19 May 2024

Bazar, 07:48

DRAM AKTYORUNUN DRAMI

Azərbaycanda sovet repressiya maşınından möcüzə nəticəsində sağ çıxmış Məmmədrza Şeyxzamanovun 100 illiyi qeyd edildi

Müəllif:

08.09.2015

Şeyxzamanovlar soyadı ilk dəfə onun adı ilə tanınıb məşhurlaşmadı. Çünki Məmmədrza Şeyxzamanova qədər də bu nəslin nümayəndələri arasında müxtəlif sahələrdə çalışanlar, məşhurlaşanlar, Azərbaycan tarixinə yeni səhifələr yazanlar olmuşdu. Onların sayəsində Şeyxzamanovların şöhrəti Gəncənin hüdudlarını çoxdan aşmışdı. 

 

Qısa uşaqlıq

Məmmədrza Şeyxzamanov Gəncədə 1915-ci ilin avqustunda belə bir adlı-sanlı, nüfuzlu nəslin övladı kimi dünyaya göz açdı. Atası Hacı İsa bəy ömrünün çoxunu onlara nəsildən-nəslə keçən müqəddəs vəzifəni yerinə yetirməyə həsr etdi: İmamzadənin keşikçisi oldu. O, bir neçə dəfə ailə qurmuş, övladları olmuşdu. Sonuncu dəfə Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evləndi. Üç uşaqları dünyaya gəldi. Məmmədrza Şeyxzamanov onların ortancıl övladıydı. 

İsa bəyin var-dövləti ailəsinin firavan yaşamasına yetərdi. Ancaq 1920-ci ilin 28 aprelində Azərbaycanda Sovet hakimiyyəti quruldu. Yeni hökumət başqa varlı adamlar kimi onların da mal-dövlətini əllərindən aldı. Böyükxanım yaşadıqları mülkü tamam itirməmək üçün könüllü olaraq orada fabrik açılmasına icazə verdi, əvəzində öz evinə bir böyük otaq ala bildi. Var-dövlətləri müsadirə olunandan sonra maddi sıxıntının, yoxsulluğun nə olduğunu anladılar. Amma dərdləri bununla bitmədi.

Şeyxzamanovlardan biri - Nağı Şeyxzamanov Sovet hakimiyyətinin süquta uğratdığı müstəqil Azərbaycan Demokratik Respublikasının ilk təhlükəsizlik orqanına rəhbərlik etmişdi. O, Şura hökuməti qurulanda qurtula bildi, Türkiyəyə getdi, orada yaşadı. Ancaq qardaşı Əhməd edam edildi. Nağı Şeyxzamanov Məmmədrza Şeyxzamanovun əmisi oğlu, həm də bacısının həyat yoldaşıydı. Məmmədrzanın qardaşı Ələsgər isə Azərbaycan Demokratik Respublikası dövründə Türkiyədə təhsil almağa göndərilən gənclərdən biriydi. O da doğma yurduna dönə bilmədi. Sonradan İtaliyaya mühacirət etdi, orada yaşadı. 

İsa bəy həyatdan erkən köçdü. O, vəfat edəndə Məmmədrza Şeyxzamanov balacaydı. İsa bəydən sonra dolanışıqları daha da çətinləşdi. Elə buna görə Böyükxanım hələ çox gənc olan qızı Həmidəyə gələn elçiləri qapıdan qaytarmadı. Cənubi Azərbaycandan olan həyat yoldaşı bir müddət sonra Həmidəni öz yurduna apardı. Çox keçmədi ki, Sovet hökuməti İranla sərhədləri möhkəmləndirdi. Gediş-gəliş çətinləşdi. Anası, bacı-qardaşları bundan sonra da Həmidənin həsrətini çəkdilər. 

Anasının onları dolandırmaq üçün çəkdiyi əziyyətləri görə-görə böyüyürdü Məmmədrza Şeyxzamanov. On iki yaşından işləyərək evə qazanc gətirməyə başladı. 

 

Teatr təmayüllü "mühəndis"

Gəncə İnşaat Texnikumuna daxil olduqdan sonra təqaüd də alırdı. Aktyorluq sənətinə marağı elə o illərdə yarandı. Təhsil aldığı texnikumdakı dram dərnəyinə yazıldı. Tezliklə Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov onu teatrın nəzdindəki studiyaya dəvət etdi. Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolla səhnəyə çıxdı. Bu, gələcək aktyorun böyük səhnədə ilk uğurlu çıxışı oldu. Həmin teatrda çalışdığı illərdə "Vaqif"də Eldar, "Fərhad və Şirin"də Fərhad, "Yaşar"da İmamyar, "İki qardaş"da Yuri və digər yaddaqalan rollar oynadı. Getdikcə Gəncədə aktyor kimi tanınmağa, sevilməyə başladı. 

Texnikumda təhsilini başa vurub, mühəndis diplomu aldı. Ancaq bu sənətə uyğun iş tapmaq haqqında heç düşünmədi. Çünki meyli başqa sənətəydi. Gəncə Dövlət Dram Teatrının səhnəsində böyük həvəslə rollar oynayır, yeni rollar arzusu ilə yaşayırdı. O vaxt iyirmi dörd yaşı var idi. Bu gənc, yaraşıqlı aktyorun pərəstişkarları az deyildi. Onların arasında on yeddi-on səkkiz yaşlı Nigar adlı bir qız da var idi. Nigar Məmmədrza Şeyxzamanovun oynadığı bütün tamaşalara baxmağa gəlirdi. Bir gün gənc aktyor da bu gözəl qızı tanıdı. Bir-birlərini sevdilər. Məmmədrza Şeyxzamanov elçilərini qızgilə göndərdi. İmkanlı ailəsi Nigarı kasıb aktyora vermədi. Məmmədrza Şeyxzamanov sevdiyi qızı qaçırdı. Bir il sonra - 1939-cu ildə qızları dünyaya gəldi. Adını Leyla qoydular. 

 

"Ərim harda, mən də orada"

Həyatı axarına düşməyə başlayırdı. Sevdiyi işlə məşğul idi. Gəncə Teatrında oynadığı rolların sayı getdikcə artırdı. Evdə həyat yoldaşı, təzə dil açan qızı yolunu gözləyirdi. Qayınanasıgillə də barışmışdılar. Məmmədrza Şeyxzamanov alicənablığı, ailəcanlılığı ilə onlara özünü sevdirmişdi. 

Evləndikdən sonra həyat yoldaşının ali təhsil almasının qayğısına qaldı. Özü də dram teatrında işləməklə bərabər, orda fəaliyyət göstərən dram dərnəyinə rəhbərlik edirdi. Ancaq Sovet hakimiyyəti onların kimliyini unutmamışdı. Müstəqillik tərəfdarları, onların yaxın qohumları nəzarət altında saxlanılır, səbəbli-səbəbsiz həbs edir, ailə üzvləri təqiblərə məruz qalırdı. Növbə Şeyxzamanovlara da gəlib çatdı. Məmmədrza Şeyxzamanovun özü və ailə üzvləri, qardaşı Ələsgərin həyat yoldaşı ilə qızı repressiyaya məruz qaldılar. 

Məmmədrza Şeyxzamanov həyat yoldaşının, kiçik qızının da onunla birlikdə əziyyət çəkməsini istəmirdi. Ona görə də həyat yoldaşına: "Ayrılsaq, sizə dəyib-dolaşan olmaz", - dedi. Ancaq həyat yoldaşı razılaşmadı. Sürgündən öncə Nigar xanım "KQB"yə də çağırıldı. Ona həyat yoldaşından boşanarsa, sürgündən xilas ola biləcəyini bildirirlər. Nigar xanım yenə etiraz etdi: "Ərim harda, mən də orda", - dedi.

Məmmədrza Şeyxzamanov həyat yoldaşı və balaca qızıyla Qazaxıstanın ucqar vilayətlərindən birinə sürgün edildi. Yeddi il sürgündə qaldılar. Ağır günlər yaşadılar. Sürgündə əkiz oğlanları dünyaya gəlsə də, çox yaşamadı. 

Yanlarında azərbaycanlılar az deyildi. Çoxu da qadınlar, uşaqlar, yaşlı adamlarıydı. Sürgün həyatının əzab-əziyyətlərinə qatlaşmaq onlara daha çətin idi. Aralarında Məmmədrza Şeyxzamanov kimi cavanı, güclüsü az idi. Ona görə də o, sürgündə olanlara bacardığı qədər kömək edirdi. Məmmədrza Şeyxzamanov həm də həyat yoldaşı ilə bərabər məktəbdə işləyirdi.

Yeddi il sonra həyat yoldaşıyla qızını götürüb gizlincə Qazaxıstandan Gəncəyə gəldi. Burda da azad, asudə yaşaya bilmədilər. Xeyli müddət Gəncədəki qohum-əqrəba evində gizlənmək məcburiyyətində qaldılar. Gizli yaşadıqları üçün Məmmədrza Şeyxzamanov işə də düzələ bilmirdi. Yadına Xalq şairi Səməd Vurğun düşdü. Şair aktyoru hələ illər öncədən tanıyırdı. Məmmədrza Şeyxzamanov Gəncə Teatrında "Vaqif" tamaşasında oynadığı vaxtlardan onu görüb bəyənmişdi. Aktyor başına gələnləri əvvəldən axıradək şairə yazdı. Səməd Vurğun Məmmədrza Şeyxzamanova kömək etdi. Onun sayəsində işləri yoluna düşdü, yenidən Gəncə Dram Teatrında işə başladı. 

 

Yeni həyat

Ailənin başı üzərindəki qara buludlar dağılırdı. Aktyorun sənət həyatı da müsbətə doğru dəyişirdi. Yenidən Gəncə Teatrında fəaliyyətini davam etdirir, yeni rollarla səhnəyə çıxırdı. 

1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başladı. Ailəsiylə birlikdə Gəncədən Bakıya köçdü. Otuz ilə yaxın həmin teatrda çalışdı. Azərbaycan və dünya klassiklərinin əsərlərində bir-birindən maraqlı rollar ifa etdi. "Fərhad və Şirin"də Xosrov, "Yaşar"da İmamyar, "Antoni və Kleopatra"da Edqar, "Ölülər"də Hacı Həsən, "İblis"də İxtiyar, "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqli rollarla pərəstişkarlar qazandı. O, ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışdı. 

Teatrda olduğu kimi, kinoda da sevilən rollar oynadı. 1955-ci ildə "Bəxtiyar" filmində professor Teymur Rəcəbov roluna çəkildi. Kinoda ilk rolu uğurlu oldu. Bundan sonra "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Nəsimi"də Şeyx Əzəm, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Böyük dayaq"da Şərəfoğlu, "Kölgələr sürünür"də Qafar Niyazov, "Əhməd haradadır"da Şirin kişi, "Liftçi qız"da rəssam, "Tütək səsi"ndə İsfəndiyar kişi kimi maraqlı rollar yaratdı.

 

Ailəsinin içində

1956-cı ildə, böyük qızı Leylanın on yeddi yaşı olanda ikinci qızı Afaq dünyaya gəldi. 1962-ci ildə isə üçüncü qızları oldu. Qayğıkeş ata idi Məmmədrza Şeyxzamanov. Yaşlarına görə bir-birindən fərqlənən qızlarının hərəsini öz dilində danışdırır, hər arzularını yerinə yetirirdi. Ancaq teatr sənətini seçmələrini istəmədi. Afaq onun yolunu davam etdirmək fikrinə düşəndə qızına aktyorluq sənətinin çətinliklərindən danışdı. "Bu sənətin çətinliklərinə dözmək lazımdır, - dedi. Ən əsası isə gərək istedadın olsun. Gərək, elə aktrisa olasan ki, mənim adıma layiq olsun". Qızı xeyli fikirləşdikdən sonra atasına haqq qazandırdı və aktrisa olmadı.

Məmmədrza Şeyxzamanov qızı Afaq Şeyxzamanovanın yaddaşında qətiyyətli insan kimi qalır: "Atamın ciddi xasiyyəti vardı. Yeri gələndə zarafatları da olurdu, amma bircə sərt baxışı hər şeyi həll edirdi. Düzlüyü çox sevirdi. Səxavətli, səmimi, kövrək insan idi. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edirdi. Məni heyrətləndirən həm də onun geniş məlumata malik olmasıydı. Tarixi gözəl bilir, maraqlı faktlar danışırdı".

Söhbətciliydi. Maraqlı əhvalatları bir-birinə calayıb danışırdı. Onu dinləyənlər yorulmazdılar. Oxuduqlarından başqa bir də həyatdan aldığı dərslər danışdırardı Məmmədrza Şeyxzamanovu. 

Onu sürgünə göndərəndə səbəbini söyləməmişdilər. Uzun illər sonra qızı Afaq atasının istintaq işini alıb oxuyanda öyrəndi bunları: "Məmmədrza Şeyxzamanov pantürkist olmaqda, Türkiyə dövlətinə casusluq etməkdə ittiham olunmuşdu". Sovet hakimiyyəti Məmmədrza Şeyxzamanova sürgün əzablarından başqa bir də ayrılıq əzabları yaşatdı. Bacısı Həmidə xanım uzun illər sonra, Vətəninə dönüb, burada yaşamağa icazə ala bilsə də, qardaşı Ələsgərə ömrünün sonunadək həsrət qaldı.

Ona layiq olduğu "Xalq artisti" adını da çox gec, 1974-cü ildə verdilər. O zaman ki, Məmmədrza Şeyxzamanov artıq çoxdan xalqının artisti idi. Onu teatrda, kinoda heç zaman unudulmayacaq rollarıyla tanıyır, çox sevirdilər. 

1984-cü il yanvarın 25-də altmış doqquz yaşında vəfat etdi. Məmmədrza Şeyxzamanov ömrü teatrda və kinoda yaratdığı rollarla əbədi oldu.



MƏSLƏHƏT GÖR:

625