19 May 2024

Bazar, 08:10

HARA GEDİRSƏN, UKRAYNA?

Kiyevdə baş qaldırmış iğtişaşlar "Maydan hökuməti"ndə parçalanmaya səbəb ola bilər

Müəllif:

08.09.2015

Ukraynada daxili siyasi münaqişə getdikcə dərinləşir. "Maydan" zəfərindən ilyarım sonra "inqilabçı hökumət"in daxilində ciddi ziddiyyət yaranıb. Kiyevdə baş qaldırmış qanlı iğtişaşlar bunun göstəricisidir. İğtişaşların ardınca faktiki olaraq, hakim koalisiyada parçalanma prosesi başlayıb.

Ukrayna paytaxtında faciəvi hadisələr parlamentin Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul etdiyi gün başlayıb. Qeyd edək ki, ölkənin əsas qanuna edilməli olan dəyişikliklər qiyamçı Donbasda hakimiyyətin desentralizasiyasını nəzərdə tutur. Son dövrlərədək qalib "Maydan"ın avanqard qüvvəsi sayılan, prezident Pyotr Poroşenkonun rəhbərlk etdiyi hakim koalisiyanı və onun parlament "Blok"unu dəstəkləyən millətçi dairələr bu qanuna qarşı çıxıblar.

Poroşenkoçular dəyişikliklərin Donbasa "xüsusi status"un verilməsini nəzərdə tutmadığını desələr də, "Radikal partiya", "Samopomoş", "Batkivşşina" və "Azadlıq" partiyasından olan deputatlar dövlət başçısını "antikonstitusion çevriliş"də, milli maraqları satmaqda ittiham ediblər. Bunun ardınca millətçilərin təşkilatçılığı ilə Ali Radanın binasına hücum edilib. "Etirazçılar"la polis arasında baş verən toqquşma 140-dan artıq insanın yaralanması ilə nəticələnib (onlardan 131-i milis əməkdaşları və Milli Qvardiyanın hərbçiləridir). İğtişaşlar zamanı Ukrayna ordusunun 3 hərbçisi dünyasını dəyişib.

Ukrayna Daxili İşlər Nazirliyi radikalların əməllərini "Terror aktı" maddəsilə "qiymətləndirib". Baş Prokurorluq Rada yaxınlığında baş vermiş toqquşmanın 18 iştirakçısına qarşı "hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd və terror aktı" ittihamı irəli sürülüb. Onlar "qrup halında ictimai asayişi pozmaqda" da günahlandırılırlar. Doğrudur, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) hadisələri "terror aktı" kimi qəbul etməkdən boyun qaçırıb. Bu, Kiyevdə yaşananlara ayrı-ayrı hüquq mühafizə strukturlarının fərqli yanaşdıqlarını aydın şəkildə göstərir. Bəlkə də, bunun səbəbini UTX-nin özünün "siması"nda axtarmaq lazımdır: "Maydan" hökuməti dövründə bu qurum özünü güc strukturları arasında "əsas inqilabi əhvallı dəstə" kimi göstərib.

İstənilən halda, Ukraynada əvvəlki prezident Viktor Yanukoviçin faktiki olaraq güc yolu ilə devrilməsindən sonra hakimiyyətə zorakı təzyiq cəhdləri davam edir. Görünən odur ki, hazırkı dövlət başçısı Pyotr Poroşenkonun etirazçıların dağıdıcı əməllərini önləməyə gücü və iradəsi çatmazsa, Ukrayna tezliklə xroniki siyasi qeyri-sabitliyin girovuna çevriləcək. Bu mənada İtaliyanın "La Stampa" qəzetilə razılaşmamaq çətindir. Qəzetin dərc etdiyi analitik yazıda bildirilir ki, "Poroşenkonun qamçı və pryanikdən istifadə etmək bacarığı həlledici ola bilər: Rada qarşısında baş vermiş toqquşma təsadüfi gurultulu hadisə kimi yadda qalacaq, yoxsa o, Ukraynanın Moskvanın tez-tez bəyan etdiyi kimi, "baş tutmamış dövlət"ə çevrilməsinin başlanğıcı olacaq?"

Perspektivin bu qədər arzuolunmaz ola biləcəyini, güman ki, Pyotr Poroşenkonun yaxın ətrafı da anlayır. Məsələn, Ukrayna ictimaiyyətini "paytaxtın mərkəzində bu kədərli hadisəni törədənlərə maksimal sərt cəzanın verilməsinə dəstək olmağa" çağıran daxili işlər naziri Arsen Avakov deyib ki, "əgər yaşananlara hamımız birlikdə reaksiya verməsək, ölkə əllərində qumbara tutmuş əclafların diktəsilə xaosa sürüklənəcək".

Prezident Poroşenko isə iğtişaşları "antiukrayna aksiyası" kimi qiymətləndirib. Dövlət başçısı bildirib ki, "baş verənlərə görə istisnasız olaraq bütün təşkilatçılar, siyasi qüvvələrin bütün təmsilçiləri məsuliyyət daşımalıdırlar".

Ali Rada binasına hücumun təşkilatçılarını Ukraynanın baş naziri Arseni Yasenyuk da kəskin şəkildə pisləyib. O, hesab edir ki, Konstitusiya dəyişikliklərinə qarşı çıxan siyasi qüvvələr "Ukraynanı və onun əsas qanunun müdafiə etmir, əksinə, zorlayır". Bununla yanaşı, baş nazir həmin qüvvələrin "Şərqdəki rus bandit və terrorçularından daha pis olduqlarını" deyib: "Onlar, heç olmasa, Ukraynaya qarşı vuruşduqlarını gizlətmirlər".

Analitiklərin bir hissəsi isə Kiyevdə baş vermiş iğtişaşların prezident Poroşenko ilə baş nazir Yasenyuk arasında dərinləşmiş qarşıdurmanın nəticəsi olduğu istisna etmir. Baş nazir ABŞ-la xüsusi əlaqələrdə ittiham olunur. Belə düşünənlərin fikrincə, Vaşinqton Ukraynada gərginliyin daha da dərişləşməsində, ölkənin Rusiyaya geosiyasi hücumun episentrinə çevrilməsində maraqlıdır. Məqsəd, əlbəttə ki, Kremlin postsovet məkanındakı nüfuzuna son qoyulmasıdır. Prezident  və silahdaşları isə Kiyevin xarici siyasətinin Avropa xəttinin tərəfdarları sayılırlar. Bu səbəbdən də, onlar ölkənin cənub-şərqində münaqişəni aradan qaldırmağa çalışırlar. Poroşenkonun Konstitusiyaya dəyişiklik etməklə Donbasda hakimiyyətin desentralizasiyasına qərar verməsi də bunun göstəricisidir.

Bu arada Kiyevdə baş vermiş iğtişaş Ukrayna parlamenti önündə yaşanmış qarşıdurmaya səbəb olmuş problemin həllinin son dərəcə çətin olduğunu bir daha üzə çıxarıb. Millətçilər Ukraynada hakimiyyətin desetralizasiyasında ittiham edir, bunu Moskvaya və Donbas separatçılarına məğlubiyyət kimi qiymətləndirirlərsə, qarşı tərəf əksinə, Kiyevin qiyamçı regiona heç də "xüsusi status" verməyə çalışmadığını deyir. Tanınmamış Donetsk və Luqansk "xalq respublikaları"nın liderləri "Pyotr Poroşenkonun Bloku"nun irəli sürdüyü qanun layihəsini tənqid atəşinə tuturlar. Onların fikrincə, bu qanun layihəsi Minsk razılaşmasına ziddir. Çünki "DXR" və "LXR" liderləri hesab edirlər ki, Minsk razılaşması Ukraynanın cənub-şərqi rayonlarına faktiki müstəqillik səviyyəsində özünüidarə verilməsini nəzərdə tutur. 

Amma Kiyevdəki qanlı hadisələr kontekstində əsas olan bu deyil. İğtişaşlar Ukraynanın aparıcı partiyaları arasında münasibətlərin ciddi şəkildə gərginləşdiyini üzə çıxarıb. Məsələ yalnız onda deyil ki, millətçi dairələr, ilk növbədə, "Azadlıq" partiyası və onun rəsmi Kiyev tərəfindən Ali Radaya hücumun təşkilində günahlandırılan lideri Oleq Tyaqnibok günahını inkar edir və hökuməti Konstitusiya dəyişikliklərinə dəstək verməkdə təqsirləndirir. Millətçilərin fikrincə, hakimiyyətin Konstitusiyaya təklif etdiyi dəyişikliklər "Donbasa xüsusi status verir və faktiki olaraq, Kreml qarşısında təslimçilik anlamına gəlir". Məsələ ondadır ki, yaşananlar Ukraynanın ciddi siyasi böhranın astanasında olduğunu göstərir.

Rada qarşısındakı toqquşmadan dərhal sonra Oleq Lyaşkonun rəhbərlik etdiyi Radikal Partiya hakim koalisiyanı tərk etdiyini açıqlayıb. Partiyanın nümayəndəsi, baş nazirin müavini Valeri Voşşevski vəzifəsindən istefa verib. Radikallar müxalifətə keçdiklərini rəsmən bəyan edib, "prezident Poroşenkonun Yanukoviçdən heç bir cəhətilə yaxşı olmadığını, hətta daha pis olduğunu" bildiriblər. Lyaşkonun sözlərinə görə, prezidentin Konstitusiyaya təklif etdiyi dəyişikliklərə səs verilməsi Radada "antiukrayna koalisiyasının yaradıldığını" göstərib.

Radadakı 450 mandatdan cəmi 21-də sahib olan radikallar fraksiyasının hakim koalisiyanı tərk etməsi sanki Poroşenko və onun parlamentdəki tərəfdarları üçün ciddi problem yaratmamalıdır. Amma digər partiyaların, ilk növbədə, "Batkivşşina"nın da Lyaşkodan nümunə götürəcəyini istisna etmək olmaz. Məsələ ondadır ki, səsvermə zamanı bu partiya da Konstitusiyaya dəyişikliklərin əleyhinə çıxıb. Üstəlik, "Batkivşşina"nın lideri Yuliya Timoşenko siyasi arenada şəxsi mövqelərini gücləndirməyə hazır olduğunu artıq hər kəsə göstərir. Eks-baş nazirin hər kəsə məlum olan iddialarını nəzərə alsaq, demək, o, prezident Poroşenkonun mövqelərinin zəiflədilməsi və özünün ali vəzifəyə iddialarını gücləndirmək üçün istənilən imkandan yararlanmaq fikrindədir.

Ukraynada yaşanmaqda olan daxili siyasi toqquşmalar fonunda Pyotr Poroşenkoya qarşı ciddi kampaniyanın hazırlandığına dair fikirlər yayılıb və bu, heç də təəccüblü deyil. Kampaniyanın əsas məqsədi, güman ki, Ukrayna prezidentinin Ali Radada çoxluqdan məhrum edilməsi, nəticədə, parlamentin buraxılmasına və növbədənkənar parlament seçkisinin keçirilməsinə nail olmaqdır.

Ukraynada qərbpərəst qüvvələr arasında, heç olmasa, nisbi birliyin qalmasında maraqlı olan ABŞ və Avropa İttifaqı Kiyevdə baş vermiş toqquşmadan narahatlığını və təəssüfünü bəyan edib. Vaşinqtonla Brüssel Ukrayna siyasətində qərbpərəst trendin davam etməsinə çalışsalar da, "Maydan" hökuməti arasındakı ziddiyyətin Avro-Atlantik mərkəzləri qıcıqlandırdığı ortadadır. Onlar, şübhəsiz ki, daha güclü Kiyev hökumətini görməkdən məmnun olardılar. Bu mənada Odessanın qubernatoru, Gürcüstanda baş vermiş "qızılgül inqilabı"nın atası Mixail Saakaşvilinin fəallığını getdikcə artırması heç də təsadüf deyil. Məlum olduğu kimi, o, vətənində Tiflisin Moskvadan uzaqlaşmasını, Gürcüstanın qərbpərəst siyasət yürütməsini faktiki olaraq, dönməz prosesə çevirib.

Saakaşvilinin bu dəfə Ukraynada siyasətin əsas simalarından biri kimi irəli çəkilməsi öz-özlüyündə Qərbin Ukraynada Avro-Atlantik yolun tərəfdarları arasında perspektivli kadrlar görmədiyini göstərir. Kiyevdə yaşanmış son qanlı hadisələr Ukraynanı xaos məkanına, yaxın ən yaxşı halda balaqana çevirə bilər. Bu hadisə Qərbin narahatlıqlarının əsaslı olduğunu göstərir. Bu mənada Ukrayna ictimaiyyətinin bir hissəsinin əhali arasında imza toplanılması prosesinə hazırlaşması haqda məlumatlar çox şeydən xəbər verir: onlar Gürcüstanın sabiq prezidenti, Odessanın hazırkı qubernatorunun Ukraynanın baş naziri postuna gətirilməsinə ehtiyac duyur.

Beləliklə, hökumətin desentralizasiyasını nəzərdə tutan qanun layihəsinin Radada səsverməyə çıxarılmasının ölkədə gərginliyi azaldacağı gözlənilsə də, o, vəziyyəti gözlənildiyindən də çox ağırlaşdıraraq, Ukraynanı qan rənginə boyanmış reallıqla üz-üzə qoyub. Məhz bu səbəbdən də, indi bir sual daha çox aktuallıq qazanıb: "Maydan" bütün bu qurbanlara dəyərdimi? Bu sualın ən yaxşı cavabını, yəqin ki, ukraynalıların özləri bilir. Ümid edək ki, ölkənin və hökumətin taleyi sonda məhz onların istəyindən, iradəsindən asılı olacaq.



MƏSLƏHƏT GÖR:

543