19 May 2024

Bazar, 10:08

KONSULTASİYALARIN MƏXFİ TƏRƏFİ

Rusiyanın XİN başçısı Sergey Lavrovun Bakıya səfəri Ermənistanın narahatlığına səbəb olub

Müəllif:

08.09.2015

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də Bakıya bir günlük səfər edib. Bakıda onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Əksər ekspertlərin güman etdikləri kimi, danışıqlarda əsas mövzu Dağlıq Qarabağ münaqişəsi olub. "Bu, sizin, Ermənistan və Rusiya prezidentlərinin, həmçinin Minsk Qrupu həmsədrlərinin rəhbərliyilə ortaq məxrəcə gətirməyə çalışdığımız məsələdir. Ümid edirəm ki, irəliləyişə nail olacağıq", - deyə rusiyalı nazir qeyd edib.

Lavrovun Bakıya planlaşdırılmamış bu səfərini diqqətlə müşahidə edən İrəvanı isterikaya salan isə Ermənistanın müttəfiqi olan, Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun  həmsədrlərindən biri Rusiyanın XİN başçısının səfər zamanı daha çox atəşkəsin pozulması hallarının artmasından yox, Azərbaycanla hərbi əməkdaşlığın inkişafından danışması olub. "Azərbaycanlı dostlarımızın sentyabrda Sverdlovsk vilayətində təşkil ediləcək "Russia Arms Expo-2015" hərbi-texniki məhsullar sərgisinə qatılacaqlarına ümid edirik. Azərbaycan nümayəndələrinə artıq müvafiq dəvət göndərilib", - deyə  S. Lavrov qeyd edib. O, avqustda Xəzər flotiliyasının üç gəmisinin Bakıya səfərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq da edib. İki ölkə arasındakı humanitar əlaqələrdən də danışan nazir bildirib ki, bu sahələrdə əməkdaşlıq xalqlarımız arasında olan yaxın münasibətləri daha da gücləndirir. Mədəniyyət, təhsil - bütün bunlar bizi çox yaxınlaşdırır".

Prezident İlham Əliyev isə öz növbəsində Azərbaycanın Rusiya ilə ikitərəfli münasibətlərin effektiv və uğurlu inkişafını davam etdirmək əzmində olduğunu söyləyib. Onun sözlərinə görə, Bakı Rusiya prezidenti Vladimir Putinin birinci Avropa Oyunlarının Rusiya Gününə təsadüf etmiş açılış mərasiminə qatılmasını yüksək qiymətləndirir.

"Bu, münasibətlərimizin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir", - deyə İ. Əliyev qeyd edib. Prezident Moskva ilə Bakı arasında dialoqun daimi xarakter daşıdığını bildirib: "Bu dövrdə bizim nazirimiz Moskvaya səfər edib, indisə siz Bakıda səfərdəsiniz. Yəni bu, münasibətlərimizin nə qədər dinamik inkişaf etdiyinin göstəricisidir. Biz ikitərəfli xarakter daşıyan bir çox məsələləri operativ və effektiv həll edir, həmçinin beynəlxalq strukturlarda fəal əməkdaşlıq edir, vaxtaşırı məsləhətləşmələr aparırıq. Bu, xüsusilə dünyada və regionumuzda hər şeyin dəyişməkdə olduğu indiki dövrdə belədir. Başqa sözlə, bu səfərlər ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın ən yaxşı göstəricisidir. Bu münasibətlər çoxdan formalaşıb və həyatın, demək olar ki, bütün sahələrini əhatə edir: siyasi, iqtisadi, enerji, humanitar. Biz ikitərəfli münasibətlərimizin effektiv və uğurlu inkişafını davam etdirmək  əzmindəyik".

Sergey Lavrov xoş sözlərə görə, İlham Əliyevə minnətdarlığını bildirib: "Biz həm Cənubi Qafqazda, həm Xəzər regionunda strateji tərəfdaşlarıq. Ümumilikdə, beynəlxalq münasibətlərdəki bir çox vacib və çətin problemlərin həllində biz çox yaxın mövqelərə malikik". Lavrov iki ölkə XİN-nin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq strukturlarda əməkdaşlıq məsələlərini müzakirə etdiyini də söyləyib. O, beynəlxalq konyunktura rəğmən, iki ölkə arasında iqtisadi əlaqələrin də uğurla inkişaf etdiyini bildirib.

Lakin ictimaiyyət önündə səsləndirilmiş bu fikirlər Rusiyanın XİN başçısının Bakıya planlaşdırılmamış səfərinin əsas səbəblərini təbii ki, açmır. Axı, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cəmi 1 ay əvvəl Moskvaya işgüzar səfər etmişdi. Həmin səfər zamanı tərəflər Rusiya-Azərbaycan münasibətlərinin gündəmində olan məsələlərə, tərəflərin maraqlarına toxunan beynəlxalq problemlərə dair müzakirələr aparmışdılar. Bu səbəbdən də, güman etmək olar ki, Rusiya tərəfinin Məmmədyarov vasitəsilə Azərbaycana göndərdiyi təkliflər (güman ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı) ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanmayıb. Nəticədə, Lavrov məsələyə aydınlıq gətirməsi, Bakının onların qəbul edilməsinin məqsədəuyğunluğuna inandırılması üçün şəxsən Azərbaycana  göndərilib.

Bəlkə də, Moskvanın təklifləri o qədər vacib olub ki, onlara "hə", yaxud "yox" cavabı verməzdən əvvəl Bakı strateji tərəfdaşı olan Türkiyə ilə məsləhətləşməyə ehtiyac duyub. Məsələ ondadır ki, Lavrovun Bakıya səfərindən əvvəl Elmar Məmmədyarov Ankaraya qısamüddətli işgüzar səfərə yollanaraq orada türkiyəli həmkarı ilə danışıqlar aparıb. "Anadolu" agentliyinin məlumatına görə, vəziyyət haqda məlumatlandırılan Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib: "Nə qədər ki, Türkiyə Azərbaycanın yanındadır, onun sərhədlərində heç bir problem ola bilməz". Daha sonra o, Türkiyənin daim Azərbaycanın yanında olduğunu, bundan sonra da qardaş ölkəyə dəstəyini əsirgəməyəcəyini söyləyib.

Türkiyə baş nazirinin bu sözləri Rusiyanın xarici işlər nazirilə çətin danışıqlar ərəfəsində Azərbaycanın mövqelərini gücləndirib, onda özünəinamı bir qədər də artırıb. Əslində, xarici siyasətçilər bundan əvvəl də Azərbaycan rəhbərliyilə güc dililə danışmağın, xüsusilə ona hədələyici eyhamlar vurmağın perspektivsizliyini bilirdilər. Bu, bir qayda olaraq, əks-effekt verir. Azərbaycan qardaş Türkiyənin timsalında strateji tərəfdaşı ilə birlikdə regionda elə bir gücə çevrilib ki, onunla, hətta Rusiya kimi fövqəldövlətlər də hesablaşmaya bilmir.

Azərbaycanla Türkiyə arasında müttəfiq əlaqələri güclənir. Bu, yalnız siyasi, iqtisadi və mədəni sahəyə aid deyil. Söhbət həm də son dərəcə vacib sahə olan hərbi sahədən gedir. Hərbi əməkdaşlığa dair illik plana uyğun olaraq elə Lavrovun Bakıda, Ermənistan prezidenti Serj Sarqsyanın isə işğal altındakı Dağlıq Qarabağda olduğu dövrdə Türkiyə HHQ-nin aviasiya qrupu Azərbaycana gəlib. Məqsəd "TurAz Qartalı-2015" birgə taktiki təlimlərdə iştirak idi. Qrupda 30-dan artıq aviasiya vasitəsi yer alırdı: "MiQ-29", "F-16" qırıcıları "Su-25", "F-4E" bombardmançıları, "C-130 Herkules" nəqliyyat təyyarələri, "Mi-35", "Mi-17" hərbi, "Sikorski UH-60" hərbi-nəqliyyat vertolyotları, "Cougar AS532" axtarış-xilasedici vertolyotları. Təlimlərin gedişində iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətinin planlaşdırılması üzrə tapşırıqlar da yerinə yetirilib. Bundan başqa, əməliyyatların keçirilməsi, hərbi koordinasiya, axtarış-xilasetmə işləri, havadan yerüstü hədəflərin məhvi və s. təlimlər həyata keçirilib.

Ən əsası isə Rusiyanın Qarabağ danışıqlarının dalandan çıxarılması ilə bağlı təkliflərinin nədən ibarət olduğu, bu "xoş məram"ın müqabilində Moskvanın nələr tələb etməsi haqda KİV-də heç bir məlumat yoxdur. Ola bilsin ki, Moskva erməniləri vaxtından əvvəl, yəni Azərbaycan rəhbərliyindən qəti müsbət cavab almadan həyəcana salmaq istəmir. Ermənilər istər hərbi, istərsə də iqtisadi baxımdan ruslardan o qədər asılı sayılır ki, Moskva İrəvanın və Qarabağın saxta liderlərinin narazılığının aradan qaldırılmasını ciddi problem belə hesab etmir.

Həqiqətən də, Ermənistan rəsmiləri susmaqdadırlar. Rusiyaya qarşı narazılığını yalnız müxalifətə məxsus informasiya resursları bildirir və buna da nadir hallarda rast gəlinir. Ermənistanın "Tretğə Sila Plös" qəzetinin baş redaktoru Vaqram Ağacanyanın yazdığı kimi, Azərbaycana raketlər, ermənilərə isə qocalmış opera divası Kazarnovskaya - o da "DQR"in "müstəqilliyinin" 24-cü ildönümü ilə bağlı tədbirdə matəm mahnısı olan "Rekviyem"i ifa etməklə erməniləri təəccübləndirib. Əslində, burada məyusedici simvolik məna tapmaq olar.  Hər halda, ermənilərin başı üzərindən aparılan Bakı-Moskva danışıqları regionu bərbad hala salmış, ona bədbəxtlik gətirmiş "DQR-in müstəqilliyi" oyununa son qoya  bilər.

Aciz ermənilər acığını qoşunların təmas xətti yaxınlığındakı ərazidə təşkil olunmuş toy mərasimini atəşə tutmaqla çıxmağa çalışır. Eyni zamanda Rusiya KİV-də yayılmış ermənilər, onların lobbiçiləri antiazərbaycan yazılarına start veriblər. Məqsəd Bakının emosional reaksiya verməsinə nail olmaq, bununla da, ermənilər üçün qorxulu olan Azərbaycan-Rusiya dialoqunu pozmaqdır. Əslində, bu, əbəsdir. İndi zaman dəyişib, informasiya, iynəli atmacalar, mülki şəxslərin atəşə tutulması ilə Azərbaycanın tarazlığını pozmaq, onu yanlış yola istiqamətləndirmək mümkün olmayacaq. Bakı bütün istiqamətlərdə ermənilərə təzyiqi artırır. Bu, ilk növbədə diplomatik və hərbi sahələrə aiddir. İndi qüvvələr balansı elədir ki, Rusiyanın birbaşa dəstəyi olmadan ermənilər Azərbaycan Silahlı Qüvvələrinə qarşı duruş gətirmək iqtidarında deyillər. Odur ki, güzəştlər haqda düşünməli olan məhz Ermənistandır.

Ermənistanın "lragir.am" saytı Britaniya XİN-i və Mİ-5 (kəşfiyyatı) ilə sıx əlaqələrə malik beynəlxalq qeyri-hökumət təşkilatının rəhbəri Denis Sammuta istinadən yazır ki, Moskva Azərbaycanı özünə bağlamaq üçün İrəvanı Qarabağ ərazisinin bir hissəsinin "verməyə" məcbur edə bilər. Lakin birincisi, verməyə yox, güc yolu ilə işğal edilmiş və qanunsuz olaraq işğalda saxlanılan Azərbaycan ərazilərini geri qaytarmağa. İkincisi, bir erməni analitikinin də dediyi kimi, qaytarmağa hissə-hissə başlamaq olar, lakin axırda bütün torpaqları son santimetrinədək boşaltmaq lazım gələcək. Bunu Prezident İlham Əliyev də dəfələrlə aydın şəkildə bəyan edib. O, həm də Azərbaycan xalqının bu məsələdəki idarəsini ifadə edir.



MƏSLƏHƏT GÖR:

431