14 May 2024

Çərşənbə axşamı, 14:45

GÜNƏŞ MEYDANI

Paytaxtın və bomondların həyatı burada qaynayırdı

Müəllif:

22.09.2015

Bu, Bakının ilk meydanı idi və şəhərdə baş verən ən maraqlı hadisələr də məhz burada yaşanırdı. Meydanın, təxminən, 200 illik tarixində burada alver ediblər, görüşə çıxıblar; paradlar keçirilib, nəfəs orkestrinin çıxışlaı olub, həmçinin toy mərasimləri düzənlənib. Keçən dövr ərzində onun görkəmi və adı dəyişib. Lakin bu meydan lap əvvəldən Günəş meydanı olub.

 

Adlar və abidələr

Yaşlı nəsil onu "Parapet" kimi xatırlayır və hələ də o cür adlandırır. Çünki o, XIX əsrin 60-cı illərindən keçirilən meydan paradları üçün yaradılmışdı. Bayramlar və ya imperatorun səfərləri zamanı əsgərlər və zabitlər gurultulu musiqi sədaları altında qala divarları boyunca (hazırda Nizami Muzeyinin, "Azərbaycan" kinoteatrının və o zaman düzəngah olmuş ərazilərdə yerləşən digər binaların yerində) addımlayır, general-qubernatorun iqamətgahı qarşısında (İçərişəhər) dayanırdılar.

Şəhərdənkənar ərazilərin (yəni, qala divarlarından kənarın) abadlaşdırılması ilə bağlı ideya hələ 1830-cu ildə mövcud olub. Bunun üçün bir neçə variant, planlar və layihələr də hazırlanmışdı. Lakin maliyyə çatışmazlığı planın icrasına imkan vermirdi. 1859-cu ildə Bakı "qubernator şəhəri" statusu alır və ona müvafiq vəsait ayrılır. Bundan sonra dərhal boş yerlərə əl gəzdirməyə başlayırlar. Layihənin təşəbbüskarı Bakının ilk qubernatoru Kolyubekin olub və məhz onun şərəfinə meydan bir müddət "Kolyubekinski" adlandırılıb. Lakin bu ad diləyatımlı olmadığından, xalq tezliklə ərazini oranın inşaat prinsipinə əsasən, "Günəş meydanı" adlandırmağa başlayıb.

Bu prinsip indiyədək qorunub-saxlanıb və faktiki olaraq, bugünkü mərkəzə öz təsirini göstərib. Bütün "günah" isə gənc, istedadlı memar Qasım bəy Hacıbababəyovdadır. Məhz onun sayəsində bu gün bizim Fəvvarələr meydanı adlandırdığımız ərazi dairə şəklindədir, mərkəzdən də Günəşin şüaları kimi hər tərəfə küçələr ayrılır. Hacıbababəyov meydanda 2 gözəl karvansara da inşa edib - sonradan onlar "Araz" kinoteatrı və Nizami Muzeyi kimi tanınıb. Ərazidəki bir neçə yaşayış evi, həmçinin 2 möhtəşəm mehmanxana - "Qrand otel" və "Metropol" da sözügedən memardan qalıb.

Nəhayət, meydan yaraşıqlı yeni binalarla dolaraq, yekun şəklini aldıqda məlum olub ki, orada hansısa mərkəzi element çatışmır. Qubernator və Şəhər Soveti uzun illər meydanın mərkəzində nəyin yaradılmalı olduğuna dair "savaş" aparıblar. Yalnız 1894-cü ildə orada islahatçı, kəndlilərin xilaskarı kimi tanınmış imperator II Aleksandrın abidəsinin ucaldılması qərara alınıb. Ərazinin yaşıllaşdırılması işinə də start verilib, bunun üçün Borjomidən və Tiflisdən ağaclar gətirilib. Lakin onların Abşeronun quru və duzlu torpağına uyğunlaşa bilmədikləri üzə çıxıb və yaşıllaşdırma prosesi gözlənilmədən ağır bir işə çevrilib. Nəticədə, iş abidənin ucaldılmasına çatdıqda, büdcədə pulun qalmadığı üzə çıxıb. 1905-ci ildə baş verən inqilab, iqtisadi böhran, Birinci Dünya müharibəsi və sonrakı hadisələr isə abidə məsələsinin üzərindən birdəfəlik xətt çəkib.

1894-cü ildən ADR-in yaradılmasınadək (1918) meydan Aleksandrovski adlanıb.

1920-ci ildə kommunistlər güman ki, Çar ənənəsini davam etdirmək qərarına gələrək bağın adını dəyişdirir, ona Karl Marksın adını verirlər. Onlar meydanın mərkəzində Marksın heykəlinin ucaldılması haqqında qərar da qəbul edirlər. Lakin ərazinin yaşıllaşdırılması yenə baş tutmur: daha soyuq bölgələrdən gətirilən ağaclar Bakı günəşinə tab gətirməyərək qurumağa başlayır. Bu üzdən də xalq meydanı "barsız bağ" adlandırır.

Yalnız ötən əsrin 50-ci illərinin əvvəllərində dövlət ərazinin əsaslı şəkildə (və daha savadlı) yaşıllaşdırılmasına, orada fəvvarələrin yaradılmasına qərar verir. Onun bu günədək "Fəvvarələr meydanı" adlandırılmasının səbəbi də budur.

 

Fəvvarələr meydanının həyatı

Qasım bəydən başqa, meydanın simasının formalaşdırılmasında Məşədi Mirzə Qafar İsmayılov böyük rol oynayıb. Qeyri-adi görünüşlü "Araz" kinoteatrı məhz onun əl işidir. Bu, İsmayılovun Hacıbababəyovla 1868-ci ildə birgə gördüyü ilk işlərdəndir. Sonrakı illərdə Məşədi Mirzə Qafar İsmayılov bir çox gözəl binalar və ətrafda meydanlar yaradıb. Onun özü karvansaranın yaxınlığında yaşayıb və digər zəngin bakılılar kimi, vaxtının çoxunu meydandakı bahalı restoranlarda keçirib. 100 ildən artıq müddətdə Fəvvarələr meydanı görkəmini dəyişməyib, sadəcə, sovet vaxtı burada layiqli restoranlar (xırda pivəxanaları saymasaq) və dəbdəbəli mağaza və butiklər yox idi.

XIX əsrdə buraya yalnız milyonçular və rus zabitləri yox, həm də yaxınlıqda yaşayan və işləyən nisbətən varlı sənətkarlar gəlirdilər. Onlar, əsasən, "Parapet"lə bu gün Qış parkının yerləşdiyi ərazi arasındakı məhəllələrdə yaşayırdılar. 

Tarixçi Şamil Fətullayev "Bakıda şəhərsalma" kitabında yazır ki, meydanda banklar, milyonçuların evləri (o cümlədən Nağıyevin), mehmanxanalar, ictimai idarələr də olub. Bura faktiki olaraq, XIX əsrdə və yeni əsrə keçiddə şəhərin həm əyləncə, həm də işgüzar həyatının mərkəzi kimi tanınıb.

O illərdə solda (yoxuş) və sağda (bugünkü Nizami Muzeyi) xırda ticarətlə məşğul olurdular - ərzaq və geyim mağazaları ilə yanaşı, elə küçədəcə kitab satırdılar (yaxın 90-cı illərdə olduğu kimi). XIX əsrin sonlarında hazırda Nizaminin heykəlinin yerləşdiyi ərazidə meydanın yeganə fəvvarəsi yerləşirdi. O zaman fəvvarənin ətrafında şəkil çəkdirmək gənclər arasında dəbdə idi. Bu üzdən də fəvvarənin ətrafında fotoqraflar "keşik" çəkirdilər. Onların emalatxanaları da yaxınlıqda yerləşirdi. 1 fotonun qiyməti 1-5 rub arasında dəyişirdi. Bu, şəklin ölçüsündən və müştərinin "imkan"ından asılı idi. Yeri gəlmişkən, 1 foto cəmi 2 saata hazır olurdu.

İndi Fəvvarələr meydanında avtomobillərin hərəkəti qadağandır. Həmin illərdə isə karvansarayadək uzanan yol ilə konkalar, daha sonra ilk avtomobillər hərəkət edirdi. Sovet illərində həmin ərazi gəzinti yerinə çevrildi və əraziyə tramvay xətti çəkildi - o, Nizami Muzeyinin yanından, Natavanın abidəsinin, "Azərbaycan" kinoteatrının ətrafından keçərək bulvaradək gedirdi. 

Sonradan, təəssüf ki, tramvay yığışdırıldı. Yeri gəlmişkən, sovet illərində muzeyin qarşısında adsız, lakin xalq arasında məşhur pivəxana yerləşirdi. O, sovet illəri üçün nadir xidmət keyfiyyəti, pivəsi ilə fərqlənirdi. "Torqovı" kimi, Fəvvarələr meydanı da hər zaman şəhərin gözəl xanımlarının gəzinti yeri, görüş məkanı olub; hər zaman orada uşaqları ilə gəzən valideynlərə rast gəlinib. Bu, indi də belədir. Bura şəhərin əsas rəmzlərindən biri və bəlkə də ən sevimli məkanıdır.



MƏSLƏHƏT GÖR:

586