3 May 2024

Cümə, 09:55

UCUZ QİYMƏTƏ İSTİRAHƏT

Hökumətə ucuz otellərin tikintisi, vizaların verilməsi prosesinin sürətləndirilməsi, həmçinin aviabiletlərin ucuzlaşdırılması tapşırıldı

Müəllif:

21.07.2015

Azərbaycan qısa müddət ərzində inkişaf etmiq turizm sahəsinin formalaşdırılmasına nail olub. Məşhur brendlərə məxsus beşulduzlu otellərin, yüksəksəviyyəli istirahət zonaları və restoranların, həmçinin müasir aeroportların sayına görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir. Lakin yaradılmış infrastruktura rəğmən, yerli turizm biznesi qiymətlər baxımından rəqiblərinə ciddi şəkildə məğlub olur. Problem o qədər ciddi xarakter alıb ki, Azərbaycan Prezidenti İlham Əliyev mövcud vəziyyəti sərt tənqid edib, problemlərin aradan qaldırılması üçün dərhal təkliflərin hazırlanması tapşırığını verib.

 

Zənginlər üçün də baha 

Beynəlxalq ekspertlər Azərbaycanda turizmin yüksək templərlə inkişaf etdiyini çoxdan təsdiqləyirlər. Bir sıra istiqamətlər, məsələn, xarici turistlərin ölkəyə axını və ya ölkənin mehmanxana potensialının artmasına görə Azərbaycan dünyadakı orta göstəricini xeyli qabaqlayır və postsovet məkanında ən ön yerlərdə durur. Ötən on il ərzində xüsusilə ölkənin bölgələrində 535 otel və pansionat istismara verilib və ya bərpa edilib. İndi onlar 35 min nəfərə xidmət etmək iqtidarındadır. Hazırda ölkə ərazisində 50-dən artıq müxtəlif səviyyəli otelin tikintisi aparılır. Onların da istismara verilməsindən sonra, Azərbaycanda otellərin ümumi tutumu 10-12 min nəfər təşkil edəcək.

Lakin son onilliyin təcrübəsi göstərir ki, turizm sahəsində rəqabət səviyyəsi hələ də lazımi həddə deyil və bu sahədə qiymətlər ölkə əhalisinin əksəriyyəti üçün əlçatmazdır. Yerli otellərin qeyri-çevik qiymət siyasətinin səbəbləri dərin köklərə malikdir: son zamanlaradək yerli istirahət məkanlarına putyovkaların qiymətləri (nəqliyyat xərcləri olmadan) Türkiyə, Misir, hətta qonşu Gürcüstanın dünyasəviyyəli kurort zonalarında istirahətdən daha baha idi. Üstəlik, qiymətləri göstərilən xidmət səviyyəsi ilə müqayisə etsək, sadalanan ölkələr Azərbaycanı bir çox göstəricilərə görə geridə qoyur. Müqayisə üçün qeyd edək ki, Azərbaycanın əksər regionlarındakı nisbətən ucuz otellərdə belə, sutkalıq istirahət adambaşına, ən azı, 60 manata başa gəlir. Üstəlik, bu məbləğə, hətta səhər yeməyi belə, heç də hər zaman daxil deyil. Buraya nahar və şam qiymətlərini də əlavə etsək, o qədər də bahalı olmayan yerli oteldə 3 gün qalmaq adambaşına 250-300 manata başa gəlir. Halbuki, bu məbləğə Türkiyə və ya Gürcüstanda 6-7 gün, yəni 2 dəfə artıq dincəlmək olar. Bundan başqa, qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanın, demək olar ki, heç bir mehmanxanasında qiymətlər "hər şey daxil" prinsipi ilə təqdim olunmur. 3 dəfə yemək, sərinləşdirici və spirtli içkilər üçün ayrıca pul ödəmək lazım gəlir. İstisna hallara yalnız bəzi bahalı beşulduzlu otellərdə rast gəlmək olar. Onlarda isə tam turizm paketi sutkalıq 120-150 manatdan başlayır. Bir sözlə, Azərbaycanın restoran və kafeləri ilə Türkiyə və Gürcüstanın iaşə obyektlərinin müqayisəsi də bizim xeyrimizə deyil. Məsələn, Bakıda və onun ətrafında iki xörəkdən ibarət sadə nahar, desert və sərinləşdirici içki ilə birlikdə bir nəfərə, təxminən, 20 dollara başa gələcək. Türkiyənin kurort zonalarındakı ucuz restoranlarda bu məbləğə 2 nəfər, Tiflis və Batumidə isə hətta 3 nəfər nahar edə bilər. Bu da son deyil. Yerli otellərdə əksər hallarda əyləncəyə, animasiyalara, akvaparka, attraksionlara, velosiped kirayəsinə, SPA-xidmətinə və s. görə əlavə ödəniş tələb olunur. Antalya, Bodrum və ya Kəmərin kurortlarında isə qeyd olunan infrastruktur, demək olar ki, hər bir ortasəviyyəli oteldə mövcuddur. Bu xidmətlər orada bir qayda olaraq, putyovkanın qiymətinə daxildir.

Azərbaycan otelləri turistlərin obyektin ərazisindən kənarda mədəni istirahətini təmin etmək üçün nadir hallarda özlərini əziyyətə salır. Əksər qonşu ölkələrin otellərindəki ştatlarda isə idman-turizm istirahəti üzrə gidlərə və ya mütəxəssislərə rast gəlinir. Onlar kollektiv şəkildə muzey, tarixi məkan, təbiət qoruqları gəzintilərini, at yarışlarını, dəniz səyahətini və ya balıq ovunu təşkil edirlər.

Yerli turizmin daha bir bəlası ödənişli çimərliklərdir. Bu gün Abşeron sahillərində istirahət etmək istəyən şəxsin sahilə pulsuz yanaşa biləcəyi yer, demək olar ki, qalmayıb. Hətta azsaylı bələdiyyə çimərliklərində belə, maşınların park edilməsinə görə 1-3 manat tələb olunur. Özəl şirkətlər tərəfindən icarəyə götürülmüş və uca hasarlarla hasarlanmış çimərliklərdə istirahətin qiyməti adambaşına 10-15 manat təşkil edir (məsələn, Şıx, Novxanı çimərlikləri). Üstəlik, bu xidmətdən imtina mümkün deyil - vətəndaşın istəyindən asılı olmayaraq, o, stol, stul, "lejanka" götürməyə məcbur edilir. Türkiyənin istirahət zonalarında isə putyovka ilə dincəlməyə gələnlərə bütün çimərlik inventarları pulsuzdur. Çimərliyə "yad" turist gəldikdə isə onu nə oradan qovur, nə də boynuna bahalı xidmətdən istifadə etmək qoyulur. Daha bir misal: Batumi və Kobuleti sahilləri tamamilə pulsuzdur və hər kəsin üzünə açıqdır. "Lejanka" və digər inventar istəyənlər isə bunun üçün Azərbaycandakından dəfələrlə az pul ödəyirlər.

Azərbaycanın turizm bazaları və sanatoriyalarının əksəriyyətində yay mövsümündə diskaunt təcrübəsi yoxdur. Onlar mövsümlərarası da qiymət endiriminə həvəs göstərmirlər. Bu, Şəki-Zaqatala, Quba-Qusar zonasında, Nabran və Abşeron sahillərindəki əsas turizm bazaları, yaxud ölkənin cənubundakı kurortların bir qayda olaraq yayın əsas 3 ayını, maksimum, 1 ay əlavə işləməsi ilə əlaqədardır. Buradakı obyektlərin sahibləri son dərəcə qısa zaman ərzində infrastrukturun və personalın saxlanılmasına görə bütün xərcləri çıxarmağa, qazanc əldə etməyə çalışır, bu səbəbdən də qiymətləri kəllə-çarxa qaldırmağa cəhd göstərirlər.

Türkiyə və Gürcüstanda isə turizm şirkətləri məzuniyyət mövsümünün əvvəlində və sonunda çevik endirim sistemindən istifadə edir, qış aylarında qiymətləri bir çox hallarda 40-50% azaldırlar. Azərbaycanda isə belə çevik endirimlərə ehtiyac duymurlar. Çünki payızda, qışda və yazda az sayda turistin cəlb edilməsi üçün çoxsaylı personalı işdə saxlamaq sərf etmir. Bütün sadalananlar Azərbaycanda istirahətin ciddi şəkildə baha olmasına yol açır. Nəticədə, qazancı yüksək olmayan vətəndaşlar istirahət zamanı qonşu ölkələrin turistləri üçün çoxdan adi hala çevrilmiş elementar rahatlıqdan, xidmətlərdən məhrum olurlar.

 

Tilsim sındı

Mehmanxana xidmətlərinin həddindən artıq baha olması ilə bağlı problemə Prezident İlham Əliyev də toxunub. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmun iclasında dövlət başçısı deyib: "İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir". 

Prezidentin sözlərinə görə, Azərbaycanda daxili turizmin sürətli inkişafı üçün bütün şərait mövcuddur - gözəl dağlar, peşələr, çaylar və çimərliklər, tarixi abidələr, xizək kurortları. Lakin keyfiyyətli, ucuz üçulduzlu, ikiulduzlu otellərin olmaması o qədər də böyük maddi imkana malik olmayan ailələrin öz ölkələrində istirahət etməsinə imkan vermir.

İlham Əliyev hesab edir ki, bu məsələdə yalnız bazarın qiymətləri tənzimləməsinə - tələb-təklif effektinə əsaslanmaq doğru deyil. Son illərin təcrübəsi göstərir ki, ucuz istirahətə olan böyük tələbat lazımi təkliflərin ortaya çıxması ilə nəticələnməyib. Prezidentin fikrincə, ölkədə turizmin inkişafı üçün üç məsələnin həllinə diqqət yönəldilməlidir: vizaların alınması proseduru və müddətinin maksimum sadələşdirilməsi, aviabiletlərin ciddi şəkildə ucuzlaşdırılması və otellərdəki qiymətlər. Qiymət probleminin həllində əsas vasitə isə iki və üçulduzlu otellərin inşasının genişləndirilməsidir. Burada, əlbəttə ki, dövlətin stimullaşdırıcı rolu da önəmlidir. "Mədəniyyət və Turizm Nazirliyi tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər", - deyə dövlət başçısı qeyd edib: "Bir çox xarici turist Azərbaycana səfəri 1-2 ay əvvəldən planlaşdırmaq məcburiyyətində qaldıqlarını deyirlər. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək".

Müvafiq dövlət strukturlarının prezidentin iradlarına reaksiyası özünü çox gözlətməyib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi rəhbərinin müavini Vüqar Şıxməmmədovun sözlərinə görə, hazırda onun təmsil etdiyi qurum İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə ölkənin mehmanxanalarında qiymət siyasətinin tənzimlənməsinə dair birgə təkliflər paketi hazırlayır. Bundan başqa, qiymət parametrlərinin təklif olunan xidmət səviyyəsinə uyğunlaşdırılması üçün sahibkarlar, turizm şirkətləri və otellərin menecerlərilə də birgə iş aparılır. Mədəniyyət və Turizm Nazirliyi iki və üçulduzlu otellərin tikintisi, sahibkarların bu cür layihələrin investisiyalaşdırılmasına marağının artırılması üçün müvafiq təkliflər də hazırlayıb. 

Bundan başqa, qurum Xarici İşlər Nazirliyi və digər dövlət strukturları ilə birlikdə elektron vizanın alınması müddətinin minimuma endirilməsinə yönəlmiş birgə fəaliyyət planını həyata keçirmək niyyətindədir. Maraqlıdır ki, bu yaxınlarda ölkədə turizm şirkətlərinin akkreditasiyası qaydaları təsdiqlənib. Onlara turistlər üçün elektron vizaların rəsmiləşdirilməsi hüququ verilib.

Turizm sahəsinin ağrılı problemlərinin həllinə profil assosiasiyaları və birliklərinin nümayəndələri də qoşulmağa hazırdırlar. Məsələn, Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Mədəniyyət və Turizm Nazirliyinin hazırlamaqda olduqları tədbirlər planında yerli otellərdə tariflərin monitorinqinin aparılması da yer alıb. AzTA-nın rəhbəri Nahid Bağırovun sözlərinə görə, belə monitoronqlər brend otellərdə aparılmayacaq. Çünki onların qiymət siyasəti əsasən beynəlxalq otel şəbəkəsinin korporativ qaydaları ilə müəyyənləşir. Yerli otellərə gəlincə, istər Bakıda, istərsə də regionlarda monitorinqlər həyata keçiriləcək, müəyyənləşmiş tariflərin iqtisadi əsaslandırılması məsələsi qaldırılacaq, onların əhalinin böyük hissəsi üçün əlçatan olub-olmadığı müəyyənləşdiriləcək. AzTA xarici turistlər üçün elektron vizanın rəsmiləşdirilməsi müddətinin 14 sutkadan 7 sutkaya endirilməsi təklifilə də çıxış edib.

Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndinin fikrincə, Azərbaycan otellərindəki hazırkı qiymətlərlə kütləvi turizmin inkişafı mümkün deyil. "Azərbaycanda kütləvi şəkildə ucuz otellərin inşası üçün potensial investorlara müəyyən güzəştlər nəzərdə tutulmalıdır", - deyə o, bildirib: "Sahibkarlarda ucuz obyektlərin tikintisinə stimul yaratmaq üçün onlara inşaat dövründə, həmçinin obyektiv fəaliyyətə başlamasından sonrakı 1-2 ildə vergi güzəştləri etmək olar".

Amma otel sektorundakı bahalıq və vizanın verilmə müddəti yerli turizm sektorunun heç də yeganə problemi deyil. Azərbaycanda istirahətin təbliği işində problemlərdən biri də "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) aviabiletlərin baha olmasıdır. "Əlbəttə ki, AZAL-ın yüksəksəviyyəli xidmət göstərməsi əladır. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?" - deyə   İ. Əliyev sual edib. Dövlət başçısı hökumətə, Maliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinə bu məsələ ilə məşğul olmağı, qiymətlərin müqayisəli təhlilini aparmağı, aviadaşımalar sahəsində tariflərin tənzimlənməsi üzrə şəffaf, süni qiymət artımlarının qarşısını alacaq mexanizmin tətbiqini tapşırıb.

Maraqlıdır ki, iyulun 15-də AZAL-da keçirilən iclasda bir çox istiqamətlər üzrə sərnişin biletlərinin qiymətlərinin optimallaşdırılması məsələsi müzakirə edilib.

"AZAL həqiqətən də yüksək keyfiyyətli xidmətlər göstərir. Lakin bu şirkətin aviabiletləri şişirdilmiş qiymətlərlə satılır. Problemin həlli üçün regional aeroportlar, Gəncə, Qəbələ və digər aeroportlar işə fəal şəkildə xəlb olunmalı, daxili bazara xarici diskaunter aviaşirkətlər gətirilməlidir", - deyə AzTA-nın rəhbəri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, turizm ictimaiyyəti variant kimi, AZAL-a bilavasitə Azərbaycanda dövlət low cost avişirkətinin yaradılmasını təklif edir. Bu, sərnişinlər üçün aviadaşımalar sahəsində xidmətləri əlçatan edəcək. Bu halda hər bir turist aviaxidmətin səviyyəsini öz imkanına uyğun seçmək imkanı qazanacaq. Bu təcrübə dünyada geniş yayılıb: "Lufthansa" və "Aeroflot" da daxil olmaqla, bir çox aviasiya qurumları öz ucuz aviaşirkətlərini yaradıblar. Bir sözlə, tilsim sındı və bəlkə də turizm sahəsindəki qiymət siyasətində ola bilsin bu yay mövsümündə hansısa müsbət dəyişikliklərin şahidi olduq. Yaxud da heç olmasa gələn il turizm obyektlərinin və onlarla əlaqəli strukturların təklifləri mövcud tələbin ümumi xarakterinə uyğunlaşmağa  başlayacaq.

 

 

SİTAT

"Bir çox xarici turist Azərbaycana səfəri 1-2 ay əvvəldən planlaşdırmaq məcburiyyətində qaldıqlarını deyir. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək"

İlham ƏLİYEV, Azərbaycan Prezidenti

 



MƏSLƏHƏT GÖR:

729