18 May 2024

Şənbə, 18:56

HƏR YANDAN TƏHLÜKƏ

Türkiyə yeni seçkiyə hazırlaşır və antiterror fəaliyyətini genişləndirir

Müəllif:

01.09.2015

Türkiyədə bu il ərzində ikinci parlament seçkisi noyabrın 1-də keçiriləcək. Bu haqda qərarı prezident Rəcəb Tayyib Ərdoğan partiyalararası danışıqlar nəticəsində hakim koalisiyanın yaradılmasının mümkün olmamasından sonra qəbul edib.

Bununla yanaşı, Ərdoğan Əhməd Davudoğlunun rəhbərliyi altında fəaliyyət göstərəcək müvəqqəti hökumətin tərkibini də müəyyənləşdirib. Bu hökumət növbədənkənar parlament seçkisinədək fəaliyyət göstərəcək. Yeni və müvəqqəti hökumətə hakim Ədalət və İnkişaf Partiyasından (ƏİP) 11, kürdpərəst Xalqların Demokratik Partiyası (XDP) 2, Millətçi Hərəkat Partiyası (MHP) isə 1 deputatla təmsil olunub. Qalan portfellər müstəqil deputatlar arasında bölüşdürüləcək. Ümumilikdə, müvəqqəti hökumətdə baş nazir də daxil olmaqla, 26 nəfər yer alacaq.

Seçkidən sonra yeni güclü hökumətin formalaşdırılması məsələsi Türkiyə üçün yalnız ölkənin möhkəmlənməsi baxımından əhəmiyyət daşımır. Bu, Ankaranın qarşısında dayanan çağırışlar, ilk növbədə, geosiyasi düzənlə bağlıdır.

Növbəti seçki kampaniyasının əsas intriqası, yəqin ki, yeni parlamentə kürdpərəst partiyanın düşə bilib-bilməməsi olacaq. Şişirtməyə yol vermədən, demək olar ki, XDP-nin iyunun 7-də keçirilmiş seçkidə əldə etdiyi, ona 10%-lik baryeri aşmaq imkanı vermiş uğur ölkədəki ənənəvi partiyalar sistemində, o cümlədən ƏİP-in özündə bütün kartları qarışdırıb. Hakim partiya ali qanunverici orqanda mütləq çoxluqdan məhrum olub, nəticədə, yeni kabineti təkbaşına formalaşdırmaq imkanını da əldən verib. Daha sonra ölkədə daxili siyasi vəziyyət kəskin şəkildə pisləşib. Nəticədə, separatçı kürd hərəkatı növbəti dəfə fəallaşıb. Bu hərəkatın siyasi dayağı isə məhz XDP sayılır.

Terrorçu Kürd Fəhlə Partiyası (PKK) Türkiyənin müxtəlif şəhər və əyalətlərində az qala hər gün törədilməkdə olan qanlı terror aktlarındakı rolunu inkar etmir. Bu, ƏİP-in təkpartiyalı hökumət formalaşdırmasında maraqlı olduqlarını gizlətməyən prezident Ərdoğana və baş nazir Davudoğluna XDP-nin populyarlığının azalmasına hesablanmış addımlar atmaq üçün əsas verir. Ekspertlər və yerli siyasətçilər isə XDP-nin əksinə, Türkiyənin kürdlərin yaşadığı cənub-şərq bölgələrində mövqeyini daha da gücləndirəcəyini istisna etmir.

İstənilən halda, ölkənin təhlükəsizliyi, ərazi bütövlüyü üçün təhdid olan terrorçuların fəaliyyətinə birdəfəlik son qoymaqda israrlıdır. Türkiyə ordusu məhz bu məqsədlə PKK-ya qarşı antiterror əməliyyatlarına başlayıb. Ordu bu terror təşkilatının xüsusilə İraqın şimalında yerləşən bazalarına zərbələr endirir. Bununla yanaşı, Ankara üçün əsas problem yalnız kürd terrorçuları ilə mübarizə deyil. Türklərin PKK ilə mübarizəsi ciddi geosiyasi gərginlik fonunda gedir. Buna səbəb Türkiyənin NATO-dakı müttəfiqlərinin nümayiş etdirdikləri mövqedir. Onlar faktiki olaraq, Ankaranın kürd terrorçularına qarşı güc işlətməsilə razılaşmırlar.

Qərb kürd hərəkatına dəstəyini faktiki olaraq İraq və Suriyanın böyük bir hissəsinə nəzarət etməkdə olan "İslam Dövləti"nə (İD) məhz küdlərin real müqavimət göstərməsilə əsaslandırır. Ankara isə öz növbəsində onun üçün PKK-nın və İD-nin yaratdığı təhlükələr arasında fərq qoymur - bu iki təşkilat bir-birinə düşmən olsa belə. Odur ki, antiterror əməliyyatlarına başlanıldığını elan etmiş Türkiyə faktiki olaraq, iki cəbhədə savaşır. Həyata keçirilən bu əməliyyatlar nəticəsində artıq PKK və İD-nin mindən artıq üzvü həbs edilib, İraq və Suriyanın bu iki terror təşkilatının nəzarətində olan ərazilərinə aviazərbələr endirilib.

Bununla yanaşı, Türkiyə üçün İD-dən gələn təhlükə getdikcə özünü daha ciddi göstərir. Bu təşkilatın liderləri Türkiyəni İstanbulun ələ keçiriləcəyi, "satqın" Ərdoğanla müharibə və Türkiyə parlamentinə keçiriləcək seçki zamanı seçki məntəqələrində partlayışların təşkil olunacağı ilə hədələyib. Vəziyyətin terrorçulara qarşı son dərəcə ciddi müqavimət göstərilməsini tələb etdiyini anlayan Ankara isə Türkiyənin İD-yə qarşı ABŞ-ın rəhbərliyilə həyata keçirilən beynəlxalq antiterror əməliyyatlarına qoşulması ilə bağlı bütün rəsmi məsələləri həll edib. 

Pentaqon bəyan edib ki, Ankara yaxın zamanlarda koalisiyanın digər üzvlərinin Hərbi Hava Qüvvələrilə birlikdə antiterror əməliyyatlarına başlayacaq. Söhbət İD yaraqlılarının mövqelərinə hava zərbələrinin endirilməsindən gedir. Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu isə öz növbəsində Ankara və Vaşinqtonun Suriyada İD-yə qarşı kompleks hava əməliyyatları hazırladıqlarını söyləyib. Ehtimala görə, onlar Suriyanın Türkiyə ilə sərhəd olan şimal rayonlarına zərbələr endirəcəklər. Xatırladaq ki, əvvəllər Ankara oranı "təhlükəsizlik zonası" elan etməyə hazırlaşırdı.

Şübhəsiz ki, Türkiyənin beynəlxalq koalisiyaya qoşulmaq qərarı qəbul etməsinə yalnız İD-dən gələn təhlükə, radikal islamçıların Surucda törətdikləri və 30-dan artıq insanın həyatına son qoymuş, ölkədə yeni gərginliyin başlanğıcı sayılan terror aktı səbəb olmayıb. Burada söhbət həm də Birləşmiş Ştatların mövqeyindən gedir - amerikalılar Türkiyədən İD-yə qarşı daha fəal addımlar atmasını israrla tələb edir. Vaşinqton, əlbəttə ki, Ankaranın Amerika hərbi təyyarələrinə Türkiyənin "İncirlik" aviabazasından istifadə icazəsi verməsindən məmnunluğunu gizlətmir. Lakin Birləşmiş Ştatların müdafiə naziri Eşton Karterin də dediyi kimi, "bu, vacib olsa da, kifayət deyil".

Əslində, ABŞ Türkiyəni yaraqlıların bazalarına hava zərbələri endirməklə İD kabusuna son qoya biləcək yeganə real güc sayır. Onlar perspektivdə türklərin İraq və Suriyanın terrorçuların nəzarətində olan ərazilərində miqyaslı quru əməliyyatları keçirməsini də mümkün sayırlar. Türkiyənin İD-yə qarşı beynəlxalq koalisiyaya qoşulmasının bir qədər uzanması isə yalnız Ankaranın hazırda Yaxın Şərqdə yaşanan münaqişəyə qarışmaq istəməməsilə əsaslandırılmır. Türkiyə bununla Qərbdən ciddi geosiyasi imtiyazlar da əldə etmək istəyirdi. Belə imtiyazlardan birincisi məhz PKK-ya qarşı hərbi əməliyyatların keçirilməsi idi. İkinci məqsəd isə Suriya probleminin Ərdoğan və Davudoğlunun çoxdan arzuladığı şəkildə, yəni Bəşər Əsəd rejiminin devrilməsilə həllidir. PKK ilə mübarizə məsələsində Ankara hələ də kürd hərəkatını yeni Yaxın Şərqdə özünə müttəfiq sayan Qərbin siyasi müqavimətilə üzləşirsə, antiəsəd planının reallaşdırılmasında Türkiyə ilə ABŞ arasında, demək olar ki, tam anlaşma mövcuddur.

ABŞ hərbi təyyarələrinin Türkiyənin aviabazasında yerləşdirilməsində məqsədlərdən biri də, güman ki, Suriyanın qərbpərəst silahlı müxalifətinin bir hissəsinin dəstəyini almaq olub. İndi Ankara Suriya ilə həmsərhəd ərazilərdə antiterror əməliyyatlarının keçirilməsilə Əsəd hökumətinə əlavə təzyiq göstərməyə çalışacaq. "Bu əməliyyatlar həm də Bəşər Əsədə mesaj, Əsəd administrasiyasının danışıqlar masası arxasına əyləşməsi üçün (müxalifətlə - red.) ona əlavə təzyiq olacaq", - deyə Çavuşoğlu açıq şəkildə bildirib.

Görünür, Ankara çoxdan qayğısına qaldığı "zona"da təhlükəsizliyi Suriya müxalifətinin quru qoşunlarının təmin edəcəyinə ümid bəsləyir. Çünki ABŞ, Türkiyə və digər koalisiya üzvlərinin Hərbi Hava Qüvvələri onu havadan qoruyacaqlar. Görünən odur ki, Ankaranın iki cəbhədə apardığı müharibə - PKK-ya və İD-yə qarşı - Türkiyənin gələcək hökumətinin fəaliyyəti üçün də prioritet olacaq. Söhbət noyabr seçkisindən sonra formalaşdırılmalı olan hökumətdən gedir.

Türkiyənin yeni daimi hökumətinin ilin sonunadək formalaşdırılacağına şübhə yoxdur. Üstəlik, ölkənin aparıcı qüvvələri, bu il ikinci dəfə keçiriləcək seçki yarışına qoşulmağa hazır olan ƏİP, CHP və XDP bir məsələni yaxşı anlayırlar: güclü icraedici hakimiyyətin mövcudluğu daxili siyasi gərginliyin aradan qaldırılması, Türkiyənin qarşısında duran çağırışların cavablandırılması üçün əsas zəmanətlərdən biridir.



MƏSLƏHƏT GÖR:

506