17 May 2024

Cümə, 02:13

MASKALAR CIRILANDA

Avropa Parlamenti özünü və "hüquq" anlayışını necə hörmətdən saldı

Müəllif:

15.09.2015

Avropa Parlamenti Avropa İttifaqı Şurasını Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə ünvanlı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə çağıran qətnamə qəbul edib. Liberal-demokrat fraksiyası (ALDE Group) tərəfindən hazırlanmış sənəddə Azərbaycanda repressiya hallarının artdığı, daha çox sayda hüquq müdafiəçisi və jurnalistin həbsə atıldığı bildirilir.

Bundan başqa, qətnamədə Aİ ölkələri müşahidəçilərini Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkisini izləməyə göndərməməyə çağırılır. "Hazırkı şəraitdə heç bir monitorinq missiyasının əhəmiyyəti yoxdur. Bu, sadəcə, ciddi pozuntularla keçirilən seçkinin legitimləşdirilməsinə xidmət edəcək", - deyə sənəddə qeyd olunur.

Sənədə əsasən, Aİ Azərbaycan hökumətindən ATƏT-in Bakı ofisinin bağlanmasına dair qərarın ləğvini də tələb etməlidir.

Rəsmi Bakının Avropa Parlamentinin bu qətnaməsinə reaksiyası. əlbəttə ki, özünü çox gözlətməyib. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin başçısı Malena Mard Xarici İşlər Nazirliyinə dəvət olunub. Nazir müavini Mahmud Məmmədquliyev rəsmi Bakının qətnamədən narazılığını diplomatın nəzərinə çatdırıb.

"Qətnamə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar qərəzli və təhrif olunmuş məlumatla doludur. Məxsusi olaraq sənəd fərdi cinayət hallarını siyasiləşdirir və onların əsl mahiyyətinin ziddinə olaraq, əsassız iddialar irəli sürür." , - deyə M. Məmmədquliyev bildirib.

Nazir müavini qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana münasibətdə daim seçimli yanaşması insan haqları məsələsindən ölkəyə təzyiq rçaqı kimi istifadə olunduğunu göstərir: "Amma Avropa Parlamentinin üzvləri bilməlidirlər ki, belə cəhdlər iflasa məhkumdur".

M.Məmmədquliyev "Avropa Komissiyasının Avropa Parlamentində bu qətnamənin səsə qoyulmasının qarşısını almaq üçün ciddi cəhdlər göstərməməsi"ndən təəssüfünü də dilə gətirib. 

M.Mard isə öz növbəsində, Azərbaycan tərəfinin mövqeyini Aİ-nin müvafiq strukturlarına çatdıracağını söyləyib. Bu haqda məlumatı "İnterfaks-Azərbaycan" yayıb.

Azərbaycan qəbul olunmuş qərəzli qətnamə ilə əlaqədar, Avropa Komissiyası nümayəndə heyətinin Bakıya bu həftə etməli olduğu səfəri təxirə salıb. "Ümumiyyətlə, biz anti-Azərbaycan və anti-İslam tendensiyalarının güclü olduğu Avropa İttifaqı ilə əlaqələrimizə yenidən baxmalıyıq", - deyə Azərbaycan XİN-dən verilən açıqlamada bildirilir. Xatırladaq ki, Avropa Komissiyasının nümayəndə heyəti Bakıda tərəflər arasında strateji tərəfdaşlığa dair razılaşma ilə bağlı ilkin danışıqlar aparmalı idi.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə sözügedən qətnaməni "Avropa Parlamentinin siyasi idiotizmi" adlandırıb.

Şöbə müdiri 1news.az saytında dərc olunmuş məqaləsində diqqəti anti-Azərbaycan qətnamələrinin bir xarakterik xüsusiyyətinə çəkib. Xarakterikdir ki, Azərbaycanla bağlı bütün qətnamələr eyni qrup şəxs tərəfindən hazırlanır. Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş kimi deputatlar hər dəfə bu qətnamələrin "müzakirə"sində iştirak edirlər. Yeri gəlmişkən, həmin müzakirələr ən yaxşı halda cəmi 20 dəqiqə davam edir.

Əslində, orada müzakirə edilməli nə var ki?! Əksər deputatlar onsuz da qətnamənin mətni ilə tanışdırlar, çünki eyni fikirlər digər bənzər qətnamə layihələrində də yer alır. Səsvermə isə sənədin mahiyyəti ilə bağlı deyil, siyasi sifarişlə həyata keçirilir.

"Avropa Parlamenti Qərbin bəzi dairələrinin müstəqil, ağıllı siyasət yürütmək istəyən ölkələrə qarşı hərtərəfli təzyiq mexanizminin yalnız bir hissəsidir", - deyə F.Ələsgərov qeyd edib.

Şablonlarına yeni adlar əlavə edən layihə müəllifləri, hətta idman jurnalisti Rasim Əliyevin qətlinə də siyasi çalar veriblər. Halbuki, Azərbaycanda hər kəs onun ölümünün adi məişət cinayəti olduğunu bilir. Üstəlik, buna rəğmən, dövlət başçısı faktla bağlı istintaqın gedişini şəxsi nəzarətinə götürüb. Bundan başqa, sözügedən işin üstünün tam açıldığını söyləmək olar - ölüm hadisəsinə aidiyyəti olan bütün şəxslər həbs olunublar.

F.Ələsgərov hesab edir ki, qətnamənin bəzi bəndlərini "ermənipərəst mövqenin açıq nümayişinin və ikiüzlülüyün zirvəsi" saymaq olar. Söhbət Avropa Parlamentinin Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinin bütün qərarlarına əməl olunmasını tələb etdiyi bənddən gedir. Qurum məhkəmənin 2015-ci il 16 iyun tarixli qərarının da yerinə yetirilməsini tələb edir.

"Qətnamə müəllifləri qəsdən Avropa Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsinin "Sarkisyan Azərbaycana qarşı" işi üzrə qərar olduğunu göstərməyiblər! Bizim ölkəmizdən Ermənistan vətəndaşının lehinə qəbul edilən qərarın yerinə yetirilməsini tələb edirlər. Lakin heç kim Ermənistandan Avropa Məhkəməsinin elə həmin gün - 16 iyunda Çıraqov və bizim digər vətəndaşlarımızla bağlı verdiyi qərarı yerinə yetirməyi tələb etmir. Avropa Parlamentinin deputatlarını heç bu da hiddətləndirmir ki, qərarlarına böyük əhəmiyyət verdikləri Avropa Məhkəməsi ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin, həmçinin qətlə yetirilən Həsən Həsənovun qohumları adından bu ilin yanvar ayından verilmiş şikayətləri icraatına qəbul etmir", - deyə Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri bildirir.

Bununla yanaşı, o, diqqəti Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinin bəzi təşəbbüskarlarının erməniəsilli olmalarına da diqqət çəkib.

Əslində, Qərb dairələrinin əməllərində erməni izi özünü ilk dəfə göstərmir. Azərbaycanı Yunus cütlüyünün və Xədicə İsmayılın hüquqlarını pozmaqda günahlandıran Avropa Parlamenti, nədənsə, 1 milyon azərbaycanlı qaçqının hüquqlarını heç cür yada salmaq istəmir. Üstəlik, "siyasi məhbus" məsələsi də nədənsə Avropa dairələrinin yadına hər dəfə Azərbaycanın seçkiyə hazırlaşdığı dövrdə, yaxud "Eurovision-2012" mahnı müsabiqəsi, Birinci Avropa Oyunları kimi miqyaslı tədbirlərin keçirildiyi aylarda düşür. 

Bundan başqa, Avropa strukturlarının isterik əməlləri o dərəcədə absurd hal alır ki, Azərbaycan hökumətindən "bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması" tələb olunur. Bu "hüquq" anlayışının özünü hörmətdən salmırmı?! Beynəlxalq hüquq normaları nə vaxtdan kiminsə həbsinə və ya azad olunmasına məhkəmədən kənar, istintaqsız qərar verilməsini məqbul hesab edir?! Müstəqil dövlətin daxili işlərinə qarışılmasına, ondan milli qanunvericiliyə deyil, dövlətüstü strukturların tələblərinə əsaslanmağın tələb olunmasına icazəni hansı beynəlxalq sənəd verir?!

Maraqlıdır, Avropa Parlamenti, məsələn, jurnalist qətlinin adi hala çevrildiyi ABŞ-a qarşı nədən bu cür tələblər irəli sürmür?! Hər halda, 2015-ci il avqustun 26-da bu ölkədə jurnalistlər Elison Parkerlə Adam Uordun qətlə yetirilmələri çətin ki, Avropa strukturlarının diqqətindən yayınsın.

Aydındır ki, Avropa ABŞ-ın əleyhinə getmək gücündə deyil. Bəs Azərbaycanın qonşusu olan Ermənistanın necə? Axı eyni məntiqdə Avropa Parlamenti İrəvana qarşı hələ 2008-ci ildə sərt qətnamə qəbul etməli idi. Axı, məhz Serj Sarqsyan həmin il hakimiyyətini qorumaq üçün küçələrə tanklar yeritmişdi. Ermənistanın hazırkı hakimiyyəti həmin hadisələr zamanı 8 dinc nümayişçinin qətlinə, onlarca siyasi həbsə görə məsuliyyət daşıyır.

Ermənistan hökumətinin Avropa missiyasının Azərbaycanın işğal olunmuş ərazilərində işləməsinə imkan verməməsinə də Qərbin reaksiyası qeyri-adekvatdır. "Erməni tərəfinin bu cür davranışı mənim üçün xoş deyil. Mən bunu bədbinlik kimi qəbul edirəm. Lakin məni gələcək narahat edir və ümid edirəm, Ermənistana səfərimiz baş tutacaq", - deyə AŞPA-nın məruzəçisi Milisa Markoviç jurnalımıza eksklüziv müsahibəsində bildirib. Qeyd edək ki, o, Ermənistanın işğalı altındakı ərazidə yerləşən Sərsəng su anbarının vəziyyəti və onun yaratdığı təhlükənin öyrənilməsi üzrə monitorinq missiyasına başçılıq edir.

Bəs, demokratiya və insan haqları ideyasına bu cür fərqli yanaşma nə ilə bağlıdır?!

"Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda "Ərəb baharı"nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar", - deyə hökumətin son iclasında Prezident İlham Əliyev açıq şəkildə bildirib. Həmin dairələr məhz bu məqsədə nail olmaq üçün avropalı vergi ödəyicilərinin milyonlarla dollarını "beşinci kalon" vasitəsilə Azərbaycana yönəldirlərmiş.

Qərb dairələrinin Bakıdan hansı səbəblərə görə narazı olması haqqında uzun-uzadı da danışmaq olar. Bu, həm beynəlxalq məsələlərdə "böyük"lərin iradəsinə boyun əyməmə ola bilər, həm dünya xəritəsində daha bir güclü müsəlman dövlətinin peyda olması. Bir şey dəqiq məlumdur ki, Avropa Parlamentinin son qətnaməsinin məqsədi heç də ölkədə insan haqlarının qayğısıa qalmaq deyil.

Hər halda, bu "qayğı"nın Yaxın Şərq, Suriya, İraq, Liviya, Ukrayna kimi ölkələrdəki acınacaqlı nəticələri göz önündədir. Həmin ölkələrin ərazi bütövlüyü pozulub, onlar xaosa sürükləniblər. İndi həmin ölkələrdə sülhün nə zaman bərqərar olacağını heç kəs söyləyə bilməz. Ən başlıcası, bu gün Avropanın özü həmin ölkələrin daxili işlərinə kobudcasına müdaxilənin "bəhrəsini" görür. Yüz minlərlə miqrant Qərbin "humanitar bombardmanından" Avropanın özündə xilas olmağa çalışır. Bəs artıq islamafob əhvalın yüksəlişdə olduğu Köhnə Qitə bu qədər müsəlmanı həzm edə biləcəkmi? 

Bumeranq geri qayıdır.

Belə bir şəraitdə Azərbaycan yaxşı düşünməlidir: dərin iqtisadi və ideoloji böhran içərisində olan tərəfdaşla strateji əməkdaşlığı inkişaf etdirməyə ehtiyac varmı?



MƏSLƏHƏT GÖR:

593