18 May 2024

Şənbə, 14:20

ZƏRƏRSİZ İNTEQRASİYA

Azərbaycanın inkişafı üçün hansı iqtisadi birlik daha çox fayda vəd edir?

Müəllif:

14.07.2015

Müstəqillik hər bir xalqın ən böyük sərvətidir. Ayrı-ayrı beynəlxalq və regional təşkilatların mövcud olduğu müasir dünyada bu sərvət xüsusi rol oynayır. Müstəqilliyini cəmi 24 il əvvəl bərpa etmiş və prinsipcə özünü dolandırmaq iqtidarında olan Azərbaycan üçün bu sərvəti qoruyub saxlamaq daha önəmlidir, nəinki ayrı-ayrı təşkilatlarda təmsil olunmaqla iqtisadi fayda əldə etmək. İstənilən halda, müasir dünya müxtəlif ölkələrin bir-birinə sıx inteqrasiya etmiş iqtisadiyyatlarından ibarətdir. Milli iqtisadiyyatın effektiv inkişafı üçün bəzi ölkələr siyasi və maliyyə sahələrində yüzilliklər boyunca dövlət müstəqilliyinin atributu sayılan bir sıra səlahiyyətlərdən imtina belə, edirlər. Məsələn, Avropa İttifaqı çərçivəsində avrozona yaradılıb. Bu zonanın iştirakçısı olan dövlət milli valyutasından, tam müstəqil valyuta siyasəti yürütmək hüququndan imtina edir. Bundan başqa, Aİ-nin Şengen razılaşması praktiki olaraq, ölkələrin sərhədlərini "silib".

Azərbaycan rəhbərliyi isə müxtəlif regional strukturlarda dövlətüstü qurumların əleyhinədir. Çünki onlar müxtəlif qərarların qəbulunda ölkənin hüquqlarını məhdudlaşdırır. Bu üzdən də, rəsmi Bakı digər ölkələrlə ikitərəfli münasibətlərin qurulmasına üstünlük verir.

Rəsmi Bakı üçün bu mövzu torpaqlarının 20%-nin Ermənistanın işğalı altında olması fonunda xüsusi önəm daşıyır. Məhz İrəvanın təcavüzkar siyasəti onun təşəbbüskarı Azərbaycan olan bir sıra iqtisadi regional layihələrdən kənarda qalması ilə nəticələnib. Eyni səbəbdən rəsmi Bakı Ermənistanla sıx inteqrasiyanı, azad bazarın yaradılmasını nəzərdə tutan eyni iqtisadi birliklərdə təmsil olunmaqdan qaçır. Çünki bu, Azərbaycanın İrəvanın təcrid duruma salınması siyasətinə ziddir.

Lakin digər tərəfdən regional strukturların və layihələrin inkişafı getdikcə müasir dünyanın inkişafının daha vacib hissəsinə çevrilir. Axı, dövlət nə qədər inkişaf etmiş olsa belə, özü üçün yaşamaqla deqradasiyaya uğraya bilər.

Bu baxımdan, regionda mövcud olan beynəlxalq təşkilatların Azərbaycan üçün münasiblik dərəcəsi daha detallı öyrənilməlidir.

 

Böyük Britaniya Avropa İttifaqına meydan oxuyur

Sosialist düşərgəsinin keçmiş üzvləri və postsovet dövlətlərinin Avropa İttifaqının "qapısını döydüyü" bir vaxtda Böyük Britaniya, bəlkə də, bu təşkilata üzvlükdən imtina edəcək. Ölkədə 2017-ci ilin ikinci yarısında keçiriləcək referendumda britaniyalılar Aİ-də qalmaq istəyib-istəmədiklərini ortaya qoymalıdırlar. Artıq referendumda xalqa ünvanlanacaq sual da müəyyənləşdirilib: "Birləşmiş Krallıq Avropa İttifaqının üzvü olaraq qalmalıdırmı?"

Böyük Britaniyanın Aİ-yə üzvlüyü bu regional təşkilatda problemlərin durmadan artmaqda olduğunun bariz göstəricisidir. London Aİ-nin genişləndirilməsinin ilk iştirakçılarındandır və 1973-cü ildən təşkilatın tamhüquqlu üzvüdür.

İndi ölkənin sabiq baş naziri Toni Bleyerin 2015-ci ildə funt-sterlinqdən imtina edərək vahid valyutaya - avroya keçməyi planlaşdırdığını təsəvvür etmək çətindir.

Aİ ilə Böyük Britaniya arasında ziddiyyətlər emiqrasiya məsələsində və Brüsselin vergi sistemində aparmaq istədiyi islahatlarla bağlı özünün pik nöqtəsinə çatıb. Aİ rəhbərliyinin Britaniyanın baş naziri Devid Kemeronun təzyiqləri qarşısında geri çəkiləcəyi, islahatlardan imtina edəcəyi, yaxud ümumi bazarın əsas dayaqlarından olan əmək resurslarının azad hərəkətini məhdudlaşdıracağı inandırıcı görünmür.

Yeri gəlmişkən, Fransanın aparıcı siyasi qüvvələrindən olan "Milli cəbhə" bəyan edib ki, Böyük Britaniyanın Aİ-yə üzvlüklə bağlı keçirməyə hazırlaşdığı referendumun analoqu Fransada da təşkil edilməlidir.

Yəqin ki, Aİ iqtisadiyyatında heç zaman lokomotiv rolunu oynamamış Yunanıstan haqda danışmaq belə, artıq olar. Hazırda Afina Aİ-dəki yerini itirmək riski ilə qarşı-qarşıya qalıb.

Bir sözlə, Azərbaycanın çiçəklənmənin pikini keçmiş, hazırda ciddi maliyyə problemlərilə, siyasi çəkişmələrlə qarşılaşmış Aİ-yə üzvlüyü nə qədər məqsədəuyğundur? Məntiqli sualdır.

2004-cü ildə Aİ-nin Şərqə doğru genişlənməsi ilə Azərbaycan da Cənubi Qafqaz ölkəsi kimi, "Genişlənmiş Avropa" təşəbbüsü çərçivəsində qurumun "Yeni qonşuluq siyasəti" proqramına daxil edilib. Bu, Azərbaycanla Aİ-nin gələcək əməkdaşlığı üçün əsas yaradıb və bu əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Aİ bu genişlənməyə Avropa qonşuluq siyasətinin özünəməxsus regional (Şərq) bölməsi kimi yanaşaraq, "Şərq tərəfdaşlığı" proqramını yaradıb. Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynanın üzv olduqları bu proqramda məqsəd sonda üzv ölkələrlə Aİ arasında assosiativ sazişin imzalanması, onların təşkilatın azad ticarət zonasında iştirakıdır.

Amma, Aİ özünün genişlənmə cəhdlərində ya bilərəkdən, ya da təsadüfən Rusiyanı tamamilə unudub. Halbuki postsovet məkanında əsas qüvvə məhz Rusiya olaraq qalır. Hər halda, Ukraynada yaşanan son olaylar bir çox ölkə üçün dərs olub. Aİ ilə assosiativ sazişə imza atan Kiyev faktiki olaraq Krımı itirib, Ukrayna xalqı vətəndaş müharibəsi təhlükəsilə qarşı-qarşıya qalıb.

Rəsmi Bakının məsələ ilə bağlı mövqeyi isə mayda Riqada keçirilmiş "Şərq tərəfdaşlığı" sammitindən yekun şəklini alıb - assosiativ saziş əvəzində Azərbaycanla Aİ arasında ikitərəfli strateji əməkdaşlıq. Strateji əməkdaşlıq zamanı rəsmi Bakı ölkədə Avropa standartlarının tətbiqi ilə bağlı hər hansı öhdəlik götürməli olmayacaq. Bu standartlar Azərbaycan mallarının Rusiyanın nəhəng bazarlarına çıxışını məhdudlaşdıra, Rusiya şirkətlərinin Azərbaycandakı fəaliyyətini əngəlləyə bilər.

 

Rusiyanın MDB-nin iqtisadi məkanını müdafiə cəhdi

Rusiyalı biznesmenlər müxtəlif biznes-forumlarda və konfranslarda Qərb şirkətlərinin MDB məkanındakı fəallığından qıcıqlandıqlarını gizlətmirlər. Rusiyanın nəhəng metallurgiya şirkətinin təmsilçisi özəl söhbətlərdən birində Avropa İttifaqı və ABŞ standartlarının onlara bu bazarda fəaliyyətlərini genişləndirmək imkanı vermədiyini etiraf edib. Bununla yanaşı, o, MDB məkanında işləməyin Qərb şirkətləri üçün asan olmayacağını da söyləyib. İş adamı fikrini bu bazara Rusiyanın nəzarət etməsi, oyun qaydalarının da Rusiya şirkətləri tərəfindən müəyyənləşdiriləcəyilə əsaslandırıb.

Lakin Rusiyanın biznes dairələrinin bəyanatı başqa, real vəziyyət başqa. Məsələn, Rusiyanın "Tu", "An", "Yak" və s. təyyarələri yalnız yaşlı nəslin yadındadır. Bu gün Rusiya təyyarələrindən imtina edərək "Boinq"lər (ABŞ), "Aerobus"lar (Aİ) alan yalnız postsovet ölkələri deyil. İndi Rusiyanın öz aviaşirkətləri də bu təyyarələrdən istifadə edir. Bu gün postsovet ölkələrinin küçələrində yalnız "VAZ" və müəyyən dərəcədə "QAZ" avtomobillərinə rast gəlmək olar. "Moskviç" isə nəsillərin yaddaşında yalnız "Brilyant əl" filmindən qalacaq.

Rusiya rəhbərliyi isə öz bazarını Qərbin təsirindən qorumaq cəhdlərindən əl çəkmir və bunun üçün Aİİ çərçivəsində vahid bazar formalaşdırmaq istəyir. Gömrük İttifaqının təkamül yaşayaraq, 2015-ci il yanvarın 1-dən Aİİ-yə çevrilməsinə baxmayaraq, bu struktur hələlik yalnız "rüşeym" dövrünü yaşayır. Aİİ çərçivəsində də Aİ-də olduğu kimi, malların, kapitalın, işçi qüvvəsinin sərbəst hərəkətinin təmini, vahid iqtisadi siyasətin yürüdülməsi nəzərdə tutulur.

Amma, məhz vahid iqtisadi siyasətin yürüdülməsi yaxın onillik üçün mümkünsüz görünür. Bu vahid məkanda dövlətüstü orqanların yaradılması işi də, hələ ki, asan görünmür. Söhbət Avrasiya İqtisadi Komissiyasının və Avrasiya İqtisad Məhkəməsinin yaradılmasından gedir. Onların yaradılması ilə bağlı qərarın tam reallaşdırılması mümkün olmayıb və məsələ qeyri-müəyyən vaxta təxirə salınıb. Hər halda, Belarus prezidenti Aleksandr Lukaşenko dövlətüstü strukturun yaradılmasına və vahid valyutaya keçidə qəti etiraz edir. O, süni siyasi qurumların yaradılmasının yolverilməz olduğunu bəyan edib.

Bundan başqa, Aİİ-də Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstanla yanaşı, Ermənistan da yer alır. Bu səbəbdən də, böyük ehtimalla Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Azərbaycanın işğal altındakı əraziləri boşaldılmadan Bakının bu struktura yolu bağlıdır. 

 

ŞƏT - inteqrasiya prosesləri üçün geniş perspektivlər

Bununla yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycan üçün böyük maraq kəsb edə bilər. Bu qurumun inteqrasiya potensialı bu səviyyədə olan bir çox beynəlxalq təşkilatın potensialını üstələyə bilər.

Bu gün ŞƏT-də Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan yer alırlar. Bundan başqa, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan təşkilatda müşahidəçi statusuna malikdirlər. Belarus, Şri-Lanka və Türkiyə isə ŞƏT-də "dialoq üzrə tərəfdaş" statusundadırlar.

ŞƏT üzvlərinin ümumi ərazisi, təxminən, 30,2 milyon kvadratkilometrdir. Bu, Avrasiya ərazisinin 3/5-ü deməkdir. Təşkilata üzv olan dövlətlərin ümumi əhalisi isə 1,5 milyarda çatır, yəni Yer kürəsi əhalisinin 1/4-i ŞƏT-in payına düşür. Üstəlik, ərazi, xüsusilə də əhali ilə bağlı sadalanan göstəricilər tezliklə nəzərəçarpacaq dərəcədə artacaq. 

ŞƏT-in genişlənmə üzrə normativ bazası hazırdır. Təşkilata yeni üzvlərin, o cümlədən Hindistan və Pakistanın qəbulu perspektivi yüksəkdir. İran da ŞƏT-in tamhüquqlu üzvünə çevrilmək ümidini itirmir.

Təşkilatın tərkibini nəzərə alsaq, Rusiyanın və ya Çinin orada öz siyasi liderlik iddialarını həyata keçirməsi mümkün görünmür. ŞƏT-də söhbət böyük ehtimalla regionun infrastrukturunun inkişafı üçün bilavasitə nəhəng investisiya layihələrinin axtarışından gedəcək. Azərbaycanın da ŞƏT-ə üzvlüyü, hətta "dialoq üzrə tərəfdaş" və ya müşahidəçi statusu qazanması ona Avrasiya materikinin böyük bir hissəsində gələcəkdə həyata keçiriləcək miqyaslı layihələrdə fəal iştirak imkanı verəcək.



MƏSLƏHƏT GÖR:

590