10 May 2024

Cümə, 08:11

UĞURLU PÜŞK

Futbol üzrə Azərbaycan millisi "DÇ-2018"in secmə mərhələsində yüksək yer tutmaq iqtidarındadır

Müəllif:

04.08.2015

Rusiyada təşkil olunacaq futbol üzrə 2018-ci il Dünya Çempionatının seçmə oyunlarının püşkatması nəticələrinə əsasən, milli komandamız "C" qrupunda mübarizə aparacaq. Bu qrupda millimizlə yanaşı, Avropanın daha 5 ölkəsi də yer alıb: Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino. Millimiz bu komandalardan tarixi ərzində yalnız San-Marinoya qarşı meydana çıxmayıb. Qalan 4 komanda isə futbolçularmıza tanışdır. 

Millimizin yer aldığı "C" qrupunun ən güclü komandası, şübhəsiz ki, son dünya çempionu Almaniyadır. Bu komandaya qarşı indiyədək 4 görüş keçirmişik və bütün oyunlarda meydanı məyus tərk etmişik, hətta iki dəfə böyük hesabla məğlub olmuşuq - 4:0 və 6:1. Maraq üçün onu da qeyd edək ki, 4 oyunun hamısında milli yığmamıza almaniyalı baş məşqçi Berti Foqts rəhbərlik etmişdi. Foqtsun özü vaxtı ilə Almaniya görüşü haqqında yaxşı deyib: "Bu komanda sanki maşındır. Azərbaycanın bundestimdən xal alması möcüzəyə bərabərdir". Odur ki, dünya çempionlarına qarşı matçda yalnız möcüzəyə ümid etmək olar.

 

Azərbaycan-Almaniya komandalarının görüşlərinin statistikası

Azərbaycan - Almaniya 0:2 (DÇ-2010, seçmə oyunları)

Almaniya - Azərbaycan 4:0 (DÇ-2010, seçmə oyunları)

Almaniya - Azərbaycan 6:1 (AÇ-2012, seçmə oyunları)

Azərbaycan - Almaniya 1:3 (AÇ-2012, seçmə oyunları)

 

Növbəti rəqibimiz olan Çexiya ilə isə cəmi 1 dəfə rastlaşmışıq. 2009-cu ilin noyabında BƏƏ-də beynəlxalq turnir çərçivəsində keçirilən qarşılaşmada komandamız Vaqif Cavadov və Ruslan Abışovun qolları ilə rəqibini üstələyib. Lakin həmin qarşılaşmada rəqib, əsasən, əvəzedici heyətinin futbolçuları ilə meydana çıxıb. Vaxtı ilə Pavel Nedved, Yan Koller kimi ulduzların yer aldığı Çexiya yığmasında nəsil dəyişib. Sözsüz, bu, illəröncə qitənin güclülərindən sayılan Çexiya deyil. Bununla belə, çexlər layiqli olaraq qrupda ikinci yerə iddialıdır. Əvvəlki əzəmətini itirən çexlərə layiq müqavimət göstərmək mümkündür. Ona görə bu komandayla oyunlarda xal sayımızı artırmaq olar. 

Böyük Britaniya təmsilçisi olan Şimali İrlandiya ilə indiyədək 4 matçda üzləşmişik - iki dəfə heç-heçə, bir qələbə və bir məğlubiyyət qeydə alınıb.

 

Azərbaycan - Şimali İrlandiya komandalarının görüşlərinin statistikası

Azərbaycan - Ş.İrlandiya 0:0 (DÇ-2006, seçmə oyunları)

Ş.İrlandiya - Azərbaycan 2:0 (DÇ-2006, seçmə oyunları)

Ş.İrlandiya - Azərbaycan 1:1 (DÇ-2014, seçmə oyunları)

Azərbaycan - Ş.İrlandiya 2:0 (DÇ-2014, seçmə oyunları)

 

Norveç yığması isə azarkeşlərmizə lap yaxından tanışdır. Belə ki, hazırda davam edən seçmə tsikldə bu komandayla bir qrupda yer almışıq. Ümimi statistika komandamızın xeyrinə olmasa da, bu mərhələdə "vikinqlər"dən artıq xal ala bilmişik.

 

Azərbaycan - Norveç komandalarının görüşlərinin statistikası

 Norveç - Azərbaycan 5:0 (DÇ-1998, seçmə oyunları)

Azərbaycan - Norveç 0:1 (DÇ-1998, seçmə oyunları)

Azərbaycan - Norveç 0:1 (AÇ-2016, seçmə oyunları)

Norveç - Azərbaycan 0:0 (AÇ-2016, seçmə oyunları)

 

Qrupumuzun və eləcə də Avropanın ən zəiflərindən olan San-Marino isə bizim üçün yeni rəqibdir. Millimiz 23 illik tarixi ərzində heç vaxt bu komanda ilə qarşılaşmayıb. Robert Prosineçkinin yetirmələri Avropa və dünyanın ən zəiflərindən olan bu komandadan 6 xal almağa borcludur. "Cırtdan ölkə" təmsilçisi indiyədək keçirdikləri rəsmi oyunlarda hələ də qalibiyyət üzü görməyiblər.

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki püşk haqqında "R+"a bunları deyib: "Bizim bəxtimizə çətin qrup düşdü. Bunu qrupumuza nəzər salmaqla, anlamaq olar. Norveç bizə tanış rəqibdir. Bu yaxınlarda onlarla qarşılaşmışıq. Çexiya yığması haqqında ətraflı danışmağa ehtiyac yoxdur. Onsuz da hamı onların necə komanda olduğunu yaxşı bilir. Çexiya həmişə yaxşı oyun göstərib, indi də elədir. Mənim üçün ən çox maraq doğuran Almaniya ilə görüş olacaq. Onlar sonuncu dünya çempionudurlar və bu cür komandanın müdafiəçilərinə qarşı oynamaq çox maraqlı olacaq".

"Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev Prosineçkiylə razılaşmır. Onun fikrincə, bu rəqiblərlə qrupda yaxşı nəticə əldə etmək mümkündür: "Hələ millimizin bəxti belə gətirməmişdi. Elə qorxulu komandalarla düşməmişik. Almaniya istisna olmaqla, demək olar ki, digər komandalarla oynamaq olar. Ürəkdən söyləmək istərdim ki, Robert Prosineçkinin bəxti gətirdi. Dünya çempionu Almaniya haqqında danışmağa dəyməz. Onlar qrupu birinci pillədə başa vuracaq. Buna şübhə yoxdur. San-Marino bizə hədiyyə rəqibdir. Yəni, onlara hörmət edirik. Lakin hər iki görüşdə uğur qazanmaq olar. Mümkün olmayacaqsa, daha niyə məşq edirik ki?! Norveçlə yaxınlarda oynadıq. Səfərdə heç-heçəyə nail olduq. Şimali İrlandiya bizə tanış rəqibdir. Fiziki göstəriciləri yüksək olan komandadır. Çexiya ilə rəsmi görüşlərdə heç vaxt oynamamışıq. Almaniyadan başqa digər komandalara müqavimət göstərmək lazımdır. Bizim buna gücümüz çatacaq. Püşk millimizə qarşı səxavətli olub. İndi o zaman yığma hansı vəziyyətdə olacaq, onu demək çətindir. Bu rəqiblərlə qrupda 3-cü yerə oynamaq mümkündür. Hətta pley-off uğrunda yarışmaq olar".

Püşk Azərbaycan millisinə Almaniyanı hesaba almasaq, münasib rəqiblər qismət edib. Düzdür, indidən qrupdakı oyunlar haqqında fikir bildirmək düzgün olmaz. Çünki seçmə mərhələ 2017-ci ilin sentyabrında start götürəcək. O zaman hansı komandanın necə formada olacağını heç kim söyləyə bilməz. Bununla belə, bundestimdən başqa qrupdakı bütün rəqiblərlə oynamaq mümkündür. Əgər nə vaxtsa tarix yazmaq istəyiriksə, indi əsl zamanıdır. Azərbaycan millisi bu qrupda 2-3-cü yerlərə iddialı olduğunu sübut edə bilər. 

Artıq milli komandamızın keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Qeyd edək ki, qrup lideri birbaşa mundiala vəsiqə qazanacaq. Doqquz qrupda 8 komanda ikinci yerin sahibi kimi pley-offda mübarizə aparacaq.



MƏSLƏHƏT GÖR:

579