3 May 2024

Cümə, 01:12

MEYDANDA TƏK

NATO Türkiyəyə və onun anti-terror müharibəsinə yalnız sözdə dəstək verir

Müəllif:

04.08.2015

Son 10 ildə ətrafında cərəyan edən regional münaqişələrə birbaşa cəlb olunmaqdan çəkinən Türkiyə birdən-birə iki cəbhədə miqyaslı hərbi əməliyyatlara başlayıb - "İslam Dövləti" (İD) və Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatlarına qarşı. Yaxın Şərqdə çətin, gözlənilməz geosiyasi dəyişikliklərin yaşanmaqda olduğunu nəzərə alsaq, qardaş ölkənin müasir tarixinin ən taleyüklü mərhələsini yaşadığını əminliklə söyləmək mümkündür. Çünki indi söhbət Türkiyənin yalnız bugünündən deyil, həm də gələcəyindən, onun dövlətçiliyindən və ərazi bütövlüyündən gedir.

Türkiyədə vəziyyəti, ümumiyyətlə, Ankaranın xarici siyasi strategiyasını Suruçda törədilmiş və 32 nəfərin həyatına son qoymuş terror aktı dəyişib. Bu dəhşətli cinayətə görə məsuliyyəti artıq İraq və Suriyanın əhəmiyyətli bir hissəsinə nəzarət edən İD öz üzərinə götürüb. Ankaranın cavabı özünü çox gözlətməyib: Türkiyə HHQ beynəlxalq koalisiyanın İD-yə qarşı savaşa başlamasından sonra ilk dəfə terrorçuların Suriyadakı mövqelərinə aviazərbələr endirib. Bununla yanaşı, Türkiyə ABŞ-a İD-nin Suriya sərhədlərindəki bazalarına zərbələrin endirilməsində İncirlikdəki aviabazadan istifadə etmək icazəsi verilib. Bütün bunlardan bir qənaətə gəlmək olar - Türkiyə faktiki olaraq, ABŞ-ın başçılıq etdiyi, məqsədi İD-nin məhvi olan beynəlxalq koalisiyanın bir hissəsinə çevrilib.

Lakin Ankaranın hərbi epopeyası İD-yə qarşı hərbi əməliyyatlarla bitmir. Aylardı davam edən barışıqdan sonra, PKK terrorçuları da yenidən fəaliyyətə keçiblər. Türkiyənin Cənub-Şərq vilayətlərində kürd dövləti yaratmağa çalışan PKK yaraqlıları Türkiyə Silahlı Qüvvələrinin və hüquq-mühafizə orqanlarının üzvlərinə bir neçə dəfə öldürücü hücum edib. Belə hücumlar Ərzurumda, Vanda və Muşda baş verib. Ankara, öz növbəsində, kürd terrorçularının mövqelərinə zərbələr endirib. Türkiyənin faktiki olaraq İD ilə müharibəyə başladığı dövrdə, Ankaranın gücünü "yoxlamaq" qərarına gəlmiş PKK terrorçularının İraqın şimalındakı mövqeləri bombalanıb. Bundan başqa, KİV-in məlumatına görə, kürdlərin Suriyadakı "milli müdafiə qüvvələri"nin mövqeləri də tanklardan atəşə tutulub.

Lakin Ankaranın İD-yə qarşı keçirdiyi əməliyyatlar onun qərbli müttəfiqləri tərəfindən bəyənildiyi halda, kürd terrorçularının mövqelərinin bombalanması ABŞ və Avropa İttifaqı tərəfindən ümumilikdə mənfi qarşılanıb. Bu, heç də təəccüblü deyil, çünki Qərb bütünlükdə Yaxın və Orta Şərqdə geosiyasi vəziyyətin yenidən formalaşdırılması planında əsas stavkalardan birini məhz kürd hərəkatına edir. Odur ki, Ankaranın kürd məsələsində öz qanuni haqlarını müdafiə etməsi Qərb tərəfindən lazımi dərəcədə anlayışla qarşılanmır. Qərbin bir sıra qüvvələri Türkiyənin İD-yə qarşı apardığı hərbi aksiyanı belə, kürd silahlıları ilə mübarizəni pərdələmək cəhdi kimi qiymətləndirir.

Ankaranın kürd məsələsi ilə bağlı mövqeyi həqiqətən də yalnız türk problemi çərçivəsini aşır. Qərbin dəstəyi ilə İraqın şimalında kürd muxtariyyəti yaradılıb. Analoji ssenari Suriyanın kürdlərin yaşadığı vilayətlərində də reallaşdırılmaqdadır. Üstəlik, kürdlərə Suriya prezidenti Bəşər Əsədlə mübarizədə əsas silahlardan biri kimi baxılır (vaxtilə İraq lideri Səddam Hüseynin devrilməsində olduğu kimi). Lakin ikinci kürd muxtariyyətinin yaradılması həm də Türkiyədəki kürd separatçı təşkilatlarına ünvanlanmış açıq siqnal olardı. Qərb fövqəldövlətlərinin bu ssenarisi, əlbəttə ki, Ankaranı qane edə bilməz.

Türkiyə də məhz qərbli müttəfiqlərinin anlayışını, heç olmasa, siyasi dəstəyini əldə etmək üçün NATO üzvlərinin daimi nümayəndələrinin Brüsseldə fövqəladə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Ankara ümid edirdi ki, NATO həm onun İD-yə qarşı apardığı əməliyyatlara dəstək verəcək (hər halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müttəfiqlərini İD-yə qarşı hərbi əməliyyatlarda daha fəal olmağa çağırıb), həm də kürd terrorunun qarşısının alınması kimi qanuni hüququnu tanıyacaq. Lakin NATO, birincisi, Ankaranın İD ilə mübarizədə lazımi dəstəyi almayacağını göstərib. Alyansın baş katibi Yens Stoltenberq bildirib ki, NATO Türkiyənin İD-yə qarşı apardığı əməliyyatları alqışlayır. Bununla yanaşı, o, Ankaranın bunun üçün kifayət qədər resursa malik olduğunu söyləyib.

İkincisi, alyans Ankaranın PKK ilə mübarizəsinə skeptik yanaşma ortaya qoyub. Qərb liderləri Türkiyə hökumətini kürdlərlə münaqişəni daha da qızışdırmaqdan çəkinməyə çağırıblar. Məsələn, NATO-nun baş katibi türklərin terrorçularla mübarizədə "ikinci cəbhə" açmasını tənqid edib. Türkiyənin kürdlərə qarşı apardığı aksiya Almaniya tərəfindən də sərt tənqid olunub.

Bu mənada NATO-nun Türkiyənin Suriya sərhədi boyunca "təhlükəsizlik (yaxud bufer) zonası"nın yaradılması təşəbbüsündən özünü kənar tutması da diqqət çəkir. Ankara isə bunu vacib hesab edir. Türklərin fikrincə, bu, "hərbi əməliyyatların aparıldığı ərazidə yaşayan dinc sakinlərin təhlükəsizliyini təmin edə, Türkiyəyə qaçqın axınını azalda bilər". Ərdoğan bildirib ki, Suriyanın şimalında "təhlükəsizlik zonası"nın yaradılması İD yaraqlılarının sıxışdırılmasında ciddi rol oynayacaq, həmçinin Suriyadan Türkiyəyə üz tutmuş 1,7 milyon qaçqının vətəninə qayıtmasına kömək edəcək. Lakin Qərbdə Türkiyənin bu təşəbbüsü Suriyanın kürdlərin yaşadığı bölgələrinin parçalanması planı kimi qiymətləndirilib. Axı, bu, ikinci kürd muxtariyyətinin yaradılmasının qarşısını alacaq.

Beləliklə, Türkiyə NATO-dakı müttəfiqlərindən aydın siqnal alıb: onlar türklərin Qərbin deyil, Ankaranın maraqlarına cavab verən əməllərini dəstəkləməyəcəklər. Alyans Türkiyənin yalnız Vaşinqton və Brüsselin geostrategiyasına uyğun siyasət yürütməsini istəyir. Ankara isə antiterror əməliyyatlarını davam etdirmək əzmindədir. Prezident Ərdoğan bildirib ki, Türkiyə İD və kürd ekstremistlərinə qarşı əməliyyatları davam etdirəcək. Kürd separatçıları haqda ayrıca danışan prezident deyib ki, "Bizim milli birliyimizə və qardaşlığımıza hücum edənlərlə danışıqlar mümkün deyil".

Şübhəsiz ki, bu qüvvələr bundan sonra da Türkiyədə sabitliyin pozulmasına çalışacaqlar. Bu isə türk xalqının böyük potensialının səfərbər olunmasını daha da zəruri edir. Bu potensialın hazırkı qarışıq dövrdən də ləyaqətlə çıxacağına şübhə yoxdur.



MƏSLƏHƏT GÖR:

571