa Oyunlarını keçirməsinə mane olmağa çalışanların səylərinə rəğmən, bayramı qeyd edirdilər.

Obrazlı ifadə etsək, birinci Avropa Oyunlarına yekun vuran möhtəşəm atəşfəşanlıq Xeyir qüvvənin Şər üzərindəki qələbəsinin təntənəsi idi. Elə bütün nağılların sonunda olduğu kimi.



MƏSLƏHƏT GÖR:

613