28 Aprel 2024

Bazar, 23:02

AFRİKA UĞRUNDA YARIŞ

Pekinin aktivliyi ABŞ-ı "Qara qitə"də fəallaşmağa təhrik edir

Müəllif:

04.08.2015

Afrika haqqında kitabların hamısı - istər bədii olsun, istər sənədli, istərsə də elmi - demək olar ki, eyni tərtibatla təqdim edilir: portağalrəngli şəfəq və ya qürub fonunda tək-tənha akasiya, bəzən də əlində nizə və ya səhəng tutmuş yalqız adam. Bu "tendensiya"ya Simon Stivens adlı şəxs fikir verib və müşahidəsini Twitter-də paylaşıb. Bununla da KİV-də stereotiplər, "yadlar" nəzəriyyəsi və s. haqqında geniş müzakirələrə yol açıb.

Afrika, bəlkə də yeganə qitədir ki, bu cür şablon və stereotiplər prizmasından qəbul edilir. Və təəssüf ki, bu şablonların əksəriyyəti olduqca neqativ xarakterli olur. Qərbdə yaşayan adi insan üçün "Qara qitə" vəhşi təbiət, müstəmləkəçilik dövrü, bir-biri ilə düşmənçilik edən tayfalar, əlacsız xəstəliklər, böyük qaçqın düşərgələri, saysıq-hesabsız etnik münaqişələr və dövlət çevrilişlərinin həftə-becəridir. Afrikaya pozitiv və romantik yanaşmaya, demək olar ki, rast gəlinmir. 

Düzdür, son illər Afrika ilə müsbət assosiasiya da yaranıb - ABŞ-ın atası Keniyadan olan indiki prezidenti, Ağ Evin ilk qaradərili rəhbəri Barak Obama. Obama Afrikada doğulmayıb, Keniyaya isə prezidentlik dövründə ilk dəfədir səfər edir. Buna rəğmən, onun "Qara qitə"yə bu səfəri tamamilə fərqli bir əhəmiyyət daşıyır. Xüsusilə də nəzərə alsaq ki, səfəri zamanı Obama atasının vətəninə xüsusi maraq göstərib, çoxsaylı qohum-əqrəbası ilə görüşüb, nəhayət, Keniya prezidenti Uxuru Keniata, onun həyat yoldaşı və digər rəsmiləri ilə yerli Sauti Sol qrupunun musiqi sədaları altında ənənəvi Keniya rəqsini oynayıb. Obamanın tənqidçiləri bildirirlər ki, o, Afrika üçün elə də böyük işlər görməyib, əksinə, bu qitəyə əvvəlki ABŞ prezidentlərindən daha az diqqət yetirib. Amma bununla belə, Afrikada Obamaya hörmət və ehtiramla yanaşırlar. Məsələn, Keniyada bir neçə yeni doğulmuş oğlan uşağına Amerika prezidentinin təyyarəsinin şərəfinə "Air Force One Barack Obama" adı verilib. Övladını belə adlandıran qadınlardan biri, bunu Obamanın Keniyaya səfərini yaddaşlarda saxlamaq xatirinə etdiyini deyir. Br neçə qız uşağı isə Obamanın həyat yoldaşı və qızlarının şərəfinə adlandırılıblar. 

Prezidentin səfərini işıqlandıran ABŞ KİV yazır ki, Obamanın bu turnesi prezidentin "Qara qitə"nin problemləri haqqında yalnız söhbətlərlə kifayətlənməyərək, əməli addımların atılması istiqamətindəki səylərinin göstərcisidir. Odur ki, B.Obama afrikalılarla onların başa düşdüyü dildə danışır. Afrikalılar üçün Obama onlara öyüd-nəsihət verən adi qərbli yox, qitənin inkişafında maraqlı olan bir insandır. Afrikanın çiçəklənməsi (hərçənd, bu gün hələ çox uzaqdadır) haqqında Obama doğrudan da çox danışdı, xüsusən də amerikalıların sponsorluğu ilə Keniyada təşkil olunmuş biznes-sammitdə. Təbii sərvətlər, o cümlədən metal, almaz, neft və qazla zəngin olan bu qitə, eyni zamanda, kasıb ölkələrin sayına görə rekordçudur. ABŞ prezidentinin sözlərinə görə, Afrika dünyanın sürətlə inkişaf edən regionu olsa da, reallıqda, bu, hiss olunmur və qitə əhalisinin 70%-i yoxsulluq vəziyyətində yaşayır. Afrika dövlətləri kənd təsərrüfatı və mədən sənayəsindən ibarət müstəmləkə tipli iqtisadiyyatdan əl çəkə bilmir. ABŞ Afrikanı yalqız qoymayacağını vəd edir. Müşahidəçilərin yazdığına görə, indiyədək, əsasən, Asiya-Sakit Okean zonası, Latın Amerikası və Avropada cəmlənmiş Amerika biznesindən indi Afrikaya tərəf dönüş gözləyirlər. Obama səfəri zamanı Afrikada iqtisadi artım, yeni iş yerlərinin açılması, səhiyyə və qadın hüquqları ilə bağlı planları haqqında danışıb. Amma bu bəyanatda sensasiyalı heç nə yoxdur, çünki əvvəllər də belə fikirlər tez-tez səslənib.  İki il əvvəl Seneqal, CAR və Tanzaniyaya səfərləri zamanı da Obama, demək olar ki, eyni şeyləri söyləmişdi. Ötən il Amerika şirkətləri Afrikada enerji, bank infrastrukturu, inşaat və digər sahələrə 30 mlrd. dollardan artıq sərmaye qoymağa hazır olduqlarını bildirirdilər. Bu bəyanat ABŞ-Afrika liderlərinin Vaşinqtonda keçirilən və 40-dan artıq Afrika liderinin toplaşdığı sammitdə səslənmişdi. Hələ 2012-ci ildə Obama ABŞ-ın yeni Afrika strategiyasını elan etmişdi, 2013-cü ildən isə çoxmilyardlıq "Power Africa" ("Afrika üçün enerji") layihəsinə rəsmən start verilsə də, hələ də burada enerji istehsalına başlanılmayıb. Amerikalıların təşəbbüsünün məqsədi Saxaradan cənubda yerləşən ölkələrdə (bunlar əsasən, Efiopiya, Keniya, Qana, Liberiya, Tanzaniya, Nigeriyadır) elektrik enerjisinin istehsalılını artırmaqdır. Çünki eletrik enerjisi istehsalındakı defisit Afrikada iqtisadi artım və sərmayələri məhdudlaşdıran əsas faktorlardan biridir. Üstəlik, müxtəlif bürokratik əngəllər, bir-biri ilə rəqabət aparan maraqlar və digər faktorlar da var.

Qeyd etmək lazımdır ki, amerikalıların qitədə ciddi rəqibləri var - çinlilər. Təsadüfi deyil ki, bu gün Afrika ölkələrinə qoyulan birbaşa xarici sərmayələrin əsas mənbəyi Çindir və məhz Pekinin bu aktivliyi, Çin qəzetlərnin yazdığı kimi, ABŞ-ı qorxudur və daha fəal olmağa məcbur edir. Çinlilərə Afrikanın sürətlə artan bazarı çox lazımdır. Çünki buradakı yoxsulluq, xəstəliklər və müharibələrə baxmayaraq, "Qara qitə"də əhali sayı durmadan artır. Burada 1 milyarda yaxın potensial istehlakçı yaşayır ki, onların da 40%-dən çoxunun hələ 15 yaşı tamam olmayıb. 

Bundan başqa, çinliləri karbohidrogen və nadir metallar da maraqlandırır, çünki bunların defisiti Çinin iqtisadi artımını zəiflədə bilər. Maraqlıdır ki, Afrikaya ekspansiyada Çinin ABŞ qarşısında bir sıra daxili üstünlükləri var. Məsələn, amerikalılar öz şirkətlərinə nəsə əmr edə bilmədikləri halda, Çinin şirkətləri hökumətin işarəsi ilə və birbaşa dövlət dəstəyi ilə fəaliyyət göstərirlər. Çinliləri işlədiklləri ölkədə hansı siyasi rejimin olması və ya insan haqlarının durumu maraqlandırmır. Çinli biznesmenlər əsas üstünlüyü qısamüddətli layihələrə verirlər, amma bunun üçün onlar öz işçilərini Afrikaya gətirirlər ki, sonradan onların ailəsi də buraya köç etsin. Çinlilərə Afrikada yaşamaq xoşdur, onlar burada daha geniş məkan və daha təmiz havanın olduğunu deyirlər. Hazırda Çin bir sıra uzunmüddətli layihələrdə də iştirak edir; məsələn, Keniya, Uqanda, Ruandu, Burundi və Cənubi Sudan ərazisi ilə keçəcək Şərqi Afrika dəmir yolunun tikintisində.

Amma iqtisadi problemlər Afrika-Amerika münasibətlərinin gündəliyində duran yeganə mövzu deyil, burada təhlükəsizlik məsələləri də aktualdır. Keniyadan sonra Obama Afrika İttifaqının mənzil-qərargahının yerləşdiyi Efiopiyaya baş çəkib. ABŞ prezidenti burada Efiopiya, Uqanda, Sudan, Keniya və Afrika İttifaqı liderləri ilə görüşüb. Görüş iştirakçılarının hamısı 2013-cü ildən vətəndaş müharibəsinin getdiyi və humanitar fəlakət astanasında olan Cənubi Sudanda atəşkəsin pozulacağı təqdirdə, reallaşdırıla biləcək plan ətrafında razılığa gəlməyə çalışıblar. Liderlər münaqişə tərəflərinin avqustun 17-dək sülh sazişi imzalamayacağı təqdirdə, sanksiyaların tətbiqi məsələsini müzakirə ediblər. Amma tərəflər razılıq əldə edə bilməyiblər və bu da aydındır - axı, silah embarqosunu pozmaq mümkündür, sanksiyalar isə daha çox sadə insanlara (onlar onsuz da əziyyət çəkilrər) zərbə olacaq.

Bütün bunların fonunda Qərb KİV açıq şəkildə işarə edir ki, Obamanın ABŞ-ın nəzərində o qədər də demokratik görünməyən Efiopiya və Keniyaya (son vaxtlara qədər Keniya prezidenti Keniata Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilirdi, indi isə bu ittihamlar ləğv edilib) səfəri Vaşinqton üçün məcburi addım idi. Axı Keniya və Efiopiyaya arxalanmadan daxili münaqişələr yaşanan, "Əl-Qaida" və İD kimi təşkilatlarla əməkdaşlıq edən "Aş-Şabab" və "Boko Haram" dəstələrinin "at oynatdığı" regionda təhlükəsizliyi təmin etmək mümkün deyil. 

Obamanın qitəyə səfəri zamanı Somalinin paytaxtı Moqadişoda partlayış törədilib, nəticədə 13 nəfər həlak olub. Qitənin ən sabit ölkələri sayılan Keniya ilə Efiopiyanın silahlı qüvvələri qonşu Somali, Sudan və Cənubi Sudandakı silahlılarla daim mübarizə aparır. 90 milyonluq Efiopiya əhalinin sayına görə Afrikanın ikinci ölkəsidir və onun regionun hərbi və siyasi liderinə çevrilmək şansı realdır. Xüsusilə də ölkədəki inkişaf fonunda - cəmi 30 il əvvəl bu ölkədə 1 milyona yaxın adam acından tələf olurdu. İndi Efiopiyada Mavi Nilin yuxarı axarında Hidro Elektrik Stansiya inşa edilir (Grand Ethiopian Renaissance Dam) və 2017-ci ildə tikintinin başa çatdırılacağı gözlənilir. Qitənin ən böyük stansiyası sayılan bu HES, həm də, dünyanın qüvvətli stansiyalarından biri olacaq və təbii ki, regionun iqtisadi inkişafına töhfəsini verəcək. 

Vaşinqton üçün vacib amillərdən biri də odur ki, Keniya da, Efiopiya da təhlükəsizliyin təmin olunması üçün ABŞ-ın yardımına ehtiyacları olduğunu bildirirlər. 

2009-cu ildə özünün Afrikaya ilk səfəri zamanı Obama bildirmişdi ki, Afrikanın güclü liderlərə deyil, güclü institutlara ehtiyacı var. Amma 6 il sonra vəziyyət artıq əvvəlkitək birmənalı görünmür. Axı güclü institutlar yalnız güclü ölkələrdə olur, geosiyasi ehtiyatlara malik, qitənin digər ölkələrini də öz ardınca aparmağa qadir olan güclü dövlətlər isə, hələ ki, "Qara qitə"də, yoxdur. Odur ki, budəfəki səfəri zamanı Obama Afrika haqqında artıq yeni fikir səsləndirdi - qitənin gələcəyi afrikalıların öz əllərindədir. Qitənin problemlərindən biri də odur ki, uzun müddən siz nicatı xaricdən gözləmisiniz", - deyə Obama vurğulayıb.

Doğrudan da, uzun illər Afrikanın üzləşdiyi bütün bəlalar qitənin Avropa ölkələri arasında bölündüyü və aqrar-xammal mənbəyi olduğu müstəmləkəçilik dövrünün fəsadları kimi təqdim olunurdu. Bildirilirdi ki, məhz müstəmlikəçiliyin nəticəsində burada sosial-iqtisadi gerilik, siyasi infantillik, geosiyasi gücsüzlük və insan haqları sahəsində bərbad vəziyyət hökm sürür. Qeyd olunurdu ki, "Afrika uğrunda yarış" zamanı Afrika ölkələri arasında sərhədlər süni şəkildə cızılıb və bu, Yaxın Şərqdə olduğu kimi, müasir dövrdə bir çox entik və vətəndaş müharibələrinə yol açır və s.

İndi isə artıq neomüstəmləkəçilik təhlükəsindən danışılır - inkişaf etmiş ölkələri Afrikanın yalnız təbii sərvətləri maraqlandırır, işsiz yerli gənclər isə ya xəstəlik və aclıqdan, ya da vətəndaş müharibəsi və radikal təçkilatlar arasındklı toqquşmalardan tələf olmaqda davam edirlər. Afrikalıların bütün bu bəlalara təkbaşına qalib gələ biləcəyi şübhə, ABŞ-ın Afrika köklü ilk prezidentinin bu məsələdə onlara yardım edib-etməyəcəyi isə böyük sual doğurur... 



MƏSLƏHƏT GÖR:

653