3 May 2024

Cümə, 02:59

BOZ ZONA

İşğal altındakı Dağlıq Qarabağ qanunla problemi olan şəxslərin məskəninə çevrilib

Müəllif:

14.07.2015

Rəsmi Bakının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Böyük Britaniya hökuməti Qarabağ separatçılarının mənfur lideri Bako Saakyanın Dumanlı Albion sahillərinə səfərinin qarşısını almaq üçün heç bir addım atmadı. Ötən həftə "Dağlıq Qarabağın de-fakto prezidenti" (Britaniya tərəfi onu məhz bu cür təqdim edib) Londonda olub, orada Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) çıxış edib, Britaniya parlamentində görüşlər keçirib. Britaniya tərəfi Saakyanın səfərinin Ermənistan Respublikasının pasportunu daşıyan adi şəxsin turist səfərindən başqa bir şey olmadığını, onun Londonda keçirdiyi görüşlərin isə rəsmi xarakter daşımadığını desə də, fakt faktlığında qalır. Britaniya tərəfinin getdiyi yeganə güzəşt B. Saakyanın iştirakı ilə keçiriləcək dinləmələr haqda məlumatın Chatham House-un saytından bir neçə gün sonra da olsa, götürülməsidir. Daha sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakının cavab addımı kimi Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin də Chatham House-a dəvət olunmasına çalışdığını söyləyib. Məqsəd britaniyalıların regiondakı vəziyyətlə bağlı alternativ fikirləri dinləməsinə nail olmaqdır.

Beləliklə, 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsində yol verdiyi azğınlıqlara görə Bakıda hərbi cinayətkar sayılan Saakyana Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri haqda fikirlərini bildirmək imkanı yaradılıb. Halbuki o, bu münaqişənin həllində heç bir rola malik deyil.

Maraqlıdır ki, Azərbaycan tərəfinin mövqeyini ifadə etmək üçün diskussiyalara qatılmağa çalışan Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) üzvləri görüşə buraxılmayıblar. "Uzun müddətdir Kral Beynəlxalq Münasibətlər İnstitutunun üzvü olsaq da, siz bizim görüşə qatılmağımıza imkan vermədiniz, siyasi zorakılıqlar sahəsində təcrübəli mütəxəssisin diskussiyalara qatılmasını əngəllədiniz", - deyə təşkilatın bəyanatında bildirilir.

Dağlıq Qarabağın əsas cinayətkar ekstremistinin öz "respublika"sının sülh idealları haqda danışdığı bir vaxtda isə onun rejiminin daha bir carçısı peyda olub. Və bu carçının da qanunla işi yoxdur. Söhbət Rusiyanın kriminal dairələrində yaxşı tanınan, çoxdan hüquq mühafizə orqanlarının hədəfində olan oliqarxdan, aqressiv millətçiliyin sponsoru və ideoloqu sayılan German Sterliqovdan gedir.

Məlumdur ki, Rusiyanın ilk milyonçularından sayılan, ali təhsili olmayan German Sterliqov Rusiyada ilk ticarət birjası "Alisa"nın (sahibkarın sevimli itinin şərəfinə belə adlandırılıb) yaradıcısıdır. Həmkarlarının sözlərinə görə, buna görə o, "Küçük" ləqəbi də qazanıb. Sterliqov bir neçə qeyri-adi, yəqin ki, ona görə də ömrü uzun olmayan ictimai layihənin də təşəbbüskarıdır. O, gücünü siyasətdə də yoxlayıb. Məsələn, 2002-ci ildə Krasnoyarsk vilayətinin qubernatoru vəzifəsi uğrunda mübarizəyə qoşulmuş, bir il sonra isə Moskva meri postunu tutmağa çalışmışdı. Lakin bu, qeyri-adi sahibkar hər iki kampaniyaya... tabutçu imici ilə qatılmışdı. Əksər krasnoyarsklı əcaib namizədin seçkiqabağı şüarlarını yaxşı xatırlayır: "Hara qaçırsan, ay qoğal? - Özümə tabut axtarıram!" və ya "Siz bizim tabutlarımıza pəhrizsiz və aerobikasız yerləşəcəksiniz". Sterliqov hər iki seçkidə iflasa uğrayıb.

Ümumiyyətlə, Dağlıq Qarabağın yeni sakininin həyatında qəribəliklər çox olub. Bizi maraqlandıran isə onun həyatının başqa bir epizodudur. Məhz həmin epizoda görə sahibkar Dağlıq Qarabağın cinayətkar rejimindən sığınacaq istəməli olub. Sterliqov 2004-cü ildə ailəsilə birlikdə Moskvadan Mojayski rayonuna köçüb, orada onun üçün ayrılmış torpaqlarda təsərrüfatla məşğul olub. Rusiyanın ilk milyonçusu fermerə çevrilib. Lakin internetdə və müxtəlif KİV-də hələ də yer almaqda olan məlumatlara görə, onun ferması millətçilər üçün məşq düşərgəsi olub. Burada təlim keçən millətçilər sonradan bacarıqlarını "Rusiya ruslar üçündür!" şüarının həyata keçirilməsi işində istifadə edirlərmiş. Paradoksal olsa da, "xaçiklər" arasında sığınacaq tapmış Sterliqov "etnik və dini baxımdan həmcins olan Rusiya"nın rəhbəri olmağa hazırlığını dilə gətirib. O, RMHT ("Rus millətçilərinin hərbi təşkilatı") adlı ekstremist təşkilatla da yaxşı əlaqələrə malikdir. Bu qurumun əsas hədəfi bu gün qəzəbə gəlmiş biznesmenin yaltaqlandığı şəxslərdən təmizlənməsidir. 2014-cü ilin mayında o tanınmamış "Luqansk Xalq Respublikası"nın vətəndaşlığını qəbul etmək niyyətini açıqlamışdı. Görünür, bu istəyinə veriləcək cavabı gözləməyən Sterliqov postsovet məkanının digər "boz zonası" olan Dağlıq Qarabağda peyda olmaq qərarına gəlib. Hər halda, hazırda oradakı separatçı rejim hər hansı əcnəbinin, hətta kriminal keçmişə malik olan şəxslərin belə, Qarabağa gəlişini bölgənin dünya tərəfindən tanınması kimi qiymətləndirir. Sterliqovun Azərbaycanın işğal altındakı torpaqlarında məskən salmaq istəyi isə əslində anlaşılandır. Bəlkə də, o, ümumiyyətlə, Dağlıq Qarabağ haqda heç bir məlumata malik deyil. Güman ki, o, Azərbaycanın qədim şəhəri, pafosla "insan dəyərləri" haqda danışdığı Şuşada nə qədər günahsız insanın qanının axıdılğını bilmir. Hər halda, "Övladını məktəbə yalnız uşağa heç bir sevgisi olmayan debil verə bilər" fikri də məhz Sterliqova məxsusdur.

Amma yox, yəqin ki, qaranlıq sövdələşmələr sahəsində böyük təcrübəyə malik Sterliqov haraya getdiyini yaxşı bilir. "Ziddiyyətli tərcümeyi-hala malik German Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisinə yollanmazdan əvvəl bu ərazilərin Ermənistan bankları vasitəsilə çirkli pulların yuyulması, kriminal fəaliyyət üçün əlverişli məkan olduğunu eşitməyə bilməzdi", - deyə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Sterliqovun adı "qara siyahı"ya salınıb və Azərbaycanın ərazi bütövlüyününə etinasızlıq göstərən bu şəxs bundan sonra respublika ərazisinə daxil ola bilməz.

Sterliqov Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda ikinci qəsəbə salmaq niyyətindədir. Onun xanımı isə orada "Alyona Sterliqovanın yüksək Qarabağ modalar evi" yaratmağı düşünür. Amma bu planlar, çətin ki, baş tutsun. Vəkil Aleksey Sklyarenkonun sözlərinə görə, istintaq biznesmenin ekstremist RMHT təşkilatı ilə əlaqələrini üzə çıxararsa, o, 15 ilədək azadlıqdan məhrum oluna bilər. "RMHT-nin bəzi üzvləri 209-cu maddə ilə banditizmdə təqsirli bilinərək məsuliyyətə cəlb olunublar. Mütəşəkkil silahlı dəstənin üzvü olmağa görə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur", - deyə vəkil qeyd edib.

Sklyarenko əmindir ki, ilkin istintaq orqanlarının Sterliqova ekstremist təşkilatla bağlı bir çox sualı yarana bilər. İstintaqın hansı nəticələri ortaya çıxaracağından asılı olaraq, biznesmenə qarşı ekstremist fəaliyyətinin təşkili (6 ilədək həbs) və ya cinayətkar dəstənin üzvü olmaq (4 ilədək həbs) faktı üzrə ittiham irəli sürülə bilər.

"KİV-də yer alan məlumatlara görə, Tixonov (RMHT-nin yaradıcılarında biri, ömürlük həbsdədir) Sterliqovun ekstremistlərin fəaliyyətini maliyyələşdirdiyinə dair ifadə verib. Yalnız bu, 3 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur", - deyə vəkil Sklyarenko bildirib: "İstintaq biznesmenin RMHT-ni maliyyələşdirdiyini, təşkilat üzvlərinin təlimləri üçün yer ayırdığını sübuta yetirərsə, həbs müddətləri üst-üstə gəlinəcək. Bütün bu məsələlər orqanlarda müzakirə olunacaq, araşdırmalar nəticəsində qərar çıxarılacaq".

German Sterliqovun köməkçisi Palina Sirota isə biznesmenin tanınmamış respublikaya - Dağlıq Qarabağa qaçmasının əsl səbəbinə eyham vurub. "Onu getməyə ciddi hadisələr vadar edib. Yox, bu, banditlər deyil. Söhbət daha yuxarı səviyyələrdən gedir", - deyə Sirota qeyd edib. Yəqin ki, biznesmen Dağlıq Qarabağda rus femidasının əlinin ona çatmayacağını düşünür.

Rusiya hökumətinin axtarışda olan şəxsi tapmaq və cəzalandırmaq təcrübəsini nəzərə alsaq, Sterliqovun Qarabağ səfərinin dramatik sonluqla bitəcəyinə əmin ola bilərik.

İndi qayıdaq Bako Saakyanın London səfərinə. Dünyanın aparıcı fövqəldövlətlərindən birinin hərbi cinayətkarlarla oynadığı bir vaxtda Dağlıq Qarabağın kriminal rejiminin mövcud imici daha da güclənir: o, son dərəcə şübhəli tərcümeyi-hala malik şəxslər üçün sığınacağa çevrilir. Britaniya hökumətinin mövqeyi məyusluqdan başqa heç nə yarada bilməz. Rəsmi London Ukraynadakı separatçılara qarşı barışmaz mövqe sərgiləyir, Krımda və Donbasdakı separatçı rejimin fəallarına qarşı bütün mümkün sanksiyalardan istifadə edir. Britaniyanın "DXR" və "LXR"in liderləri Aleksandr Zaxarçenkonun və İqor Plotniskinin Birləşmiş Krallığa səfərlərinə razılıq verməsini təsəvvür etmək mümkündürmü? Çətin. Bəs, bu icazə Dağlıq Qarabağdakı separatçı rejimin əsas üzvlərindən biri olan Bako Saakyana hansı məntiqlə verilir? Axı, o, Azərbaycanın Böyük Britaniya da daxil olmaqla, bütün dünya tərəfindən tanınmış ərazisinin bir hissəsində törədilmiş hərbi cinayətlərin fəal iştirakçısı olub.

Tarix göstərir ki, terrorçularla oynama siyasəti yaxşı nəticə vermir. Hazırda Yaxın Şərqdə və dünyanın digər regionlarında yaşananlar terrorçuların doğmalara və yadlara bölünməsinin hansı nəticələr verdiyini göstərir. Bu siyasət sonda onların özlərinə qarşı çevrilir. Azərbaycan illərdir ki, işğal altında olan, Bakının nəzarət edə bilmədiyi Dağlıq Qarabağ və daha 7 rayonun Ermənistan tərəfindən nəzarətsiz zonaya çevrildiyini, orada narkobiznes, terrorçuluq və digər mütəşəkkil cinayətkarlığın transsərhəd növləri üçün münbit şəraitin yaradıldığını bəyan edir. Əgər Britaniya Azərbaycandakı böyük iqtisadi maraqlarına zidd olaraq respublikaya təzyiq vasitəsi kimi "Qarabağ kartı"na əl atırsa, bu kart ona qalibiyyət gətirməyəcək.



MƏSLƏHƏT GÖR:

463