18 May 2024

Şənbə, 16:57

ŞALYAPİN BAKIDA

Məşhur ifaçı Fyodr Şalyapin çörəkpulu qazanmaq üçün gənclik illərində Bakıda hamballıq da edib

Müəllif:

14.07.2015

1915-ci il aprelin ortalarında şəhərə bir xəbər yayılmışdı - məşhur ifaçı Fyodr Şalyapin Bakıya gəlir. Az keçmiş yerli "Kaspi" və "Bakı" qəzetlərində artistin yeganə konsertinin 1915-ci il mayın 8-də Mayılov qardaşları teatrında keçiriləcəyi, biletlərin isə teatrın kassasında aprelin 23-də satışa çıxarılacağına dair elan yer alır. 

 

Şalyapin üçün növbə

Teatrın kassası, bir qayda olaraq, səhər saat 10:00-da açılırdı. Kassanın önünə çox sayda insanın toplanacağını ehtimal edən polis hər hansı insidentin yaşanmasına yol verməmək üçün ərazini vaxtından əvvəl - səhər saat 05:00-da nəzarətə götürmək qərarına gəlmişdi. Amma, o, gecikmişdi: teatrın ətrafı məşhur ifaçının konsertinə bilet axtaran insanlarla dolu idi. Müğənninin pərəstişkarları ilə polis arasında bir qədər davam edən müzakirələrdən sonra kompromisə gəlinir: insanlar kassanın mühasirəsini açır, polis nəzarəti altında bilet almaq istəyənlərin siyahısı tutulur, sonda insanlar həmin siyahı əsasında kassaya yaxınlaşırlar. Razılaşmaya əsasən, bilet istəyində olan hər kəsin sinəsindən növbədə neçənci olduğunu göstərən nömrə asılmalı idi.

Beləliklə, kassa nəzərdə tutulan vaxtda açılır və cəmi 3 saat sonra biletlər satılıb qurtarır. Onları hələ gecə saatlarından növbə tutmuş tədbirli şəhərlilər əldə edir. Növbəyə düzülənlərin tələblərinə əsasən, bir nəfərə maksimum 2 bilet satılsa da, bu da biletlərin cəmi 3 saata tükənməsini önləmir. Növbədə isə yüzlərlə insan qalır. Bu qədər marağı görən Şalyapinin nümayəndəsi dərhal Petroqradda olan müğənni ilə əlaqə saxlayaraq, ondan Bakıda iki konsert verməsini istəyir. Elə həmin gün axşam müğənnidən bu təklifə razılıq gəlir və ikinci konsert mayın 10-na təyin olunur. Çünki mayın 9-da o, Tiflisdə çıxış etməli idi.

İşbazlar yaranmış vəziyyətdən yararlanmaq qərarına gəlir. Səhəri gün bir nəfər şəhər birjasının binasında peyda olaraq Şalyapinin konsertinə bilet təklif etməyə başlayır. Bu şəxs qısa müddətdə əlindəki onlarla bileti satır və çox keçmir ki, biletlərin saxta olduğu üzə çıxır.

 

Şalyapinin Bakıdakı işi 

Şalyapin Bakıya mayın 7-si səhər gəlir və "Avropa" hotelində qalır. O, Bakıda ikinci konsertdən imtina edə bilməzdi. Çünki özünün yerli jurnalistlərə dediyi kimi, onun Bakı ilə bağlı xoş xatirələri var idi: "Bakı məndə çoxdan arxada qalmış, lakin heç zaman unudulmayan köhnə xatirələri oyatdı... 22 il əvvəl mən Bakıda Vyatski sirkində çıxış edən Derkaç truppasında oxumuşam. O zaman həyatım artıq müəyyən qədər rahat idi. Məsələn, mənim qoyun dərisindən bir təkə kürküm var idi. Bu kürk elə ölçüdə idi ki, onun içərisində gecələmək üçün daha iki yoldaşımı özümlə götürmüşdüm. Biz kulisə aparan pilləkənin üzərində yatırdıq. Oturaraq, mənim kürkümə bürünərək yuxulayırdıq".

Karyerasına yeni başlamış artistlərin qonorarı çox az olurdu. Bəzi hallarda isə onlara, ümumiyyətlə, qonorar vermirdilər. Şalyapin də istisna deyildi. Artistin sözlərinə görə, o, Bakıda Derkaç truppasında bir mövsüm çıxış etməyin müqabilində qonorar olaraq... drap palto alıbmış. "Belə idi: günlərin birində antrepriza belə qərara gəldi ki, operetta təmsilçisinə küçədə qoyun dərisindən tikilmiş kürk ilə var-gəl etmək yaramaz. Nəticədə, o mənə palto almaq qərarına gəldi... Təəssüf ki, bu gözəl paltonu çox saxlaya bilmədim. Çünki necə olsa da, insan gündə 1 qəpiyə 1 stəkan çay içməli, 3 qəpiklik lavaş yeməli idi. Bunun üçün drap paltonu satmalı, yenidən məşhur kürkə qayıtmalı oldum...", - deyə ifaçı bildirirdi.

Bu, 1891-ci ilin sonları idi. Şalyapin anasının dəfnində iştirak etmək üçün Kazana getməli idi. Bunun üçün onun pasporta və pula ehtiyacı var idi. Truppanın sahibi isə ifaçıya bu imkanı yaratmaqdan imtina etmişdi. Şalyapin küçədə qalırdı. Onun nə evi, nə yaşamaq üçün pulu var idi. Nəticədə, o, qazanc əldə etmək üçün "Qafqaz və Merkuri" gəmiçilik körpüsündə yük daşımağa başlayır: "Bəzən mənə qaçmış katorqa sakinlərindən ibarət dəstə yardım edirdi. Sisianov bağçasının yanında (indiki Sabir bağının Nizaminin heykəlinin əks tərəfindəki hissəsi - red.) onların mənzil-qərargahları var idi. Mən onlar üçün mahnı oxuyur, onlar isə əvəzində mənə yemək üçün borş verirdilər". 

 

"Şalyapin çox həvəslə oxuyurdu" 

Artıq məşhur artist olduqdan sonra Şalyapin 1900-cü ilin yazında və 1910-cu ildə Bakıya gəlir. Bakıda yaşadığı çətinliklərə, iztirablara baxmayaraq, ifaçı ötən illərə görə təəssüflənmirdi. "Məni həmin 19 yaşında olduğum dövrə qaytarın, mən məşhur, şöhrətli Şalyapini sizə verim... İndiki bir qədəh şampan mənə o zamankı bir stəkan şirin çayın və lavaşın ləzzətini verərmi?" - deyə o, "Kaspi" qəzetinin müxbirilə söhbətində bildirmişdi.

Şalyapinin konsertləri böyük uğurla keçirdi. O, Qlinkanın, Musoqorskinin, Darqomıjskinin "Qoca kapral", "Seminariya tələbəsi", "Dəyirmançı", "Titulyar müşavir" və s. romanslarını və mahnılarını, həmçinin Qriq və Şubertin bir neçə əsərini ifa edirdi. "Kaspi" qəzeti yazırdı ki, "Şalyapin çox, həvəslə oxuyur, naz, tərslik etmir, insanları xahişə məcbur etmirdi". İkinci konsertdə o, Musoqorskinin populyar "Birə"sini ifa etmişdi. İlk konsertində Şalyapin nədənsə tamaşaçıların xahişinə rəğmən, onu ifa etməmişdi.



MƏSLƏHƏT GÖR:

622