18 May 2024

Şənbə, 18:22

MÜNASİB OYUN KARTI

Koreya Respublikası ilə KXDR arasında bitmək bilməyən müharibə çoxlarına sərf edir

Müəllif:

01.09.2015

Cənubi və Şimali Koreya növbəti dəfə regionu irimiqyaslı müharibədən qoruya biliblər. Tərəflər həmsərhəd Pxanmuncomda 2 gün davam edən müzakirələrdən sonra hərbi qarşıdurmanın səviyyəsinin aşağı salınması haqda razılığa gəliblər. Razılaşmaya əsasən, Cənubi Koreya demilitarizasiya olunmuş zona boyunca yerləşdirilmiş səsgücləndiricilərdən yayımı dayandıracaq, Pxenyan isə silahlı insidentlərə görə rəsmi təəssüfünü dilə gətirəcək. Tərəflər hökumətlərarası danışıqlar aparmaq, Koreya müharibəsindən sonra ayrı düşmüş ailələrin birləşməsi üçün qarşılıqlı yardım göstərmək haqda da razılıq əldə ediblər. Cənubi Koreya hökuməti hətta gələcəkdə KXDR ilə ona qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasını da müzakirə etməyə hazırdır. Cənubi Koreya KİV-nin məlumatına görə, Seul sanksiyaların aradan qaldırılması üçün ilkin tərəf kimi Pxenyandan "Çxonan" korvetinin məhvilə nəticələnmiş insidentə görə üzr istənilməsini tələb edəcək.

Tərəflər arasında münasibətlər avqustun 20-də baş vermiş hadisədən sonra gərginləşmişdi. Həmin gün Şimali Koreya hərbçiləri cənubdakı səsgücləndiricini raket vasitəsilə "susdurmağa" cəhd göstərmişdilər. Seul həmin səsgücləndiricilər vasitəsilə KXDR hərbçilərinə təsir göstərməyə çalışırdı. Cənublular 11 il əvvəl saxladığı antipxenyan təbliğatını avqustun ortalarında demilitarizasiya olunmuş ərazidə mina partlayışından sonra bərpa etmək qərarına gəlmişdi. Həmin partlayış Cənubi Koreyanın 2 hərbçisinin yaralanması ilə nəticələnmişdi. Pxenyan isə insidentə heç bir aidiyyətinin olmadığını bildirir. Nəticədə, tərəflər bir-birinin ərazisinə artilleriya zərbələri endirmiş, KXDR qarşı tərəfin hərbçilərinə hərbi əməliyyatlara başlayacağına dair telefonoqram belə, göndərmişdi. Nəticədə, Cənubi Koreyanın Silahlı Qüvvələri yüksək döyüş hazırlığı səviyyəsinə gətirilmiş, hökumət demilitarizasiya olunmuş zonanın qərbində yaşayan yüzlərlə insanın evakuasiyasına başlamışdı. Hər şey müharibənin başlamasına bir neçə addımın qaldığını göstərirdi.

Amma tərəflərin razılığa gəlmələrinə, barışıq tonunda danışmalarına baxmayaraq, gərginliyin tam aradan qalxdığını söyləmək mümkün deyil. Şimali Koreya rejimi "təəssüfünü ifadə etməyə" razılıq versə də, bu, "üzr istəmək" deyildi. Bununla yanaşı, danışıqlar bitdikdən dərhal sonra Cənubi Koreya ilə ABŞ arasında maraqlı bir razılaşmanın əldə edildiyi üzə çıxıb: tərəflər Koreya yarımadasında vəziyyətin gərginləşəcəyi təqdirdə, KXDR-in hərbi potensialının zəiflədilməsinə dair razılığa gəliblər. "OPLAN 2015" kod adı altında hazırlanmış strategiya Şimali Koreyanın kütləvi qırğın silahının, həmçinin nüvə başlıqlarının, raketlərin və biokimyəvi silahlarının məhvini nəzərdə tutur. "Koreya yarımadasındakı böhranlı vəziyyəti nəzərə alan Cənubi Koreya və ABŞ ABŞ-ın strateji qüvvələrinin və vasitələrinin bölgədə yerləşdirilməsi məsələsini çevik şəkildə nəzərdən keçirir", - deyə Cənubi Koreyanın Müdafiə Nazirliyinin bəyanatında bildirilir. Qeyd edək ki, Seul ilə Vaşinqton hər il birgə hərbi təlimlər keçirirlər və bu, Şimali Koreyada ciddi qıcıq yaradır. Əvəzində Pxenyan Şərqi Çin dənizi istiqamətində "yer-hava" tipli raketlərini sınaqdan keçirir.

Şimali Koreya ən qapalı və hərbiləşmiş dövlətlərdəndir. Onun ordusu dünyada böyüklüyünə görə 4-cü sıradadır. Ölkə ÜDM-in ən azı 15%-i onun hərbi tələbatlarının ödənilməsinə xərclənir. Pxenyan vaxtaşırı nüvə sınaqları da keçirir. Onun son belə sınağı 2013-cü ilin fevralında baş tutub. Pxenyan bəyan edib ki, nüvə silahı onun rejiminin yaşaması üçün zəmanətdir. Şimali Koreyanın nüvə probleminin həlli üçün Çinin rəhbərlik etdiyi altıtərəfli komissiya işləyir. Lakin tərəflər arasındakı fikir ayrılıqları üzündən komissiya son dəfə 2008-ci ildə toplanıb.

Formal olaraq, Koreya yarımadası hələ də müharibə şəraitindədir. İkinci Dünya müharibəsinin bitməsindən və yarımadanı işğal etmiş yapon ordusunun təslim olmasından sonra Koreyanın şimal hissəsi Sovet İttifaqının, cənubu isə Amerikanın nüfuz dairəsinə düşüb. 1945-ci ilin dekabrında Rusiya və ABŞ arasında Koreyanın müvəqqəti idarə edilməsinə dair razılaşma imzalanıb. 1948-ci ildə cənubda Koreya Respublikası, şimalda isə Koreya Xalq Demokratik Respublikası yaradılıb. 1950-ci ildə Şimali Koreya Cənubi Koreyaya hücum edib. Müharibə 1953-cü ildə atəşkəs razılaşması ilə başa çatıb. Bundan sonra sərhədin hər iki tərəfində hərbi demarkasiya xətti və demilitarizasiya zonası yaradılıb. Həmin əraziyə bu günədək BMT-nin himayəsi altında Amerika sülhməramlıları nəzarət edir.

70-ci illərin əvvəllərində "böyük milli birləşmə" adı altında Cənubla Şimalın birləşdirilməsinə cəhd edilib. 2000-ci ildə isə tərəflər arasında ilk sammit keçirilib. Sammit Şimal və Cənubun Birgə Bəyannaməsinin qəbulu ilə başa çatıb. Hazırda bu sənəd birləşmə məsələsində əsas sənəd hesab olunur. 2007-ci ildə tərəflər arasında ikinci görüş baş tutub. Bu görüşdə Seul ilə Pxenyan ikitərəfli münasibətlərin inkişafı, sülh və çiçəklənməyə dair bəyannamə imzalayıblar. İndi tərəflər arasında əsas mübahisə birləşmənin yoludur - Şimal konfederasiya təklif edirsə, Cənubi Koreya Konstitusiyasına əsasən, KXDR də daxil olmaqla, bütünlükdə Koreya yarımadası bu ölkənin suveren ərazisi sayılır. Seulun qarşısını kəsən daha bir məqam isə Şimalla birləşəcəyi təqdirdə, üzləşəcəyi iqtisadi itkilərdir. İki ölkə arasında mədəni-sosial uçurum da çox dərindir.

Şimali Koreya özünü ayaqda saxlamağa çalışsa da, hətta bu yaxınlarda xarici iqtisadi əlaqələrini nəzərəçarpacaq dərəcədə genişləndirsə də, tez-tez iqtisadi kollaps yaşayır. Pxenyanın Rusiya və Çin kimi ənənəvi tərəfdaşlarına artıq Küveyt, Mozambik, Laos, Myanma, Livan, İndoneziya, Kuba, Belarus, Vyetnam, İran, Hindistan və Suriya da qoşulub. Onları cəlb edən yalnız Şimali Koreyanın faydalı qazıntılarla - kömür, antrasit, boz kömür, dəmir filizi - ilə zəngin olması deyil. Pxenyan onlar üçün həm də dünyanın strateji vacib bölgələrindən birindəki vəziyyətə təsir rıçaqları əldə etmək baxımından önəmlidir.

Qərbdə əmindirlər ki, Rusiya Şimali Koreya rejimindən Birləşmiş Ştatlara pislik etmək üçün yararlanır. Görünür, Çin də eyni məqsəd güdür. Hər halda, Vaşinqton Pekini tez-tez ərazi mübahisələrində hərbi gücdən, sərt mövqedən istifadədə günahlandırır. Aydındır ki, Şimali Koreya kimi özünə qapalı, qəribə, qorxulu xəbərlərlə və şayiələrlə gündəmə gələn müttəfiqin mövcudluğu geosiyasətdə rəqiblərə təzyiq üçün geniş imkanlar açır. Pxenyan gah isterika içərisində hər kəsi az qala nüvə müharibəsilə hədələyir, gah da geri addım atmaqla müxtəlif dotasiyalar, yardımlar əldə edir.

Vaxtilə Koreyanın bölünməsi üçüncü qüvvələrin təşəbbüsü ilə baş tutub. Göründüyü kimi, bu gün də regionda proseslər onların iştirakı olmadan cərəyan etmir. Bunun ən parlaq nümunəsi Cənubi Koreya rəhbərliyinin sentyabrın 3-də Pekinin Tyananmen meydanında təşkil olunacaq irimiqyaslı hərbi parada qatılıb-qatılmamaqla bağlı tərəddüdlər burulğanına düşməsidir. Söhbət Yaponiya üzərində qələbənin 70-ci ildönümünə həsr olunacaq paraddan gedir. Məsələ ondadır ki, Qərbin aparıcı liderləri bu tədbirə qatılmamaq qərarına gəliblər. Onlar, bununla, Çin sədri Si Tszinpini Vladimir Putinin, Sudan, Venesuela və Şimali Koreya liderlərinin əhatəsində tək buraxmaq məqsədi güdürlər. Pekinə getməyin əleyhinə olan Cənub Koreya prezidenti Pak Kın Henin arqumenti də kifayət qədər aydındır: Qərbin liderləri parada qatılmaqdan imtina edibsə, Seulun da Vaşinqtonla münasibətləri korlamasına dəyməz. Digər tərəfdən Cənubi Koreya Çinlə də iqtisadi münasibətləri inkişaf etdirməyə çalışır. Seul Pekinin məhsulu olan Asiya İnfrastruktur İnvestisiyaları Bankına da qoşulub. Bununla yanaşı, Çin KXDR-in "qoruyucusu" hesab olunur.

Bir sözlə, iki Koreya arasında mübahisə heç zaman sırf Pxenyan-Seul problemi olmayıb və olmayacaq. Tərəflər arasında növbəti hərbi gərginlik barışıqla nəticələnsə də, dünyanın əksər "qaynar nöqtə"lərində olduğu kimi, iki Koreya arasında bitmək bilməyən müharibə aparıcı geosiyasi fövqəldövlətlər üçün münasib oyun kartı olaraq qalır.



MƏSLƏHƏT GÖR:

597