13 May 2024

Bazar ertəsi, 00:45

İLK LEGİONER

Tanınmış qrossmeyster Arkadi Naydiç şahmat üzrə Azərbaycan millisinin şərəfini qoruyacaq

Müəllif:

04.08.2015

Bakı-2015 Birinci Avropa Oyunlarından sonra, Azərbaycan gələn il daha böyük bir miqyaslı yarışa ev sahibliyi edəcək. Söhbət 2016-cı ildə paytaxtımızda baş tutacaq Şahmat Olimpiadasından gedir. Artıq indidən söyləmək olar ki, Bakıdakı olimpiada indiyə qədər keçirilən yarışlardan iştirakçıların sayına görə ciddi şəkildə fərqlənəcək. 2016-cı ildə keçiriləcək Şahmat Olimpiadasında 200-ə yaxın komandanın (həm kişi, həm də qadınlar arasında) iştirakı planlaşdırılır. Sözsüz ki, Azərbaycana gələcək yığmaların bəziləri sadəcə iştirakla kifayətlənmək fikrində deyil. İddialı komandalar həm də mükafatçılar sırasına düşmək niyyətindədir. Sirr deyil ki, Şahmat Olimpiadasında iddialı komandalardan biri - meydan sahibi Azərbaycan yığması olacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi hər zaman azarkeşləri böyük qələbələrlə sevindirib. İki dəfə Avropa çempionu olan qrossmeysterlərimiz eyni sayda Avropa Kubokuna sahib çıxıb. Şahmatçılarımızın arzusu doğma şəhərdə keçiriləcək olimpiadada medal qazanmaqdır. Məhz buna görə də Azərbaycan Şahmat Federasiyası (AŞF) komandanın heyətini gücləndirməyə çalışır. Şahmat üzrə yığmanın belə mötəbər yarışda uğur qazanması üçün hər lövhədə stabil çıxış edən qrossmeysterin olması çox vacibdir. Millinin heyətini gücləndirmək istəyən AŞF Almaniya yığmasının heyətində Avropa çempionluğunu qazanan Arkadi Naydiçlə müqavilə imzalayıb. 

Digər idman növlərindən fərqli olaraq, şahmatçının komandasını dəyişməsi üçün iki ölkənin federasiyaları arasında danışıqlar aparılır. AŞF Almaniya Şahmat İttifaqıyla danışıqları müsbət yekunlaşdırmaqla Arkadi Naydiçin Azərbaycan yığmasında oynamaq istədiyini bildirib. Belə də FİDE qaydalarına əsasən (reytinqi 2700-dən yuxarı olanlar üçün) AŞF almanlara 50 min avro təzminat ödəyib. Bundan sonra Bakıya gələrək şəraitlə tanış olan Naydiç təqdim olunan müqaviləyə imza atıb. Beynəlxalq qaydalara əsasən qrossmeyster Almaniya komandasından son oyundan iki il sonra başqa ölkənin millisində çıxış edə bilər. Belə də Naydiç artıq payızda komandalar arasında Avropa çempionatında ölkəmizin heyətində çıxış etmək imkanına malikdir. 

Arkadi Naydiç şahmatsevərlərə yaxşı tanışdır. Riqada anadan olan qrossmeyster karyerası ərzində nüfuzlu Dortmund turnirinin qalibi olub. 2011-ci ildə isə Almaniya yığmasının Avropa çempionatında qızıl medal qazanmasında həlledici rol oynayıb. Çempionluğun taleyi son turda Almaniya-Azərbaycan komandalarının görüşündə həll olunub. Birinci lövhədə çıxış edən Naydiç təmsilçimiz Teymur Rəcəbov üzərində qələbə qazanmaqla bundestimin çempion olmasına töhfə verib. 

Arkadi Naydiç Almaniya yığmasında uğur qazanmasına baxmayaraq, yerli federasiya rəsmiləri ilə münasibəti hər zaman gərgin olub. Buna səbəb Almaniya Şahmat İttifaqının güclü şahmatçılara maliyyə dəstəyi göstərməməsidir. Belə olan halda, Azərbaycandan gələn təklifi dərhal qəbul edən Naydiç 2016-cı ildə keçiriləck olimpiadada millimizin şərəfini qorumağa razılaşıb. 

Naydiçin Azərbaycan yığmasında çıxış etməsi heyətdə rəqabəti artıracaq. Çünki Şahmat Olimpiadasında təşkilatçı ölkə kimi 6 komanda ilə təmsil olunacayıq. Bunlardan 3-ü kişi, 3-ü qadın şahmatçılardan ibarət olacaq. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbovla yanaşı, Arkadi Naydiçin yığmada çıxışı təsdiqləndiyindən, digər iki yerə üç namizəd var. Məşqçilər korpusu Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynovdan iki şahmatçını seçməli olacaq. AŞF-nin milliyə daha bir əcnəbi şahmatçını dəvət edəcəyi də istisna deyil. 

Azərbaycan şahmat tarixinə millidə oynayacaq ilk əcnəbi qrossmeyster kimi düşəcək Arkadi Naydiç qərarı barədə "R+"a danışıb: "Azərbaycan Şahmat Federasiyasının təklifi mənim üçün maraqlı idi. Azərbaycanda hər zaman güclü şahmatçılar olub. Bu komanda dəfələrlə qitə çempionluğunu qazanıb. Güclü yığmada oynamaq böyük şərəfdir. Üstəlik, Azərbaycan yığmasında çıxış edən şahmatçıları tanıyıram. Onlara böyük hörmətim var. Onlarla birgə çıxış etmək millini daha iddialı edəcək". 

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Arkadi Naydiçin millimizə dəvət olunmasını düzgün addım hesab edir. Onun sözlərinə görə, Vüqar Həşimovun vaxtsız itkisindən sonra komandanın daha bir güclü şahmatçıya ehtiyacı var idi: "Bilirsiniz ki, Azərbaycan millisi hər zaman medallar uğrunda mübarizə aparıb. Millimizdə əvvəllər üç reytinqi 2700-dən yuxarı şahmatçı iştirak edirdi. Bunlar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimov olub. Azərbaycan şahmatının istedadlı nümayəndəsi Vüqar Həşimovun vaxtsız vəfatından sonra yığmamız bir qədər zəiflədi. Sözsüz ki, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov daim üzərində çalışan şahmatçılardır. Amma bizə daha yüksək reytinqli qrossmeyster lazım idi. Şahmat aləmində idmançının başqa ölkənin komandasında çıxış etməsi adi haldır. Bir sıra məşhur qrossmeysterlər başqa ölkələrin komandalarında mübarizə aparır. Naydiç bizim şahmatsevərlərə yaxşı tanışdır. Onun bir sıra uğurları olub. Ümid edirik ki, Arkadi Naydiçin millimizə gəlişindən sonra yığma daha iddialı olacaq. Azərbaycan millisi Bakıda keçiriləcək Şahmat Olimpiadasında mükafatçılar sırasında olmaq istəyir. Ona görə heyəti gücləndirmək qərarına gəldik. Gələcəkdə başqa şahmatçıların yığmamıza dəvət olunmasına gəlincə - bu barədə məlumatım yoxdur. Biz hər bir qərarımızı federasiya rəhbərliyi ilə yanaşı Gənclər və İdman Nazirliyilə məsləhətləşdikdən sonra qəbul edirik. Ona görə hazırda bu barədə danışmaq mümkün deyil. Əsas diqqətimiz sentyabrda Bakıda keçiriləcək Dünya Kubokunun hazırlığına yönəlib". 

Qeyd edək ki, Arkadi Naydiçlə razılaşmanın müddəti gələn ilin sonuna qədər nəzərdə tutulub. Əcnəbi qrossmeysterin millimizdə debütünə gəlincə, Naydiç yığmamızda Şahmat Olimpiadasından əvvəl çıxış edə bilər. Payızda komandalar arasında Avropa çempionatı keçiriləcək. AŞF rəhbərliyi istəsə Arkadi Naydiç İslandiyada keçiriləcək Avropa çempionatında millimizin şərəfini qoruyacaq.


MƏSLƏHƏT GÖR:

626