18 May 2024

Şənbə, 07:44

CENEVRƏDƏN İŞIQ UCU

Rusiya ilə ABŞ Suriya probleminin sülh yolu ilə həlli üçün imkanları birləşdirə biləcəklərmi?

Müəllif:

17.09.2013

Bu günlərdə Suriyanın tale-yinin həll olunduğunu desək, yəqin ki, heç də məsələni şişirtmiş olmarıq. Hətta bir qədər də irəli gedərək, yaşadığımız günlərdə bütün Yaxın Şərqdə və bütünlükdə dünyada sabitlik məsələsinin həll olunduğunu söyləmək mümkündür. Birləşmiş Ştatların Suriyaya hərbi müdaxilə təhlükəsi qalmaqdadır. Amma hələ də böhranın danışıqlar yolu və beynəlxalq hüquq çərçivəsində çözülməsinə şanslar var.

Vəziyyət Rusiyanın Dəməşqi kimyəvi silahını beynəlxalq nəzarətə verməyə çağırması ilə köklü şəkildə də-yişib. Moskva Suriya rəhbərliyini bundan sonra kimyəvi silah arsenalının məhvinə razılaşmağa və Kimyəvi silahların yayılmaması Bəyannaməsinə qoşulmağa da dəvət edib.

Rusiya Vaşinqton və müttəfiqlərinin Suriyaya hərbi müdaxiləsinə lap əvvəldən qarşı çıxıb. Bu günlərdə Rusiya prezidenti Vladimir Putinin "New York Times" qəzetində dərc olunmuş məqaləsində Vaşinqton növbəti dəfə yalnız BMT vasitəsilə hərəkət etməyə, Suriyaya qarşı birtərəfli şəkildə hərbi əməliyyatlara başlamamağa çağırılır. Putin hesab edir ki, ABŞ-ın hərbi əməliyyatlara başlaması "zorakılığın artmasına və yeni terror dalğasına" səbəb ola, İranın nüvə proqramı ətrafındakı vəziyyətə və Fələstin-İsrail sülh prosesinə mənfi təsir göstərə bilər. Bundan başqa, Rusiya prezidenti Suriyada kimyəvi silaha müxalifətçilərin əl atmasının mümkünlüyünü də bir daha vurğulayıb. Onun fikrincə, müxalifət bu yolla xarici himayədarlarını daxili münaqişəyə cəlb etmək məqsədi güdə bilər.

Kremlin Suriyanın kimyəvi silahını beynəlxalq ictimaiyyətin nəzarətinə verməsinə dair təşəbbüsü gərginliyi bir qədər azaldıb. Halbuki, bunadək hər şey Yaxın Şərqdə yeni genişmiqyaslı müharibənin başlanmasına doğru gedirdi. 

Rəsmi Dəməşq Rusiyanın təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb. Müxalifətin bu təşəbbüsü tənqid etməsinə gəlincə, əksəriyyət əmindir ki, bu, artıq proseslərin sonrakı gedişinə ciddi təsir göstərməyəcək.

Rusiyanın təşəbbüsündə bir vacib məqam var - Suriyanın kimyəvi silahını beynəlxalq nəzarətə verməsi planı yalnız ABŞ-ın Suriyaya hərbi müdaxilə qərarından vaz keçməsi halında işləyəcək. Ən maraqlısı isə Amerika administrasiyasında bu ssenariyə müsbət yanaşmanın hiss olunmasıdır. Aydındır ki, ABŞ-ın mövqeyində dəyişiklik bir çox amillərin təsirilə baş verib. Bu amillər arasında ABŞ-ın müttəfiqlərinin, ilk növbədə, Böyük Britaniyanın Vaşinqtonun Suriyaya qarşı hərbi əməliyyatlara başlamaq niyyətinə tənqidi yanaşması da var. Üstəlik, bir çox konqresmenin və ümumilikdə Amerika ictimaiyyətinin böyük bir hissəsinin hərbi yola əl atılmasının məqsədəuyğunluğuna şübhə ilə yanaşması da Vaşinqtonun mövqeyinə təsirini göstərən amillər sırasındadır.

Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qərarı olmadan belə, Suri- yaya qarşı hərbi əməliyyatlara başlamaqda israrlı olan, Bəşər Əsəd qüvvələrinə "məhdud zərbələrin" endirilməsinin vacibliyini bildirən Ağ Ev antisuriya "hücumunu" bir qədər də  zəiflətməyə razılaşıb.

ABŞ prezidenti Barak Obamanın sözlərindən belə anlaşılır ki, o, rəsmi Dəməşqin kimyəvi silah arsenalını, həqiqətən də, beynəlxalq nəzarətə vermək üçün lazımi addımlar atarsa, Vaşinqton Suriyaya hərbi müdaxilə qərarından imtina etməyə hazırdır. Amma kimyəvi silahı Suriyanın əlindən almaq və Rusiya ilə bu mövzuda dialoqu davam etdirmək niyyətini ortaya qoyan amerikalılar bununla yanaşı, Suriyanın kimyəvi silahına beynəlxalq nəzarətin "tammiqyaslı", "sübutlu", "gerçək", "vaxtında" olması ilə bağlı tam zəmanət almaqda da israrlıdır. Nəhayət, ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, "bu baş verməyəcəksə, onun müvafiq nəticələri olmalıdır".

Rusiyanın təşəbbüsünə ABŞ-ın Suriyaya hərbi müdaxiləsinə dəstək verən yeganə Avropa fövqəldövləti olan Fransanın da münasibəti oxşardır. Kremlin təklifini ümumilikdə alqışlayan Parisi narahat edən başqa bir məqamdır: vətəndaş müharibəsinin getdiyi bir ölkədə Suriyanın kimyəvi silah arsenalı harada və hansı yolla məhv ediləcək?

İndi, deyəsən, Əsəd rejiminə qarşı hərbi əməliyyatlara başlanılmasını tələb edən yeganə dövlət Türkiyədir. Rusiyanın təklifini müsbət qiymətləndirən rəsmi Ankara bununla yanaşı, bu təşəbbüsün Türkiyəni qane etmədiyini də ortaya qoyub. "Bizim mövqeyimiz belədir ki, dünya istənilən növ kütləvi qırğın silahından təmizlənməlidir. Suriyada isə söhbət cinayətdən gedir. Belə kütləvi qırğın, həqiqətən də, baş veribsə, beynəlxalq hüquq məsələyə müdaxilə etməli və günahkarı cəzalandırmalıdır. Suriya rejimi bu məsuliyyətdən qaça bilməz", - deyə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Əsas məqam isə hərbi xarakterli hazırlıqlar və çağırışlar yox, Rusiya və ABŞ-ın xarici siyasət idarəsi rəhbərləri Sergey Lavrov ilə Con Kerrinin Cenevrədə keçirilən görüşünün nəticələridir. Qeyd edək ki, onların danışıqlarına  sonradan BMT baş katibinin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi də qoşulub. Tərəflər Cenevrədə də eyni məsələni - Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi planını müzakirə ediblər.

Danışıqların sonunda diplomatlar əsas müzakirələrin hələ qarşıda olduğunu bildiriblər. S.Lavrov Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi prosesinin "tez, peşəkarlıqla, mümkün qədər praktik" həll olunması üçün "yol xəritəsi"nin hazırlanmalı olduğunu bildirib. O, ABŞ və Rusiya mütəxəssislərinin BMT ekspertlərilə birlikdə "yol xəritəsi"nin hazırlanması prosesinə qoşulmasının vacibliyini qeyd edib.

Lavrov amerikalı həmkarı ilə daha bir görüşün Nyu-Yorkda, BMT Baş Assambleyasının sentyabrın 28-də keçirilməsi  nəzərdə tutulan toplantısı çərçivəsində keçirilməsinə dair razılığa gəldiklərini də söyləyib. Həmin görüşdə yalnız Suriyanın kimyəvi silahı ilə bağlı məsələ yox, problemə dair "Cenevrə-2" beynəlxalq konfransının təşkili perspektivləri də müzakirə olunacaq.

Kerri isə məsələ ilə bağlı tam razılaşmanın "əlbəttə ki, bizim kimyəvi silah məsələsində burada, bu günlərdə uğur qazanmaq imkanlarımızdan asılı olacaq" - deyib.

Brahimiyə gəlincə, o, Kerri-Lavrov görüşündən sonra Suriyanın kimyəvi silahdan məhrum olması məsələsinin "Cenevrə-2"yə hazırlıq yolunda vacib məqam olduğunu söyləyib.

Beləliklə, diplomatik səylər nəticəsində ABŞ və müttəfiqlərinin Suriyaya hərbi müdaxilədən imtina edəcəklərinə real ümid var. Amma, əlbəttə ki, bu məsələ ilə bağlı prinsipial və dəyişilməyəcək bəyanat yalnız ABŞ-la Rusiyanın Suriyaya dair kompleks məsələlərdə tam razılıq əldə edəcəkləri  təqdirdə, səsləndirilə bilər.



MƏSLƏHƏT GÖR:

753