19 May 2024

Bazar, 01:58

MÜƏMMALI SANKSİYALAR

Beynəlxalq münasibətlərdə iqtisadi "qamçı" effektli vasitə sayıla bilərmi?

Müəllif:

08.09.2015

"Altılıq"la İran arasında Tehranın nüvə proqramına dair razılaşma və ABŞ ilə Kubanın qarşılıqlı şəkildə diplomatik nümayəndəliklər açması barədə xəbərlərin fonunda gündəliyə yenidən bir məsələ çıxır - sanksiyaların effekti varmı?

Lüğətlərdə və dərsliklərdə sanksiya - beynəlxalq ticarətin bir iştirakçısı (və ya qrupları) tərəfindən digərinə qarşı, sonuncunun siyasi kursunu dəyişməyə vadar etmək üçün tətbiq olunan məcburi vasitəsi kimi qeyd olunur. Beləliklə, məqsəd - siyasət, vasitə isə - iqtisadiyyatdır. Tarix boyu bu vasitədən tez-tez istifadə olunub. Məsələn, hələ b.e.ə. V əsrdə Qədim Yunanıstan Meqara şəhərini Sparta ilə ittifaqa görə bu cür cəzalandırmaq istəmişdi. Amma sanksiyalar nəticə verməmişdi, əksinə müharibəyə gətirib çıxarmışdı. 

Nisbətən yeni tarixdən də misal gətirmək olar - Londonu zor gücünə üstələməyin çətinliyini anlayan Napoleon 1806-cı ildə qəbul etdiyi Berlin dekreti ilə Britaniya adalarını blokadaya almışdı. Amma bu sanksiyalardan yalnız ingilislər deyil, Napoleonun birləşdirdiyi avropalıların özləri də ziyan görmüşdülər - onların Britaniyanın sənaye və müstəmləkə məhsullarına yolları bağlanmışdı. Üstəlik, London qaçaqmalçılıq və üçüncü ölkələrin vasitəsilə dolayı yollar axtarıb tapmağa başladı. Və bununla gələcəkdə - o cümlədən, indiki dövrdə də - sanksiyalara məruz qalacaq ölkələr üçün bir örnək oldular. O zaman İngiltərə geri çəkilmədi, Napoleonun sonrakı taleyi isə hamımıza yaxşı məlumdur. 

Maraqlıdır ki, ən yeni tariximizdə sanksiyalar artıq müharibə elementi sayılmır, əksinə onun alternativinə çevrilir, bir növ, silahdan daha yüngül vasitə hesab olunur. İndi artıq sanksiyalar yalnız o vaxt tətbiq edilir ki, hansısa dövləti yola gətirmək üçün diplomatik metodlar kifayət etmir, genişmiqyaslı müharibədən gələcək zərərin isə daha çox olacağı düşünülür. Sanksiya qəbul etmək hüququna BMT TŞ malik olsa da, bu təcrübədən nəhəng beynəlxalq oyunçular da ayrı-ayrılıqda yararlanırlar. Özü də bu zaman onlar daha kiçik müttəfiqlərini də bu sanksiyalara qoşulmağa məcbur edirlər - əvvəllər bunu SSRİ edirdi, indi isə ABŞ reallaşdırır. Buna ən bariz nümunə ABŞ və Avropanın böyük dövlətlərinin Rusiyaya qarşı sanksiyalarıdır. Məlum olduğu kimi, Aİ-nin bütün üzvləri Vaşinqton, Berlin və Londonun bu qərarı ilə razılaşmalı oldular. Sanksiyaların tətbiqi üçün müxtəlif səbəblər ola bilər - terrorizmə dəstək, silah, hərbi texnologiyalar, narkotikin qeyri-leqal alveri, kütləvi qırğın silahının yaradılması, sistematik şəkildə insan haqlarının pozulması və s. Bu zaman minimum məqsəd kimi, ən azı, bu dövlətin siyasətinin dəyişməsi, maksimum istək kimi isə həmin ölkənin liderinin və hökumətinin devrilməsi göstərilir. Sanksiyaların zəruriliyi bununla əsaslandırılır ki, sanksiya ölkənin iqtisadi inkişafı və əhalinin sosial durumuna mənfi təsir göstərir və yekunda ölkə daxilindəki siyasi vəziyyətin dəyişməsinə yol açır.  Yəni faktiki olaraq, söhbət blokadadan gedir - mühasirəyə almaq, təcrid etmək, küncə sıxmaq və düşmən təslim olana qədər gözləmək. 

Amma əslində, sanksiyalarla çox nadir hallarda qarşıya qoyulan məqsədlərə çatmaq olur. Qari Hafbrauer, Ceffri Skott, Kimberli Elliot və Barbara Eqq məşhur "İqtisadi sanksiyaların şişirdilməsi" adlı kitabda indiyədək tətbiq olunmuş 204 "sanksiya işi"ni araşdırıblar və belə qənaətə gəliblər ki, bu sanksiyaların effektivliyi cəmi 34% təşkil edir. 

Çoxlarının fikrincə, uğurlu sanksiyaların ən səciyyəvi (və az qala, yeganə) nümunəsi Cənubi Afrika Respublikasıdır. BMT-nin 1962-ci ildə qəbul etdiyi sanksiyalar nəticəsində uzun sürən beynəlxalq təcriddən sonra CAR rəhbərliyi aparteid rejimini aradan qaldırmaq məcburiyyətində qaldı. Nəticədə, xarici müdaxilə və vətəndaş müharibəsindən qaçmaq mümkün oldu. 

İflasa uğramış sanksiyalara gəlincə, ilk növbədə, 1965-1966-cı illərdə BMT TŞ-nin Rodeziyaya (Zimbabve) qarşı cəzasından danışmaq olar. O zaman BMT bu ölkənin rəhbərliyini "qeyri-legitim, irqçi rejim" kimi tanımışdı. Lakin sanksiyalara baxmayaraq, İsveçrə və Almaniya Federativ Respublikası (bu ölkələr o zaman BMT üzvü deyildilər) Rodeziya ilə ticarəti dayandırmadılar, üstəlik, Yaponiya, İran, Portuqaliya, CAR, sonradan isə ABŞ da müxtəlif yollarla bu dövlətə qarşı blokadanı pozurdular. Nəticədə, Rodeziyadakı rejim 1979-cu ilə qədər hakimiyyətdə qaldı və yalnız vətəndaş müharibəsi nəticəsində devrildi. 

İraqın Küveytlə müharibəsindən sonra Bağdada qarşı qəbul edilmiş sanksiyaların da effektli olduğu şübhə doğurur - o zaman İraq neftinin dünya bazarına çıxarılmasına imkan verilmirdi, üstəlik, iraqlı fiziki və hüquqi şəxslərin bütün aktivləri dondurulmuşdu. Təbii ki, bütün bunlar İraqın iqtisadiyyatna ciddi zərbə vurdu, amma sanksiyaları tətbiq edənlərin öz məqsədlərinə çatmasına kömək etdimi? Səddam Hüseyn istənilən halda hakimiyyətdə qaldı və yalnız uzun illər sonra ABŞ-ın birbaşa hərbi müdaxiləsi ilə devrildi. Elə Küveyt ərazisini də İraq hansısa sanksiyalara görə yox, hərbi zərbələrə məruz qaldığı üçün tərk etdi. Üstəlik, İraqa qarşı  sanksiyaların humanitar aspektləri haqda danışanda, bu cəza metodunun, ilk növbədə, daha çox "sadə insanlar"a zərbə vurduğunu deyə bilərik, digər məqamsa burada genişmiqyaslı korrupsiya sxeminin həyata keçirilməsi idi. BMT-nin 1995-ci ildə qəbul etdiyi "Ərzaq müqabilində neft" (Oil-for-Food) proqramı neftin bir hissəsinin ərzaq məhsulları və dərmana dəyişdirilməsini nəzərdə tuturdu. Lakin bu proqram sadə vətəndaşların vəziyyətini düzəltmədi, bunun əvəzində ABŞ, Avropa, Rusiya, Hindistandan olan bir qrup siyasətçi və iş adamının, elə Səddam Hüseynin özünün də varlanmasına "yardım" göstərdi...  

Ən məşhur sanksiya, şübhəsiz, ABŞ-ın Azadlıq adası - Kubaya qarşı tətbiq etdiyi sanksiyalardır. ABŞ Kubanın demokratikləşməsini, insan haqlarına hörmətlə yanaşılmasını, terrorizmə dəstəyin və digər ölkələrlə hərbi əməkdaşlığın dayandırılmasını tələb edirdi. Bu illər ərzində Kuba öz inkişafında çox geri qaldı, amma onun iqtisadiyyatı və hakim rejim bunlara tab gətirə bildi. Bu ay isə ABŞ və Kuba rəsmi olaraq diplomatik münasibətləri bərpa etdilər, tədricən sanksiyaların da aradan qaldırılacağı gözlənilir. İkitərəfli münasibətlərdəki bu irəliləyiş ABŞ prezidenti Barak Obamanın yeni kursu sayəsində mümkün olub - Obama ötən ilin dekabrında ilk dəfə açıq şəkildə bəyan etmişdi ki, Kubaya qarşı əvvəlki kurs nəticəsiz qalıb.  Görəsən, bu açıqlamanı Kubaya qarşı 50 il davam edən sanksiyaların səhv və lazımsız olmasının etirafı kimi qəbul etmək olarmı? 

Sanksiyaların effektli olub-olmamasına dair məsələlər müzakirə olunarkən İran ətrafındakı vəziyyət də mütləq nəzərə alınmalıdır. Məlum olduğu kimi, Tehran beynəlxalq ictimaiyyətin, ilk növbədə də, ABŞ və Avropanın sanksiya siyasəti ilə 1979-cu ilin İslam inqilabından dərhal sonra üzləşdi. Sonrakı dövr ərzində bu sanksiyalar getdikcə sərtləşdirildi və İranın nüvə proqramına başlamasından sonra daha geniş miqyas aldı.  Məsələn, əgər 1974-cü ildə İran gündə 6 mln. barel neft hasil edirdisə, 2014-cü ildə ölkənin emal etdiyi neft və qaz kondensatının ümumi həcmi 3,6 mln. barelə düşdü. Nəticədə, zəngin neft yataqlarına sahib olmasına baxmayaraq, Tehran neft məhsullarını xaricdən almaq məcburiyyətində idi. Üstəlik, qaz ehtiyatlarına görə dünyada 2-ci yerdə olan İran, "mavi yanacağı" da xaricdən idxal edirdi.  İranı beynəlxalq maliyyə sistemindən təcrid etdilər, ölkənin yüksək texnologiyalara yolu bağlansa, xarici aktivlər donduruldu və s.  Odur ki, Qərbin sanksiyalarını qeyri-effektiv adlandıran və ölkəyə təsir etmədiyini bildirən İran prezidenti Həsən Ruhani, yumşaq desək, xəyalındakını reallıq kimi təqdim etmək istəyir.  Sanksiyalar inflyasiyanın artmasına, valyuta ehtiyatlarının azalmasına gətirib çıxarıb. Özü də, bu ehtiyatlar 2011-ci ildən bəri bir qədər də tükənib - Avropa İttifaqının 2012-ci ildə İran neftinin alınmasına embarqo tətbiq etməsindən sonra Tehran, doğrudan da, olduqca ağır vəziyyətə düşüb.  Bir sözlə, sanksiyaların təsirini neqativ adlandırmaq olar, amma bunu fəlakət kimi təqdim etməyə lüzum yoxdur. ÜDM mənfi səviyyəyə düşmədi, birbaşa xarici sərmayələrin itirilməsini də birtəhər korrektə etmək mümkün oldu - Tehran özünün yüksək texnologiyalı şirkətlərinin yaradılmasına üstünlük verdi. Həm də nəzərə almaq lazımdır ki, İrana qarşı sanksiyalar heç vaxt, sözün əsl mənasında, beynəlxalq olmayıb, İran nefti isə heç vaxt bazarlardan tamamilə yığışdırılmayıb (İran OPEK üzvü olaraq qalır), çünki Türkiyə, Rusiya, Çin və Hindistan İranın tərəfdaşı kimi qalıblar. İndiki danışıqların nəticələrinə görə isə, MAQATE İranın üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini təsdiqləyərsə, BMT TŞ, ABŞ və Aİ 2016-cı ilin əvvəlindən mərhələli şəkildə sanksiyaların ləğvinə başlayacaqlar. 

Gətirdiyimiz bu misallar göstərir ki, sanksiyaların uğurlu olması üçün cəzalandırılan ölkə ixrac və idxaldan (xüsusilə də, bu həyati əhəmiyyət daşıyan mallara aiddir) asılı olmalıdır. Bundan başqa, sanksiyalar, doğrudan da, beynəlxalq olmalıdır ki,  cəzalandırılan ölkə özü üçün alternativ tapa bilməsin - Kuba üçün uzun illər boyu belə alternativ SSRİ olub. Amma istənilən halda, qloballaşma dövründə yüksək texnologiyaların ixracı və ya alverinə qoyulan məhdudiyyət başqa mənbələrin axtarışına səbəb olur. Konkret İrana gəldikdə, bu ölkəyə qarşı sanksiyalar tədricən sərtləşdirilirdi, İran iqtisadiyyatı da tədricən buna uyğunlaşırdı. 

Beləliklə, sanksiyaların uğurlu olub-olmadığını müxtəlif cür qiymətləndirmək olar. Xüsusilə də nəzərə alsaq ki, sanksiyalar ayrılıqda işlək olmur, onlar ya vahid strategiya, ya da müvafiq faktorlar - beynəlxalq maliyyə böhranı, neftin qiymətinin düşməsi, partizan hərəkatı və s. çərçivəsində reallaşdırılır. Məsələn, bu gün Rusiya daha çox neft qiymətlərinin düşməsindən əziyyət şəkir, nəinki sanksiyalardan. İrana gəlincə, onun Qərbə güzəştə getməsinin səbəbləri haqda müxtəlif rəylər var. Tehran artıq sanksiyaların sıxıntısına dözə bilmirdi, yoxsa ölkə rəhbərliyi anladı ki, sanksiyalardan can qutrarmaq və eyni zamanda simasını da qoruyub saxlamağın əsl vaxtıdır? Bütün dünyada olduğu kimi, İİR-də də anlayırlar ki, indi ABŞ-a Yaxın Şərqdə "İslam Dövləti"nə qarşı yeni müttəfiq lazımdır, üstəlik, Vaşinqton İranın hesabına Avropaya enerji daşıyıcılarının nəqli ilə Rusiyaya ziyan vurmaq niyyətindədir.  

Eyni sözləri Kuba haqda da söyləmək olar.  Azadlıq adası, axır ki, təslim oldu, yoxsa "axsaq ördək" Obama iki vacib xarici siyasi problem olan Kuba və İran məsələlərini həll etməklə tarixdə qalmaq, üstəlik, demokratların 2016-cı ilin noyabrında keçiriləcək prezident seçkilərində mövqelərini gücləndirmək  istəyir?

Yeri gəlmişkən, sanksiyalardan danışarkən onun daşıdığı 3 vacib faktoru - hüquqi, ideoloji və psixoloji amilləri də nəzərə almaq lazımdır. Hüquqi aspekt sanksiyaların beynəlxalq təşkilatlar (məsələn, OPEK) qarşısındakı öhdəliklərə uyğun olmasını və ya azad bazar qanunlarını və insan haqlarını (Kubada olduğu kimi) pozmadığını sübut etmək üçün lazımdır. Rəsmi məlumatlara əsasən, 2010-cu ilin dekabrına qədər iqtisadi blokada Kubaya 104 mlrd. dollara başa gəlib. 1961-ci ildən indiyədək AŞ valyutasının dəyərdən düşməsi tempini nəzərə alsaq isə, bu rəqəm 975 mlrd. dollar təşkil edir. Bir çox hüquq müdafiəçilərinin fikrincə, sanksiyalar kubalıların özlərinin iqtisadi, sosial və mədəni hüquqlarını reallaşdırmağa imkan verməyib. Sanksiyaların ideoloji aspektinə gəldikdə, cəzalandırılan ölkənin rəhbərliyi vəziyyətdən istifadə edərək, ölkə əhalisinin sanksiya tətbiq edən dövlətə qarşı səfərbər etməyə başlayarsa, bu cəza metodu qeyri-səmərəli ola bilər. Necə ki, bu gün Rusiyada Qərbin sanksiyalarından sonra həm əhalinin ABŞ və Aİ-nə münasibəti pisləşib, həm də prezident Vladimir Putinin reytinqi yüksəlib. Nəhayət, psixoloji aspekt ikili təsir göstərir. Belə hesab olunur ki, hamıdan təcrid olunduğunu görən ölkə gec-tez beynəlxalq arenaya qayıtmaq haqda düşünür. Amma digər tərəfdən, sanksiyalara məruz qalmış ölkənin rəhbərliyi qətiyyətli görünməyə, amma qətiyyətli addımlar atmamağa çalışır. Sanki əhaliyə izah etmək istəyir ki, "görürsünüz, bizdən asılı olan hər şeyi edirik". Belə çıxır ki, sanksiyalar çillə kimidir - hansı tərəfə istiqamətləndirsən, oradan da çıxır. 

Sanksiyalar ədalətə nail olmaq üçün vasitə, daha insani beynəlxalq siyasətin qələbəsi deyil, kobud siyasi oyunun nəticəsidir. Sanksiyalar həm də problemlərin həlli üçün beynəlxalq mexanizmlərin gücsüzlüyünün və ikili standartların göstəricisidir. Bunu anlamaq üçün Rusiya və Krım məsələsilə bağlı cəza tədbirlərinə nəzər salmaq kifayətdir - Qərbin Kremlə yeganə cavabı sayıla biləcək bu sanksiyalar, nədənsə qonşu ölkələrin ərazi bütövlüyünü pozan başqa dövlətlərə  tətbiq olunmur. Bu mənada, Hafbrauer və onun həmkarlarının "siyasi və iqtisadi cəhətdən zəif ölkələr sanksiyalar qarşısında daha gücsüzdülər" və "iqtisadi sanksiyalar keçmiş dostlar və yaxın ticari tərəfdaşlara qarşı yönələndə daha effektli olurlar" fikirləri xüsusilə maraqlı gəlir...



MƏSLƏHƏT GÖR:

533