28 Aprel 2024

Bazar, 20:31

"KLASSİKLƏR"İN HƏYƏCAN TƏBİLİ ÇALMASININ VAXTIDIR

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi itkilər verir

Müəllif:

01.06.2007

Yunan-Roma güləşi üzrə Bakıda keçiriləcək lisenziyalı dünya çempionatı ərəfəsində Azərbaycan üçün milli və ənənəvi olan bu idman növü üzrə yığma komandamız ciddi problemlərlə üzləşib. Belə ki, millinin baş məşqçisi Elçin Cəfərov onsuz da barmaqla sayılacaq sayda olan yetirmələrini zədə üzündən bir-birinin ardınca itirir.

Bütün bunlar isə sərbəst güləş üzrə Azərbaycan millisinin Rusiyadan olan legionerlərin hesabına güclənməsi fonunda baş verir. Legionerləri yığmaya gətirməyə isə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Yaqub Məmmədov qərar verib (ötən il istefaya gedən təcrübəli mütəxəssis yenidən millinin sükanı arxasına keçib). Yaqub Məmmədovun həyata keçirdiyi seleksiya işləri nəticəsində ənənəvi olaraq Azərbaycan millisinin zəif tərəfi olan ağır çəkili idmançılarla bağlı problem aradan qaldırılmaqdadır və bu xətt güclənir. 

Yunan-Roma güləşi üzrə milli isə yenə də yerli idmançılara üstünlük verərək yığmaya legioner cəlb edilməsinin qəti əleyhinədir. Yeri gəlmişkən, sərbəst güləşçilərin sabiq məşqçisi Aslan Ağayev məhz legionerlərlə işləmək istəməməsinə görə, istefaya göndərilib. "Yunan-roma güləşi üzrə Azərabycan yığması heç vaxt legionerlərin xidmətindən istifadə etməyib və etməyəcək. Biz əcnəbi idmançıların iştirakı olmadan, öz gücümüzə çıxış etməyə qadirik", - deyə Elçin Cəfərov bildirib.

 

Problemlər bir-birini əvəz edir

Amma yunan-Roma güləşində ağır çəkidə (84, 96 və 120 kq) millinin şərəfini qoruyacaq idmançı yoxdur. Eyni vəziyyət sərbəst güləş üzrə millidə də mövcud olduğundan, onlar "yırtığı" legionerlərlə "yamamağa" üstünlük veriblər. "Klassiklər" isə belə addım atmağı düşünmür. Bu azmış kimi, yunan-Roma güləşi üzrə millidə həmişə güclü olan tərəfdə - yüngül çəki dərəcəsində də problemlər meydana çıxıb. Məsələn, 2005-ci ilin dünya çempionu Vitali Rəhimov (60 kq) zədələnərək qeyri-müəyyən müddətə sıradan çıxıb. Onun zədəsini sağaltması ilə məşğul olduğu dövrdə beynəlxalq arenada hər hansı uğurun qazanılmadığı da ortadadır. Hazırda məşhur güləşçi Türkiyədə müalicə olunur. Müalicənin nə dərəcədə xeyirli olacağı, idmançının sağalaraq əvvəlki formasını yığa bilib-bilməyəcəyi isə hələ heç kimə məlum deyil.

Başqa bir güləşçi, 55 kq çəki dərəcəsində çıxış edən Zakir Abdullayev də Türkiyədə müalicə olunur. Amma millinin məşqçilər heyəti bu çəki dərəcəsi ilə bağlı arxayın ola bilərlər. Belə ki, bir müddət əvvəl Sofiyada keçirilən Avropa birinciliyində qızıl medal qazanan Rövşən Bayramovun nə Azərbaycanda, nə də Avropada rəqibi var. Odur ki millimizdə ən azı Rövşəndən medal gözləmək olar.

Ən məyusedici vəziyyət isə Afina olimpiadasının qalibi Fərid Mansurovun (66 kq) durumu ilə bağlıdır. Belə ki, bir müddət əvvəl olimpiya çempionunun bel sümüyündəki köhnə zədəsi yenidən baş qaldırıb. Xatırladaq ki, Yunanıstandakı qələbədən sonra uzun müddət F.Mansurova narahatlıq verən və onun 18 ay döşəyə çıxa bilməməsinə səbəb olan zədə məhz bu idi. "Hələlik idmançılarımızın hansı durumda olduqlarını və nə vaxt sağalacaqlarını söyləmək çətindir", - deyə E.Cəfərov "R+"a açıqlamasında bildirib, - "Xüsusilə Fərid Mansurov və Zakir Abdullayevdəki zədələr ciddidir. Mansurov Almaniyada müalicə alıb, amma bu müalicə onun idmana qayıtması üçün yox, normal yaşayışının təmin edilməsi üçün həyata keçirilib. Həkimlər ona sağlam olduğunu və Allahın verdiyi ömür başa çatanadək yaşayacağını bildirsələr də, idmanla məşğul olmağı və olimpiyadaya hazırlaşmağı məsləhət bilmədilər. Açığı, Fəridin vəziyyəti son dərəcə təəssüf doğurur. Çünki o, demək olar ki, Afinadakı olimpiya oyunlarındakı idman formasını yığa bilmişdi. Lakin yenidən belə bir bəla baş verdi və mən hazırda hətta onun böyük idmana qayıda bilib-bilməyəcəyi haqda belə fikir söyləyə bilmərəm. Mansurovun əvvəlki formasını yığa bilməyəcəyi, hətta böyük idmandan gedəcəyi istisna edilmir".

 

Tuneldə işıq

Lakin bu günlərdə ümidverici xəbər yayılıb. Məsələ ondadır ki, Beynəlxalq Birləşmiş Güləş Federasiyası (FİLA) Azərbaycan tərəfinə bir qədər güzəştə gedərək 2005-ci ilin oktyabrında dünya çempionatının gümüş medalçısı olan güləşçi Hüsəməddin Rəcəbovun cəza müddətini bir qədər azaldıb. Xatırladaq ki, elə həmin turnirin gedişində idmançının qanında dopinq aşkar edildiyindən Rəcəbov sonrakı iki il ərzində beynəlxalq arenada yarışlara qatıla bilməyib. Həmin diskvalifikasiyaya əsasən, H.Rəcəbov böyük idmana yalnız bu ilin oktyabrında qayıda bilərdi. Bakıda lisenziyalı dünya çempionatının sentyabrda baş tutacağı isə hamıya məlumdur. Məhz bu səbəbdən Azərbaycan Güləş Federasiyasının rəhbərliyi FİLA-ya müraciət edərək idmançının cəza müddətinin azaldılmasını istəyib. Beynəlxalq qurum isə xahişi nəzərə alaraq H.Rəcəbovun cəzasını bir ay azaldıb ki, bu da ona artıq bu ilin sentyabrında beynəlxalq arenaya çıxmağa imkan verəcək.

Elçin Cəfərovun fikrincə, H.Rəcəbovun milli komandaya qayıtması, şübhəsiz ki, həm yığma üçün, həm də idmançının özünün perspektivi üçün yaxşı olacaq. Lakin o, hələ milliyə layiq olduğunu sübut etməlidir. "Rəcəbov hazır olacağı təqdirdə, əlbəttə ki, dünya birinciliyində çıxış edəcək. Əks halda, cəzasının müddətinin azalmasına baxmayaraq, o, Bakı mundialını buraxmalı olacaq", - deyə millinin baş məşqçisi qeyd edib: "Bütün bu müddət ərzində Rəcəbov məşqlərini davam etdirib. Lakin bir müddət əvvəl o da çiynindən zədə alıb və hazırda müalicə ilə məşğuldur. Bundan başqa, nəzərə almaq lazımdır ki, idmançı iki il ərzində turnirlərə qatılmayıb və bu təcrübədən məhrumdur. Bu səbəbdən də onun birdən-birə dünya çempionatına çıxarılması kifayət qədər riskli məsələdir. Rəcəbovun diskvalifikasiyasının müddəti sentyabrın 1-də sona çatacaq. Həmin ayın 17-də isə dünya birinciliyinə start veriləcək. Bu müddət ərzində o, necə oyun təcrübəsi toplaya bilər? İdmançıya heç olmasa bu ilin avqustundan etibarən yarışlara qatılmağa icazə verilsəydi, biz onu hansısa beynəlxalq turnirdə sınaqdan keçirə bilərdik. İstənilən halda, Rəcəbov millinin heyətində məşqlərə başlayacaq və sona yaxın onun hansı formanı yığdığı, dünya çempionatına nə dərəcədə hazır olduğu görünəcək".

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, H.Rəcəbovun milliyə qayıtması belə yunan-roma güləşi üzrə yığma komandanın problemlərini tam həll etmir və görünür dünya birinciliynə R.Bayramovun zəif çiyinləri üzərində gedilməli olacaq (onun çəkisini nəzərə alaraq). Milliyə legionerlərin cəlb edilməsinin vaxtı da artıq keçib.

Qeyd edək ki, ermənilər Bakıya legionerlərdən qurulmuş tam heyətli güclü millini gətirməyə hazırlaşır. Biz yüngül və orta çəkilərdə yarışan pəhləvanlarımızın doğma divarlar arasında azarkeşlərimizi pərt etməyəcə-yinə əminik. Amma təəsüf ki, digər çəki dərəcələrində vəziyyət o qədər də ümidverici deyil.


MƏSLƏHƏT GÖR:

380