18 May 2024

Şənbə, 12:55

YENİ GÜC MƏRKƏZİ

BRHÇC və ŞƏT dünya siyasətinin müstəqil qütbünə çevrilməyə namizəddirlər

Müəllif:

14.07.2015

BRHÇC və ŞƏT-in Ufada keçirilən sammitləri beynəlxalq siyasətdə son dövrün əlamətdar hadisələrindən oldu. Əslində, söhbət bir sıra Avrasiya dövlətlərinin qlobal güclərin müstəqil qütbünü yaratmaq iddiasından gedir.

Başqırdıstan paytaxtında iki sammitin birləşdirilməsi təsadüf deyildi. Bu il Moskva həm BRHÇC-yə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası), həm də Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik edir. Bu səbəbdən də o, belə imkanı əldən verə bilməzdi: Rusiya Avrasiya və dünya siyasətinə təsiri, eləcə də fövqəldövlət olduğunu nümayiş etdirmək baxımından növbəti şansı əldə etmişdi.

Dünya əhalisinin 40, ÜDM-nin isə 30%-i BRHÇC ölkələrinin payına düşür. Bu "beşliyin" müstəqil dünya qütbü yaratmaq iddiası Ufada qəbul edilən bir sıra qərarlarla da ortaya qoyulub. Onların ən önəmlisi BRHÇC-nin İnkişaf Bankının yaradılması haqda qərar olub. Bank ilkin olaraq 100 milyard dollarlıq kapitalla yaradılacaq. Artıq 2016-cı ildə bankın birlik üzvlərinin iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş infrastruktur layihələrini investisiyalaşdırmağa başlayacağı güman edilir.

Daha bir önəmli qərar kimi "BRHÇC daxilində qarşılıqlı hesablaşmaların milli valyutalarla aparılması potensialının olduğunun" təsdiqlənməsini göstərmək mümkündür. "Beşliyin" müvafiq dövlət orqanlarına qarşılıqlı ticarətdə milli valyutalardan daha geniş istifadə imkanlarının müzakirəsinin davam etdirilməsi tapşırılıb. Bu məsələnin müzakirəsi kifayət qədər vacib məsələdir. Məsələ ondadır ki, BRHÇC vasitəsilə "İpək yolu" və Avrasiya İqtisadi İttifaqı (Aİİ) layihələrinin inteqrasiyasına cəhd edilir. Faktiki olaraq, söhbət həm də "Şərq-Qərb" ticarət dəhlizinin yaradılmasından gedir. Bu, Sakit okeandan Baltik dənizinədək nəqliyyat magistralının yaradılmasını nəzərdə tutur. Bu cür nəhəng layihənin milli valyutalardan istifadə etməklə reallaşdırılması niyyətini ortaya qoyan BRHÇC bununla bir məqama da eyham vurur: "beşlik" ölkələri ilə Avropa İttifaqı arasında (uzaq perspektivdə isə bütünlükdə Qərblə) investisiya və ticarətdə hesablaşma valyutası olan dolların rolu dəyişdirilməlidir.

Ümumiyyətlə, ABŞ-ın dünya siyasətində və iqtisadiyyatındakı hegemonluğuna müxalif mövqenin nümayişi Ufa sammitlərinin ən maraqlı cəhətlərindən sayıla bilər. BRHÇC-in ABŞ-ın Beynəlxalq Valyuta Fondu (BVF) ilə hələ 2010-cu ildə razılaşdırılmış islahatları yaxın zamanlarda ratifikasiya edəcəyinə ümid ifadə etməsi bunun daha bir təsdiqidir. Qurumun Ufa Bəyannaməsində bildirilir ki, Birləşmiş Ştatların BVF-nin islahatlar paketini ratifikasiya etməməsi fonda olan inamı azaldır, onun legitimliyini və effektivliyini məhdudlaşdırır. Bu fakt BVF-də kvota və səslərə inkişaf etməkdə olan ölkələrin və formalaşmaqda olan bazarların xeyrinə yenidən baxılmasına mane olur. Halbuki bu, qurumunş ABŞ da daxil olmaqla, əksər üzvlərilə razılaşdırılıb.

BRHÇC-nin bu cür həmrəy mövqeyini Amerikanın dünyanın maliyyə sistemindəki liderliyinə meydan oxumaq kimi qiymətləndirmək olar. Hər halda, Ufa sammiti ərəfəsində Braziliyanın bu prosesdən aralana biləcəyinə dair çoxsaylı fikirlər mövcud idi. Buna Braziliya prezidenti Dilma Russeffin ABŞ-a bu yaxınlarda etdiyi səfər səbəb olmuşdu. Səfər zamanı ABŞ-la Braziliya arasında hərbi sahə də daxil olmaqla, bir sıra sahələrə dair ikitərəfli müqavilələr imzalanmışdı. Bundan dərhal sonra "Dilmanın Putini və BRHÇC-ni satdığı"na, ümumiyyətlə, Braziliyanın Vaşinqtonla yaxınlaşmaq qərarı verdiyinə dair fikirlər yayılmışdı. Lakin Ufa sammitinin gedişində Braziliya lideri xainlik əlamətləri göstərməyib. Doğrudur, o, ABŞ-la münasibətlərin pisləşməsinə heç bir cəhd etməyib, lakin, bununla yanaşı, ilk növbədə, Rusiya və Çinlə münasibətlərin möhkəmlənməsi strategiyasına gələcəkdə də sadiq qalacağını aydın şəkildə ortaya qoyub. Yeri gəlmişkən, Çin Braziliyanın əsas ticari-iqtisadi tərəfdaşıdır. Bu üzdən də, əksər ekspertlər hesab edir ki, BRHÇC-nin fəaliyyətinin əsasını məhz Pekinlə Latın Amerikasının ən nəhəng dövləti arasında əməkdaşlıq təşkil edəcək.

Ümumiyyətlə, Çin amili istər Avrasiya, istərsə də artıq dünya siyasətində xüsusi önəm daşıyır. O, Rusiya ilə yanaşı, istər BRHÇC-nin, istərsə də ŞƏT-in əsas dayaqlarındandır. Odur ki, hər iki təşkilatın fəaliyyətinin perspektivi məhz Pekinin yürütdüyü siyasətdən asılı olacaq. Yeri gəlmişkən, ŞƏT-də Çinlə yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan da yer alırlar. Ufa sammitinədək Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan bu təşkilatda müşahidəçi, Belarus, Türkiyə və Şri-Lanka isə "dialoq üzrə tərəfdaş" statusuna malik idilər. Ufa sammitində qurumun işində Belarusun statusunun müşahidəçi dövlət statusuna qaldırılması qərara alınıb. Bundan başqa, Rusiya prezidenti Vladimir Putin bildirib ki, "ŞƏT ailəsinə "dialoq üzrə tərəfdaş" qismində Azərbaycan, Ermənistan, Kamboca və Nepal da qoşulublar". İran isə ŞƏT-ə üzv olmaq üçün rəsmi ərizə ilə müraciət edib.

İran-ŞƏT münasibətləri mövzusu bir sıra səbəblərdən maraqlıdır. Məsələ ondadır ki, islam respublikası bu günədək təşkilata BMT-nin sanksiyaları üzündən üzv ola bilməyib. İran prezidenti Həsən Ruhani ilə görüşdə Putin BMT-nin Tehrana tətbiq etdiyi sanksiyaların tezliklə aradan qaldırılması arzusunu dilə gətirib. Putinin bu mövqeyi ŞƏT-in İrana qarşı tətbiq edilmiş sanksiyaların tam şəkildə aradan qaldırılması təşəbbüsü ilə çıxış etməsinə imkan verib. Qurum da hesab edir ki, sanksiyalar beynəlxalq problemlərin həlli vasitəsi olmamalıdır. Lakin o da aydındır ki, Putin İranla bağlı bəyanatı ilə Qərbə növbəti dəfə Rusiyaya təbiq edilmiş sanksiyaların ləğvinin vacibliyi siqnalını göndərib. Bununla yanaşı, Putinin Hindistan və Pakistanın ŞƏT-ə üzvlüyünü dəstəkləməsi daha bir məqamı aydın şəkildə ortaya qoyub: Moskva ABŞ və Aİ ilə qarşıdurmanın artdığı şəraitdə, həmçinin Qərbin antirusiya sanksiyalarının getdikcə sərtləşdirilməsi fonunda xarici siyasi xəttini tam Şərqə doğru çevirir.

Ufa sammitində Hindistan və Pakistanın ŞƏT-ə qəbulu proseduruna başlanılmasına dair sənədin imzalanması əksər ekspertlər tərəfindən bütünlükdə dünyada geosiyasi balansı dəyişə biləcək hadisə kimi qiymətləndirilib. Amerikanın nüfuzlu "Newsweek" jurnalının yazdığı kimi, söhbət ŞƏT-in "İkinci Dünya müharibəsinin bitməsindən sonra aparıcı rola sahib çıxmış və Qərbin nəzarətində olan beynəlxalq institutlara alternativə çevrilmək iddiasından gedir".

Şübhəsiz ki, ŞƏT-in nəhəng Avrasiya təşkilatına çevrilmək şansı var. Ən azı ona görə ki, Hindistan və Pakistanın da təşkilata qoşulması ilə o, dünyanın 4 nüvə fövqəldövlətini (Rusiya və Çin də daxil olmaqla) özündə birləşdirəcək. ŞƏT çoxqütblü dünyaya doğru addım atıb və onun iddiaları Ufa sammitində qəbul edilmiş "İnkişaf strategiyası" (2025-ci ilədək) ilə aydın şəkildə ortaya qoyulub. Sənəddə bildirilir ki, ŞƏT üzvləri "siyasi, iqtisadi, sosial və mədəni inkişaf yolunun tarixi təcrübəyə, hər bir dövlətin milli xüsusiyyətlərinə əsasən seçilməsi hüququna hörmətlə yanaşır, sivilizasiyalararası dialoqu, ümumi sülhü, inkişafı, harmoniyanı dəstəkləyir, ŞƏT üzvlərinin daxili işlərinə qarışılmaması, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərinə əsaslanır, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan, birtərəfli təzyiq vasitələrinə əl atılmasını dəstəkləmir". ŞƏT ölkələri BMT Təhlükəsizlik Şurasında inkişaf etməkdə olan ölkələrin təmsilçiliyinin artırılması yolu ilə islahatların aparılmasını da vacib sayırlar.

Bununla yanaşı, etiraf etmək lazımdır ki, ŞƏT-in Qərblə bərabər geosiyasi potensiala sahib çıxmaq cəhdləri asan məsələ deyil. Buna əmin olmaq üçün statistik məlumatlara nəzər salmaq kifayətdir. ŞƏT üzvlərinin birlikdə ÜDM-i 11,6 trilyon dollar təşkil edir. ABŞ, Aİ, Yaponiya, Kanada, Avstraliya və şərti olaraq Qərbin avanqardı sayılan Yeni Zelandiyanın birlikdə ÜDM-i isə 43,5 trilyon dollardır. Bundan başqa, ŞƏT və BRHÇC daxilində inteqrasiyanın lazımi səviyyədə olmadığı ortadadır. Bu qurumlar tam hazır sistemə çevrilmək, sadəcə, böyük piar-aksiya olmaqdan qurtulmaq üçün hələ uzun yol qət etməlidirlər. Yeri gəlmişkən, çoxları faktiki olaraq Qərb tərəfindən "təcrid" elan edilmiş Rusiyanın məhz piarla məşğul olduğunu düşünür. Ukraynada yaşananlar fonunda Qərbin aparıcı dövlətlərinin yer aldığı "Böyük səkkizlik" dən kənarlaşdırılmış Rusiya imic itkilərini (siyasi və iqtisadi itkilər də öz yerində) kompensasiya etməyə çalışır və buna Şərqdə real fəaliyyət göstərən birliklərin, konkret desək, BRHÇC və ŞƏT-in formalaşması ilə bağlı bəyannamələrlə nail olmağa cəhd göstərir. Bu mənada Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bəyanatı da maraqlı sayıla bilər: "Bizim öz "səkkizliyimiz" olacaq. Güman ki, o, böyüyəcək, İranın hesabına daha da genişlənəcək". Lakin dünyada Qərbin liderliyinə real alternativ yalnız Avrasiyada tamhüquqlu, tam hazır güc mərkəzi ola bilər. Ufada onun yaradılması ilə bağlı bəyanat verilsə də, bəyanatlar real siyasətdə konkret olaraq bu birliklərin köhnə və yeni üzvlərinin maraqlarına uyğun təsdiqini tapmalıdır.



MƏSLƏHƏT GÖR:

620