16 May 2024

Cümə axşamı, 14:11

CÜDO BÖHRANDAN ÇIXIR

ACF-nin rəhbərliyində dəyişiklik Azərbaycan tatami ustalarının şöhrətinin dirçəlişinə kömək edə bilər

Müəllif:

15.09.2015

Sirr deyil ki, cüdo Azərbaycanda sevilən və hər zaman azarkeşləri nəticəylə sevindirən idman növüdür. 2008-ci ildə cüdoçular Pekin Yay Olimpiya Oyunlarında 1 qızıl və 1 bürünc medal qazanmaqla yeni tarix yazdılar. Bu qələbədən sonra ölkədə cüdoya kütləvi axın başlandı. Beş il sonra Azərbaycan ilk dünya çempionuna qovuşdu. Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək, cüdo üzrə ilk dünya çempionu oldu. Bundan sonra federasiya rəhbərliyi idmançılara hazırlıq üçün lazımi şərait yaratmadı, hətta vacib yarışlarda iştirakı təmin edə bilmədi. Nəticədə, bir sıra vacib yarışlarda təmsilçimiz olmadı. Bu yarışlarda iştirak etməməklə cüdoçularımız lisenziya xalları toplamaqdan məhrum oldular. Gənclər və yeniyetmələrdən ibarət yığma üzvləri səfərə öz hesablarına yollanırdılar.

Nəticədə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov vəzifəsindən ayrıldı. Vaxtından əvvəl keçirilən hesabat-seçki konfransında isə SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasına rəhbər seçildi. Toplantıda qurumun vitse-prezidentləri və baş katibi ilə yanaşı, İdarə Heyəti də formalaşıb. İdarə Heyətinə 12 üzv qəbul olunub. Federasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Sadıq Sadıqov, Mikayıl İsmayılov və Olimpiya çempionu Elnur Məmmədli, baş katib Elmar Babanlı ilə yanaşı, Cəbrayıl Cəbrayılov, məşqçi Ağayar Axundzadə, Olimpiya çempionu Nazim Hüseynov, Rasim Muradov, Raqif Abbasov, Cəbrayıl Həsənov və Mövlud Mirəliyev də İdarə Heyətinə üzv seçiliblər. Qeyd edək ki, Cüdo Federasiyasında idman işləri üzrə vitse-prezident vəzifəsini Sadıq Sadıqov icra edəcək.

Yeni rəhbərlik seçiləndən sonra, ilk olaraq idmançılarla və məşqçilərlə görüş keçirilib. Bildirilib ki, bütün idmançılara təqvimdə olan yarış və hazırlıqlarda iştiraka şərait yaradılacaq. 

İndi yeni rəhbərliyin əsas məqsədi, ilk olaraq, idmançıların lisenziya yarışlarına hazırlığını təmin etməkdir. Artıq indidən məlumdur ki, cüdoçular gələn il Rio De Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarında 2012-ci ildə Londonda olduğu kimi böyük heyətlə təmsil olunmayacaq. Londonda 8 cüdoçumuz mübarizə apardığı halda, hazırda reytinqə əsasən yalnız 4 idmançımızın Olimpiadaya yollanmaq şansı var.

"R+"un əldə etdiyi məlumata görə, Azərbaycan Cüdo Federasiyası hazırda əsas milli komanda üçün məşqçi axtarışlarına başlayıb. Hacıağa Hacıəhmədovun işindən narazı olan federasiya rəhbərliyinin siyahısında sabiq baş məşqçi Peter Zayzenbaherin də adı var. Danışıqlar müsbət yekunlaşsa, Zayzenbaher ayın sonlarında köhnə komandasına qayıdacaq. Xatırladaq ki, avstriyalı məşqçinin vaxtında milli komandamızın lideri Elxan Məmmədov dünya çempionatının qalibi olub.

Yeni seçilən Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev "R+"a açıqlamasında bu sahədə çalışmağın çətin olmayacağını deyib: "Cüdo mənə yad deyil. Uzun illər biz "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinə dəstək oluruq. Ölkədə uğur qazanan əksər cüdoçular və onların məşqçiləri bizim cəmiyyətin üzvüdür. Onları şəxsən tanıyırıq. Digər tərəfdən, çətin məqam Olimpiadaya az vaxtın qalmasıdır. İndiki məqamda bütün diqqət cüdoçularımızın hazırlığıyla bağlı olacaq. Komandanın uğur qazanması üçün cüdoçular məşq etməlidir. Məqsədimiz cüdonu inkişaf etdirməkdir. Olimpiadada uğurlu çıxış etmək istəyirik".

Rövnəq Abdullayev milliyə yeni baş məşqçi axtarışında olduqlarını təsdiqləsə də konkret ad çəkmək istəmədi: "Baş məşqçi dəyişikliyi gündəmdə deyil. Amma yeni məşqçinin təyinatı ola bilər. Millini daha da gücləndirmək üçün müzakirələr aparılır. Ola bilər, əcnəbi məşqçi dəvət olunsun. Bu məsələ barədə qərar İdarə Heyətinin üzvləri, eləcə də məşqçilərimizlə məsləhətləşəndən sonra qəbul ediləcək. Biz federasiyada yeni İdarə Heyəti yaratmışıq. Ona görə bütün qərarları birgə qəbul edəcəyik. İdmançılar üçün lazımi şərait yaradılacaq. Əvəzində onlardan nəticə tələb olunacaq. Üstəlik, uğur qazanan idmançılar federasiya tərəfindən mükafatlandırılacaq".

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya və Avropa çempionu Elnur Məmmədli "R+"un sualına cavab verərkən yeni rəhbərlik haqda belə şərh verib: "İndidən fikir bildirmək çətindir. Zaman hər şeyi göstərəcək. Rövnəq Abdullayev idmana, eləcə də cüdoya yaxın insandır. Hər zaman idmançılarımızın yanında olub. Mən özüm də "Neftçi" İSM-nin üzvüyəm. Olimpiya çempionu olanda "Neftçi"ni təmsil edirdim. İclasda deyildiyi kimi, hamımız çalışmalıyıq. İnanıram ki, bundan sonra cüdoçularımıza daha yaxşı şərait yaradılacaq. Yay Olimpiya Oyunlarına vaxt azalır. Mümkün qədər daha yaxşı hazırlıqlı olmalıyıq. Lisenziyalarımızın sayını artırmağa çalışmalıyıq".

Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyi qurumun baza məsələsini də həll etmək fikrindədir. Bildiyiniz kimi, indiyə qədər cüdoçuların bazası olmayıb. Federasiya ayrı-ayrı vaxtlarda milli üçün Bakının müxtəlif yerlərində zal icarəyə götürüb. Amma bundan sonra belə olmayacaq. Yeni bazanın inşası müzakirə olunur. Ona qədər isə Azərbaycan Cüdo Federasiyası Olimpiya Stadionunda olan ofislərdən birində yerləşəcək.



MƏSLƏHƏT GÖR:

575