18 May 2024

Şənbə, 18:38

TEATR MİSSİONERİ

Ömrünün 30 ilini Azərbaycanda teatrın yaradılmasına həsr etmiş Aleksandr Aleksandroviç Tuqanov haqqında

Müəllif:

01.09.2015

Elə insanlar var ki, onun yaradıcılığı və ictimai həyatı, həqiqətən, missiya xarakteri daşıyır. Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi və digər azərbaycanlı maarifçiləri də buraya aid etmək olar. Bu yazıda söhbət açacağımız şəxs də sadalananlardan az iş görməyib. Lakin o, ölümündən sonra şöhrət qazana bilməyib. Buna baxmayaraq, görkəmli teatr rejissoru, aktyor, pedaqoq və maarifpərvər Aleksandr Aleksandroviç Tuqanovun gördüyü işlərin əhatəsi dünyanın quru ərazisinin altıdabirini əhatə edib - Peterburqdan tutmuş, Uzaq Şərqədək. O, Azərbaycanda teatrın təşəkkül tapmasında da böyük rol oynayıb. 

 

Tolstoyun yolu ilə

O, inqilabdanəvvəlki Moskvada, varlı ailədə doğulub və yaşayıb. Onun diplomat və ya tərcüməçi karyerası qurmaq üçün bütün imkanları olub, çünki uşaqlıqdan dillərlə maraqlanıb. Lakin Tuqanov ən çox teatra maraq göstərib. Həyatını da o, məhz teatra həsr edib. Tuqanov romantik təbiətli şəxs olub - çox oxuyub, idmanla, atıcılıqla, qılıncoynatma ilə məşğul olub. 1890-cı ildə 19 yaşında paltarlarını toplayıb, belinə şpaqa bağlayaraq, atla Krıma səyahətə yollanıb. Onun yolu dövrün əksər narahat şəxsləri kimi, Lev Nikolayeviç Tolstoyun yaşadığı Yasnaya Polyanadan keçib. Qeyd edək ki, həmin dövrdə Tolstoy imperiyanın sakinləri üçün özünəməxsus Qandi rolunu oynayır, tərki-dünya müəllimlik, müdriklik edirdi. İnsanlar məsləhət almaq üçün Tolstoyun yanına üz tuturdular. Tuqanov da bir həftədən artıq onun yanında qalıb. "Müdrik-daos"un gənc "padavanla" (tələbə ilə) nə haqda danışdığı məlum deyil. Lakin nəticədə Tuqanov Krıma getməyib. Sonralar bu görüşü xatırlayan Tuqanov onun vacibliyini vurğulasa da, detallara varmırdı. Yalnız bu məlumdur ki, o, şpaqasını və atını ataraq Peterburqa yollanıb, həmin andan ömrünün sonunadək yalnız və yalnız teatrla məşğul olub.

 

Tuqanov Qafqazda

1898-ci ildə gənc, lakin artıq təcrübəli aktyor Tuqanov Moskvanın F.A.Korş teatrının aktyorlar truppasının tərkibində Tiflisə qastrola yollanır. O zaman Tuqanov artıq teatrın aparıcı aktyoru idi və Çatskini, Hamleti (bir aktyor üçün zirvə sayılır) oynamağa macal tapmışdı. Əlbəttə, Tuqanov rejissor karyerası haqqında düşünməyə bilməzdi. O, Tiflisdə peşəkar teatrların olmadığını da müşahidə etmişdi (halbuki orada teatra tələbat var idi). Həmin il Tuqanov yerli teatr həvəskarları ilə çox söhbət edir, onlar isə əsasən, avamlıqdan, pulun, peşəkar yanaşmanın olmamasından şikayətlənirdilər. Tuqanov hər şeyi yadında saxlayır. Lakin o, həmin dövrdə rejissorluq səviyyəsinə yetişmədiyini düşünürdü. Onda Tuqanovun 27 yaşı var idi. 

O, Tiflisə bir də 14 il sonra qayıdır. 1912-ci ildə Tiflisə gələn Tuqanov bu səfəri artıq yalnız aktyor yox, həm də antreprenör P.Zareçninin truppasının rejiisoru kimi edir. Bu dəfə Tuqanov uzun illər Tiflisdə qalır. Həmin illərdə bir neçə vacib hadisə yaşanır. Dil qavramaq qabiliyyəti olan Aleksandr Aleksandroviç yalnız gürcü yox, həm də Azərbaycan dilini öyrənir. O, eyni vaxtda bir neçə teatrda tamaşalar qoyur, həmin tamaşalara qatılır, üstəlik, Tiflis Azərbaycan Teatrının yaradılmasında iştirak edir. "Artist cəmiyyəti" teatrı ilə "Rus teatr cəmiyyəti artistlərinin yoldaşlığı"nı təşkil edir. Tiflisdə Tuqanova böyük hörmət bəsləyirlər, hətta onun 35 illiyini keçirirlər. 1923-cü ildə Tuqanov Tiflis Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri və rejissoru postuna dəvət alır.

 

Tuqanov və Azərbaycan teatrı

Qeyd etmək lazımdır ki, Tuqanov imperiya meydanındakı uzun missiya yolunda hələ dəfələrlə Azərbaycan teatrına qayıdacaqdı. Lakin bu barədə bir qədər sonra.

O zaman, ötən əsrin 1923-1924-cü illərində Tiflisin (artıq Tbilisi) Azərbaycan teatrını yeni səviyyəyə məhz Tuqanov yüksəldir. O, gənc aktyorlardan ibarət komanda yığır, onlara dərs keçir. Cəmi bir il sonra Tiflisin Azərbaycan Teatrı elə bir uğur əldə edir ki, Tuqanov Bakıdan işə dəvət alır. Üstəlik, onu Bakıya nə az, nə çox - Azərbaycan Dram Teatrını, yəni faktiki olaraq, respublikanın əsas teatrını yaratmağa çağırırlar. Qeyd etmək lazımdır ki, Tiflisdə işlədiyi cəmi 2 ildə, bir müddət əvvələdək, Azərbaycan dilindən və mədəniyyətindən xəbərsiz olan Tuqanov "Ölülər", "Pəri cadu", "Qaçaq Qara", "Aydın", "Oqtay Eloğlu", "Otello", "Şeyda", "İblis", "Şeyx Sənan", "Quldurlar" kimi tamaşaları səhnələşdirir.

Tuqanov Bakıdan gələn təklifi həvəslə qəbul edir və buraya özü ilə bir neçə aktyor da gətirir. Söhbət Əli Qurbanov, Qəmər Topuriya, Mir Seyfəddin Kirmanşahlı (çox maraqlı bir şəxs - bu gün o qədər də tanınmayan bu aktyor gözəl səsə malik olub. O, Tiflisin bütün səhnələrində - "Arşın mal alan"da Əsgər rolunu oynayıb) və Ülvi Rəcəbdən gedir.

O zaman Bakıda artıq ustad aktyorlardan ibarət truppa var idi. Truppada Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Cavan Zeynalov, Mirzəağa Əliyev, Sidqi Ruhulla kimi aktyorlar yer alırdılar. Maraqlıdır ki, hər iki truppa bir-birini yaxşı tanıyırdı. Teatrın "3D" kinonu əvəzlədiyi həmin dövrdə aktyorlar çox qastrol səfərlərində olur, Tiflis, Şuşa, Batumi, Kazan və digər şəhərlərdə görüşürdülər. Belə gurultulu qastrollar zamanı onlar müxtəlif pyeslərdə bir-birlərini əvəzləyirdilər. Odur ki, bakılı aktyorların bəziləri artıq Tuqanovu rejissor kimi tanıyır, Rəcəb və Ərəblinski isə onunla çoxdan dostluq edirdilər. Bütün bunların sayəsində tərəflər arasında heç bir münaqişə yaşanmır. Halbuki, teatr medalının arxa tərəfi daim tükənməz intriqalarla zəngin olur və teatrdakı intriqalara, hətta siyasətdə belə, rast gəlinmir. Truppaların birləşdirilməsinin də əksər hallarda qalmaqallara yol açdığı heç kəsə sirr deyil. "Azdrama"da isə bu, baş vermədi və qalmaqalların yaşanmaması, əlbəttə ki, Tuqanovun əməyi idi. "Bu teatr yaradılan zaman mənim üçün 1 il sanki 3 il kimi gəlirdi", - deyə o, öz memuarlarında yazırdı. Lakin cəmi 2 il keçir və kollektiv, sözün həqiqi və məcazi mənasında, bir-birinə "uyuşur".

 

"Azdrama"

O zaman "Azdrama" üçün əsas hadisə "Hamlet" olub (ümumiyyətlə, "Hamlet" hər zaman teatr üçün böyük hadisə, onun səviyyəsini nümayiş etdirən testdir). Burada Tuqanovun görkəmli dramaturqumuz Cəfər Cabbarlı ilə tanışlığı böyük rol oynayır. Tuqanov onunla tanışlığı həyatının əsas məqamlarından sayır, bunu özünün Yasnaya Polyanada peyda olması ilə müqayisə edirdi. Onlar Tuqanovun gənc teatr həvəskarlarına mühazirə oxuması zamanı tanış olmuşdular. Tuqanov sonralar bu tanışlığı belə xatırlayırdı: "Mühazirə zamanı diqqətlə mənə yönəlmiş, maraqla baxan, eşitdiklərini sanki süngər kimi özünə çəkməyə çalışan böyük gözlər gördüm. Bu, bir neçə dərsdə davam etdi və artıq mən buna vərdiş etmişdim. Hər dərsdə həmin qara gözləri axtarır, onlara müraciət edirdim".

Onda Cabbarlının cəmi 25 yaşı var idi. Tuqanov ondan, təxminən, 30 yaş böyük idi. Buna baxmayaraq, Tuqanov gənc dramaturqla həvəslə işləyir, onlar bir-birlərini əla anlayırdılar. Tuqanov pyesləri səhnələşdirir, Cabbarlı onları Azərbaycan dilinə tərcümə edirdi. Cütlük bir çox hallarda rejissorluğu birlikdə edir və onların "Hamlet"inin necə olacağı ilə bağlı qərara da birlikdə gəlir. ""Hamlet"in bütün mənası qara trikoda və üzərinə lələk taxılmış şlyapada olması, çalmanın geyilməsi ilə bu mənanın dəyişməsi mümkün deyil", - deyə sonralar Tuqanov yazırdı. O, Şeksprin dramının mənasını yaxşı anlayır, başa düşürdü ki, mövcud qəhrəmanların əməlləri və xarici görünüşünün məkanı olan Danimarka sadəcə funksiyadır. Həm Tuqanov, həm də Cabbarlı bilirdilər ki, "Hamlet"in gücü onun universallığındadır. Bu səbəbdən də, dramdakı hadisələr Şərqə "köçürülür".

 

Şərqə doğru və geriyə

Aleksandr Aleksandroviç, ümumiyyətlə, Şərq həvəskarı idi. O, bir neçə türk dili bilir, üstəlik, fars dilində də danışırdı (yeri gəlmişkən, fars dilini Bakıya köçməzdən xeyli əvvəl öyrənməyə başlamışdı). 31-ci ildə o, "Azdrama"nın yükünü rahat şəkildə 31 yaşlı Cabbarlının çiyinlərinə qoyaraq, düz, Çin sərhədinə yollanır. Orada Tuqanov kiçik şəhərlərdə bir-birinin ardınca teatrlar açmağa başlayır. Həmin şəhərlərdə o, kadr yığımı ilə də məşğul olur.

34-cü ildə Tuqanov Qroznıdakı teatr üçün truppa toplamağa başlayır, Qroznı teatrını ayağa qaldırmaq məqsədilə bəzi teatr peşəkarlarının razılığını almaq üçün Moskvaya yollanır. Bu, avqustda baş verir. Bu zaman Tuqanov tam təsadüfən köhnə dostu Cabbarlı ilə rastlaşır. Onlar teatr haqqında uzun-uzadı fikir mübadiləsi aparırlar və Cabbarlı Tuqanovu Bakıya qayıtmağa razı sala bilir. Tuqanov Bakıya dönəcəyinə söz verir. Bu, onların son görüşü olur. Yarım il sonra, Cabbarlı cəmi 35 yaşında ürəktutmasından dünyasını dəyişir. 

Bir il sonra Tuqanov "Azdrama"ya qayıtmaqla bağlı rəsmi dəvət alır. O zaman Tuqanovun əsas işi həm aktyorlar, həm də rejissorlar üçün çətin dram sayılan "Maqbet" olur. Tamaşada xanım Maqbeti Mərziyə Davudova oynayır. Tamaşa böyük uğur qazanır. Tuqanov isə eyni zamanda fəaliyyətə yeni başlamış digər teatrların kollektivləri ilə də işləyir. Çünki o dövrdə Bakıda Tuqanov səviyyəli rejissorlar çatışmırdı.

O illərdə Tuqanov Rus Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında da işləyir, paralel olaraq pedaqoq fəaliyyəti göstərir, ölkə üçün yeni kadrlar hazırlayır. Məsələn, o, Xoreoqrafiya Məktəbində balet tarixinə dair mühazirələr oxuyur, konservatoriyada, Teatr Məktəbində və Opera Teatrında isə aktyorluq dəsrləri deyir. Ötən əsrin 30-40-cı illərində Bakıda, çətin ki, bu qədər işləyən rejissor tapmaq mümkün olardı.

Müharibədən dərhal sonra Bakıda Azərbaycan Dövlət Teatr İnstitutu açılır və Tuqanov orada aparıcı professorlardan biri olur. O, institutda Azərbaycan və rus dillərində dərs deyir.

Aleksandr Aleksandroviç Tuqanov, ümumilikdə, həyatının 30 ilini Azərbaycan teatrına həsr edib, pedaqoq kimi, 3 aktyor nəsli yetişdirib və bu gün onun Azərbaycanın mədəni həyatına verdiyi töhfələr ölçüyəgəlməzdir.



MƏSLƏHƏT GÖR:

544