18 May 2024

Şənbə, 20:21

QEYRİ-ELASTİK AVROPA

Köhnə qitəyə axan miqrant ordusu millətçilərin hakimiyyətə gəlməsinə səbəb ola bilər

Müəllif:

01.09.2015

Aİ rəhbərliyi özünü itirib. Qlobal iqtisadi qarışıqlıqla və demək olar ki, bütün Avropanı bürümüş qeyri-sabitliklə bağlı problemlər azmış kimi, indi də miqrasiya böhranı özünü tam şəkildə göstərməyə başlayıb. Əslində, qeyri-leqal miqrasiya ilə bağlı problem Köhnə Dünyanın iqtisadi və siyasi baxımından nisbətən öndə gedən ölkələri üçün yenilik deyil. Bununla yanaşı, son zamanlar bütünlükdə Avropanı bürümüş miqrant axını Avropa İttifaqı liderlərini sanki gözlənilmədən yaxalayıb. Yaxın Şərqdə, Şimali Afrikada, Əfqanıstanda və dünyanın digər problemlə region və ölkələrindəki müharibələr, qeyri-sabitliklər xilası Avropada axtarmaq fikrinə düşənlərin sayını dəfələrlə artırıb. Daha yaxşı həyat axtarışında olanlar nəyin bahasına olursa olsun, istənilən yolla Avropaya can atırlar.

Bu qiymətlərə üz tutan qeyri-leqallar arasında onlarla insan ünvana yetişmədən yolda dünyasını dəyişir. Yalnız son günlər ərzində bir neçə belə faciə baş verib. Məsələn, Liviya sahillərində içərisində qeyri-leqal miqrantların olduğu gəmidən Şimali Afrikadan olan 50 qaçqının cəsədi tapılıb. Onlar İtaliyaya istiqamət almış gəminin anbarından tapılıblar. Gəmidə onlarla yanaşı, daha 400 nəfər olub. Daha 50 miqrantın cəsədi Avstriyada tapılıb. Onlar Macarıstana yol almış yük maşınında aşkarlanıblar. Bu dəfə ölümə səbəb miqrantların furqonda boğulmaları olub. Amma bütün bunlar miqrant axınının qarşısını almır.

Avropanın aparıcı dövlətlərinin problemin həllinə son dərəcə loyal yanaşmaları isə vəziyyəti daha da qəlizləşdirir. Halbuki miqrasiyanın hazırkı miqyas almasından sonra hələ də məsələyə insanpərvərlik prizmasından yanaşılması böhranı daha da dərinləşdirir və bu, artıq bir çoxları üçün tam aydın məsələdir. Miqrantlar isə rəhmli avropalıların mərhəmətindən geninə-boluna yararlanmaqdadırlar. Miqrantların dəlilləri isə bəzən tamamilə absurd görünür. Məsələn, bu yaxınlarda Avropa ölkələrindən birinin sığınacaq verdiyi zirək afrikalı doğma kəndindən Avropaya qaçmasının səbəbini belə izah edib: "Kəndimizə şir hücum etdi və mən qaçaraq xilas oldum. Buraya necə gəlib çıxdığımı xatırlamıram". Daha bir məqam: zirək afrikalının bu tarixçəni danışdığı hökumətin dövlətilə onun vətəni arasında yalnız Aralıq dənizi deyil, ən azı daha bir sahilyanı Avropa ölkəsi yerləşir.

Başqa sözlə, qeyri-leqal miqrantlar arasında yalnız repressiv rejimlərdən və ya müharibələrdən xilas olmağa çalışanların deyil, sadəcə, daha yaxşı yaşamaq istəyənlərin də olduğu sirr deyil. Qaçqınların ilk yetişdikləri ölkədə yaşamağa deyil, Aİ-nin daha inkişaf etmiş dövlətlərinə, məsələn, Almaniyaya, Fransaya və s. düşməyə çalışmaları da bunu göstərir. Lakin miqrant axını üzündən vəziyyətin faciəvi duruma yaxınlaşması Aİ-dən mərkəzləşdirilmiş vahid siyasət tələb edir. Hələlik belə siyasətə rast gəlinmir. Avstriyanın xarici işlər naziri Sebastyan Kurs bu haqda kifayət qədər haqlı fikir səsləndirib: "Tezliklə miqrant probleminin həllini tapmasaq, problemlə ayrı-ayrılıqda mübarizə aparmaq məcburiyyətində qalacaq dövlətlərin sayı getdikcə artacaq".

Həqiqətən də, belədir. Yeni ümumavropa miqrasiya siyasətinin qəbul edilməsini gözləməyən ayrı-ayrı dövlətlər "miqrant cəbhəsi"nin ön xəttində yerləşdikləri üçün bacardıqları qədər təkbaşına fəaliyyətə keçiblər. Məsələn, Latviya qeyri-leqallardan hasar vasitəsilə qorunmaq qərarına gəlib. Macarıstan hökuməti bununla yanaşı, cənub sərhədlərinin mühafizəsində ordudan istifadə imkanlarını nəzərdən keçirir. Macarları anlamaq mümkündür: ölkə polisi hər il sərhəddə, təxminən, 1,5 min qeyri-leqal miqrantı saxlayır. Bu ilin əvvəlindən indiyədək Macarıstana gəlmiş miqrantların sayı 110 mindən artıqdır. Makedoniya hökuməti isə problemi həll etmək üçün Suriya, İraq və Əfqanıstandan olan 600 miqrantı gətirən qatarı Serbiya ilə sərhədə istiqamətləndirib. Böyük Britaniya daha radikal addımlar atır. Qaçqınların qəbulu ilə bağlı ümumavropa proqramlarına qatılmaqdan imtina edən London sərhədlərini qeyri-leqal miqrantların üzünə bağlayıb. Slovakiya isə ümumiyyətlə, müsəlmanları qəbul etməkdən imtina edib. Hökumət bu addımını müsəlmanların xristianlara yad olmaları, cəmiyyətə inteqrasiyada problemlər yaşamaları ilə əsaslandırır.

Amma bütün bu tədbirlər də qeyri-leqal miqrasiyanın qarşısını almır. BMT-nin qaçqınlar üzrə ali komissarı Antoniu Qutyerreş vəziyyəti, bəlkə də, hər kəsdən yaxşı ifadə edib: "Qapını bağlayırsan, pəncərədən girirlər, pəncərəni bağlayırsan tunel qazırlar". Ali komissarın sözlərinə görə, bu gün Avropada sığınacaq verilməsi sistemi tamamilə funksiyasını itirib və "hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməlidir".

Problemin həlli yollarından biri kimi Aİ-nin hər bir üzvü üçün miqrant qəbulu ilə bağlı kvotanın müəyyənləşdirilməsi göstərilir. Almaniya kansleri Angela Merkel ümumi qeydiyyat, yerləşdirmə, sığınacaq axtaranların deportasiya qaydalarının tətbiqini vacib sayır. O, miqrantların Avropada "ədalətli bölüşdürülməsi" təşəbbüsü ilə də çıxış edib. Kansler bildirib ki, Avropanın bir çox ölkələrində sığınacaq axtaranların qəbulu ilə bağlı vahid qaydalar qüvvədə olsa da, o, reallaşdırılmır: "Almaniya və Fransa bütün Aİ ölkələrinin bu qaydalara əməl etməsini gözləyir".

Fransa prezidenti Fransua Olland isə yaranmış vəziyyəti "fövqəladə durum" adlandıraraq bildirib ki, sığınacağın verilməsi üzrə vahid ümumavropa qaydaları Şengen sisteminin fəaliyyəti üçün şərtdir.

Almaniya və Fransa hökumətlərinin durmadan artmaqda olan miqrant ordusunun məişət problemlərinin həlli ətrafında düşünməkdə olduqları bir vaxtda Avropanın bir çox örlkələrində millətçi, hətta islamafob əhval artmaqdadır. Bu, həm də miqrantların dini mənsubiyyətilə bağlıdır. Belə hala xüsusilə Almaniya (ilin əvvəlindən bu ölkəyə sığınacaq üçün müraciət etmiş insanların sayı 800 minə çatır) və Fransada rast gəlinir. Bu yaxınlarda alman millətçilər Bavariyadakı qaçqın düşərgəsini yandırmağa çalışıblar. Yeri gəlmişkən, orada Azərbaycandan olan miqrantlar da yerləşdiriliblər. Bəzi məlumatlara görə, düşərgə sahiblərilə bavariyalı millətçilər arasında toqquşma da olub və vəziyyəti yalnız polis müdaxiləsindən sonra qaydaya düşüb. Daha bir insident Drezden yaxınlığında yerləşən Haydenau şəhərində baş verib. Burada ultrasağçı hərəkatın təmsilçiləri qaçqınları daşıyan avtobusun qarşısını kəsərək "çağırılmamış qonaqlar"ı daş, butulka atəşinə tutub, onların ünvanına təhqirlər yağdırıblar. Son hadisəni şəxsən A.Merkel də pisləyib. Almaniya hökumətinin rəsmisi Şteffen Zaybert də məsələyə kəskin münasibət bildirib: "Sağçı ekstremistlərin, neonasistlərin axmaq ideyalarını qaçqınlar üçün nəzərdə tutulmuş yataqxananın yanında təbliğ etməyə çalışmaları sadəcə iyrəncdir. Vətəndaşların, hətta uşaqlı ailələrin bu cür aksiyalara qatılaraq bu biabırçılığı dəstəkləmələri rüsvayçılıqdır".

Fransada isə miqrant axını ksenofob əhvalı artırmaqla yanaşı, Milli Cəbhənin lideri Marin Le Penin rəhbərliyi altında sağçı qüvvələrin mövqelərini gücləndirib. Ölkədə IFOP mərkəzinin ötən həftə keçirdiyi sorğunun nəticələri bu mənada son dərəcə maraqlıdır: Fransada ötən bazar günü prezident seçkisi keçirilsəydi, Le Pen seçkinin qalibi olarmış. Sorğudan məlum olub ki, potensial seçicilərin 26-27%-i səsini Le Penə verməyə hazırdır. Yəni bu, artıq hazırkı və sabiq prezidentlərə verilmiş dəstəkdən (Fransua Olland - 20%, Nikola Sarkozi - 24%) artıqdır. Hadisələrin bu cür inkişaf edəcəyi təqdirdə, Fransada millətçilərin tərəfdarlarının artacağı şübhə doğurmur.

Yeri gəlmişkən, Marin Le Pen gizlətmir ki, hökumətin yumşaq siyasətini tənqid etməsinin kökündə ölkəyə məhz müsəlmanların axışması dayanır. O, artıq hökumətə qarşı tələbini də səsləndirib: hüquq mühafizə orqanlarının diqqətini radikal islamla əlaqə üzündən çəkmiş bütün əcnəbilər ölkədən dərhal çıxarılmalıdır. "Nəyə görə Fransa potensial təhlükəli olduğu bilinən, öldürücü ideologiya ilə əlaqəsi məlum olan əcnəbi vətəndaşlara hələ də qucaq açır?" - deyə Le Pen sual edir.

Bu yerdə ortaya sual çıxır - Yaxın Şərq və Şimali Afrikadan müsəlman axını nəticəsində, ümumiyyətlə, İslam "ölüm saçan ideologiya" kimi qəbul edilməyəcək ki? Axı, Fransa miqrant axını ilə bağlı idarə olunmayan vəziyyətin millətçi qüvvələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunduğunu göstərən yalnız bir nümunədir. Beləliklə, miqrasiya problemi daha qlobal problem olan islamofobiyanın daha da dərinləşməsi təhlükəsini yaradır. Biz artıq bir neçə ildir ki, xristian ölkələrində bunu müşahidə edirik.



MƏSLƏHƏT GÖR:

517