28 Aprel 2024

Bazar, 17:43

KÖHNƏ QİTƏ CƏLB ETMİR

Avropa enerji təhlükəsizliyinin təmininə göstərilən yardımlara anti-Azərbaycan qətnamələri ilə "təşəkkür" edir

Müəllif:

21.07.2015

Prezident İlham Əliyevin sədrliyilə iyulun 13-də keçirilən Nazirlər Kabinetinin iclası ölkənin 2015-ci ilin ilk yarısındakı sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilsə də, ölkənin xarici siyasi kursunun istiqamətləri baxımından da vacib hadisə kimi yadda qalıb.

İclasın əvvəlində prezident Avropanın ayrı-ayrı anti-Azərbaycan dairələrini sərt tənqid atəşinə tutub, onları "Bakı-2015" birinci Avropa Oyunlarına hazırlıq mərhələsində və yarışın keçirildiyi günlərdə Azərbaycana qarşı mütəşəkkil kampaniya aparmaqda təqsirləndirib. "Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır", - deyə İlham Əlyiev qeyd edib.

Dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmadığını bir daha xatırladıb, bunu həmin sənədin ikitərəfli əməkdaşlığı deyil, birtərəfli əməkdaşlığı nəzərdə tutması ilə izah edib. Əliyev hesab edir ki, sözügedən sənəd sanki "göstəriş vərəqəsi"dir. Bu isə xarici tərəfdaşlarla bərabərhüquqlu münasibətlər qurmağa üstünlük verən Azərbaycanın maraqlarına cavab vermir.

"Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil", - deyə İlham Əliyev Azərbaycanın Avropaya inteqrasiyaya çağırışlar edən siyasətçilərinə, ictimai xadimlərinə üz tutaraq bildirib.

Prezidentin sonrakı sözləri göstərib ki, onun bu dərəcədə ciddi bəyanatlar səsləndirməsinə səbəb heç də yalnız Avropa ilə Azərbaycanın mənəvi dəyələrinin üst-üstə düşməməsi, yaxud Brüsselin Bakının strateji tərəfdaşlıqla bağlı təklif etdiyi təkliflərə münasibət bildirməməsi deyil. İlham Əliyevin sözlərinə görə, Azərbaycan vaxtilə Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərəcəyilə bağlı vədlərinə əməl etməyəcəyini, əvəzində Azərbaycanı alçaltmaq üçün çoxsaylı cəhdlər göstərəcəyini bilsəydi, ümumiyyətlə quruma üzv olmazdı. Dövlət başçısı bildirib ki, Azərbaycan bu qurumdan ədalətli mövqe gözləsə də, ikili standartlar, islamofobiya, paxıllıq, qərəzlilik görüb. Bu, özünü xüsusilə birinci Avropa Oyunlarının təşkili zamanı göstərib. Həmin günlərdə AŞPA-da Azərbaycanla bağlı qətnamə qəbul edilib. Sənədin qəbulu zamanı qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmış "assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır" fikri oradan çıxarılıb və "assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur" fikrilə əvəzlənib.

İ. Əliyev Azərbaycanın səbrinin tükəndiyini bəyan edib: "Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi".

Prezident Avropanın digər parlament birliklərinə - Avropa Parlamentinə və xüsusilə Almaniya parlamentinə də ismarıclarını göndərib. Avropa Parlamenti qurumun sədri Şultun, onun müavini Lunaçekin və əlaltılarının uğursuz da olsa, anti-Azərbaycan qətnamələrinin qəbuluna cəhdləri üçün tənqid edilib. Almaniya parlamenti isə anoloji qətnaməni qəbul eidiyi üçün tənqid hədəfinə çevrilib. "Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər", - deyə İ.Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Avropadan heç nə istəmir, əvəzində avropalılara "bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır".

İlham Əliyev Azərbaycana qarşı məqsədyönlü informasiya müharibəsinin aparıldığını da deyib. O bildirib ki, bu savaşı aparanlar ölkənin sosial-iqtisadi nailiyyətlərini, Avropada faşizmin, ekstremizmin, digər ayrı-seçkiliklərin yanaşması fonunda mövcud olan daxili siyasi sabitliyi, hətta ən yüksək səviyyədə təşkil olunmuş Avropa Oyunları kimi sırf idman tədbirini görmürlər. Lakin, bu informasiya müharibəsində qələbə onsuz da Azərbaycan xalqının və dövlətinin olub. Çünki, heç bir kənar qüvvə onların iradəsinə təsir edə bilmir.

"Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə, heç kim onları heç vaxt icra etməyəcək", - deyə prezident qeyd edib. Bununla yanaqı, o, Bakının bütün Avropa ölkələri ilə ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib: "Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında mən əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, önəm verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik".

İlham Əliyevin çıxışından hansı nəticəyə gəlmək olar? Əlbəttə ki, Avropa ölkələrilə münasibətləri heç kəs kəsməyəcək. Münasibətlər bundan sonra da inkişaf edəcək. Lakin, guman ki, indi bu münasibətlər prezidentin bəyan etdiyi yeni əməkdaşlıq konsepsiyasına uyğun olaraq, daha praqmatik şəkil alacaq. Son hadisələr Azərbaycanın Avropa ölkələrilə münasibətləri ikitərəfli formatda qurmaq kursunun doğruluğuna əminliyi daha da artırıb. Avropaya inteqrasiya edən dövlətləri Brüsseldən asılı vəziyyətə salan inteqrasiya prosesi baş verməyəcək. Prezidentin "Biz heç yerə inteqrasiya olmuruq" bəyanatı yəqin ki, Aİ-nin "Şərt tərəfdaşlığı" təşəbbüçünün və ümumiyyətlə, Avropanın postsovet məkanındakı siyasətinin iflasa uğradığını göstərən ən ciddi məqamdır. Aİ-nin proqramında yer almış "tərəfdaşlıq" sözü tərəflər arasında qarşılıqlı səmərəli əməkdaşlığı nəzərdə tutur. Brüsselin Azərbaycana münasibətini isə heç bir halda tərəfdaşlıq saymaq olmaz. Avropa İttifaqında açıq şəkildə etiraf edirlər ki, onları, əsasən, Azərbaycanın enerji resursları maraqlandırır. Və onlar bu resursları əldə edirlər. Azərbaycan fəal şəkildə Avropanın Rusiya qazından asılılığının azaldılmasına yönəlmiş layihələr həyata keçirir. Bakının avropalılardan istədiyi isə ilk növbədə ərazilərinin işğalı problemilə bağlı ədalətli mövqedir. Onlardan heç olmasa, əksər beynəlxalq strukturların tanıdığı işğal faktının təsdiqi istənilir. Amma Aİ bunu da etmir. Gürcüstanın, Moldovanın, indisə Ukraynanın ərazi bütövlüyünün pozulmasından danışan, bu problemlərdə təcavüzkar ölkənin adını açıq şəkildə çəkən Aİ Azərbaycanın anoloji probleminə münasibətdə ya susur, ya da Ermənistanın xətrinə dəyməmək üçün hər cür amorf formullar uydurur. O Ermənistanın ki, nəinki XXI əsrdə qonşu dövlətin ərazisinin bir hissəsini işğalda saxlayır, üstəlik Aİ-yə açıq etinasızlıq göstərir, bu qurumla assosiasiyadan imtina edərək Aİİ-yə qoşulur. Avropa enerji təhlükəsizliyinin təmini işinə gösmtərilən yardımlara anti-Azərbaycan qətnamələrilə, ölkənin ərazi bütövlüyünə aşkar etinasızlıqla "təşəkkür" edir. Bu, həqiqətən paradoksal tərəfdaşlıqdır. Azərbaycan isə əlbəttə ki, hüquqsuz sağmal inək rolunu oynamaq fikrində deyil.

Üstəlik, Azərbaycanın seçim imkanları var. Prezident Əliyevin "digər birliklərin" mövcudluğunu xatırlatması da təsadüf deyildi. Avrasiya İttifaqı Bakını sıralarına cəlb etmək üçün fəal iş aparır. Doğrudur, Bakı bu quruma da ehtiyatla yanaşır. Amma, öklənin xarici siyasi kursunda Avrasiya notları hiss edilməkdədir. Bu yaxınlarda Bakı Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxınlaşma istiqamətində addım atıb. Azərbaycan regional dövlətlər olan Türkiyə, Gürcüstan və Rusiya ilə də əməkdaşlığı dərinləşdirir. İranın nüvə proqramı ilə bağlı razılığın əldə edilməsi fonunda Tehranla münasibətlərin genişləndirilməsi üçün də böyük perspektivlər açılır. Qərbin sanksiyalarından xilas olacaq Tehranla ikitərəfli əməkdaşlıqdakı böyük potensialla yanaşı, İranın Böyük İpək yolu qlobal layihəsinə qoşulması perspektivi də ortaya yeni və nəhəng imkanlar çıxarır. Bu, Azərbaycanın bərabərhüquqlu şəkildə iştirak edə biləcəyi inteqrasiya layihələrindən yalnız bəziləridir. Başqa sözlə, Bakının seçimi çoxdur.



MƏSLƏHƏT GÖR:

613