4 May 2024

Şənbə, 22:15

ZAMANI QABAQLAYAN

Azərbaycanın əməkdar elm xadimi, texniki elmlər doktoru, professor Rəsul Şirin oğlu Quliyevin xatirəsinə

Müəllif:

01.05.2007

Martın 17-də neft emalı və neft-kimya sahəsində aparıcı alimlərimizdən biri, texniki elmlər doktoru, professor, əməkdar elm xadimi Rəsul Şirin oğlu Quliyev vəfat edib. İnformativ-analitik nəşr olan jurnalımız elm, mədəniyyət və incəsənət xadimləri ilə bağlı yubiley və əlamətdar tarixlərə nadir hallarda müraciət edir. 

Lakin bu yazını hazırlamaqla biz heç də təkcə çox vaxt ideyaları və təklifləri zamanı və əhatəsində olduğu bürokratik mühiti qabaqlayan görkəmli Azərbaycan aliminin xatirəsini yad etmək fikrində deyildik. Biz, ilk növbədə, 20 il bundan əvvəl görmə qabiliyyətini tam itirsə də, Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutundakı həmkarları ilə birlikdə ciddi elmi təcrübə və eksperimentlər keçirməkdə davam edən alimin vətəndaş və insani hünərini qeyd etmək istərdik. Son illər hərəkət etmək imkanından məhrum olsa da, aparıcı elmi jurnallarda çap edilmək üçün elmi məqalələri diqtə edən və yalnız ciddi elmi araşdırmalarla məşğul ola bilmədiyi üçün təəssüflənən insana mənəvi borcumuzu qaytarmaq arzusundayıq. 

Rəsul Quliyev 19 yanvar 1915-ci ildə Cəlilabad rayonunun sivilizasiya ocaqlarından uzaq Zəhmətabad kəndində dünyaya gəlmişdi. Valideynlərini tez itirən R.Quliyev1924-cü ildə Bakıya köçmüş və artıq 1934-cü ildə Neft Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdi. Müharibə başlanan gün - 22 iyun 1941-ci ildə o, M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda təhsilini fərqlənmə diplomu ilə başa vurdu. Sonra Bakıdakı neftayırma zavodlarında işləməyə başladı. Operatorluqdan sex rəisi vəzifəsinə qədər yüksəldi. Müharibə dövründə cəbhənin yanacaq və sürtkü materialları ilə təmin edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün çoxlu güc və enerji sərf etdi.  

50-ci illərin əvvəllərində R.Quliyev Kuybışev adına Az.ETNPİ-də (indiki AMEA Neft-Kimya Prosesləri İnstitutu - NKPİ) sürtkü materialları kimya və texnologiyası laboratoriyasına başçılıq etməyə başladı və burada 1985-ci ilə qədər çalışdı.  Laboratoriyanın əsas fəaliyyət istiqaməti Bakının neftayırma zavodlarında yanacaq, sürtkü materialları, parafin və bitumlar, kokslar və xalq təsərrüfatı və müdafiə sənayesi üçün digər mühüm məhsullar istehsal edən qurğuların layihələşdirilməsi, inşası və yenidən qurulması üçün texnoloji göstəricilər təqdim etmək idi. Bu işlərin icrası üçün institutda R.Quliyevin fəal iştirakı ilə pilot qurğularına malik təcrübə bazası yaradılmışdı. Bu böyük və gərgin iş mərhum akademik V.S.Əliyevin rəhbərliyi altında həyata keçirilirdi. 

1954-cü ildə R.Quliyev namizədlik, 1963-cü ildə isə doktorluq dissertasiyaları müdafiə etdi. 1965-ci ildə ona professor elmi adı, 1979-cu ildə isə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilib. 

Professor Quliyev Bakının neftayırma zavodlarında yağ istehsalının əsaslı yenidənqurmasının təşəbbüskarı və təşkilatçılarından biri idi. Onun rəhbərliyi altında deasfaltlaşdırma, selektiv təmizləmə, deparafinləmə sənaye qurğularının layihələşdirilməsi və inşası üçün texnoloji göstəricilər işlənilib hazırlanıb. O, belə qur-ğuların işə salınması və mənimsənilməsində fəal iştirak edib. Həmçinin R.Quliyev neft, sintetik və yarısintetik sürtkü yağlarının əldə edilməsi üçün texnologiyaların işlənib-hazırlanması üzrə böyük araşdırmalar da aparıb.  Bu araşdırmaların nəticələri sənaye tətbiqini tapıb. Son illər onun araşdırmalarının mövzusu neft mənşəli yağların ekoloji baxımdan təhlükəsiz və bərpa olunan bitki mənşəli yağlarla əvəzlənməsi idi. O, bu sahədə müəyyən uğurlar qazansa da, təəssüf ki, araşdırmalarının nəticələri alimin vətənində yox, xaricdə əməli tətbiqini tapıb. 

Alimin həyatının son illərini həsr etdiyi bu mövzu üzərində ayrıca dayanmaq istərdik. Artıq 70-ci illərdə professor Quliyev tamamilə əsaslı olaraq, "neftin qorunması", bu təbii sərvətə məhrəm, ehtiyatlı münasibət məsələsini qaldırırdı. Rəsul müəllim deyirdi: "Neft - ikinci günəşdir. O, yer üzündə əsas enerji mənbəyi və çoxsaylı neft məhsulları əldə etmək üçün hələlik yeganə xammaldır. Üstəlik, neft ehtiyatları heç də sonsuz olmadığından, təbiətin bu təkrarsız töhfəsinin müdafiəyə ehtiyacı var". Azərbaycan alimi hesab edirdi ki, neft yataqlarının tükəndiyi bir şəraitdə neftdən və neft məhsullarından istifadənin sərt qənaət rejiminə riayət etmək, təbii enerji mənbələrindən (Günəş enerjisi, külək, çaylar, dəniz dalğaları, qabarma və çəkilmələr, termal suların gücü və s.) daha geniş yararlanmaq zəruridir. Bütün bunların Azərbaycanda kifayət qədər olduğunu deyən alim təəssüf hissilə onu da qeyd edirdi ki, ölkəmizdə təbii mənbələrdən yalnız çayların enerjisindən istifadə edilir; bu da istilik-enetji stansiyalarında hasil olunan elektrik enerjisinin ümumi həcminin cəmi 7%-ni təşkil edir. Bununla əlaqədar, 2000-ci ilin dekabr ayında Rəsul müəllim "Vışka" qəzetinin səhifələrindən Bakı Şəhər İcra Hakimiyyətinə açıq müraciət ünvanlayaraq, yeni tikilən çoxmərtəbəli evlərin layihələrində onların qızdırılması və ətraf küçələrin işıqlandırılması üçün bu binaların damlarında günəş batareyalarının qurulmasının nəzərdə tutulmasını təklif etdi. Təəssüf ki, bu orijinal təklifə heç bir reaksiya verilmədi. Elə həmin müraciətində alim dənizdə neft hasil edən hər bir şirkətə ən azı 2 külək elektrik stansiyası tikməyi də tövsiyə edirdi. 

Professor Quliyevi tükənməz yaşamaq şövqü, fəal vətəndaş mövqeyi və əsl yenilikçi alim təfəkkürü fərqləndirirdi. 2001-ci ilin əvvəllərində Azərbaycan alimi BMT-nin Bakı bölməsi vasitəsilə BMT Baş katibi Kofi Annana bu təşkilatın nəzdində ayrı-ayrı ölkələrdə yaradılan elmi şuralarla birlikdə əsas enerji və xammal mənbəyi qismində neftin bərpa olunan, alternativ enerji mənbələrilə əvəz edilməsinin baş planının hazırlanması üçün Elmi Şura yaradılması təklifilə məktub ünvanladı. 

2002-ci ilin yanvarında alim hökumətə Bakıdan Ələtə qədər yolboyu səpin üçün yararsız 20 km-lik zolaqda yüzlərlə külək elektrik stansiyaları quraşdıraraq, onların köməyilə elektrik enerjisi hasilatını əhəmiyyətli dərəcədə artırmağı təklif etmişdi. O, məqalələrində bu sahədə daim Avropa və Asiyanın qabaqcıl təcrübəsinə istinad edirdi.

Azərbaycan aliminin çoxillik araşdırmaları və yenilikçi ideyaları xaricdə yüksək qiymətləndirilib. 2001-ci ilin sentyabrında Amerikanın nüfuzlu Bioqrafiya İnstitutu cəmiyyətin inkişafına önəmli töhfə olan elmi nailiyyətlərinə görə professor Quliyevi "2001-ci ilin adamı" seçib. 2002-ci ilin əvvəlində elə həmin institut onu nüfuzlu  Elmin və cəmiyyətin inkişafı işinə töhfəsinə görə Amerika şərəf medalına layiq görüb. İnstitutun direktoru C.Evansın məktubunda qeyd edildiyi kimi, "Bu mükafatın təqdim edilməsi ABŞ-ın və Bioqrafiya İnstitutunun seçmə şəxslərə ehtiramının ifadəsidir".

Professor Quliyev, həqiqətən,  seçmə adamlardan idi. Ağır xəstəliyə mübtəla olan, görmə qabiliyyətini itirən bu adam elmi işini davam etdirir, yeni ideyalar irəli sürür, dünyada məşhur neft şirkətlərinin Bakı ofislərinə və nazirliklərə çoxsaylı təkliflərlə məktublar göndərirdi. 2003-cü ilin aprel ayında o, açıq məktubla təhsil naziri Misir Mərdanova müraciət edərək, Azərbaycanın müvafiq ali təhsil müəssisələrində elektroenergetikanın yeni sahələrində işləmək üçün yüksək ixtisaslı kadrlar hazırlanmasına başlamaq təklifini açıqladı. Bu məqsədlə o, texniki institutlar və texnikumların tədris proqramlarına bu aktual məsələlərin öyrənilməsi üçün əlavə olaraq 40-50 tədris saatı əlavə etməyi, həmçinin, bu ali təhsil müəssisələrinin nəzdində küləyin gücü və günəş enerjisi vasitəsilə elektrik enerjisi istehsalı üzrə təcrübi qurğular yaratmağı təklif edirdi. Təəssüf ki, Təhsil Nazirliyi bu çağırışı cavabsız qoydu.

Lakin şübhəsiz, professor Quliyevin elmi araşdırmalarının öz elmi-istehsalat fəaliyyətinin, demək olar ki, 50 ilini həsr etdiyi ən əsas istiqaməti yağ verən müxtəlif bitkilərdən yüksək keyfiyyətli yanacaq və sürtkü materiallarının alınması imkanının əsaslandırılması idi. Qeyd etmək lazımdır ki, Rəsul müəllimin təcrübələri ilə yanaşı, ABŞ və qabaqcıl Avropa ölkələrində, ilk növbədə, Almaniya və Avstriyada da bu istiqamətdə analoji araşdırmalar aparılırdı. Məsələn, Almaniyada dizel mühərrikləri üçün raps yağı əsasında yüksək keyfiyyətli yağlar və yanacaq əldə edilməsinin qabaqcıl texnologiyası işlənib-hazırlanıb. Alim vurğulayırdı ki, Azərbaycanın iqlim şəraiti burada çeşidli yağ verən bitkilər (soya, raps, qarğıdalı, zeytun, pambıq və s.) yetişdirməyə və onlardan alınan yağlardan sürtkü yağları istehsal etməyə imkan verir. Bu zaman alim göstərirdi ki, bitkimənşəli yağlardan alınan sürtkü yağları və motor yanacağı neftdən alınanlarla müqayisədə önəmli üstünlüklərə malikdir. Bunlar ekoloji təhlükəsizliyin daha yüksək səviyyəsi, asan bioloji parçalanma (70-98%; neft yağlarında isə 18-30%), bərpaolunma, yağ verən bitkilərin yağlılığının aqrokimyəvi və aqrotexniki üsullarla artırılmasının və alınan yağların zərərli komponentlərinin xüsusi çəkisinin azaldılması məqsədilə onların kimyəvi tərkibinin dəyişdirilməsinin mümkünlüyü, həmçinin, qiymətin o qədər də yüksək olmamasıdır.  

Qabaqcıl dünya təcrübəsinə istiqamətlənən professor Quliyev həmfikirlərindən ibarət bir qrup ilə birlikdə keçmiş SSRİ-də ilk dəfə olaraq, Y.Məmmədəliyev adına NKPİ-də bitkimənşəli sürtkü yağlarının əldə edlməsi texnologiyasının hazırlanması üzrə elmi-tədqiqat işlərinə başladı. Onun rəhbərlik etdiyi qrup 20-dən artıq bitki yağının (o cümlədən pambıq, raps, zeytun, palma, gənəgərçək və b.) fiziki-kimyəvi xassələrini araşdıraraq, onlardan təkcə avtomobil yağlarının deyil, yağlara antioksidləşdirici, antikorroziya, depressor qatqılar alınan mənbə kimi istifadənin mümkünlüyünü sübut etdi. İnstitutdakı alim həmkarları ilə birlikdə o, geniş çeşidli sintetik yağlar əldə edilməsi texnologiyasını işləyib-hazırladı. Əfsuslar olsun, indi artıq bu istiqamətlərdə elmi-tədqiqat və təcrübə işləri aparılmır, halbuki məhz onlar sürtkü yağları, sürtkülər, müxtəlif qatqı və aşqarlar alınması texnologiyalarının işlənib hazırlanmasına və bunların sənaye miqyasında istehsalına başlanmasına imkan verərdi.   

Əslində, bütün bu illər ərzində professor Quliyev alternativ, bərpa oluna bilən enerji mənbələrinin aşkarlanması kimi aktual bir problemə diqqət yetirməyin zəruriliyini əsaslandırırdı. Qeyd edək ki, hazırda ölkə rəhbərliyi bu vəzifəni milli enerji təhlükəsizliyinin təmin edilməsi baxımından prioritet vəzifə və enerji sahəsində Azərbaycanın Avropa Birliyi və ABŞ ilə əməkdaşlığının ən önəmli istiqaməti kimi müəyyənləşdirib.

Professor Quliyev doğmalarının, dostlarının, yaxınlarının və həmkarlarının yaddaşlarında dolğun və güclü bir şəxsiyyət kimi qalacaq. Rəsul müəllim elmdə nə qədər məqsədyönlü idisə, həmkarları ilə münasibətlərdə də bir o qədər prinsipial və alicənab bir insan idi, heç vaxt partiya və digər mənafelərə görə dostlarına xəyanət etməz, ailə üzvlərinə daim diqqət və qayğı göstərərdi.

Həyat yoldaşına sevgi və ehtiramını bütün həyatıboyu qoruyub-saxlamışdı. Həmişə ona adı ilə yox, "xanım" deyə müraciət edərdi. Onun mərhum həyat yoldaşı Məsmə xanım, həqiqətən də həyatının, düşüncələrinin, əməllərinin və nailiyyətlərinin Xanımı olub.  Başqa sözlə, R.Quliyev təkcə böyük alim kimi deyil, gözəl ata, baba və ulu baba kimi də formalaşmış, xələflərinə ən nəcib keyfiyyətlərini - xeyirxahlıq, ətrafdakılara hörmətlə və dözümlü yanaşmanı, alicənablığı, elmə, biliyə məhəbbəti aşılamışdır. 

Adətən, xatirə yazıları mükafat və təltiflərin, çap olunan əsərlərin və kəşflərin, yetişdirilən elmlər namizədləri və doktorların sayının göstərilməsi ilə tamamlanır. Professor Quliyev də sadalananların hamısına malik olub. O, 500 çap əsərinin, o cümlədən 4 monoqrafiyanın və 37 kəşfin müəllifi idi. Elmi-istehsalat fəaliyyəti illəri ərzində o, çoxlu yüksək ixtisaslı kadrlar yetişdirib ki, bunların sırasında AMEA-nın müxbir üzvü F.İ.Səmədova, elmlər doktoru R.Z.Həsənova, elmlər namizədləri F.R.Şirinov, İ.K.Vəliyev, F.A.Quliyev, T.S.Məmmədova, S.N.Popova, B.A.Sadıxova və b. var. Onun çoxillik səmərəli fəaliyyəti Qırmızı Əmək Bayrağı ordeni, çoxsaylı medallar və digər fərqləndirmə nişanlarına layiq görülüb. 

Ömrünün son illərində Rəsul müəllim Azərbaycanda - dünyada neft hasilatının vətənində Neft Muzeyi yaradılmasının zəruriliyi üzərində çox düşünürdü. İlk dəfə o, bu ideyanı 1978-ci ildə - Bakıda neft hasilatının 150 illik yubileyi zamanı irəli sürmüşdü. Prezident Heydər Əliyevə ünvanladığı məktubunda isə professor Quliyev paytaxtımızda ölkənin məşhur neftçilərinin fotoşəkillərindən ibarət qalereyanın olacağı Neft Muzeyi yaradılmasını təklif etmişdi. H.Əliyevin tapşırığı ilə bu təklifə Nazirlər Kabineti və ARDNŞ-də baxılsa da, ideya sonacan həyata keçirilmədi. Bu gün hökumətimiz və neft şirkəti hələ də aktuallığını itirməyən bu məsələni həll etməyə qadirdir. Belə bir muzeyin yaradılması  alternativ enerji mənbləri (o cümlədən, bitki yağları əsasında) aşkarlanmasına dair başladığı araşdırmaların başa çatdırılması, ən əsası, alimlərimizin yeni ideyalara və elmi layihələrə istiqamətlənməsində milli elmimizə töhfəsinə görə professor Quliyevin xatirəsinə ehtiramımızın ən gözəl ifadəsi olardı.


MƏSLƏHƏT GÖR:

488