16 May 2024

Cümə axşamı, 23:47

FÖVQƏLADƏ TƏHLÜKƏ

Türkiyənin taleyi Ankaranın kürd ekstremistlərinin fəaliyyətinə nə dərəcədə son qoymağı bacaracağından asılıdır

Müəllif:

15.09.2015

Səs-küylü hərbi-siyasi hadisələr Türkiyəni sarsıtmaqda davam edir. İndi söhbət Türkiyə dövlətçiliyindən, terrorçuların qanlı hücumlarına hədəf olmuş ölkənin təhlükəsizliyindən gedir.

Son günlərdə Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları ölkə ərazisində bir neçə qanlı terror aktı törədib. Onlardan ən miqyaslısı İraq sərhədi yaxınlığnda yerləşən Hakkari əyalətində iki zirehli hərbi maşının partladılması olub. 16 nəfərin ölümü ilə nəticələnən bu terror aktı Türkiyə ictimaiyyətində belə bir təəssürat yaradıb ki, terrorçular dövlətə meydan oxumağa başlayıb. Artıq hər kəs bunu Türkiyə Cümhuriyyətinin parçalanmasına və məhvinə yönəlmiş aksiya kimi qiymətləndirir. Türk xalqı üçün yaranmış bu fövqəladə təhlükə rəsmi Ankaranı terrorçuluqla mübarizədə qəti addımlar atmağa vadar edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkaridəki terror aktından sonra, Ankaranın antiterror əməllərinin daha sərt xarakter alacağını açıq şəkildə dilə gətirib. Hökumət başçısı Əhməd Davudoğlu isə təhlükəsizlik məsələləri ilə bağlı keçirdiyi təcili toplantıda dövlətin PKK yaraqlılarını birdəfəlik məhv etmək, ölkə ərazisini nəyin bahasına olursa-olsun, terrorçulardan təmizləmək niyyətində olduğunu bildirib.

Həqiqətən də, Hakkaridə törədilmiş terror aktına cavab olaraq, Türkiyənin Müdafiə Nazirliyi terrorçulara qarşı miqyaslı hava əməliyyatlarına başlayıb. Türkiyə HHQ-yə məxsus bombardmançılar və qırıcılar PKK-nin 20-dən artıq mövqeyinə zərbələr endirib. Əməliyyatlar xüsusilə ölkənin cənub-şərqində, kürd əhalinin daha sıx yaşadığı rayonlarda həyata keçirilib. Bununla yanaşı, Şimali İraqdakı kürd muxtariyyatının ərazisinə də aviazərbələr endirilib. Türkiyə xüsusi təyinatlıları isə hökumətin bəyan etdiyi kimi, "qısamüddətli" yerüstü əməliyyatlara başlayıb. Onlar PPK-nin əksər bazalarının yerləşdiyi ərazidə - İraqın şimalında əməliyyatlar keçirir.

Amma bütün bunlar kürd terrorçularının qanlı aksiyalarının qarşısını almır. İğdır əyalətində onlar polis əməkdaşlarını daşıyan avtobusu partladıblar. Avtobus polisləri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu kəndindəki Nəzarət Buraxılış Məntəqəsinə aparırmış. Türkiyə KİV-in məlumatına görə, bu terror aktı 13 nəfərin həyatına son qoyub.

Daha sonra PKK yaraqlıları Türkiyənin Tunceli əyalətində polislərə hücum ediblər. Onlar eyni zamanda, Patnos qəzasında hökumət iqamətgahını qumbaraatanlardan atəşə tutublar. Görünən odur ki, kürd terrorçuları bu ölüm saçan əməllərindən əl çəkmək niyyətində deyillər və bu, Türkiyə vətəndaşlarının həyatına, təhlükəsizliyinə hər an təhdid yaradır.

PKK-nın terrorçuluq fəaliyyətinin real olaraq genişləndirilməsi təhlükəsilə üzləşmiş rəsmi Ankara isə ölkə daxilində nəzarəti gücləndirmək (əlbəttə ki, məlum həddə) məcburiyyətində qalıb. Hökumət yerli hakimiyyət orqanlarına PKK ilə mübarizə, həmçinin mümkün kütləvi iğtişaşların qarşısının alınması ilə bağlı göstəriş verib. Bundan sonra qubernatorlar lazım gəldikdə ölkənin silahlı qüvvələrindən əlavə yardım istəyə, yəni, şəhər daxilində insan kütlələrinin yatırılması üçün ordu hissələrindən istifadə edə biləcəklər. Bu qərar xüsusilə ölkənin cənub-şərqində, kürd əhalinin daha sıx yaşadığı rayonlarda və digər bölgələrdə kütləvi etiraz aksiyalarının baş qaldırması ilə bağlıdır. Kürdpərəst Xalqların Demokratik Partiyasının (XDP) ofislərinə hücumları da bu qəbildən olan hadisələrə aid etmək olar. Yeri gəlmişkən, Türkiyə ictimaiyyətinin əhəmiyyətli bir hissəsi bu partiyanı PKK-nın siyasi qanadı sayır.

XDP lideri Səlahəddin Dəmirtaş isə Türkiyənin sürətlə "vətəndaş müharibəsinə doğru" irəlilədiyini bəyan edib. O, kürdlərin yaşadığı bölgələrdə hökumətin siyasətinə etiraz olaraq küçələrə çıxan insanlara dəstək verib. Bununla yanaşı, noyabrın 1-də keçiriləcək parlament seçkisi ərəfəsində Dəmirtaşın və partiyadaşlarının XDP-nin taleyindən narahat olduqları aydındır. Xatırladaq ki, iyunun 7-də keçirilmiş parlament seçkisinin nəticəsinə görə bu kürdpərəst partiya Böyük Millət Məclisinə düşə bilmişdi. Lakin Ərdoğanın elan etdiyi növbədənkənar seçki ərəfəsində Ankaranın kürd terroru ilə mübarizəsi Dəmirtaşın partiyasının eyni uğuru təkrarlamaq şansını xeyli azaldır.

Dəmirtaşın seçkini təxirə salmaq təklifilə çıxış etməsi də bu mənada təəccüblü görünmür. Onun fikrincə, ölkədəki qeyri-sabit vəziyyət səsvermənin nəticələrinə istənilən cür təsir göstərə bilər. Türkiyə rəhbərliyi və ictimaiyyətin böyük hissəsi isə hazırda ölkədə yaranmış vəziyyətə görə məhz XDP-ni və şəxsən Dəmirtaşı günahlandırır. Prokurorluğun Dəmirtaşa qarşı iki iş qaldırması da bunun göstəricisidir. O, Türkiyə dövlətini və xalqını təhqir etməkdə, həmçinin zorakılığa çağırışda, terrorçuluğun təbliğində ittiham olnur. 

Hökumətlə XDP, ümumilikdə kürd separatçı hərəkatı arasında qarşıdurma parlament seçkisi ərəfəsində olan ölkənin daxili siyasətində baş verənləri ən ciddi də olsa, yalnız bir parçasıdır. İndi hökumətlə "paralel dövlət" arasındakı qarşıdurma da yeni mərhələsinə qədəm qoyub. Qeyd edək ki, Ankara "paralel dövlət"in yaradılmasında ABŞ-da yaşayan müsəlman təbliğçi, "Hizmət" hərəkatının lideri Fətullah Güləni günahlandırır. "Koza İpek Holding" və bu nüfuzlu medi strukturuna daxil olan 23 şirkətin ofislərində aparılmış axtarışlar da bunu təsdiqləyir. Onlar Gülən hərəkatı ilə əlaqələrdə şübhəli bilinir. "Paralel dövlət"lə mübarizə kontekstində siyasi ehtirasların coşduğunu göstərən daha bir məqam kimi "Hürriyet" qəzetinin İstanbuldakı mənzil-qərargahı qarşısında keçirilmiş etiraz aksiyasını və onun yaratdığı rezonansı göstərmək olar. Etiraz aksiyasının, əsasən, hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) tərəfdarları olan iştirakçıları qəzetin ofisini daş-qalaq edib, onu prezident Ərdoğanın fəaliyyətinə qara yaxmaqda günahlandırıb. Qəzetin baş redaktoru Sedat Ergin isə bu hücumu "Türkiyə demokratiya tarixinin qara səhifəsi" adlandırıb.

Maraqlıdır ki, Erginin arqumenti ənənəvi olaraq Türkiyəyə istənilən yolla təzyiq göstərməyə çalışan Qərb mərkəzləri tərəfindən də istifadə olunur. Hər halda, onlar Türkiyəyə "yerini göstərmək", guya onun "azad dünya dəyərlərinə" uyğun gəlmədiyini "sübut etmək" üçün əllərindən gələni edirlər. Məsələn, Avropa İttifaqı və Avropa Şurasının rəhbərliyi "Koza İpek Holding"ə qarşı həyata keçirilən polis reydlərindən böyük narahatlığını ifadə edib, Türkiyədə hökuməti tənqid edən KİV-in "boğulduğunu" bildiriblər.

Türkiyədə yaşanmaqda olan çətin proseslər bütünlükdə regiondakı duruma öz təsirini göstərir. Bu, Azərbaycanı da narahat etməyə bilməz. Çünki qonşu qardaş ölkədə qeyri-sabitliyin getdikcə artması artıq Azərbaycanın sərhədlərinə də yaxınlaşıb. Üstəlik, kürd terroru təhlükəsinin artması Azərbaycanın milli maraqlarına da ziddir. Hər halda, Türkiyə Bakının ən yaxın strateji müttəfiqidir. PKK isə artıq Bakı ilə Ankaranın regionda həyata keçirdikləri nəhəng enerji, nəqliyyat-kommunikasiya layihələrilə bağlı hədələr səsləndirir. Kürd terrorçularının Bakı-Tbilisi-Ərzurum qaz kəmərini partlatmaları da təsadüf deyil.

Kürd separatçı hərəkatı ilə Azərbaycan ərazisinin beşdəbirini işğal etmiş Ermənistan arasında sıx əlaqələrin olduğu da heç kəsə sirr deyil. Ermənistan liderləri kürd terrorçularını Türkiyəyə və türk xalqına qarşı mübarizədə özlərinin müttəfiqi sayırlar. İrəvanla PKK arasında fəaliyyətin koordinasiyası sxeminə uyğun gələn daha bir məqam Türkiyə KIV-də yayılmış xəbərlərdir: İfğdırda terror aktı törətmiş kürd yaraqlıları oraya Ermənistandan gəliblərmiş. Bundan başqa, İğdırda törədilmiş terror aktını PKK-nin erməni üzvlərinin həyata keçirdiklərinə dair də məlumatlar var.

İstənilən halda, görünən odur ki, Türkiyə ilə mübarizə, qardaş ölkədə sabitliyin pozulması, hətta onun mövcudluğuna son qoyulması məsələsində Ankaranın bir çox düşmənlərinin mövqeləri üst-üstə düşür. Bunu nəzərə alsaq, türk xalqı və dövləti qarşısında həqiqətən həyati əhəmiyyətli vəzifə durur. Onun uğurla icrasında yalnız Türkiyənin özü deyil, onun dostları və müttəfiqləri, ilk növbədə, qardaş Azərbaycan da maraqlıdır.



MƏSLƏHƏT GÖR:

544