16 May 2024

Cümə axşamı, 12:33

AZƏRBAYCANLI SÖZÜ

Tanınmış fransız etnoqrafı və antropoloqu baron de Bayın Bakı haqqında fikirləri

Müəllif:

15.09.2015

XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sənayenin sürətlə inkişaf etməsi Qərbin yalnız işgüzar dairələrinin deyil, eyni zamanda siyasətçilərinin, alimlərinin də diqqətinə səbəb olmuşdu. Onlar nəhəng Rusiyanın şərq bölgəsi olan Bakıda neft bumunu öz gözləri ilə görmək, şəhər sakinlərinin həyatı, məişəti ilə tanış olmaq istəyirdilər.

 

Səfər ardınca səfər

1901-ci ilin noyabrında ingilis yazıçısı Annet Eri Mikin Bakıya gəlib. Elə həmin ay Fransa General Qərargahının zabitləri kapitan Pyer de lya Fonten və leytenant Şarl Pon da Bakıya səfər ediblər. 1901-ci ilin dekabrında tanınmış fransız siyasi xadimi Fransua le Lonkl şəhərə xanımı ilə birlikdə baş çəkib. Böyük Britaniyanın Kral Elm Cəmiyyətinin 1902-ci ildə Rusiyaya səfər etmiş üzvü doktor Le Neve Fosterin də Bakıya gəlmək niyyəti var imiş. Lakin həmin səfərin baş tutub-tutmadığını müəyyənləşdirə bilmədik.

Bundan başqa, 1900 və 1901-ci illərdə tanınmış fransız etnoqrafı və antropolqu, Paris Coğrafiya Cəmiyyətinin üzvü baron de Bay Bakıda olub. İkinci səfəri zamanı o, özü ilə buraya Parisdə dərc olunmuş "Chez les Tatars. De Derbent a Elisabethpol. Souvenir d'une missio par le Baron de Baye" (Tatarların yanına. Dərbənddən Yelizavetpoladək. Baron de Bayın yol xatirələri).

Broşürün adından göründüyü kimi, müəllif orada müsəlmanların yaşadığı Qafqaz şəhərlərinə səyahətlərindən aldığı təəssüratlarını qeyd etmişdi. Parisə qayıdan baron de Bay Paris Coğrafiya Cəmiyyətində səfəri ilə bağlı məruzə ilə çıxış edib. Məruzə cəmiyyətə məxsus jurnalın 1901-ci il aprel-may buraxılışında dərc olunub. Onun toplantıdakı çıxışı isə müəllifə böyük diqqətin yaranmasına səbəb olmuşdu - de Bay publikaya o dövrədən onlara məlum olmayan Şərq xalqı haqda ətraflı məlumat vermişdi.

Broşürün əsasını da məhz həmin çıxış təşkil edirdi. Qeyd edək ki, broşürün de Bay tərəfindən məşhur tacir Hacı Zeynalabdin Tağıyevə hədiyyə olunmuş nüsxəsi Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında saxlanılır. Bakıda və Yelizavetpolda (Gəncə) baron de Bayı müşayiət edən "Kaspi" qəzetinin əməkdaşı Əhməd bəy Ağayev qonağa gördüklərini izah edirmiş.

 

Fransız azərbaycanlılar haqqında

De Boyun broşürü azərbaycanlılara xeyirxah münasibəti, Azərbaycan xalqının tarixinə, mövcud durumuna ədalətli qiymət verməsilə fərqlənir. O, kitabçasında Şirvanşahlar Sarayı haqda ətraflı yazıb, sarayın ötən əsrin əvvəllərində hansı acınacaqlı durumda olduğunu diqqətdən qaçırmayıb. Qeyd edək ki, həmin dövrdə bu nadir memarlıq və tarixi abidə hərbi nazirliyin anbarı kimi istifadə olunurdu. De Bay Qız Qalası haqda əfsanəni də oxucularına çatdırırdı. "Onların ədəbiyyat və incəsənət abidələri zəngin tarixi keçmişlərinin olduğunu göstərir", - deyə müəllif azərbaycanlılar haqda yazırdı. O, fransızları dahi şair Vaqifin yaradıcılığı ilə də tanış edir, nümunə kimi şairin qadın gözəlliyinə həsr etdiyi şeirlərindən birini göstərirdi.

De Bay fransızlara Şərqdə müsəlman qızları üçün ilk dünyəvi məktəb haqqında da məlumat verirdi. Söhbət H.Z.Tağıyevin inşa etdirdiyi "Aleksandriysk" qadın rus-tatar məktəbindən gedirdi.

De Bayın azərbaycanlılara verdiyi xarakteristika da maraqlı idi: "Onlar növbə ilə Irana, Türkiyəyə tabe olsalar da, əsrlər boyu eyniliklərini qoruyub saxlaya biliblər... Tatar (azərbaycanlı - red.) sözü məhrəmdir. Onların saflığı, təmizliyi, təmkinliliyi, əməksevərliyi, hətta gürcülərin özləri tərəfindən də etiraf olunur. Sadəcə, onları başa düşmək lazımdır".

De Bay broşürün digər hissəsində yazırdı: "Bu tatarlar digərlərindən az tədqiq ediliblər və daha az tanınırlar; onlar layiqincə qiymətləndirilmir və çox vaxt onlar haqda kəskin düşünürlər. Lakin onlar ağıllarının itiliyi, yumora meyilliliyi, ruh yüksəkliyi, şən xarakterləri, şərəf anlayışına önəm vermələrilə bizə hər kəsdən daha yaxındırlar. Savadlı və tərbiyəli tatar fransıza daha çox bənzəyir".

 

Torpaqlar və güc haqqında

Qafqazda məskunlaşmış xalqlar haqda danışan de Bay yazırdı ki, "bunlar hər biri özünəməxsus iş fəaliyyətinə uyğun əla keyfiyyətlərə malikdir. Lakin, təəssüf ki, gürcülər və tatarlar hər il torpaqlarının bir hissəsini itirir, bu isə onların gücünün, nüfuzunun və əhəmiyyətinin tədricən azalmasına səbəb olur".

De Bay Qafqaza səyahəti zamanı Dərbənddə, Qubada, Bakıda və Yelizavetpolda xeyli şəkil çəkib. Həmin fotoların bir hissəsi sözügedən broşürdə yer alır. İstər onların, istərsə də de Bayın çəkdiyi digər şəkillərin orijinalı Parisdəki Branli sahil muzeyində saxlanılır. De Bayın kolleksiyasında əsas yeri sadə insanların fotoları tutur. Bunu onun elmi maraq sahəsilə (antropologiya) əsaslandırmaq olar.

"Gələcəyə vaxış - təhsilin inkişafı" Ictimai Birliyi qeyri-hökumət təşkilatı de Bayın broşürünü tərcümə edərək 3 dildə - Azərbaycan, fransız və rus dillərində dərc etdirmək niyyətindədir. Təşkilat kitaba müəllifin Dərbənd, Quba və Bakıda çəkdiyi, həmçinin Parisdə saxlanılan bütün fotoları daxil etməyi düşünür. İdeya Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən də dəstəklənib. 

Beləliklə, de Bayın Azərbaycan və rus dillərinə tərcümə olunmuş, Paris muzeyində saxlanılan və bizə məlum olmayan fotoların da yer alacağı broşürü yaxın zamanlarda işıq üzü görəcək.



MƏSLƏHƏT GÖR:

520