10 May 2024

Cümə, 04:47

SƏKKİZ İŞTİRAKÇIYA ÜÇ MEDAL

Cənubi Koreyada keçirilən Universiadada Azərbaycan atletləri iki qızıl medal qazanaraq, 2016-ci il Olimpiadasına iddialı olduqlarını göstəriblər

Müəllif:

21.07.2015

Cənubi Koreyanın Kvancu şəhərində keçirilən tələbələrin Ümumdünya Universiadası başa çatdı. Azərbaycan idmançıları gənclərin mötəbər yarışında 3 medalla yadda qaldı. Sevindirici haldır ki, qazanılan medallardan ikisinin əyarı qızıldır. 

Yüngül atletikada ölkəmizin idman şərəfini Anna Skidanla Hayle İbrahimov layiqincə qorudu. 5000 metr məsafəyə qaçışda iştirak edən Hayle İbrahimov ilk mərhələdən favorit olduğunu sübut etdi. Finalda finişə birinci çatan idmançımız Universiadanın qızıl medalına layiq görüldü. Həlledici qaçışda Hayle İbrahimov ən yaxın izləyicisi Mərakeş idmançısı Zuxair Talbini 20 saniyə qabaqladı. Ardıcıl ikinci dəfə Universiadanın qalibi olan Hayle İbrahimov məşqçilərin ümidini doğrultdu. 

Kvandjuda baş tutan Ümumdünya Universiadasının qalibi Hayle İbrahimov təəssüratlarını "R+"la bölüşüb: "Yarış ərəfəsində bir qədər yorğunluq var idi. Çünki ardıcıl ikinci yarışda iştirak edirdim. Bakıda keçirilən ilk Avropa Oyunlarından sonra dincəlməyə imkan olmadı. Biz Koreyaya yollanmalı olduq. Sevinirəm ki, qızıl medal qazandım. Bu mənim Universiadalarda ikinci qızıl medalım oldu. 4 il əvvəl Kazanda keçirilən yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdım. İlk mərhələni asanlıqla keçdim. Finalda mübarizə fərqli idi. Rəqiblərim güclü olmaqla yanaşı həyəcan artmışdı. Bir səhv idmançını medalsız qoya bilərdi. Gücümü düzgün paylaşmaqla finişə birinci çatdım. Layiqli qələbə qazandığıma görə özümü xoşbəxt hiss edirəm".

Azərbaycan idmançılarından digər qızıl medalı çəkicatma yarışlarında Anna Skidan qazandı. Bir müddət əvvəl Moldova turnirində 2016-cı ildə keçiriləcək Rio de Janeyro olimpiadasına lisenziya qazanan atlet Çində favoritlər sırasında göstərilirdi. Skidan inamlı qələbəylə proqnozları doğrultdu. Cənubi Koreyadakı yarış idmançımız üçün olimpiada ərəfəsində rəqiblərini sınamaq baxımından əla fürsət oldu. Finalda hər bir atletə çəkici uzaq məsafəyə atmaq üçün 6 cəhd verilirdi. Anna ən yaxşı göstəricini 5-ci cəhd zamanı qazandı. 70.67 metr nəticəylə atletimiz çempionluq sevinci yaşadı. İdmançımız aləti gümüş medalçı Polşa təmsilçisinin atdığı məsafədən bir metr uzağa atmaqla rəqibinə şans vermədi. 

Braziliyada keçiriləcək olimpiadada medal ümidlərimizdən biri olacaq Anna Skidan çempionluq haqda bunları dedi: "Koreyaya gələndə medal qazanmaq istəyimi gizlətmirdim. Rəqiblər haqda ətraflı məlumatım olmasa belə öz çıxışımla güclü olduğumu göstərdim. Finalda ilk cəhdlərim istəyidim kimi alınmadı. Daha doğrusu, bütün gücümü son cəhdlərə saxlamışdım. Adətən birinci-ikinci cəhd zamanı istədiyin nəticə əldə olunmur. 5-ci cəhd zamanı əldə etdiyim nəticə qızıl medalı təmin etdi. Bu uğurda bütün nümayəndə heyətinin əməyi var. Hamını təbrik edirəm".

 Üçüncü medal cüdoçularımızın aktivinə yazıldı. 73 kq-da çıxış edən Hüseyn Rəhimli ilk görüşdə yapon idmançısına uduzmaqla qızıl medal qazanmaq şanslarını itirdi. Rəqib yarımfinala qədər irəlilədiyindən, Rəhimli bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazandı. Hüseyn üçüncü yeri tutmaq üçün ardıcıl olaraq Rumıniya, Çexiya, Braziliya, Özbəkistan və Qazaxıstan idmançılarına qalib gəldi. Finalda xüsusilə yüksək ustalıq nümayiş etdirən cüdoçumuz bürünc medala layiq olduğunu sübut etdi. Maraqlıdır ki, fəxri kürsüdə Hüseynlə yanaşı digər bürünc medal ilk görüşdə həmyerlimizə qalib gələn yapon idmançısına qismət oldu. İdmançımız  ilk görüşdə məğlubiyyəti haqda bunları dedi: "Universiadada cüdo yarışlarında rəqabət çox yüksək idi. Ancaq bürünc medal uğrunda 5 görüşdə qələbə qazanmalı oldum. İlk görüşdəki məğlubiyyətə gəlincə, yapon idmançısı güclü olsa da özümü ondan zəif hesab etmirdim. Sadəcə həmin görüşdə hər ikimiz risk etmədik. Vaxt başa çatandan sonra aktivimdə 4, onda isə 3 cərimə xalı var idi. Mənim daha çox cərimə xalım olduğuna görə məğlub sayıldım. Ümumilikdə özüm üçün bürünc medalı yaxşı nəticə hesab edirəm. Hər halda kolleksiyamda Universiadadan bir medal olacaq. Məqsədim məşqləri davam etdirmək və əsas millidə çıxış etməkdir". 

Ümumilikdə, 8 idmançıyla təmsil olunduğumuz Ümumdünya Universiadasında 3 medal qazanmaq qənaətbəxş nəticə sayılmalıdır. Üstəlik, üç mükafatdan ikisi qızıl əyarlıdır. Sözsüz ki, yüngül atletikada qazanılan iki qızıl medal bu idman növünün inkişafda olmasının göstəricisidir. Məhz qazanılan iki qızıl medal sayəsində Azərbaycan komanda hesabında 27-ci yeri tutdu. İlk üçlükdə Cənubi Koreya, Rusiya və Çin idmançıları oldu.  

Qeyd edək ki, növbəti Ümumdünya Universiadası 2019-cu ildə keçiriləcək. Yarışa ev sahibliyi etməli olan Braziliya təşkilatçılıqdan imtina edib. Buna görə beynəlxalq qurumlar 2019-cu ilə təsadüf edəcək yarışı keçirməyi Azərbaycana təklif edib. Ölkəmiz təkliflə bağlı yekun qərarını açıqlamayıb.



MƏSLƏHƏT GÖR:

549