11 May 2024

Şənbə, 21:37

BATAN DƏNİZ

Abşeron çimərliklərini qanunsuz tikililərdən və zibildən bir andaca təmizləmək olar. Təki istək olsun...

Müəllif:

04.08.2015

"R+" jurnalı bu problemdən hər il bəhs edir. Hər dəfə müvafiq strukturların bizi eşidəcəyinə, müvafiq tədbirlər görəcəyinə, ən vacibi, lazımi nəticələr çıxaracağına ümid edirik. 

Bakı çimərlikləri və onlarda hökm sürən antisanitariya. Açığı, indiyədək çimərlikdə dincələn insanların zəhərlənməməsi, epidemiyaya yoluxmaması təəccüblüdür. Bəli, biz istirahət edən insanların təmizliyə riayət etməli olduqlarının, zibillədikləri ərazini təmizləmələrinin vacibliyini qəbul edirik! Biz sahibkarların sahilyanı zonalarda bizneslə məşğul olmasına da etiraz etmirik. Lakin ilk olaraq deyək ki, kommunal xidmətlərin işini heç kəs ləğv etməyib. Amma deyəsən, onların Abşerondakı ictimai (dövlət) çimərliklərə aidiyyəti yoxdur. İkinci hala gəlincə, istənilən biznes, həmçinin çimərlik biznesi təmiz aparılmalıdır.

 

Ucu-bucağı görünməyən...

...zibil təpəcikləri. Bir daha qeyd edək ki, Abşeron yarımadasındakı çimərliklərin təmizlənməsi Nazirlər Kabinetinin 74 saylı qərarına əsasən, yerli icra hakimiyyəti orqanlarına həvalə edilib. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər il verilən "Bakı çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında" sərəncama əsasən, Səbail, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayon icra hakimiyyətlərinə müvafiq işlərin görülməsi həvalə olunur. Lakin bütün bu direktivlər kağız üzərində qalır. Belə çıxır ki, nəticənin olmaması da nəticədir - fəaliyyətsizlik, səhlənkarlıq, laqeydlik. 

Əksər çimərliklər bələdiyyələrin balansındadır. Onlar isə görünür, zibili küləyin aparacağına, daha sonra dənizə düşərək dalğalar içərisində yoxa çıxacağına ümidlidirlər. Lakin məlum olduğu kimi, heç də bütün zibillər suda yoxa çıxmır. Onun böyük hissəsi zibillik, ekoloji çirklənmə mənbəyinə çevrilir. Bu mənzərə hər kəsə tanışdır - dəniz, sahil, dincələn insanlarla dolu zolaq və zibillik zolağı.

Müvafiq strukturların açıqlamalarında qeyd olunan illik nəzarət tədbirlərinin keçirilməsinə rəğmən çimərliklərin çirkli qalması təəccübləndiricidir. Halbuki, verilən açıqlamalara inansaq, sahilyanı zona "parıldamalı, işıq saçmalıdır". Bakı çimərliklərinin ərazisində işləyən strukturların sayı-hesabı yoxdur! Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti. Onların hər biri müvafiq protokollar və aktları rəsmiləşdirir. Həmin sənədlərdə sənaye və məişət tullantılarının daşınma qaydalarının pozulmasından, tullantıların ətraf mühitin mühafizəsi qaydalarına uyğun olmadan məhv edilməsindən danışılır. Özəl çimərliklər müəyyən qədər zibildən təmizlənirsə, ictimai, girişin sərbəst olduğu çimərliklərdə isə iş Allaha və icra hakimiyyəti orqanlarının insafına qalıb.

 

Ödə və səbəbini soruşma...

Bununla yanaşı, adi insanların dincələ biləcəkləri pulsuz çimərliklərin sayı gündən-günə azalır. Abşeronda, demək olar ki, bütün çimərliklər hasara alınıb və hər arzulayan şəxs ora daxil ola bilmir. Çimərliklərin bəlkə də, hər biri saysız-hesabsız şlaqbaumlarla, dəmir borularla, quma basdırılmış şinlərlə hasarlanıb.

Çimərlik biznesi ilə məşğul olanlar hər mövsüm yeni ərazilər alır, hasarlayaraq pullu çimərlik yaradır. Bununla yanaşı, dəfələrlə yazdığımız kimi, dünyada dənizə, gölə, okeana, çaya giriş maneəsiz, pulsuzdur və dövlət orada təhlükəsliyi, təmizliyi təmin edir. Misal kimi İspaniyaya nəzər salmaq olar - orada vətəndaşlar qanunla dəniz sahili ilə ölkənin bir başından digərinə gedə bilər. Avstraliyada çimərliklər, mehmanxanalar, əyləncə mərkəzlərinin əksəriyyəti, çimərliklərin isə hamısı insanların üzünə açıqdır. Orada pullu çimərlik ümumiyyətlə yoxdur. Hətta okeana yaxın ərazidə kafe və ya akvapark varsa belə, oraya giriş pulsuzdur. Pullu olan yalnız infrastrukturdur.

Bizdə də qanunvericilik eyni yanaşmanı tələb edir. Lakin Bakı çimərliklərində qanunlara əməl olunmadığını, dincələn insanların haqlarının kobud şəkildə pozulduğunun şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamentində mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyir: "Sizə birmənalı şəkildə deyə bilərəm ki, Bakıda bütün çimərliklərə giriş pulsuzdur! Bildiyiniz kimi, bu qanun Bakı Şəhər İcra Hakimiyyətinin 2011-ci ildə imzaladığı sərəncamla qüvvəyə minib. Üstəlik, qanun yalnız dövlət çimərliklərinə aid deyil. Çimərliklərdə ödəniş yalnız göstərilən müəyyən xidmətlərə görə tələb oluna bilər. Məsələn, şezlonqlara, çətirlərə, soyunma otağı, duş və sair. İnsanların çimərliyə buraxılması üçün onlardan pul tələb olunması qadağandır və bu, qanun pozuntusu kimi qiymətləndiriləcək". 

Amma kimə deyəsən?.. Çimərliklər hələ də pullu, üstəlik, baxımsızdır. Dəniz suyunun pis vəziyyətdə olması da öz yerində. Görünür, dövlət belə halların qarşısının alınması üçün daha sərt tədbirlər görməlidir. Əks təqdirdə, heç zaman bizim çimərliklərdə səliqə-sahman yaratmaq mümkün olmayacaq.

 

"Təmiz biznes"

Dayanıqlı İnkişaf üzrə Tədqiqat Mərkəzinin rəhbəri Nəriman Ağayev "R+"a açıqlamasında bildirib ki, Bakı çimərliklərindəki vəziyyəti biabırçılıq, dövlətin turizmin inkişafı ilə bağlı bəyanatlarına zidd hall kimi qiymətləndirmək olar. Bu templərlə Bakı, çətin ki, tezliklə gözəl çimərliklərə, ciddi turist potensialına malik kurort şəhərinə çevrilsin. Belə davam edəcəyi təqdirdə, Bakı çimərlikləri heç zaman "mavi bayraqlar" kimi keyfiyyət sertifikatı əldə edə bilməyəcək. Bu uğurlu dünya təcrübəsində qeyri-dövlət fondları öz reytinqlərini işə salaraq dövlət çimərliklərində keyfiyyətin yaxşılaşdırılmasını stimullaşdırır. Turistlər (müvafiq olaraq həm də turizm şirkətləri) istirahət yerini seçən zaman üstünlüyü məhz bu obyektlərə verirlər. "Mavi bayraqlar" Avropa kurortlarında dincələn bütün turistlərə yaxşı məlum olan termindir. Onu keyfiyyət sertifikatı olaraq, 1987-ci ildən hər il Ekoloji Təhsil Fondu (Foundation for Environmental Education - FEE) verir. Proqramda 63 ölkə iştirak edir. Onlardan yalnız 49-u mükafatlandırılıb. Mükafat qumun və suyun təmizliyinin yoxlanılması üzrə testlərin nəticələrinə əsasən verilir. Bu zaman çimərliklərin təchizat səviyyəsi, çimənlərin, digər istirahət edənlərin təhlükəsizlik səviyyəsi, sahilyanı zonada təbiətin qorunması səviyyəsi və s. də nəzərə alınır. Ümumilikdə, qiymətləndirmə 31 meyar üzrə aparılır. Bu yarışın qalibi artıq uzun illərdir İspaniya çimərlikləri olur. "Çimərliklərdəki bütün obyektlər birmənalı olaraq sökülməlidir. İstək olarsa, buna bir anda nail olmaq mümkündür. Biznesmenlər isə öz bizneslərini açıq ərazilərdə qura, lazımi çimərlik inventarlarını orada sata bilərlər", - deyə Ağayev qeyd edib.

Bu cün Abşeron çimərliklərinin, demək olar ki, heç birində istirahət edənlər dənizin mənzərəsindən həzz ala bilmir - hər tərəf daş hasarlarla, pis halda olan çardaqlarla bağlıdır. 

Bununla yanaşı, qadyalara əsasən, icarədarlar hələ çimərlik mövsümünün başlanmasınadək ərazini təmizləməli, oraya zibil konteynerləri yerləşdirməli, soyunma otaqları qurmalı, dalğıclar vasitəsilə suyun dibinin təmizliyini təmin etməlidir. Dənizin çimməyə icazə verilən hissəsi narıncı rəngli şarlarla işarələnməli, onlar bir-birindən 25-30 metr məsafədə, dərinliyi 1,3 metr olan yerdən 25 metr aralıda quraşdırılmalıdır.

İcarədarlar çimərlikləri taxtlarla, günəş şüasından qorunmaq üçün istifadə olunan tentlərlə, çətirlərlə, suyu təbii yolla qızdırılan duş otaqları ilə, tualetlərlə, qaynadılmış su çənləri ilə, lazım gəldikdə su boruları - içməli su ilə təmin etməlidirlər. Tualetlər lazımi sanitar-gigiyenik tələblərə cavab verən avadanlıqlarla təchiz edilməli, vaxtında təmizlənməlidir.

Əksər çimərliklərdə zibil konteynerlərinin olmaması sahil xəttinin zibillənməsinə yol açır. Qanuna əsasən, çimərliklərin icarədarları kommunal xidmətlərlə məişət və digər tullantıların atılması üçün müqavilə imzalamalıdırlar. Lakin onların əksəriyyəti bunu etmir. Çimərliklərin tualetlərindəki sanitar vəziyyəti isə bir sözlə ifadə etmək olar: iyrənc! Bəs "təmiz biznes" harada qaldı? Azərbaycanın çimərlik problemləri ilə bağlı hər suala müvafiq strukturların öz cavabı var. Vəziyyət isə köklü şəkildə dəyişmir ki, dəyişmir.

Təəssüf ki, bütün bunların üzündən ölkə hər il xarici turist axınından əldə edə biləcəyi böyük gəlirləri itirir. Bundan başqa, N. Ağayevin sözlərinə görə, Bakı çimərlikləri azərbaycanlıların konstitusion haqlarını da pozur - hər bir vətəndaşın keyfiyyətli və təhlükəsiz şəraitdə dincəlmək hüququ var.

Artıq bir məqamı dərk etməyin vaxtıdır: Azərbaycan çimərlikləri ölkənin nəhəng turizm potensialıdır. Hazıra bu sahədə görülməli olan işlər var: birincisi, dənizə girişi məhdudlaşdıran bütün hasarlar sökülməli, bununla da dəniz sahillərinin mənzərəsi yaxşılaşdırılmalı, həmçinin pullu çimərliklərin fəaliyyət konsepsiyasına yenidən baxılmalıdır. Xoşbəxtlikdən, bunun üçün effektiv beynəlxalq təcrübə mövcuddur; ikincisi, çimərliklərin sahilyanı xətti təmizlənməlidir; üçüncüsü, dəniz suyunun vəziyyəti yaxşılaşdırılmalıdır. Yalnız mövcud strukturlar deyil, həm də hər birimiz bu işlərə diqqətlə yanaşmalıyıq. Məgər buna da yuxarıdan göstəriş lazımdır?



MƏSLƏHƏT GÖR:

590